02.09.2025 10:32
İran-Ermənistan-Qara dəniz marşrutu əsla mümkün deyil - TƏHLİL
İranın Qara dənizə çıxış əldə etməsinin İran tərəfindən heç bir əsası yoxdur. Siyasiləşmiş mövqedir və İranın Ermənistanla bu mövzunun müzakirəsi artıq Ermənistan üçün əks-effekt yaradıb. 8-9 ay ərzində Gürcüstanın Ermənistanla logistikasına münasibəti köklü surətdə dəyişib. Əlbəttə ki, bu konyakın daşınmasından başlandı. Sonradan digər məhsullarda da özünü göstərdi. Gürcüstan Ermənistana gələn maye qazın logistikasına icazə vermədi. Rusiyadan Ermənistana gələn sıxılmış qaz maşınlarını Gürcüstan riskli olsa da öz ərazisində saxladı. Səbəb Ermənistanın Gürcüstandan logistika üçün xüsusi şərtlərlə dolu variant ortaya qoymasıdır. Xüsusi şərtlərlə dolu bu variant yalnız İranın iddiasını reallaşdırmaqdan ötrüdür.
Gürcüstanın qarşısında 3 qrup sual var:
1. Azərbaycanla Gürcüstan arasında logistika qurulub. Bu Gürcüstanın faydasınadır. Bu istiqamətdə istənilən dəyişiklik Gürcüstanın itkisinə səbəb ola bilər.
2. Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırma ehtimalı var. Çünki artıq Azərbaycanın torpaqları işğaldan azad olunub, Qarabağ mövzusu həllini tapıb. Gürcüstan üçün bu o qədər də arzu olunan deyil, çünki artıq Gürcüstan regional mövzularda özü üçün komfort vəziyyət yarada bilmişdi. Təbii ki, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünə müsbət münasibət bildirməlidir. Çünki özünün də ərazi bütövlüyü problemi var. Gürcüstanda başa düşürlər ki, Ermənistan üzərindən Azərbaycanın Türkiyəyə məsafəni 300 km daha qısaldır. Bu daha az tranzit haqqı deməkdir.
3. Ermənistanla Gürcüstan arasında müəyyən yerdəyişmələrin olmasıdır. Strateji baxımdan indi güclü görünməsə də üçüncü digər dövlətin sərhəd-keçidlə əlaqəli mövzulara qarışması Gürcüstan üçün əlavə çətinliklər yaradacaq. Çünki Ermənistan konfliktogen dövlətdir və 4 qonşusunun dördü ilə də sərhəd problemi var. Ona görə də sərhədlərin delimitasiyasının tərəfdarı deyil. Gürcüstanla da Ermənistan arasında sərhəd delimitasiya və demarkasiyasında ciddi əngəllər var. Ona görə Ermənistan dəfələrlə vəd versə də Gürcüstanla da sərhədin demarkasiyasına getməyib. Əgər İran və ya hansısa bir dövlətin nəqliyyat vasitələri Ermənistan ərazisindən Gürcüstana keçəcəksə, bu artıq indiki qaydada Ermənistanın marağında olan sərhədlərin daha da bərkidilməsi anlamındadır.
Gürcüstan istər-istəməz Ermənistan tərəfindən gələn belə təkliflərə çox ehtiyatlı yanaşmalı və bunları diplomatik dildə rədd etməlidir. Ermənistan məhsullarının logistikasına özünün ağırlaşdırıcı şərtlərini qoymaqla Tbilisi mesajını çatdırdı. Gürcüstan üçün Azərbaycanla əlaqəli mövzular da var. Gürcüstan anlamalıdır ki, niyə görə Azərbaycan ərazisi vasitəsilə İranla Gürcüstan arasında qaz, neft kəməri, dəmir və avtomobil yolları, fibroptik kabel olduğu halda İran kommunikasiya və logistikanı Azərbaycandan deyil, Ermənistandan Gürcüstan ərazisinə keçirməlidir.
Daha vacib sual, əgər İranın belə imkanı varsa və özünü güclü hesab edirsə qaz, neft kəmərini, dəmir və avtomobil yollarını Ermənistan-Gürcüstan sərhədinə qədər çəksin, tam başa çatdırsın və bundan sonra Gürcüstana müraciətini etsin.
Əlbəttə, İranın Ermənistan-Gürcüstan sərhədində gördüyü işlər Gürcüstanın diqqətini çəkir. Bir neçə ay bundan öncə sel oldu və selin dağıtdığı iki körpünü və bir yolu İran mütəxəssisləri öz vəsaitləri hesabına bərpa etdilər. Ermənistanın bu halda davranışı da diqqəti çəkir. Çünki bu şeyləri İran görməsə də Ermənistanda görürlər.
Paradoksal olsa da Ermənistan başa düşür ki, İranın tələblərini icra etməyə məcburdur. Çünki İran ona necə yanaşırsa, o da İrana o qaydada yanaşır. İran Ermənistanı işğal etmək istəyir. Ermənistan da indi tarixən İran üzərində qələbələrini nümayiş etdirir.
Bununla ermənilərin İran üzərində qələbə çalmasının mümkünlüyünü nümayiş etdirir. Bu İran-Ermənistan arasında olan tarixi müharibələrin Ermənistanda təfsiri, Avarayr, Sardarapat döyüşləri, Parsaayk və ya Aykapars mövzuları və ən son Sünikdə İran şahı II Şapur üzərində ermənilərin qələbəsini əks etdirən qalada arxeoloji qazıntıların aparılması və artefaktların nümayiş etdirilməsidir.
Ermənistan özü üçün ehtiyat variant kimi Türkiyə yolunu nəzərdə tutur. Ermənistan bilir ki, İranın tələbləri əsassızdır, beynəlxalq standarta uyğun deyil. Gürcüstan bu tələbləri qəbul edə bilməz. Ona görə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır.
Azərbaycanla kommunikasiyaları açmaq istəməyən, İranın tələbinə görə Gürcüstanla da yolu bağlanan Ermənistan həm Rusiya, həm də Avropaya Türkiyə üzərindən çıxır.
Paradoksal olsa da Ermənistan-Türkiyə yaxınlaşmasını arzulamayan İran əslində Ermənistanı bu yola vadar edir. Yaxın zamanlarda nəsə bu istiqamətdə hansısa bir hərəkət yalnız Ermənistan-Gürcüstan münasibətlərində əks-effekt yaradacaq. İranın Qara dənizə çıxış mövzusunun daha da siyasiləşməsi Gürcüstan və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana çoxlu suallar ünvanlayacaq. Əksəriyyəti də İran-Azərbaycan münasibətləri ilə bağlıdır. Türkiyəyə də belə suallar ünvanlana bilər. Türkiyə və Azərbaycan ayrılıqda və ya birlikdə İranın siyasiləşmiş logistika mövzusuna reaksiya vermək məcburiyyətində qalarlar.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 823 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|