İranlı alim, görkəmli ziyalı Mahmud Şirvani illərlə üzərində böyük zəhmət çəkərək hazırladığı, ölkənin iqtisadi inkişafına, xalqın rifahına, işsiz gənclərə yeni iş yerlərinin açılmasına xidmət edən dəyərli layihələrini İran hökumətinə təqdim edib. Bu layihələr əslində ölkənin dirçəlişi, xalqın gələcəyi və İranın dünyada nüfuz qazanması üçün qızıl fürsət idi. Lakin bu layihələr şəxsi maraqların köləsinə çevrilmiş məmurların masasında rədd cavabı alıb.
Mahmud Şirvani indi prezident Məsud Pezeşkina müraciət edir: “Cənab Prezident, xalq fəlakət içindədir, amma sizin məmurlarınız xalqın gələcəyini oğurlamaqla məşğuldur!”
Məsələ sadəcə bürokratiya deyil. Bəzi məmurlar M.Şirvaninin illərlə əziyyət çəkərək hazırladığı layihələri öz övladlarının adına çıxarmaq istəyirlər. Başqasının zəhmətini oğurlamaq, millətin gələcəyini şəxsi “şöhrət” üçün qurban vermək istəyirlər. Daha betəri isə bu rüsvayçılığı ört-basdır etmək üçün elm adamına rüşvət də təklif ediblər. Rüşvət qarşılığında susmaq, səsini boğmaq, gələcəyin işığını qaranlığa qərq etmək istəyiblər.
Amma Mahmud Şirvani susmayıb, susa da bilməzdi. Çünki o, anlayır ki, bir alimin haqqını tapdalamaq sadəcə bir insanın taleyini məhv etmək deyil, bütöv bir millətin gələcəyini əlindən almaqdır!
Avropada (İsveçrə) uzun illər çalışmış, son illər isə Azərbaycanda yaşayan Şirvani yaxşı bilir ki, rüşvət və oğurluqla elm satılsa, bilik tapdalanıb şəxsi maraqlara qurban verilsə, xalq geriyə sürüklənəcək. Elmə qandal vurmaq – millətə qandal vurmaq deməkdir!
Mahmud Şirvani bu gün yalnız öz ideyalarının müdafiəsi üçün deyil, həm də həqiqət və ədalət uğrunda savaşır. O, göstərir ki, alimlər susanda millətlər uduzur, alimlər danışanda millətlər qalib gəlir.
Şirvaninin hekayəsi sadəcə bir alimlə hökumət arasındakı mübarizə deyil. Bu, xalqın həqiqət uğrunda çırpınan səsinin təcəssümüdür. Onun mübarizəsi hər bir iranlının haqqı, gələcəyi və ümidləri üçün bir çağırışdır.
Mahmud Şirvani deyir: “Susmaq yox, danışmaq zamanıdır! Əgər biz sussaq, gələcəyimiz oğurlanacaq. Əgər danışsaq, millətimiz qazanacaq!”