12.08.2025 10:52
İranın iştirakı ilə ABŞ onun qatilini yaratdı - Açıqlama
“İran-Ermənistan münasibətləri Azərbaycan parametrinə görə bir istiqamətli xətt üzrə inkişaf edib. Ermənilər müntəzəm olaraq İrana xəyanət ediblər. Ən iri xəyanət hələ reallaşdırılmasına başlanmayan N.Paşinyanın “Şərqi Ermənistan” ideyasıdır. Rusiya Şərqi Ermənistanı işğal edib. Yəni çar Rusiyasının İrandan işğal etdiyi ərazinin bir qisminin adı Şərqi Ermənistandır. Digər sözlə, İran ərazisində Şərqi Ermənistan olub. Bu, əslində Ermənistanın İranın tarixi ərazisinə iddiası kimi qəbul edilməlidir”.
Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu bildirib ki, İran-Ermənistan münasibətlərininin tarixi Ermənistanda həmişə İranın ziyanına, əleyhinə yazılıb, yozulub:
“Heç zaman İran tərəfi Ermənistana söz deyə bilməyib. Son 10 ildə - S.Sərkisyanın prezidentliyi dövründən artıq ABŞ Ermənistan ərazisində İrana qarşı çox konkret əməliyyatlarla məşğuldur. Bərgüşad (Vorotan) Kaskad SES-in heç bir enerji əhəmiyyəti yoxdur. Bu SES fiziki baxımdan köhnəlmiş stansiyadır. ABŞ o əraziyə təxminən 90 milyon dollar pul verdi. Sonra da özü təxminən 150 milyon dollara qədər investisiya qoymalıdır. Bərgüşad-Kaskad (Vorotan) SES-in qiyməti yalnız onun İran-Ermənistan sərhədində yerləşməsi və böyük ərazi olmasıdır. ABŞ Vorotan SES-in qurğuları içərisində özünə də lazım olan qurğuları yerləşdirə bilər. Bəlkə də İran ərazisinin 300 km, bəlkə də bir az artığını ABŞ görə bilir. ABŞ-ın Amulsar qızıl yatağına sahiblənməsinin də səbəbi onun coğrafi olaraq İranla sərhəddə yerləşməsidir. İranda bu barədə təsəvvürlər var. Onlar hesab edirlər ki, ABŞ-ın Ermənistandakı səfirliyində 2500 hərbi dəniz piyadaçısı yerləşib. Bu çox böyük hərbi qüvvədir”.
Politoloq qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfirliyində İran istiqamətində mübarizə aparmaq üçün 3 bölmə var:
“Bunlar kəşfiyyat, İran gənclərini xristianlığa və LHBT-yə cəlb etmək istiqamətində iş görürlər. ABŞ-ın Ermənistandakı səfirliyi 3 rəsmi dildə işləyir. Bu dillərdən biri də fars dilidir. İndi də ABŞ səfirliyi viza almaq üçün nə işlər görmək lazımdır mütəmadi məlumatlar yayır. Çünki İran vətəndaşlarının məhz əksəriyyəti Ermənistan vasitəsilə ABŞ-a viza alırlar. İranda olan məlumata görə ABŞ səfirliyinin binasında, digər ərazilərdə ABŞ artıq radiolokasiya qurğuları yerləşdirib və İran ərazisində kəşfiyyat işləri aparır”.
M.Əhmədoğlu bildirib ki, İran-Ermənistan sərhədi də ABŞ, Qərb dövlətlərinin əlində ermənilərin İranın daxilində kəşfiyyat aparması prosesinə qoşulub:
“İran bütün bunları görmədi. Son 5 ildə proseslər daha konkret hərbi istiqamətdə gedir. Vaxtilə Kanzas ştatı vasitəsilə Ermənistanla hərbi əlaqələr yaradan ABŞ indi artıq Pentaqon vasitəsilə Ermənistanla hərbi əlaqələri idarə edir. Nüvə yayılmaması ilə bağlı birgə hərbi tədbirlər üçün 2030-cu ilə qədər müqavilə imzalanıb. Artıq ikinci ildir sülhməramlılıqla bağlı hərbi təlimlər də keçirilir. ABŞ-ın indiki səfiri xanım Kuin Ermənistana gəldikdən sonra həm də Zəngəzurun (Sünik) aktual olduğu dövr idi. O, dəfələrlə Sünikdə olub və hər dəfə də olarkən məqsədi Sünikin ABŞ-a, Qərbə məxsusluğunu nümayiş etdirmək olub. Sünikə də həmişə müdafiə naziri və ya daxili İşlər naziri ilə birlikdə gedib. Ermənistanın daxili işlər naziri İranın Ermənistandakı konsulu Vəraminə qapıdan bayıra çıxmağı qadağan edib.
İranın ABŞ-ın Ermənistanda gördüyü işlərin qarşısından qaçması, acizanə təslim olması təbii ki, ABŞ-da qeydə alınmalı idi. ABŞ-da bilirlər ki, İranın müstəqillikdə Ermənistana etdiyi maliyyə yardımının miqdarı ABŞ-ın Ermənistana etdiyi yardımla müqayisə oluna bilər - 2 milyard dollar. Şiə azərbaycanlının qabağında İranın Ermənistanı müdafiə etməsi də ABŞ-ın diqqətindən yayınmayıb. Ona görə erməniləri İranın daxilinə müdaxilə üçün ABŞ yeganə millət hesab etdi. Bu gün də həmin işlə məşğuldur”.
Politoloq belə hesab edir ki, İran kənar qoşunları, gücləri regiona buraxmayacaq fikrini sloqana çevirib:
“Təxminən iki ildir Aİ-nin müşahidə missiyası Ermənistandadır. Əvvəlcə 100 nəfər elan etdilər, Gürcüstandan gətirdilər. 100 nəfər elan olunsa da 90-dan da bir az oldu. Sonradan artıq İrana qarşı casusluq işi ilə də məşğul oldular. Sayı 200-ə çatdırdılar. İranın reaksiya verə bilmədiyini gördükdə artıq Kanadanı da Aİ müşahidə missiyasına əlavə etdilər. Nəhayət bu NATO müşahidə missiyası oldu. İran heç bir reaksiya vermədi, boş-boş hədə gəlməklə məşğul idi. ABŞ-Ermənistan hərbi təlimlərinə də İran susdu. ABŞ-ın gözünün qarşısında, hətta ABŞ-ın bəzi mətbu orqanlarının iştirakı ilə İran-Ermənistan münasibətləri ən yüksək səviyyəyə çatdı. İran hətta Aşura mərasiminə aid mövzuların da açarını Ermənistana verdi. ABŞ-ın İran-Ermənistan münasibətləri ilə bağlı gəldiyi nəticələr düzgündür və ABŞ İrana münasibətdə yeni keyfiyyət vəziyyəti yaradıb. Artıq İranın şimalında da ABŞ-ın hərbi-siyasi kəşfiyyat qüvvəsi var”.
Zəhra
XəzərNews.az
Xəbər 389 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|