22.09.2025 12:04
Adnan Əhmədzadə işində yeni adlar - Gizli şəbəkənin işi necə qurulub?
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə SOCAR-ın keçmiş yüksəkçinli rəhbərlərindən biri olan Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ona qarşı iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ittihamları irəli sürülüb.
Adnan Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqədə olması barədə də məlumatlar yayılıb.
Rusiya hüquq-mühafizə orqanlarına yaxınlığı ilə bilinən “ВЧК-ОГПУ” telelqram kanalı Adnan Əhmədzadənin fəaliyyəti ilə bağlı bəzi iddialar irəli sürüb.
Bildirilir ki, Adnan Əhmədzadə, “Azeri Light” markalı Azərbaycan neftini digər növ xam neftlərlə qarışdırmaqda ittiham olunur.
Maltalı şirkət və ailə əlaqələri
Teleqram kanalı qeyd edir ki, Adnan Əhmədzadə Maltada qeydiyyatdan keçmiş “Alkagesta” şirkəti ilə əlaqəlidir. Şirkətin İdarə Heyətinin sədri Kamran Ağayev Adnan Əhmədzadənin qohumudur.
“Alkagesta” Malta adasında ən böyük neft bunkerləmə şirkətlərindən biridir və Birzebbudj şəhərindəki neft terminalından istifadə etməklə, Rusiya kölgə donanması vasitəsilə rus neftini daşıyır, həmçinin Liviyanın neft ticarətində iştirak edir.
Rusiya neftinin "Azeri Light" kimi satılması iddiaları
Bildirilir ki, Əhmədzadə Rusiya neftini “Azeri Light” markası ilə qarışdıraraq Bakı-Ceyhan kəməri ilə İtaliya və Rumıniyaya nəql edib.
İddialara görə, Əhmədzadə illər ərzində SOCAR daxilində Rusiya neftinin saxta sertifikatlarla Avropaya çıxarılmasına yardım edən açıq və gizli şirkətlər şəbəkəsi yaradıb.
Vəzifədən çıxarıldığı halda necə fəaliyyət göstərib?
Əhmədzadə iki il əvvəl işindəki nöqsanlara görə SOCAR-dakı vəzifəsindən azad edilmişdi. Bu fonda ciddi suallar yaranır: əgər o, artıq SOCAR-da deyilsə, Rusiya neftini "Azeri Light" nefti ilə qarışdırmaq imkanı necəyaranıb? Əgər bu iddialar doğrudursa, o, buna hansı səlahiyyətlə nail olub?
Digər şirkətlər və Dubay bağlantısı
Teleqram kanalı iddia edir ki, Əhmədzadə 2018-ci ildə SOCAR “Trading Geneva”dan ayrıldıqdan sonra Dubayda “Caspian Logistics Solutions” (CLS) adlı şirkət qurub:
"Bu şirkət də saxta sertifikatlarla Rusiya neftinin tədarükündə iştirak edib.
Şirkətin tərəfdaşları arasında gizli və açıq rus nefti daşıyıcıları var. Onlardan biri olan “Oil Mar DMCC” dörd il ərzində 1 milyard ABŞ dolları xalis gəlir əldə edib.
“Alkagesta” isə Rusiya neftini Türkmənistan mənşəli kimi təqdim etmək üçün saxtalaşdırılmış sənədlərdən istifadə etməkdə ittiham olunur".
108 milyon dollarlıq superyaxta və Ələkbərov bağlantısı
Ən sensasiyalı iddialardan biri odur ki, Adnan Əhmədzadə, “Galactica Super Nova” adlı 108 milyon dollarlıq superyaxtanı öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir:
"Bu, “Lukoyl”un prezidenti Vahid Ələkbərov ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Əhmədzadənin Britaniya pasportu olsa da, indi onu Ələkbərovun aktivlərini hüquqi cəhətdən gizlətmək və “Lukoyl”, “Tatneft”, “Sibur”, “Surgutneftegaz” kimi Rusiya neft şirkətlərinin ticarətinə yardım etməkdə ittiham edirlər"./Bakupost.az
Xəbər 949 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|