Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.02.2024  12:07 

SİTM Türkiyədə yaşayan azərbaycanlılara müraciət edib





A+  A-

Politoloq Mübariz Əhmədoğlunun sədri olduğu Siyasi İnnovasiya və Texnologiya Mərkəzi “Yaxından Türkiyə” və “Gündem Filistin” verilişinin əməkdaşları daxil Türkiyədə yaşayan azərbaycanlılarımıza müraciət edib.

XəzərNews.az müraciəti olduğu kimi təqdim edir:

- İran son illər Azərbaycan xalqına, dövlətinə, hakimiyyətinə qarşı mübarizədə Türkiyədə yaratdığı platformadan geniş istifadə edir.

Azərbaycandakı prezident seçkiləri həm də HƏMAS-İsrail müharibəsi ilə təxminən eyni dövrə düşdü. Bu, Türkiyədə İranın təsis etdiyi mətbu orqanlarında daha çox Azərbaycanın adının hallanmasına səbəb oldu. Azərbaycanın üstünə qoyulan yalanlar daha sərt və şiddətli oldu. Bu onu göstərir ki, Türkiyədə azərbaycanlı qardaşlarımız İranın Azərbaycana həqiqi münasibətini bilmirlər və bir qrup bilən adam da İranla xüsusi korporativ, maliyyə və s. əlaqələrinin hesabına Türkiyədəki azərbaycanlıları, şiələri çaşdırmaq istəyir. Türkiyə ictimaiyyətini də çaşdırmağa ümidlidirlər.

İran-Azərbaycan münasibətlərində qeyd edəcəklərimizin böyük əksəriyyəti İran mənbələrindəndir. Hansı fikri İran mənbələrindən tapa bilməsələr İranın xidmətində duran, Türkiyədə yaşayan azərbaycanlı qardaşlarımız müraciət edə bilərlər. Hətta bəziləri ola bilər şəxsən məni unutmayıblar. Azərbaycan mətbuatına müraciət etsələr, lap publik polemika da açmaq olar. Əsas məqsəd həmin şəxslərin diqqətini bəzi məsələlərə cəlb etməkdir.

I. Qarabağ mövzusu 1987-ci ildən başlayıb. M.Qorboçovun hakimiyyətə gəlməsi, SSRİ-nin dağılması istiqamətində baş verən proseslər diasporun hesabına qlobal millətə çevrilmiş erməniləri ruhlandırdı və onlar ABŞ-ın xüsusi xidmət orqanlarının əlində SSRİ-ni dağıtmaqda alətə çevrildilər. Bu zaman İran ərazisindəki erməniləri aktivləşdirmək bir plan kimi gözdən keçdi. İran dərhal ərazisindən ermənilərin 50%-dən çoxunu qovdu. Gürcüstanda Cavaxetya erməniləri yada düşdü.

Çünki Cavaxetiya Gürcüstan-Ermənistan sərhədinə bitişikdir. Xristian faktoruna görə bundan əl çəkdilər. Qarabağ ermənilərinin üzərində dayandılar və ədalət naminə o zaman Qərb dünyasının hədəfində Azərbaycanı parçalamaq, torpağının bir qismini erməniyə vermək mövzusu yox idi. Məsələnin kökü SSRİ-nin dağılması idi. Bütün bunların hamısı Azərbaycanın başında çatladı. 1994-cü il Azərbaycan üçün məğlubiyyət hesab olunan, torpaqlarının bir qismi üzərində suverenliyindən məhrum edə, ərazi bütövlüyünü pozan atəşkəs müqaviləsi imzalanan anadək Azərbaycan torpağında Türkiyənin, İsrailin iştirakı olmayıb. Rusiyanın müəyyən iştirakı olub. Əksərən erməniyə dəstək siyasəti yürüdüb. Çünki o vaxt Rusiya elitası ermənilərin vasitəsilə ABŞ-ın “qapaz altısına” çevrilmişdi. İran isə Azərbaycanın daxilində iştirak edirdi və Azərbaycanın o dövrdə rəsmilərinin İrana müraciəti var idi. Azərbaycanın müstəqillik dövründə birinci prezidenti Ayaz Mütəllimov İrana səfər etdi, Məşhəddə ziyarətdə oldu, təki İrandan yardım ala bilsin. İran hərbi qoşun vermədi, açıq Azərbaycanın mövqeyini hərbi yolla dəstəkləməkdən imtina etdi. Müəyyən hərbi müşavirlər göndərdi. Hərbi müşavirlər Azərbaycanda Ermənistana qarşı döyüşmək üçün ordu yaratmalı idi. Bəlli oldu ki, onlar İslam inqilabı ixracı ilə məşğul imişlər. Azərbaycanı müdafiə etməkdən daha çox namazı, ibadəti yaymaqla məşğul imiş. Beləliklə, ermənilər Azərbaycan torpağını işğal etdi. İranın o zamankı prezidenti H.Rəfsancaninin məşhur sözü var. Azərbaycanda rəsmi səfərdə olan günü Zəngilan rayonu işğal olundu. Azərbaycanlı məcburi köçkünlərin İran ərazisinə keçməli oldu. H.Rəfsəncani açıq bildirdi ki, “bəs biz ermənilərə demişdik axı bu ərazilərə girməsinlər”. Buradan o nəticəyə gəlmək olar ki, İran və ermənilər sanki Azərbaycan üzərində birgə əməliyyatlar aparırmışlar. Bunun da nəticəsi bəlli. 1994-cü ilə qədər bir daha qeyd edirik ki, Azərbaycanın ərazisində yalnız İran olub və Azərbaycanın məğlubiyyəti hesab olunan atəşkəs müqaviləsi imzalanıb.

II. Şuşanı İranın vasitəçiliyini qəbul etdiyimizə görə itidik. 1992-ci il mayın 9-da İranın vasitəçiliyini qəbul etdiyinə görə Rusiya Azərbaycanı cəzalandırdı. Erməninin əli ilə Şuşanı işğal etdi. İran Şuşanın işğalından sonra hər şeyi başa düşdü. Atdığı addım hədsiz paradoksal oldu. Yenidən Ermənistan və Rusiyanın mövqeyini müdafiə etdi. Azərbaycanın mövqeyini müdafiə etmədi.

III. Müstəqillik dövründə İranın Ermənistana etdiyi yardım ABŞ-ın Ermənistana etdiyi yardımla (2 milyard dollar) müqayisə olunan rəqəmdir.

IV. Ermənistanın 3 eks-prezidentlərinin hər 3-ü İranı Ermənistan üçün “Xilaskar”, “Həyat yolu” adladırıblar.

V. 30 illik işğal dövründə İran neçə dəfə vasitəçilik təşəbbüsü irəli sürübsə, Azərbaycan bu təşəbbüslərin əleyhinə getməyib, əksərini dəstəkləyib. Ermənistan İranın vasitəçilik təşəbbüslərinin heç birini dəstəkləməyib. Ermənistan İranın vasitəçilik təşəbbüsünü rədd etdikdən sonra İran sanki rahat nəfəs alıb, sevinib və Ermənistana hədiyyə verib. Çünki İran ehtiyat edirdi ki, birdən Ermənistan İranın vasitəçilik təşəbbüsünü qəbul edər və Azərbaycanla münasibətləri normallaşdırar. Bu, İran üçün faciə idi.

1994-cü ilə qədər İranın rolu ilə bağlı bir neçə fakt sadalamaq olar. Sadəcə sadalamağa ehtiyac görmürük.

Ən ümumi sual. İran əgər güclü və müsəlmansevər, beynəlxalq hüququn dinc qonşuluq prinsipinə, İslam dininin qonşuluq prinsipinə hörmət edən dövlət olsaydı, niyə görə İranın qonşuluğunda 30 il müsəlman torpağı işğal altında qalmalı idi?! Erməninin xristian olmasına da toxunmuruq. Bugünkü İran ya zəif dövlətdir, bleflə, yalanla məşğuldur. Çünki güclü dövlətin qonşuluğunda 30 il şiə müsəlman torpağı işğal altında qala bilməzdi. İran Rusiya, Avropa və ABŞ-ı erməniləri dəstəkləmədə ittiham edir və işğalın 30 il qalmasını da bununla əlaqələndirir. İran o dövlətlər kimi Azərbaycan torpaqlarının işğalda qalmasında maraqlı olub.

İsrail hazırda İranın əlində Azərbaycana qarşı ən geniş istifadə olunan kozırdır. 1994-cü ilədək Azərbaycanın dövlət siyasətində İsrail faktoru olmayıb. İctimai-siyasi həyatda belə faktor olub. Çünki Azərbaycanın yəhudilərlə xüsusi münasibəti olub və Bakıda çoxlu sayda yəhudi yaşayıb. Sonradan İsrailə köçüblər. Hətta Qarabağ uğrunda döyüşlərdə milliyyətcə yəhudi olan Milli Qəhrəmanımız var. Yəhudilər İsraildə, Amerikada yaşamasından asılı olmayaraq Bakıdakı qonşuları, dostları ilə müntəzəm əlaqə saxlayıblar və Azərbaycana yardım təklifləri ediblər. Əlavə də nə yardım lazımdırsa etməyə söz veriblər. Azərbaycan izolyasiyaya salındı. Heç dövlət Azərbaycana silah satmadı. Türkiyə də o dövrdə lazımi qədər yardım etmədi. Bakı yəhudilərinin İsraili işə qoşmaq təşəbbüsünü rədd etmək, bu Azərbaycanın ölümü seçməsi anlamında idi. Bakı yəhudisi hesab olunan Xİ naziri Aviqdor Liberman 1997-ci ildə Bakıya gəldi, vəziyyətlə tanış oldu. Həmin ildə də Baş nazir B.Netanyahunun Azərbaycana səfərini təşkil etdi.

İran mənbələrinə görə İsrail nümayəndə heyəti ilə Ümummilli Lider H.Əliyevlə görüşü gün boyu, səhərə qədər davam edib. 1997-ci ildə İsrailin Azərbaycanda nümayəndəlik açmasının rəsmiləşməsi, digər ticari-iqtisadi, hərbi əməkdaşlıqlar yalnız ondan sonra başladı. İsrail ilk əvvəl bəzi Avropa dövlətlərindən Azərbaycana silahlar göndərdi. Yəni öz silahından qabaq digər ölkələrin Azərbaycana silah satmasını təşkil etdi.

Azərbaycanın hərbi cəhətdən dirçəlməsində ciddi və həm də psixoloji addım oldu. İran isə heç bir iş görmür. İsrailin Azərbaycanda səfirlik açmasına baxmayaraq Azərbaycan İsraildə səfirlik açmadı. İran amilini nəzərə aldı. Azərbaycanın İsraildə səfirlik açması İranın ermənilərə verdiyi ağlagəlməz təkandan Təbrizdə konsulluq açmaq ideyasından sonra oldu.

İsrailin Türkmənistandakı səfirliyi İran sərhədindən 40 km aralıdadır. Türkmənistanın bütün rabitə sistemini İsrail qurub. İran bu gün Türkmənistanla çox gözəl münasibətdədir. Həmişə də gözəl münasibətdə olsunlar. Hətta İran Türkmənistan qazını öz ərazisindən Türkiyəyə keçirmək niyyətindədir. Əlavə də bir neçə faktlar gətirmək olar ki, İranın Azərbaycana münasibətində İsrail faktoru yoxdur.

Bu gün də İran İsrail-HƏMAS müharibəsini başlamaqla ərəb dünyası ilə İsrailin əlaqəsini kəsdi. İndi İsraillə Azərbaycanın əlaqəsini kəsmək istəyir. Bu Azərbaycan üçün İranın təsiri altına düşməkdən başqa bir şey deyil.

Sırf Fələstin və digər məsələ İranı maraqlandırmır. İranı maraqlandıran yalnız özünün geosiyasi marağının reallaşmasıdır.

- Kimsə İranın Fələstindəki səfirinin adını bilirmi, mətbuatda neçə dəfə gördüyünü deyə bilərmi?!

- Kimsə Fələstinin İrandakı xanım səfirinin adını bilirmi?! Onun İran mətbuatında neçə dəfə görübmü?

- Kimsə fikirləşib ki, niyə görə HƏMAS liderləri Mahmud Abbası inkar edirlər?! Niyə HƏMAS liderləri M.Abbasla Fələstin dövlətinin başçısı ilə görüşməyiblər, onun səbəbi nədir?! İranın açıq qadağasını görən varmı?! Bütün dünya Fələsinliləri dəstəkləməlidir, amma HƏMAS və İslami cihad yox.

- İranda, xüsusilə Tehranda Qəzzaya neçə dəstək aksiyası keçirilib, sayını kimsə bilirmi?

- Bu gün İsraildə mövcud olan istehsal sahələri, hərbi, nüvə sahəsinə qədər İranın pulu ilə qurulub. İndi İran Qəzzanın altındakı tunelləri İsrailə hədiyyə edir. Çünki İsrail oradan çıxmayacaq və əhalinin də yaşayışına hansısa qaydada icazə versə o tunelləri əlindən verməyəcək. İranın bağışladığı hərbi qənimətlər bir müddətdən sonra o tunellər də Qəzza əhalisinin başına yenidən oyun açacaq.

-İran və ABŞ dialoqdadır. Çində İsraillə görüşü barədə məlumat var. İranı real tanımaq lazımdır.

-İrana görə Azərbaycan demokratiya ilə təhlükəsizlik seçimi arasındadır. İranda seçki yoxdur. İranda rəhbər ali dini liderdir, o heç vaxt seçilmir. İran prezidentinin Azərbaycan və Türkiyədə bir nazir qədər səlahiyyəti yoxdur.

Bu gün Azərbaycan kölgəsi özündən böyük olan dövlətdir. Azərbaycanın çətirinin altında nə qədər sahələr, ərazilər yerləşə bilər. İnşallah biz görürük, İnşallah sizlər də bunu hiss edəcəksiniz.

İranın İsrail məsələsini qabartması və bir qrup Türkiyədə azərbaycanlını ələ alıb, Azərbaycan Respublikasına qarşı çevirməsi Azərbaycançılığa xəyanətdir. Getməyin bu yolu. Türkiyədəki azərbaycanlıların tarixən Səfəvilər dövründən bu yana müxtəlif keşməkeşlərindən xəbərimiz var. Azərbaycan Prezidenti bu gün İraqdakı türkmənlərin rifahı üçün üzərində müəyyən siyasət aparır.



Azərbaycanın siyasətinin bir ucu Əfqanıstandadır, bir ucu Pakistandadır.

Bu iki element işğal altında olan torpaqlarımızı işğaldan azad etdikdən sonra baş verib.

İmkanımız, gücümüz artacaqsa, bir az da əlavə işlər görəcəyik. İranın İsrail elementindən istifadə etməsi kökündən yanlışdır.

İranın marağı Azərbaycan dövlətçiliyinin olmamasındadır. Azərbaycan dövlətçiliyi inkişaf etdikcə, İran bunu ərazi bütövlüyünə təhlükə kimi görür. Ərazisində yaşayan 30 milyonluq azərbaycanlının ayrılma məsələsini qaldıracağından qorxur.

İran azərbaycanlıları içərisində keçirilən rəy sorğusunda Prezident İ.Əliyev və R.T.Ərdoğan İranın liderlərindən daha böyük nüfuza, populyarlığa malikdirlər. 4-5 ildir belə rəy sorğularını keçirməyə İran imkan vermir. Azərbaycanın başında İ.Əliyev dayanıbsa, bu daha güclü Azərbaycandır. İran Bəhreyni qaytara, Fələstini işğaldan azad edə bilmir. Azərbaycan tək başına bütün xristian dünyasının, İranın da dəstəklədiyi Ermənistanın əlindən torpaqlarını işğaldan azad etdi. İ.Əliyevin Qərb dünyasında davranışı İran rəhbərlərinin yuxusuna zəhər qatıb. Ona görə İran Azərbaycanı, azərbaycanlıları məhv etməlidir, həm də ona görə ki, bugünkü şiəliyin qlobal miqyasda ortalığa çıxması azərbaycanlılara məxsusdur, farslara məxsus deyil. Şah İsmayıl Xətai Təbrizdə hakimiyyətə gəldiyi günü şiəliyi rəsmi dövlət dini elan etdi. Bir mənbə yoxdur ki, Şah İsmayıl Xətaini milliyyətcə fars elan etsin. Siz Türkiyədəki azərbaycanlılar da bilirsiniz ki, Şah İsmayıl Xətai azərbaycanlıdır. İşin kökü budur. İran farsçılığın sahibidir. O farsçılıq ki, türki, ərəbi inkar edir. Yalnız özünü qəbul edir.

İran Qərb dəyərlərini qəbul etmir, amma Qərb metodlarından öz maraqları üçün istifadə və əksərən də su-istifadə edir. İranın ali dini lideri 40 ilə yaxındır ki, ölkəyə rəhbərlik edir. Əvəz olunmayıb, əvəz etmək də kimsənin ağlına gəlmir. Özündə demokratiya olmayan İranın Azərbaycanda demokratiya nəyinə lazımdır. Yalnız Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün 50, maksimum 200 dollar pul xərcləməklə Azərbaycanda demokratik yolla hakimiyyəti ələ keçirə bilər. Azərbaycanın var-dövləti, iqtisadi imkanları üst-üstə bəlkə də 200 milyard dollar civarında ola bilər. 200 milyon xərclədi, 200 milyard dollar qazandı. Ən böyük rəqibini də sıradan çıxardı. Demokratiya ona görə lazımdır. Türkiyədə bir qrupu ələ alıb Azərbaycanın üstünə göndərir. İran İslam İnqilabının banisi məhz Qərbin hesabına müqəddəs Nəcəf şəhərindən Fransanın xaraba kəndinə gəldi. Mətbuat quruldu, 6 aydan sonra ABŞ şahı başa saldı, müalicə adı ilə ölkədən çıxdı və Xomeyni çox az müqavimətlə hakimiyyəti ələ keçirdi. O vaxta qədər İran Yaxın Şərqdə ABŞ-ın canişini funksiyasını yerinə yetirirdi. Ərəblər və türklərin üzərində müəyyən nəzarəti var idi. İndi də ABŞ Yaxın Şərqi qurur və ABŞ-a əlavə nəzarət mexanizmləri lazımdır. İranla ABŞ-ın arasında indinin özündə də gizli danışıqlar gedir.

İran HƏMAS-ı İsrailin üstünə qaldıranda bilmirdi ki, HƏMAS İsrailə qələbə çala bilməz. Hətta HƏMAS Təl-Əvivi ələ keçirə bilərdi, amma bu, qələbə deyil. Qərb dünyası yığışıb, onu oradan qovacaq. İran bunu çox gəzəl bilirdi. İrana dava lazım idi ki, indiki vəziyyəti yaratsın. 1947-ci il sərhədlərinə söykənən Fələstinin tənzimlənməsi variantından əl çəkib, ərəblərin, amerikalıların dediyi 1967-ci ilin sərhədlərində Fələstin dövlətinin qurulmasının tərəfdarıdır. B.Netanyahu bəlkə hakimiyyətdən getdi. Bundan ötrü 30 min fələstinlini qırğına verməyə nə ehtiyac var idi. İran hesablama aparmağı bacarmır. Bizim oradakı qardaşlarımızın ayılıb, qədim İranı, indiki İranı tanımaları çox vacibdir. Qədim yunanlardan gəlmə söz var-farsçılıq. Rus dilində farseistvo var. Bu farslara söykənən mövzudur. İranda hakimiyyətin başında azərbaycanlılar olmasına baxmayaraq farsçılıq siyasətini aparırlar. İranda prezidentlik Sepahın yanında portfelsiz nazir vəzifəsini yerinə yetirir. Kommunikasiyalar üçün lazımdır. Sepah hansı işlə məşğul ola bilmir, məşğul olmaq istəmir, o işlər Prezident Administrasiyasına tapşırılıb. Bundan başqa heç bir funksiyası yoxdur. Azərbaycan və ya Türkiyədəki nazir səlahiyyətindədir.

İranda İslam inqilabının baş verməsinin ən əsas fundamental səbəbi SSRİ ilə ABŞ arasında gedən “soyuq müharibə” idi. İran şahı əhalisini dolandırmaqdan ötrü bir neçə dəfə torpaq islahatı aparmışdı. Bu islahatlar nəticəsiz qalmışdı. Nəhayət torpağı kənd əhalisinə vermək fikrinə düşdü. Bu ABŞ-ın ağlına İran şahının SSRİ-yə tərəf meyllənməsi assosiasiyası yaratdı və şahı çox gözəl idarə edərək imkanlarını daraltdı. Nəhayət şahı hakimiyyətdən uzaqlaşdırdı. Nəcəfdə yaşayan İran İslam inqilabının rəhbəri S.R.Xomneyi də bunu görürdü və ABŞ prezidentlərinə müraciətləri var ki, mən gəlim hakimiyyətə. Hərbi hakimiyyət sizdə olacaq, qalan bütün hakimiyyət məndə qalacaq. Bugünkü Pakistan modelinə bənzər bir şey. İranda hərbçilər xalqın seçimi ilə yaratdığı hakimiyyətdən güclüdür. İran ABŞ-ın bu modeli nəzərdə tutaraq razılaşdı. Ona görə Nəcəfdən Fransaya aparıldı, orada 6 ay yaşadı. Bütün dünyanın mətbu orqanları hər gün ona baş çəkirdi. Çünki İran camaatına söz çatdırmaq Nəcəfdə olarkən çox çətin idi.

Məktub yazırdı, bir həftəyə Nəcəfdən İrana çatırdı. Orada çoxaldırdılar, məscidlərdə oxuyurdular. Namaza gələn camaat çıxırdı əhali arasında danışırdı. İndi mətbuat yazır, jurnalistlər başına yığışır. Fransada yazır, İran mətbuatı da götürüb yazır. Həmin məlumatları xarici radiolar İran camaatına yayırdı. Xomeyni hakimiyyətə gələndən sonra Amerika prezidentlərini aldatdı, hərbi hakimiyyəti də onlara vermədi və o işdə də İranın indiki dini lideri S.Ə.Xamneinin vacib rolu oldu. İndi İran başa düşür ki, Amerikanın çox gizli və ciddi təsir rıçaqları var. O rıçaqlar artıq İrana da təsir edir. İran Fələstin mövzusunda Xomeyninin, yəni İran İslam İnqilabının banisi, yaradıcısı S.R.M.Xomeyninin Fələstin mövzusunda qoyduğu mövqedən geri çəkildi. Xomeyninin 1947-ci il sərhədləri və Fələstində yaşamış bütün əhalinin vərəsəsi arasında referendum keçirməyi qoymuşdu. İndi İran ondan imtina edir. ABŞ, Səudiyyə Ərəbistanının dediyi kimi Fələstin muxtariyyətinin başçısının dediyi kimi 1967-ci il sərhədi əsas götürməklə Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır. İranın Xİ naziri H.Ə.Abddullahiyanın Livana səfəri, Livanın Baş naziri ilə görüşləri, oradan Suriyaya səfərləri də məhz bu məqsədə xidmət edir ki, Amerika söz verib B.Netanyahunu hakimiyyətdən uzaqlaşdıracaq və 1967-ci ilin sərhədlərində Fələstin dövləti yaranacaq. Ərəblərə, türklərə nəzarətin böyük bir hissəsi İrana veriləcək. Bu planı da hazırda təbliğ edir. Amerikanın sözünü icra edir. Fələstinlə bağlı Xomeyninin Fələstinlə bağlı prinsipindən əl çəkməklə indiki İran rəhbərliyinin ABŞ qarşısında yeni etibar qazandığını göstərdi. Lazımdırmı B.Netanyahunun hakimiyyətdən getməsi üçün Qəzza sektorunda təxminən 100 milyon dollar hüdudlarında yeraltı tuneli İsrailə vermək, 30 min qəzzalının ölümünə getmək?! İran axı HƏMAS-ın İsrailə hücumu başlayanda tamam ayrı abı-havada idi.

İsmayıl Haniya şükranlıq namazını şiə qaydasında qıldı, dərhal qaçdı İrana gəldi. İranın ali dini lideri, prezidenti ilə görüşdü. O zaman tamam ayrı İsrailin ölümünü gözləyirdilər.

SSRİ-nin strukturlaşmış, o dövr üçün təkmil siyasəti var idi. SSRİ-nin İslam dünyası üzrə siyasətinə 1960-cı illərdən başlayaraq strukturlaşma prosesi başlasa da ümumi rəhbərlik Kremldən aralandı. Şərəf Rəşidovu Moskvadan Daşkəndə qaytardılar.

Özbəkistanın Kommunist Partiyasına həm rəhbərlik etdi, həm də Özbəkistanın Şərq dünyası üzrə siyasətinin kurasiyası ilə məşğul oldu. Şərəf Rəşidovun qocaldığı dövrə yaxın artıq SSRİ-nin şərq üzrə baş məsləhətçisi, kuratoru kimi artıq Ümummilli Lider H.Əliyevi yetişdirdilər. H.Əliyev dünyanı idarə edən şəxslərdən biri olub. Müsəlman dünyasında çox azsaylı belə adamlar var. İndi yerindən duran ona bir daş atır. İranın ən yuxarı rəhbərliyinin göstərişi ilə bu işlər olunur.

SSRİ İsfahanda dünyanın beş ən böyük poladəritmə zavodlarından birini tikdi. SSRİ Ali sovetinin Podqornının ora neçə səfəri olduğunu İranın o dövrdəki adamları yadına salsınlar. ABŞ-ı qıcıqlandıran böyük addımlardan biri də bu idi. Bəs burada Ümummilli Lider H.Əliyevin rolu yox idi? SSRİ İrandan qaz aldı, bəs Ümummilli Lider H.Əliyevin rolu yox idi? İran o zaman və indi də taxıla möhtacdır. Göyə raket buraxan, kosmodrom yaradan İran adi taxıl əkə bilmir. Raket texnologiyasının nəzəriyyəsinin yaşı cəmi 100 ildir, İran bunu mənimsəyib. İnsan yarandığı gündən taxıl əkib, becərməklə məşğuldur.

Məsəl var: Çörək Qurandan qabaqdır. Buğda da (taxıl) çörəkdən əvvəldir. İran bunu bacarmır. O vaxt SSRİ-dən, indi də Rusiyadan taxıl alır. Bəs, bunlarda H.Əliyevin rolu yadına düşmür. İran uydurub ki, H.Əliyev SSRİ-nin rəhbərlərindən biri olarkən Səddam Hüseynə kuratorluq edib, SSRİ-dən silah alıb. S.Hüseynə tapşırıb ki, Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Həmədan azərbaycanlılarını qır? İranın düşüncəsi budur. PKK-ya rəhbərlik et, Türkiyəyə, İrana qan uddur. İranın H.Əliyev haqqında düşüncəsi budur. İranın özündə kürdlər yaşayan ərazilərdə İran hərbçisi öldürülən kimi İranın yadına Ümummilli Lider H.Əliyev düşür.

İran ərazisində Podqornı ilə Ümummilli Lider H.Əliyev arasında görüşü var, bunlar yada düşmür. Çox əcaib, qəribə siyasətdir. Ona görə İranın Azərbaycana siyasəti dedikdə bu əndazəyə sığmayan qərəz, nifrət, İranın anti-İslamçılığı yada düşür.

İrana həmişə müxtəlif vasitələrlə eşitdirmişik; Gedin yalanınızı kimə istəyirsiniz deyin, Azərbaycana tərəf tuşlamayın. Yalanınız ağzınızdan aralanan kimi başa düşürük ki, sözün hansısı düzdür, hansısı yalandır. Vaxtınızı Azərbaycana sərf etməyin. Gedin taxıl əkməyi öyrənin. Dövlətinizin digər vacib sahələrində nöqsanları öyrənin, əhalinin narazılığını aradan qaldırmağın yollarını tapın. Əhali bu gün məscidlərə gəlmir.

İran Qəzza sektoruna ən az dəstək verən müsəlman ölkəsidir. İndi Amerika ilə razılığa gəlib, Qəzzada müharibəni bitirirlər. Hər şeyi HƏMAS, Fələstin xalqının, ərəb dünyasının ziyanınadır və əvəzində ərəb dünyası və Türkiyəyə qarşı canişinliyini ələ alacaq.

Azərbaycana qarşı apardığı siyasət İranın ən güclü siyasəti olub. Amma Azərbaycan onlardan ən bacarıqlıdır. Ümummilli Lider H.Əliyevi yada salsınlar. Bu, Azərbaycan xalqının yetirməsidir. Bəhreyni, Fələstini digər müsəlman torpaqlarını işğaldan azad edə bilməyən, İran və dünyanın müdafiə etdiyi Ermənistanın əlindən Azərbaycan torpaqlarını işğaldan azad edən şəxsi gözlərinin qabağına gətirsinlər. Uzun müddət də gözlərinin qabağında olacaq. Əminəm ki, əgər İran bu mübarizəni Azərbaycana qarşı pis siyasətini davam etdirəcəklərsə tam əminəm ki, İran və Azərbaycanın coğrafiyaları arasında çox ciddi dəyişikliklər baş verəcək.

Ona görə mən Türkiyədəki azərbaycanlı qardaşlarımıza, bacılarımıza səsimi çatdırıram və deyirəm ki, ayılın. İranın sözü ilə nə işlə məşğul olursunuzsa olun. Marsda və Venerada İranı tanıyan yoxdur. İran təbliğata külli miqdarda vəsait ayırır. Versin pulu gedin Marsda, Venerada, Neptunda İranı təbliğ edin. Ağzınızı İranın sözü ilə Azərbaycana qarşı çevirməyin.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
13 fevral 2024 cü il



Xəbər 490 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +