Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


27.01.2024  22:40 

Bakı Sağlamlıq Mərkəzinin şöbə müdiri bir ailəni necə müflis edib?





A+  A-

Doqquz aya yaxındır ki, nə gecəm var, nə gündüzüm! Mən və xanımım sağlamlığımızı itirmişik, psixoloji və emosional durumum heç ürəkaçan deyil. Yalandan hamıya gülümsəyirəm, amma içim yavaş-yavaş əriyir. Bilmirəm, ömrümə nə qədər qalıb, yeriyə-yeriyə özümlə danışıram. Bu ağır zamanda məni və ailəmi dolaşdırdılar. Bunu hamıdan gizlətməyə çalışırdım və səbr edirdim ki, məni və ailəmi tora salanlar – Bakı Sağlamlıq Mərkəzinin şöbə müdiri, həkim Fərid Əliyev, özlərini onun dostları kimi qələmə verən Sadıx və Ruslan adlı şəxslər - bəlkə insafa gəldilər, mənim iyirmi ilə tikdirdiyim və bu illər ərzində zəhmətimlə və bank kreditləri ilə 300 minə yaxın vəsait xərclədiyim yeganə mülkümü geri qaytardılar.

Amma yox, lap əksinə oldu: mənim anamı ağlatdılar! Onlar bəzi prokurorluq işçiləri və polis müstəntiqləri ilə əlbir olub şantaj yolunu seçdilər, mənim həyatımı, nəvələrimin, gəlinimin və oğlumun həyatını alt-üst etdilər. Mən oğluma görə (qeyd edim ki, ona ən ağır maddə ilə cinayət işi açmışdılar, təhqiqat materiallarıyla tanış olandan sonra bizim peşəkar vəkillərin və vicdanlı polis və prokuror dostlarımızın lap gülməyi gəldi!) öz yeganə mülkümdən keçmişdim, Fərid həkim isə Qəbələnin Həmzəli kəndində tikdirdiyi Hotel biznesindən keçmədi, onun maddi maraqları iki ailənin taleyindən üstün oldu.

Görün neylədilər?

Yeganə mülkümü rəsmiləşdirəndən sonra bütün ev-məişət, şəxsi əşyalarımızla birlikdə (bizim evimizin arxiv sənədləri, gəlinimin cehiz əşyaları, pal-paltar, yorğan-döşək, ailə albomlarımız,... da daxil olmaqla, təxminən 30.000 (otuz min) manatdan çox dəyəri olan ev-məişət əşyaları!) özgəyə satmışlar, bu işdə bizim əvvəllər tanımadığımız Sadıx adlı şəxsin xüsusi rolunu da qeyd etməliyəm.

Dəfələrlə zəng vurmağıma, əlaqə yaratmağıma baxmayaraq mənə heç bir cavab vermədilər. Hər şey bundan sonra daha da gərginləşdi, sakit və dinc həyatım pozulmağa başladı, sağlamlığımı, gücümü, enerjimi, sabaha olan inamımı, qırx ildə dişimlə-dırnağımla qazandıqlarımı itirdim. Üstəlik oğlumun xırda biznesi çökdü, (bəzi polis işçiləri “sahibkar” adını eşidən kimi sanki gözlərinə işıq gəlir, ağına-bozuna baxmadan elə bil yağlı yem düşüb əllərinə! Mən bunu son doqquz ayda müşahidə elədim!) ailəsinin həyatı darmadağın olundu. Onlar cavandılar, hər şeyi sıfırdan başlaya bilərlər. Amma yəqin ki, hər şeyi təzədən başlamaq üçün bizim nə gücümüz, nə imkanımız, nə vaxtımız, nə də enerjimiz olmayacaq. Ömrümün belə bir çağında buna çox təəssüf edirəm!

Mənim şok və sarsıntılı ruhi vəziyyətim uzun müddət davam elədi, sonra yaxın dostlar, qohumlar, hüquq mühafizə orqanlarında çalışan təcrübəli, vicdanlı insanlarla və vəkillərlə məsləhətləşdim, əlimizdə olan bütün sənədləri, dəlil və sübutları, həkimlə oğlum arasında bağlanmış və razılaşdırılmış müqavilə, eskiz və smeta xərclərini araşdırmağa başladıq, mütəxəssislər dəvət elədik, Qəbələyə getdik, görülən (görünən və görünməyən!) tikinti işlərinə baxdıq, səbəb və nəticələri təhlil etdik: bizim ailənin başına OYUN açıblar, bizim üçün əməlli-başlı TOR qurulub, bizi imkansız və müdafiəsiz bilib bütün güc və əlaqələrindən istifadə edərək məqsədlərinə nail olmağa çalışıblar!

Acınacaqlı duruma salındığımızın səbəbkarlarını və vəziyyətimizin bu həddə qədər gəlib çatmasının səbəblərini respublikanın Baş Prokuroruna, Daxili İşlər nazirinə MÜRACİƏTİMdə (18 dekabr 2023-cü il tarixli) göstərmişəm.

Müraciətimə ölkənin ən tanınmış yazıçı, şair və jurnalistləri, mədəniyyət və elm xadimlərindən bir qrupu da qoşulub. Sağ olsunlar! (Onların sayı yüzdən çox idi, yalnız 31 nəfərin adını qeyd eləmişdim.) Lakin müraciətimdən 1 aydan çox vaxt keçib, təəssüf ki, hələ də konkret bir cavab yoxdur.

Hadisəyə isti-isti qiymət vermək olmur. Hadisə baş verən günü, 2023-cü il mayın 24-də mən də buna reaksiya verə bilmirdim, şokdaydım, psixoloji durumum pozulmuşdu, qeyri-ixtiyari olaraq gözlərim dolurdu. Heç kim məni ovundura bilmirdi. Təzyiqlər, təhdidlər və abır-həyadan qorxmaq hissi məni əməlli-başlı şoka salmışdı. Lakin sonradan anladım ki, həkim F. Əliyev və dostları məni aldadıblar; onların və polisin təzyiqlərinə tuş gələndən bəri oğlum hər şeyini itirdi, borca-xərcə düşdü, iki layihəsi yarımçıq qaldı, kiçik müəssisəsi bankrot oldu; biz qohum-əqrabadan, dost-tanışdan borc aldıq, üstəlik banklardan da kredit götürdük, həyat yoldaşım nişan üzüyünü belə satdı.

Nə mən, nə mənim ailəm, nə də oğlumun ailəsi və uşaqları doktor Fəridlə oğlumun sövdələşmələrində iştirak etməmişdik! Mənim onun hotel biznesinə heç bir aidiyyətim yox idi. O biznes maraqlarına görə bütün yazılmış və yazılmamış qanunları pozdu, müqəddəs kitablara, dinə, şəriətə, imana, insaniyyətə belə məhəl qoymadı.

İndi mənim itirəcək bir şeyim də qalmayıb. Bəzi prokurorluq və polisin səlahiyyətli nümayəndələri ilə görüşəndən sonra belə başa düşdüm ki, onlara yanlış məlumatlar verilib, çox şeydən xəbərləri yoxdur. Mənim və ailəmin belə duruma düşməsinin səbəbini elə bizim özümüzdə görürlər. Bəzi prokuror və polis işçiləri hətta mənə məsləhətlər verib qanuni yolu da göstərdilər:

- Siz onu məhkəməyə verin.

- Niyə vaxtında bizimlə məsləhətləşmədiniz? Məgər evinizi verəndə bizimlə məsləhətləşmişdiniz?

- Oğlunuz həkimə ziyan vurub...və sair və ilaxır.

- Siz ki, belə tanınmış yazıçı, jurnalist...nə əcəb aldandınız?

Məgər oğlumla həkim arasındakı mübahisəli məsələ Nərimanov rayon məhkəməsində mülki iş kimi baxılarkən oğluma cinayət işi açdırmaq qanuni yol idi?

Məgər mənim və ailəmin, yaxud oğlumun ailəsinin onun biznes işlərinə aidiyyəti var idi?

Əlbəttə, mənim kimi qələm adamlarını aldatmağa nə var ki!? Mən ədalətə inanıram, əslində zərərçəkmiş mənəm.

Məgər bütün mənəvi-əxlaqi dəyərlər məhv olub? Adam səhv də edə bilər, tikintidə qüsur da ola bilər, məgər bu, həkimə və onun hiyləgər dostlarına haqq verirmi ki, bu qədər amansız və imansız olsunlar? Axı bunun danışıqlar və sülh yoluyla həlli yolu da vardı! Mən axı ona və şişirdilmiş rəqəmləri az qala gözümə soxan dostlarına yalvardım, emosiyalarıma, hisslərimə, göz yaşlarıma belə sərhəd qoymadım, dedim, etməyin bunu, mənim imkanım yoxdu, etməyin bunu, biz sizin düşündüyünüz adamlardan deyilik, heç kimə zərərimiz dəyməyib, etməyin! Ailəmizdə faciə baş verə bilər, etməyin bunu!

Amma o, dostlarının sözünə baxdı, bunu etdi! Onlar mənə və ailəmə böyük pislik etdilər! Onlar bunu amansızcasına etdilər!.. Mənim başqa çıxış yolum qalmadı!

(ardı var)

P.S. Bütün vicdanlı qələm dostlarıma, hüquq mühafizə orqanlarının vicdanlı nümayəndələrinə, vicdanı olan vəkillərə müraciət edirəm: bundan sonra nə etməli? Mən təqaüddə olan bir adamam, maddi imkanlarım yoxdur; cox təəssüf edirəm, çox! Amma müstəqil dövlətimə inamımı itirməmişəm! İnanıram ki, mənim haqlı tələblərim təmin ediləcək.

Kamran Nəzərli
Bakı, 26 yanvar 2024-cü il


Xəbər 874 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +