Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


15.11.2023  20:04 

Yəhudi lobbisi erməni lobbisini necə susdurdu?





A+  A-

Ermənistan silahlanır. Silahı isə əsasən Hindistan və Fransadan alır. Hindistan Ermənistana silahı İran, Fransa isə Gürcüstan üzərindən ötürür. Gecə-gündüz şiə həmrəyliyindən danışan molla rejimi Azərbaycandakı şiələrə qarşı Ermənistanın silahlanmasına açıq şəkildə yardım edir. “Dostum, qardaşım” dediyimiz Gürcüstan da Azərbaycanla düşmənçilik edən Fransaya qucaq açır.

Azərbaycanın isə əsas silah aldığı ölkə İsraildir. Belə bir fonda Azərbaycanda özünü “ağıl dəryası” hesab edənlər deyirlər ki, HƏMAS-İsrail müharibəsində Azərbaycan HƏMAS-a dəstək verməlidir. İsrailə qarşı sərt mövqedən çıxış etməlidir. Yaxşı, biz də qoşulduq sizə və başladıq İsraili İran mollarının ağzı ilə söyməyə. Sonra nə olacaq? Azərbaycan silahı kimdən alacaq?

Bilməyənlər üçün deyim ki, 2022-ci ildə İsrailin hərbi ixracatı 12.5 milyard dollar olub. Dünyada İsrail silahına tələbat ilbəil artır. Məsələn, 2021-ci ildə bu göstərici 11.4 milyard dollar idi.

Yəni “ağıl dəryaları”na qulaq assaq İsrail ilə düşmən olmalıyıq. Təbii ki, İsrail də öz düşmənlərinə silah satacaq qədər sadəlövh deyil.

Silah alış-verişi ilə bağlı bir şeyi də vurğulayım. Bəziləri elə düşünürlər ki, silah almaq üçün əsas məsələ pulun olmasıdır. Silah bazarı da kolxoz bazarı kimi bir şeydir. Bazara girib istədiyini ala bilərsən. Təbii ki, belə düşünənlər dünyada mövcud olan reallıqlardan xəbərsiz adamlardır. Silah strateji məhsuldur. Bu məhsulu yalnız dostlara satırlar, düşməninə silah satanlar sonda o qədər peşman olub ki. Həm də ultra-müasir silahlar, hansını ki, biz İsraildən alırıq, elədir ki, istehsal edən ölkə həmin silaha satışdan sonra da nəzarət edir. Bunun üçün elektron kodlar mövcuddur. Kodlar tez-tez dəyişdirilir. Sən o kodu bilmədən o silahdan yararlana bilməzsən. İsrail bu məsələdə də Azərbaycana ciddi üstünlüklər verib.

Hərdən düşünürəm ki, nə yaxşı ki, Azərbaycanı belə “ağıl dəryaları” idarə etmir. İnanın ki, bunlar bütün dünya ilə Azərbaycanı düşmən edərlər. Ölkə darmadağın olub gedərdi...

Diqqət edin, 2020-ci ildə “İbrahim anlaşması” (Abraham Accords) kimi tanınan sazişlə İsraillə münasibətləri normallaşdıran Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş yəhudi dövlətindən ən çox silah alan ölkələrdir.

Bizim ağıllılar deyir ki, siz ərəbləri boş verin, ancaq biz İsraildən silah almayaq.

Bəs kimdən alaq?

İrandan alsaq necə olar?..

XXI əsrdə yaşayırıq. Bunlar hələ də "Danabaş kəndinin əhvalatları" səviyyəsində düşünürlər.

Özü də biz İsraildən təkcə silahmı alırıq? WikiLeaks-ın yaydığı 2010-cu ilə aid gizli materialda İlham Əliyevin İsrail-Azərbaycan münasibətlərini aysberqə bənzətməsi haqqında istər Azərbaycan, istərsə də İsrail, bütövlükdə Qərb mediasında dəfələrlə yazılıb. Aysberq nə deməkdir? Yəni üzdə görünən bütövün vur-tut onda biridir. Aysberq-buz dağının-onda doqquzu suyun altındadır. Bu isə o deməkdir ki, İsrail-Azərbaycan münasibətlərinin çox dərin qatları var və o qatlar haqqında hər hansı məlumat dünya mediasına çox nadir hallarda sızır.

1992-ci ildə Konqres üzərindən Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş qüvvəyə mindi. Sənəd erməni lobbisinin təşəbbüsü ilə qəbul olundu. Azərbaycan yeganə keçmiş Sovet dövləti idi ki, Amerika ona qarşı belə bir qadağa tətbiq etmişdi. Özü də AXC dönəmində. Azərbaycanda demokratların iqtidarda olduğu dönəmdə demokratiyadan dəm vuran Amerika belə bir addım atdı. Ən pisi isə o idi ki, o vaxt ermənilər Azərbaycan torpaqlarını işğal edirdilər. Amerika bu işğala dəstək vermək amacı ilə belə bir yaramazlıq etdi. Adını da qoydular ki, Azərbaycan Dağlıq Qarabağı blokadada saxlayır...

Diqqət edin, Azərbaycan Laçın dəhlizini ləğv etdi. 9 ay Qarabağ erməniləri çıxılmaz vəziyyətdə qaldı. Daha sonra Azərbaycan 1 gün ərzində anti-terror əməliyyatı keçirdi. Ermənilər kütləvi şəkildə Qarabağdan çıxıb getdi. Ancaq Amerikadan səs çıxmadı. Niyə çıxmadı? Erməni lobbisi Amerikada indi də öz yerindədir. Əvvəlkindən də güclüdür. Bəs nədən bir iş görə bilmirlər? Çünki Amerikadakı yəhudi lobbisi buna imkan vermir. Niyə vermir? Çünki onlar yaxşı bilirlər ki, İsrail ilə Azərbaycan arasında “aysberq” münasibəti var...

Başqa bir məqama diqqət edək. Hər il ABŞ Azərbaycana hərbi yardım kimi 120 milyon dollara yaxın vəsait ayırır. Bəs Ermənistana nə qədər ayırır? Heç bir şey. Erməni lobbisi neçə ildir ki, özünü öldürür ki, Amerika “ermənilərə qarşı genosid siyasəti yeridən” Azərbaycana hərbi yardımı dayandırsın və həmin yardımı Ermənistana versin. Ancaq Amerika erməni lobbisini heç vecinə də almır. Niyə almır? Çünki yəhudi lobbisi erməni lobbisindən ən azı 10 dəfə güclüdür. Məhz onlar buna imkan vermirlər...

Özü də onu da bilmək lazımdır ki, 907-ci düzəlişin əsas müəlliflərindən biri Amerikanın hazırkı prezidenti Co Baydendir. O, qondarma “erməni genosidi”ni rəsmən tanıyan ilk Amerika prezidentidir. Ermənipərəstlik baxımından Amerikanın ən stajlı siyasətçisi sayıla biləcək Co Bayden belə Azərbaycana qarşı çıxmır. Niyə çıxmır? Çünki yəhudi lobbisi buna imkan vermir.
Çox təəssüf ki, Azərbaycanda bir çoxları bu kimi sadə məsələlərdən xəbərsizdir. İranın ağzı ilə danışan belələri adətən deyirlər ki, biz müsəlman HƏMAS-ı yox, musəvi İsraili müdafiə edirik. Guya ki, biz sionistik. Bəli, biz İsraili müdafiə edirik. Ancaq niyə edirik? Çünki Azərbaycanın maraqları bunu tələb edir.
Mahiyyətdə biz İsraildən daha çox Azərbaycanın yanındayıq.

ABŞ, Böyük Britaniya və SSRİ Faşist Almaniyasına qarşı birgə mübarizə aparıblar. Müttəfiq kimi bir-birlərinə dəstək veriblər. İndi vəziyyət necədir? ABŞ, Böyük Britaniya, bütövlükdə Qərb Ukrayna üzərindən Rusiyaya qarşı vuruşur. Yəni dünənki müttəfiqlər bu gün düşməndir. Niyə onlar bir-birinə düşmən kəsiliblər? Çünki tərəflərin maraqları arasında antaqonist ziddiyyətlər yaranıb.

HƏMAS-la bağlı bir şeyi də deyim. Bəllidir ki, İran HƏMAS-ı maliyyələşdirən əsas dövlətdir. İran eyni işi Livanda Hizbullahla da görür. Yəməndə üsyançı husilər, İraqda xeyli təşkilat rəsmi Tehrandan dolanır. Hizbullah lideri Həsən Nəsrullahın bir məşhur fikri var. Deyir ki, bizim içdiyimiz suyun da, yediyimiz çörəyin də pulu İran verir.

İranla Azərbaycan arasında müharibə ehtimalı varmı? Var. Özü də bu ehtimal xeyli böyükdür. Mən soruşuram: belə bir müharibə olsa, HƏMAS kimin yanında yer alacaq? Nəyinki HƏMAS, İranın su və çörəyini verdiyi bütün terror şəbəkəsi molla rejiminin Azərbaycana qarşı açdığı cəbhədə yer alacaq. Buna kiminsə şübhəsiz varmı?

Bəli, İsrail bizə silah verir, yəhudi lobbisi bizim yanımızdadır. Özü də təkcə Amerikada yox, digər Qərb ölkələrində də yəhudi lobbisinin sözü keçir. Özü də şıppıltı ilə. Azərbaycanın İsrail ilə siyasi-iqtisadi əlaqələri də çox yüksək səviyyədədir...

Ermənistan özünə təzə müttəfiqlər axtarır. Niyə təzəsini axtarır? Çünki Türkiyə və Azərbaycan əl-ələ verərək Rusiyanı ermənipərəst mövqedən türkpərəst mövqeyə çəkib apara bildilər. Yoxsa Azərbaycan “Laçın dəhlizi”ni ləğv edib, orada buraxılış-keçid məntəqəsi qura bilərdimi? Anti-terror əməliyyatı necə, həyata keçirə bilərdimi? Əlbəttə ki, yox. Hətta olsaydı belə bu, son dərəcə böyük itkilərin hesabına baş tuta bilərdi. Amma belə daha yaxşı deyilmi? Daha az itki ilə daha böyük hədəflərə varmaq siyasi məharət tələb edir. Biz Azərbaycan olaraq bunu bacardıq. Ona görə də Ermənistan təcili şəkildə özünə yeni müttəfiq axtarır. Azərbaycanın isə hal-hazırda kifayət qədər ciddi müttəfiqləri var. Bu sırada İsrail ilə yanaşı Böyük Britaniya da yer alır. Türkiyəni heç demirəm. Mənim üçün Türkiyə Azərbaycanın davamıdır.

Ermənistan çıxılmaz vəziyyətdədir. Nikol Paşinyan erməni hiyləgərliyinə xas olan bir tərzdə istəyirdi ki, Rusiyanı Azərbaycana qarşı qaldırsın. Azərbaycanda da Rusiyaya qarşı çağırışlar səslənirdi. Xüsusən bizim müxalifət iddia edir ki, Azərbaycan Qərbə üz tutmalıdır.

Rusiya Azərbaycana düşmən ölkədir. İqtidar adından qərar verənlər zamanında bu kimi çağırışlara qulaq assaydılar, Azərbaycan indi təxminən Ukrayna kimi Rusiya ilə müharibə aparırdı. Bütün ölkə də xarabaxanaya dönmüşdü. Bəli, Rusiya 200 ildən çoxdur ki, ermənilərə dəstək verir. Məhz Rusiya Azərbaycan torpaqlarında qondarma Ermənistan dövləti yaradıb. Ancaq bu və ya digər olaylar dövlətlərin maraqlarını da dəyişir. Türkiyə və Azərbaycan Rusiyanın ermənipərəst siyasi oriyentasiyasını dəyişə bildi. Belə işlər ağılla olur, emosional yanaşma ilə belə möhtəşəm nəticələrə varmaq mümkün deyil...

Rusiyadan əli üzülən Ermənistan niyə Fransaya üz tutdu? Ən azı ona görə ki, Rusiya və ABŞ-dan sonra ən böyük erməni diasporu Fransadadır. Məhz Fransa ilk Avropa dövlətidir ki, 2001-ci ildə qondarma “erməni genosidi”ni tanıyıb. 2006-cı ildə isə “erməni genosidi”ni inkar edən şəxslərin qanunla məsuliyyətə cəlb olunmasına parlament səs verib.

Orasını özünüz düşünün. Biz bir çox strateji məsələlərdə Azərbaycana dəstək verən avtoritar Rusiya dodaq büzməliyik, yoxsa erməni separatizminə yenidən can verməyə çalışan demokratik Fransanı alqışlamalıyıq? Şəxsən mənim üçün fərqi yoxdur. İstər demokrat olsun, istərsə də avtoritar (adam ya da dövlət). Azərbaycana qarşı çıxan istənilən tərəf mənim üçün düşməndir. Azərbaycanın maraqlarını nəzərə alan tərəfə isə ehtiram göstərərik. Siyasətin oyun qaydası belə tələb edir...

ABŞ-ın 32-ci prezidenti Franklin Ruzvelt 1939-cu ildə diktator Samos haqqında jurnalistlərin sualına cavab olaraq belə demişdi:

"Bəli, o, it oğlu itdir, ancaq bizim itimizdir". Bizim olmayan, xüsusi ilə bizim düşmənimizin yanında yer alan kimliyindən asılı olmayaraq bizə düşməndir. Düşmən ilə isə düşmən kimi rəftar etmək lazımdır...

Baxın, Amerikadan çox demokratiyadan, insan haqlarından danışan ölkə yoxdur. Ancaq Co Bayden suyu süzülə-süzülə Ər-Riyada getdi. Camal Qaşıqçının ölümünə fərman vermiş Səudiyyə taxtının varisi Məhəmməd ibn Salmanla görüşdü. Halbuki 2019-cu ildə-prezident seçkisi zamanı and içmişdi ki, bütün dünyanın nifrətini qazanmış vəliəhdi Səudiyyədən rədd edəcək. Bacarmadı. Əksinə, Amerikanın maraqları naminə qoca Bayden gənc vəliəhdin ayağına getmək zorunda qaldı...

Cənubi Qafqazda qarşılıqlı münasibətlər 3+3 formatında (Türkiyə, Rusiya, İran və Azərbaycan, Gürcüstan, Ermənistan) tənzimlənəcək. Azərbaycanın təklif etdiyi bu formata alternativ yoxdur. Olanlar da mövcud reallıqlardan çox uzaqdır...

Elbəyi Həsənli

Xəbər 441 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +