25.10.2023 17:00
“Vahidgilə dedim ki... Mirşahini də komandanıza götürün”
Xəzərnews.az Milli Məclisin deputatı Sabir Rüstəmxanlının “Yeni Sabah”a müsahibəsini təqdim edir:
- ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev BBC Azərbaycanca-ya müsahibəsində ANS-lə bağlı bir sıra açıqlamalar verib. Onun bəzi iddiaları mübahisə doğurub. O cümlədən Vahid Mustafayev iddia edib ki, ANS-in təsisçiləri siyahısında Mirşahin Ağayevin adı olmayıb, “ANS ailə şirkəti olub”.
- ANS “Azərbaycan” qəzetinin nəzdində yaranmışdı. Vahidgil “Azərbaycan” qəzetinin müxbiri kimi Qarabağa gedir, verilişlər hazırlayırdılar. Onlar üçün kamera da almışdıq ki, çəkilişlər aparsınlar. Sonra “215 KL”də süjetlər verirdilər. Bu süjetlərin əsasında da televiziyada ANS-in proqramı yarandı.
Dövlət Mətbuat Komitəsinə sədr təyin olunduqda şəhadətnaməni mən verdim. Lakin ANS-in təsisçilərinin siyahısında kimlərin adı var, kimlərin yoxdur, - bu, yadımda deyil. Mirşahin Ağayevin adıı xatirimdə qalmayıb. Mirşahin “Azərbaycan” qəzetində Vahidgil gəlməzdən əvvəl işləyirdi. Mən onlar üçün qəzetdə “Koroğlu kəşfiyyatçı” adlı səhifə açmışdım. Onlar ayrıca qəzet buraxmaq istəyirdilər. Dedim ki, sizə qəzet açmaqda kömək etmək uzaq söhbətdir, amma mən qəzetimdə sizə ayrıca 4 səhifə ayıra bilərəm. Komandaları da yarırus, yarıazərbaycandilli idi.
- Vahid Mustafayev deyib ki, “Azərbaycandilli müxbir axtarırdıq, Sabir Rüstəmxanlı bizə Mirşahini tövsiyə etdi”. Bu doğrudur?
- Vahidgilə dedim ki, əgər istəyirsinizsə, verilişləriniz daha keyfiyyətli olsun, o zaman Mirşahini də komandanıza götürün. Mirşahin də onlara qoşuldu və ciddi bir komanda oldular. Lisenziya alınanda da hər hansı say tərkibi verilmir. Ümumi bir kollektivin müraciəti daxil olur və onun əsasında lisenziya veririk. Orada tərkibdə kimlərin olub olmamasına baxmırıq.
Onlar bizə müraciət edəndə cavan uşaqlar idi. Mənim o kollektivdən xoşum gəldi. Amma Mirşahin kimi istedadlı bir jurnalistin olması həmin kollektivin imkanlarını daha da genişləndirə bilərdi.
- Qarabağa Xalq Yardımı Komitəsi yaranan zaman Mirşahin Ağayev, Vahid və Seyfulla Mustafayevlər sizinlə birlikdə çalışıb...
- Qarabağa Xalq Yardımı Komitəsi mən təşəbbüsümlə yaradılmışdı. Çünki mən həmin dövrdə Xalq Cəbhəsində idim deyə, əlavə bir komitəyə ehtiyacım yox idi. Sadəcə, o vaxtı gördüm ki, Cəbhədə kütlə psixologiyasına oynamaq, hay-küyə getmək meylləri güclüdür. Belə bir vaxtda da ziyalı sözünə ehtiyac vardı. Əvvəl istədik ki, biz ziyalı birliyi yaradaq, sonra elə bildilər ki, bu Cəbhəyə alternativdir. Ona görə də bu prosesi saxladım, çünki mənim alternativ yaratmaq fikrim yox idi.
Eyni zamanda həmin dövrdə Qarabağdakı Azərbaycan kəndlərinə yardım lazım idi. Dövlət bunu edə bilmirdi, çünki etsəydi, azərbaycanlı kəndləri ilə yanaşı, gərək erməni kəndlərinə də yardım etməli idi. Çünki Qarabağ sənin ərazindir deyə, əhaliyə eyni gözlə baxmalısan. Ona görə də biz Qarabağa Xalq Yardımı Komitəsi yarandı və həmin komitənin xətti ilə Qarabağda azərbaycanlıların yaşadığı 52 kəndə ardıcıl yardımlar etdik. Oradakı əhalinin siyahısını tutduq, bəzi kəndlərdə məktəb tikintisi başladı, Xocalıda sənaye müəssisələri açdıq. Qısası, böyük bir iş gedirdi.
Qarabağa Xalq Yardımı Komitəsi yarananda mənə təklif etdilər ki, sən sədr ol. Dedim ki, sədr olmaq istəmirəm. Mənim yerimə qarabağlı və ağsaqqal birisi sədr olsun. Rəhmətlik İsmayıl Şıxlı ilə məsləhətləşdik, dedi ki, Bayram Bayramov olsun. Özü Bakıda deyildi, Ağdamda idi. Telefonla onun razılığını aldıq.
Mənə dedilər ki, komitəni sən yaratmısan, amma sədr deyilsən, nə istəyirsən? Dedim ki, müstəqil, dövlətə bağlı olmayan qəzet yaradacağam.
Beləliklə, “Azərbaycan” qəzeti yarandı. O vaxtı Qarabağa Xalq Yardımı Komitəsini nəzdində olsa da, ona bağlı deyildi, sərbəst idi.
Bəzi hallarda “Azərbaycan” qəzetinin yarım milyona yaxın tirajı var idi. Qəzetin gəliri, hətta imkan yaradırdı ki, Qarabağa Xalq Yardımı Komitəsinin işçilərinin əməkhaqqını verək. Qəzetin hesabına uzun müddət belə oldu. Elə o vaxtı da mən Mirşahini qəzetə götürdüm.
Xəbər 6663 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|