09.09.2023 18:10
TİBBİ ARAYIŞ, BAŞAĞRISI, RÜŞVƏT MEXANİZMİ, YOXSA RƏSMİ SAXTAKARLIQ
Ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlərə verilən tibbi arayışın heç bir dəyəri yoxdur və düşünürəm ki, bunu dövlət də bilir. Buna baxmayaraq, insanlara əziyyət verilir. Niyə, görəsən? TƏBİB səlahiyyətliləri cavab versələr, pis olmaz... Mən bunu bilirəm. Onu da deyim ki, bizim vaxtımızda belə arayış-filan tələb olunmurdu.
Ancaq neyləməli? Tələb olunursa, gərək alıb verək.
Üç gündür, bizi əsir-yesir ediblər.
Deməli, yaxınlaşdıq uşaq poliklinikasındakı kartoçka verilən otağa. Orada bir həkim və bir tibb bacısı əyləşmişdi. Dedik ki, tibbi arayış üçün gəlmişik.
- Kartoçkanızı götürün, aşağıdan iki çek alın. Sabah gəlin qan analizi verin. Gələndə özünüzlə sidik və nəcis nümunələri gətirin. Sonra böyüklər poliklinikasında rentgendən keçin. Daha sonra 5 həkim müayinəsindən keçin: kardioloq, cərrah, lor, oftalmoloq, terapevt. Ertəsi gün analizlərin cavabını götürüb, yenidən bizə yaxınlaşın.
Bütün bu əzab-əziyyətin sırf formallıq, izafi xərc olduğunu bildiyim üçün yaşlı həkim xanımdan soruşdum:
- Xanım, bunun bir qısa yolu varmı?
- Yoxdur, gərək müayinələrdən keçəsiniz, - o qısa və konkret cavab verdi.
Mən o adamlardanam ki, əgər kimsə qısa və konkret nəsə söyləyirsə, üstünü vurmur, zəhlətökənlik etmirəm. Bunu özümə yaraşdırmır, ləyaqətimə sığışdırmıram. Çünki qayıdıb, "a kişi, sözü adama bir dəfə deyərlər də" desə, gərək cavabım "heyvan özünsən" ola. Odur ki, kartoçkanı götürüb başladıq prosedura.
Ertəsi gün səhər saat 7.30-da analiz götürülən otağın qarşısında olmalıydıq. Tibb bacısından soruşdum ki, sidik və nəcis analizi üçün qabları haradan götürək? Cavab verdi ki, özünüz evdən qab tapıb qoyun və gətirin. Xub.
Ertəsi gün deyilən vaxtdan da 10 dəqiqə tez analiz otağının qarşısındaydıq. Bununla belə bizdən qabaqda artıq iki nəfər vardı. Orada tibbi personalı olan bir xanım və bir həci ilə yüngülvari mübahisəmiz haqda dünənki statusumda yazmışam.
Əlqərəz, qan analizini verərkən, həmin tibb bacısı dedi ki, analizlər gərək kapron qablarda olsun. Cavab verdim ki, axı bizə belə deməyiblər.. Dedi ki, bu şəkildə qəbul edə bilmərik.
- Yaxşı, bəs neyləyək?
- Kapron qabları götürün və analizləri tualetdə onlara boşaldın.
Mən əlbəttə kişi xeylağıyam və belə şeylərdən iyrənmirəm. Mənim üçün "hörmətinizi edərəm, zəhmət olmasa, qəbul edin" demək daha iyrəncdir. Ancaq deyəsən, onlar bunu gözləyirdilər. Çünki sonradan anladım ki, heç o qablardakı nümunələr analiz olunmayacaq. Tualetə gedib, analizlərin qabını dəyişdim və gətirib verdim.
Sonra deyilən 5 həkimin müayinəsindən keçdik. Müayinələr bundan ibarət idi: "Məsud şikayətin varmı? Yoxdur! Gedə bilərsən." Və kağıza imza atıb verdilər.
Sonra böyüklər poliklinikasına rentgenə getdik. Orada da "şikayətin varmı, yox" janrında qısa dialoqdan sonra mübarək imza atıldı. Qaldı analizlərin cavabını alıb, təhvil vermək və arayışı almaq.
Cavablar bu gün saat 13-dən sonra verilməliydi. 13.20-də yaxınlaşdıq, dedilər ki, hələ hazır deyil, 20 dəqiqə sonra gəlin.
Düz 20 dəqiqə sonra getdik, dedilər ki, kartoçka verilən otağa yaxınlaşın, sizdən analizlərin cavabı tələb olunmadan arayış veriləcək.
Xub. Bizə zatən arayış lazımdır ki, bazar ertəsi təqdim edək. Deyiblər ki, gecikdirməyin.
Gəldik kartoçka otağına və məsələni həkim xanıma dedik. Növbə də ki, boğazdan.
- Şəkil çəkdirmisiz? - o soruşdu.
- Hə, amma gətirməmişik, evdədir. Bizə deməyiblər.
- Burda hamı nə lazım olduğunu bir-birindən soruşub öyrənir, niyə başqalarından soruşmamsınız?
"Lənət sənə, kor şeytan, bunlar əməlli-başlı deyir ki, şələni qoy yerə..."
Ancaq qoymadım, çünki hələ kasa dolmamışdı, limit vardı. Ortada oğlum var axı. Yoxsa ağızlarına bir neçə analizlik o söz...
- Eviniz uzaqdadır? - o soruşdu.
- Hövsankənddə oluruq.
- Ora gedib gəlincə təzə şəkil çəkdirmək daha rahat olar, - o dedi.
- Hə, - dedim, - 10-15 dəqiqəyə çəkdirib, gəlirik.
Çox keçmədən şəkli çəkdirib təhvil verdik və şəkilli, imzalı, möhürlü, amma heç bir mahiyyəti olmayan "mübarək" arayışı aldıq.
Poliklinikanı tərk edəndə xanımın sinif yoldaşı ilə qarşılaşdıq. Müəllimədir. Onun da qızı universitetə qəbul olunub və məlum oldu ki, o da arayış almağa gəlib. Ancaq 20 manat verib və hər şeyi özləri hazırlayacaqlar.
Mən də dünən elə bilmişdim, dünya düzəlib. Sən demə 20 manatı yalvarıb-yaxarıb vermək lazım imiş. Ya da tanış-tunuş vasitəsilə...
P. S. Amma mən bu ləyaqətsizliyi heç cür öyrənə bilmirəm...
Nadir Qocabəyli
Xəbər 1891 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|