Oktyabrın 28 -də AMEA-nın akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsi çərçivəsində Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri Səməd Vəkilovun Qərbi Azərbaycandan Etnik Təmizləmənin Sonuncu Mərhələsi (1987-1991) Çalxanqalaya Köç adlı kitabının təqdimatı keçirilib.
Xəzərnews.az QHT.az-a istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tarixçi alimlər və ictimaiyyət nümayəndələri iştirak edib. Kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, rəyçi ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix ü.f.d Leyla Calalova, redaktorlar Cəsarət Hüseynzadə və Möhübbət Məmmədovdur.
Kitabda tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabda sonuncu etnik təmizlənmənin başlanması fonunda Qarabağın Ermənistana birləşdirilməsi “hərakatının” ideoloqları və eyni zamanda bu hadisələr zəminində təşkil edilmiş Sumqayıt təxribatı, Quqark faciəsi, Hamamlı (Spitak) zəlzələsi və digər hadisələr tarix və hüquq kontekstində araşdırılmış, həmçinin Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçürülən əhali barəsində də geniş məlumatlar əksini tapmışdır.
Azərbaycan tarixdə ən güclü mərhələsindədir
Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən
Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın hazırkı güclü mövqeyini vurğulayıb və tarixdən dərs alınmasının önəmini diqqətə çatdırıb. O, Azərbaycanın tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyduğunu qeyd edərək, bu mərhələnin dəyərini xalq olaraq bilməyin vacibliyini vurğulayıb: "Bizim bu günkü Azərbaycanımız çox güclü, tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyur və bu mərhələdən də biz millət olaraq, xalq olaraq bunun dəyərini bilməliyik. Necə ki, zamanında dəyərləndirmədiyimiz hadisələr sonradan faciə kimi üstümüzə qayıdır."
Komitə sədri təqdim edilən kitabın Qərbi Azərbaycanda iki dəfə soyqırıma məruz qalan bir kəndin taleyini işıqlandırdığını bildirib. Sadiq Qurbanov kitabda yer alan tarixi faktların ürəkağrısı ilə oxunduğunu vurğulayaraq, günahsız gənclərin faciəvi taleyindən bəhs edib. O, Əhməd Əhmədovun həyat hekayəsini xüsusi vurğulayıb və onun haqsızlıqlara məruz qaldığını ifadə edib: "Bu kitabda göstərilən bir kənddə iki dəfə soyqırım törədilir. Bu kitabda göstərilən tarixi faktların içərisində bəzən ürək ağrısız oxumaq olmur. Əhməd Əhmədovu, bir gənci bir imperiya necə məhv edir."
S.Qurbanov Azərbaycanın keçmişdə yaşadığı faciələri xatırlayaraq, bu cür tarixi dərslərdən ibrət alınmasının vacibliyini qeyd edib və gələcək nəsillərə bu tarixin doğru çatdırılması üçün belə nəşrlərin əhəmiyyətini vurğulayıb. Tədbirdə Əhməd Əhmədovun yaxınları da iştirak edib və onun uğrunda mübarizə apardığı dəyərlər bir daha yad edilib.
"Qərbi Azərbaycan doğma yurda qayıdışa şansımız var"
Çıxış edən
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycana olan bağlılığını vurğulayaraq, “Qərbi Azərbaycan doğma yurda qayıdışa şansımızın olduğuna görə cənab Ali Baş Komandana eşq olsun!” dedi. O, Qərbi Azərbaycandan olduğunu və babası İbrahim Mirzəli, tanınmış el ağsaqqalı, şair olduğunu qeyd edərək, ailəsinin tarixi irsindən söz açdı. “Dayım Həsən Mirzəyev Qərbi Azərbaycanın ilk araşdırmacılarından biridir. O, araşdırmalarını ərəb əlifbası ilə yazıb, gizlədərək saxlayıb. Dəftərləri cırılıb, pis vəziyyətə düşsə də, onları qoruyuram. Dərələyəz mahalının toponimləri, şivə sözləri və tarixi adları haqqında məlumatları latın əlifbasına tərcümə etdirmişəm” – deyə professor Mahirə Hüseynova qeyd edib.
Mahirə Hüseynova kitabdakı məzmunun tarixi faktlara əsaslandığını bildirərək deyib: “Mən hekayələr mövzusunda yaradıcı insanam, lakin "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" kitabındakılar hekayə deyil, həqiqətdir, tarixi faktdır. Burada türkün başına gətirilən oyunlar öz əksini tapıb".
Sivil vətəndaşlarımız hədəfə alınıb, bu, beynəlxalq hüquqa ziddir
Milli Məclisin deputatı Pərvanə Vəliyeva tarixdə bu günün ermənilər tərəfdən Bərdə şəhərinin mərkəzinə kasetli bombalarla qətliam olduğunu xatırladıb. Millət vəkili Azərbaycanın sivil vətəndaşlarının ballistik raketlərlə hədəfə alınmasının, insanların ölümü və yaralanması ilə nəticələnən hücumların beynəlxalq hüququn prinsip və normalarına zidd olduğunu vurğulayıb.
Pərvanə Vəliyeva Avropa Parlamentinin bəzi dairələrinin bu cinayətləri görməzdən gəldiyini və Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ədalət məhkəmələri qarşısında cavab verməli olduğunu bildirib. Deputat həmçinin Qərbi Azərbaycandan olan azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətlə və təhlükəsizlik şəraitində qayıtmaq hüququnu müdafiə edəcəyini, bu məsələlərin beynəlxalq arenada daha çox işıqlandırılması üçün fəaliyyətlərini artıracaqlarını qeyd edib.
Təqdim olunan kitabın əhəmiyyətini vurğulayan deputat, onun beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin yayılmasına töhfə verəcəyinə inandığını ifadə edib və kitabın ərsəyə gəlməsində əməyi olan Səməd Vəkilova təşəkkürünü bildirib.
Biz addım-addım bu məsələləri araşdırmalıyıq, izləməliyik, tarixi bir zəmin yaratmalıyıq
Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov müəllif tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun apardığı tarixi araşdırmaların önəmindən danışlb: “Mən hesab edirəm ki, vətəni, xalqı, milləti üçün istənilən zərər qədər iş olduqca önəmlidir. Daşı daş üstə qoymaq o millətin, o dövlətin vətəndaşı olmaqdır. Səməd Vəkilovun bir neçə təqdimatlarında iştirak etmişəm. Bu məsələlər, araşdırmalar doğrudan da önəmlidir. Biz tariximizi bilməliyik. İstənilən kənd barəsində bu bir həyat hekayəsidir. Biz addım-addım bu məsələləri araşdırmalıyıq, izləməliyik, tarixi bir zəmin yaratmalıyıq,” – fikirlərini ifadə etdi.
İltizam Yusifov həmçinin vurğuladı ki, tarixi yaddaşın inkişafı baxımından yaxın zamanda açıq bir gələcək gözlənilir. “Biz sülhü də ermənilərə təklif etmişdik, qalib bir xalq kimi,” – deyə sözlərini tamamladı.
Digər çıxışlar
Elmi-tədqiqat Əkinçilik İnstitunun rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Dərələyəz mahalı Paşalı İcmasının rəhbəri Faiq Xudayev doğulduğu Dərləyəz mahalının Gomur kəndindən Çalxanqala kəndinə köçmələri ilə bağlı gövrək xatirələrini danışdı. Müəllifə uğurlar arzuladı.
Azərbaycan Dövlət Televiziyasının Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, tarixə aid yüz yaxın sənədli filimin müəllifi Mahir Qəribov, müəllifə uğurlar arzulamaqla layihənin vacibliyindən danışdı. Azərbaycanda soyqırımlar və deportasiyalar haqqında ensiklopediyaların buraxılmasının zəruriliyini vurğuladı.
Professor, sosioloq Əhməd Qəşəmoğlu Qərbi Azərbaycanla bağlı fəaliyyətin daha da koordinasiya olunması və starteji yol xərtəsi üzərində irəlilləməyin vacibliyini vurğulayaraq hüquqşünas Səməd Vəkilovun kitabının da bu sahədə irəliyə doğru bir addım olduğunu bildirdi.
İdaretmə üzrə eksper Vüsal Alıyev idrarəçilik təcürbəsinin Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı fəaliyyətlərdə tətbiq olunmasını faydalı hesab etdiyini bildirdi. Göyçə mahalında doğulan sonuncu etnik təmizləmə zamanı köçməyə məcbur olan Vüsal Alıyevin şeri aditoruyada maraqla qarşılandı.
AMEA -nın Tarix İnstitunun Qərbi Azərbaycan Şöbəsinin müdiri tarix üsrə fəlsəfə doktoru Cəbi Bəhrəmov rəhbərlik etdiyi şöbədə çoxsaylı sənədlərin mövcud olmasında və İrəvan şəhərinin ermənilərə verilməsinin Azərbaycan xalqının iradəsinə zidd olduğunu bildirdi.
Tarixi və mədəni abidələrimizə sahib çıxmalıyıq
Kitabın müəllifi, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov təqdimat zamanı fikirlərini bölüşərək, bu kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyinin rolunu qeyd etdi. O, layihənin həyata keçirilməsində dəstək olan Agentliyə təşəkkür edərək bildirib ki, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Qərbi Azərbaycana qayıdışla bağlı layihələrə dəstək verir. Bu, elə Qərbi Azərbaycana Qayıdış platformasının reallaşmasına olan ən gözəl dəstəklərdən biridir.”
Səməd Vəkilov kitabın mövzusuna toxunaraq, əvvəllər “şəxsi həyat hekayələri” adı altında təqdim edilən bölmənin professor Mahirə Hüseynovanın tövsiyəsi ilə “həyat həqiqətləri və məlumatları” adı altında dəyişdirildiyini bildirdi. “Hekayə bir az bədii çalar gətirir. Bu insanların həyat həqiqətləridir. Kitabın üz qabığına Dərələyəz, Ələyəz kəndində olan Alban məbədinin şəkli verilib. Bu tarixi, mədəni abidələrimizə sahib çıxmalıyıq. Bu, Azərbaycan xalqına məxsus olan tarixi bir abidədir. Kitabda sonuncu etnik təmizləmə ilə bağlı ermənilərin yaratdığı qurumlar, Qarabağ komitəsi və Sumqayıt hadisələrinin geniş əksini tapıb” - deyə o, vurğuladı.
Hamamlı zəlzələsi zamanı baş verən böyük faciələrə, 69 nəfərdən 68-nin həlak olması hadisəsinə də toxunan müəllif həmçinin, Yuqoslaviya təyyarəsinin türk təyyarəsi ilə səhv salınması və ASALA tərəfindən həyata keçirilən terror hadisələrindən də bəhs etdi. S.Vəkilov Qərbi Azərbaycana qayıdışla bağlı Ali Sovetin qərarını xatırladaraq, “Rəy sorğusu keçirilsin ki, Qərbi azərbaycanlılar öz yuvalarına qayıtmaq istəyirlər, yoxsa yox?” sualını irəli sürdü. O, bu qərarın bir təəssüf olduğunu vurğuladı, çünki eyni zamanda, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və Qərbi Azərbaycan ərazilərini dağıtması kimi ciddi məsələlər yaşanırdı.
P.S. Kitabın ayrı-ayrı bölmələrində sonuncu etnik təmizləməyə zəmin hazırlayan Sumqayıt təxribatı haqqında geniş araşdırma aparılmış həmin hadisələrin qurbanı olmuş Əhməd İmani oğlu Əhmədov haqqında araşdırma yazısı öz əksini tapmışdır. Kitabda Şəxsi həyat həqiqətlərinin xarakterik cizgiləri və ictimai məzmunu adlı bölmədə Qərbi Azərbaycan ərazisində zorakılıqla qovulmuş Azərbaycan Türkləri haqqında yüzdən çox bioqrafik məlumatlar və onların həyat həqiqətlərini əks etdirən informasiyalar toplanmışdır. Bu bölmədə adıçəkilən şəxslərin həyat həqiqətlərinin ictimai məzmunu haqqında ayrıca yazı verilməsi çox əhəmiyyətlidir.
Sonuncu etnik təmizləmə fonunda Azərbaycan hökumətinin qəbul etdiyi qərarların xronikası və təhlil adlı bölmədə həmin dövrdə qəbul edilmiş yüzlərlə sənəd incələnmiş bu sənədlərin bir qrupu isə kitaba daxil edilmişdir. Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov Vartanlı kəndində törədilən sülh və insanlıq əleyhinə olan cinayətlərin hüquqi aspektləri adlı bölmədə baş vermiş soyqırım cinayətinin beynəlxalq hüquqi aspektlərini araşdırmış, beynəlxalq hüquqa görə soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsinin məhz soyqırım cinayəti olması qənaətinə gəlmişdir. “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın müddəalarına uyğun olaraq, Vartanlı soyqırımının araşdırılması çox önəmli faktor olmaqla kitabın elmi dəyərini artırır. Metodoloji baxımından araşdırma zamanı tətbiq olunmuş müqaisəli təhlil metodu doğru seçilmişdir. Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Xəbər 4901 dəfə oxunub.