Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


25.08.2023  09:24 

Tolerantlığın qanunvericilik əsasları... - İşlək mexanizmə çevrilə bildimi?





A+  A-

Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində kifayət qədər qanunvericilik bazası formalaşdırıb. Bu da ölkədə yaşayan müxtəlif dinlərin, icmaların sərbəst fəaliyyətinə stimul verir.

Prezidentin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) yaradılıb. Həmin Fərmanla müəyyən edilmişdir ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

Din azadlığı sahəsində yeni qanunun hazırlanması ilə yanaşı ("Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu 20 avqust 1992-ci il tarixində qəbul olunmuşdur), qüvvədə olan bir sıra qanunlara müasir tələblərə cavab verən müvafiq dəyişikliklər edilib. 2005-ci il 10 iyun tarixli Qanuna əsasən, yuxarıda qeyd olunan "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilmişdir (Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması): Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı on nəfər yetkinlik yaşına çatmış şəxs icmanın təsis protokolu və nizamnaməsi (Əsasnaməsi) əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Dini mərkəz və ya idarə 15 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (DQDK) göndərir.

Dini mərkəzin, dini idarələrin, dini tədris müəssisələrinin, dini qardaşlıqların dövlət qeydiyyatına alınması üçün dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (DQDK) təsis sənədi və nizamnamə (əsasnamə) təqdim edilir.

Müvafiq icra hakimiyyəti orqanı (DQDK) dini qurumların dövlət qeydiyyatına alınmasını qanunvericiliklə müəyyən edilmiş müddətdə (həmin müddət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 2003-cü il 12 dekabr tarixli Qanunun 8-ci maddəsində müəyyən edilmişdir) həyata keçirir.

Dini qurumların dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatından imtina edilməsi, mübahisəli məsələlərin həlli və məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

Həmçinin, "Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinin adında və mətnində "dini düşmənçiliyin" sözləri "dini nifrət və düşmənçiliyin" sözləri ilə əvəz edilmişdir.

Bundan əlavə, Respublika Prezidentinin 2002-ci il 5 oktyabr tarixli, 795 saylı Fərmanı ilə təsdiq edilmiş Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 7.5-ci bəndinə görə, Şura həmçinin, dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir.

Qeyd olunmalıdır ki, ötən illər üzrə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən milli, etnik, mədəni, dini nifrət və düşmənçiliyə və s. əsaslara görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 109 (Təqib), 120.2.12 (Qəsdən milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 154 (Bərabərlik hüququnu pozma), 167 (Dini ayinləri icra etməyə mane olma), 168 (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinə əsasən, heç bir şəxs məhkum olunmamışdır.

Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən, pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel - xristian protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit, yəhudi dini və mədəniyyəti üzrə təlim kursları və s. fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən və mərkəzləri, əsasən, ABŞ-da, İsveçdə və Almaniyada yerləşən dini icmalar Azərbaycan Respublikası tərəfindən dəstəklənir, bununla yanaşı, xarici ölkələrdəki dini mərkəzlərlə qanun çərçivəsində maneəsiz əməkdaşlıq edirlər.

Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Beynəlxalq İslam Konfransı Təşkilatı (İKT) və digər xarici müsəlman və qeyri-müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları "Soxnut", "Aqudit İsrail" və "Tşuva İsrail" kimi beynəlxalq təşkilatlarla, eyni zamanda, ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıx əlaqə saxlayırlar.

N.Niftiyev

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri və sinaqoqlar” layihəsi çərçivəsində hazırlanıb.




Xəbər 1905 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +