Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.08.2023  13:20 

Sülh əleyhinə çıxışlar Kremlin mövqeyidir, yoxsa..?





A+  A-

Rusiyanın bir sıra rəsmi şəxsləri, ekspertlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin mümkünsüzlüyünü təbliğ edirlər. Hətta bir az da irəli gedərək deyirlər ki, sülh sazişi imzalansa belə, tərəflər arasında müharibə başlayacaq. Elə Rusiya Xarici İşlər Nazirliyi də onlardan fərqlisini söyləmir. Sanki hamı bir ağızdan xor oxumaqdadır. Bu fonda Ermənistan silahlı qüvvələrinin bölmələri isə Laçın rayonu ilə həmsərhəd bölgəyə - Gorunzura (Kornidzor) əlavə qüvvə və hərbi texnika toplamaqdadır. “Yeni Müsavat” “Caliber”ə istinadla bildirir ki, texniki müşahidə vasitələri ilə lentə alınan videoda Ermənistan ordusuna məxsus, qoşqusunda artilleriya qurğuları olan 4 “KamAZ” markalı hərbi maşının, işərisində döyüş sursatı və şəxsi heyətin olduğu 2 “KamAZ” markalı avtomobilin hərəkəti aydın görünüb.

“Son həftələrdə, beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 14 avqustda yaydığı bəyanatda bildirilib. "Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə “Azərbaycan Hava Yolları”nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub", - bəyanatda qeyd olunub.

Maraqlıdır ki, 2022-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə təxribat törətməsinə qədər də qarşı tərəfdə analoji hərəkətlər müşahidə edilirdi. Bütün bunlar isə Ermənistanın Qarabağ məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmağa cəhd etməklə faktiki olaraq danışıqlar prosesindən çıxmaq istəməsi fonunda baş verir. Paralel olaraq, Ermənistanda Rusiyaya yaxın siyasi düşərgə də Paşinyan hakimiyyəti qarşısında Qərbin vasitəçiliyi ilə əldə olunan razılaşmalardan imtina edilməsi tələblərini səsləndirir. Revanşist qanadın təmsilçisi, Robert Köçəryanın prezidentliyi dövründə xarici işlər naziri olan Vardan Oskanyan Praqadakı öhdəlikdən imtina olunması tələbini irəli sürüb: ""Laçın dəhlizi"nin bağlanması daha çox Paşinyanın Praqadakı bəyanatı ilə bağlıdır. Paşinyan böyük səhv etdi, o, səhvini etiraf edib düzəltməlidir. Onun hazırkı situasiyadan çıxış edərək həmin bəyanatdan geri çəkilmək imkanı var. Açıq şəkildə deyə bilər ki, mən nəyisə sınamışam, amma görürəm ki, rəqibimiz bundan sui-istifadə edir, mən o ifadədən geri çəkilirəm və buna haqqım da var. Paşinyanın açıqlamasına görə heç kim heç nə edə bilməz. Bu bəyanat böyük təlatüm yaradır".

Qeyd edək ki, ötən ilin oktyabrında Praqada keçirilən dördtərəfli görüşdə Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib. Bəzi ekspertlərin fikrincə, bütün bunlar sinxron olaraq Moskvadan koordinasiya olunur. Yəni Kreml Nikolun bəyanatını qəzəblə qarşılayır. Rusiya demək istəyir ki, sən tanıya bilərsən, bizsə bunu tələskənlik sayırıq. Elə rəsmi Moskvanın açıqlaması da eyham xarakterli idi: “Tələsik sülh müqaviləsi münaqişəyə səbəb ola bilər...”

Bundan əlavə, Putinin “Valday” klubunda “Vaşinqton” variantını dilə gətirməsi də unudulmamalıdır. Kreml başçısı demişdi ki, həmin sənəd bütün Qarabağı Azərbaycana verməyi nəzərdə tutur, ermənilər razıdırsa, biz hörmətlə yanaşacağıq. Ardınca Xankəndidə mitinqlər oldu. İndi də rus təhlilçilər sülh müqaviləsinin qeyri-mümkün olduğunu deməyə başlayıblar. Bəs azərbaycanlı plitoloqlar nə düşünürlər, Rusiyaya sərhəd təxribatı niyə gərək ola bilər? Rusiyadan verilən bəyanatlarda sülh əleyhinə çıxışlar Kremlin mövqeyidir, yoxsa..? Həmçinin bir neçə gündür Kəlbəcərin, Naxçıvanın atəşə tutulması ekskalasiya hazırlığıdır, yoxsa gərginliyi artırmaq?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Azərbaycanla sülh danışıqları prosesi ilə bağlı təmasları kəsməsi və əvəzində sərhədboyu ərazilərə hərbi texnika daşımasını açıq şəkildə müşahidə etməkdəyik: “Lakin bəzi dövlətlər buna da etinasız yanaşmaqdadırlar. Əvvəl Minsk Qrupunun həmsədri olan həmin dövlətlər bir yandan guya sülh prosesinə dəstək verdiklərini bəyan edirlər, o bir tərəfdən isə İrəvanın hərbi eskalasiyanı artıran bu addımlarına susurlar. Buna qədər da Xocavənddə mövqelərimiz atəşə tutuldu, amma nə oldu, heç bir münasibət bildirmədilər. Həmçinin, avropalı revizorlar ötən ilin oktyabrından Ermənistanla sərhəddədir. Əgər onların missiyası mülki xarakterlidirsə, sülhə töhfə verməkdirsə, niyə bu addımlara reaksiya bildirmirlər? Ancaq Ermənistanın göndərdiyi TIR-lara tamaşa etmək üçün həmin müşahidə qrupu tələm-tələsik sərhədə gəldi, avropalı diplomatlar da oxşar addımı atdılar, amma hazırda erməni tərəfi sərhədə yeni hərbi qüvvə cəmləyir, bunu görməzdən gəlirlər”.

Ekspert qeyd etdi ki, eyni zamanda rusların müşayiəti ilə Qarabağda silah-sursatın yerdəyişməsi həyata keçirilməkdədir, bu məsələdə də aşkar laqeydlik mövcuddur: “Ancaq "Vaşinqton Post" kimi Qərb nəşrləri Bakının ittiham edən məqalələrlə çıxış etməkdədirlər. Bütün bunlar sübut edir ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyən yeganə Azərbaycandır. Biz artıq heç kəsdən normal mövqe gözləmədən işimizi davam etdirməliyik. Çünki Ermənistan hərbi eskalasiyanı artıran hərəkətlərə yol verirsə və bu dövlətlər də susursa, o halda öz haqlı işimizi sürətləndirməliyik. Düzdür, Rusiyanın “Kommersant” nəşri yazdı ki, Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə Ağdam yolu təklifinə ermənilər razılaşıblar, amma son anda anlaşma pozulub, bununla belə, yenə də qəzetin məlumatına Kremldən rəsmi fikir deyilmədi. Ümumiyyətlə, hazırda Moskva, Brüssel və Vaşinqtondan fərqli münasibət görmürük. Avropalı diplomatlar ermənilərin vəkili kimi çıxış edirlər, ruslar bölgədə gərginliyi artırmağa çalışırlar, amerikalılar da ermənipərəst konqresmenlərin timsalında əleyhimizə kampaniya aparırlar. Ancaq Azərbaycan heç bir halda güzəştə getməyəcək və bizim üçün olan “qırmızı xətt”lərin keçilməsinə imkan verməyəcəyik. Rəsmi Bakı humanitar yüklər üçün Ağdam-Xankəndi yolunu bərpa edib, buradan da razılaşmalı olacaqlar. Yəni heç bir təzyiq, sərhədə şəxsi heyət və əlavə hərbi texnika daşınması bizi qorxuda bilməz".

Xəbər 588 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +