Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI


29.05.2023  10:15 

Rəsulzadənin “İstiqlal şəhidi“ adlandırdığı binəqədili





A+  A-

İlk dəfə onun adına Mirzə Şərif Mirzəyevin "Qafqazda türk mətbuatı tarixinə dair materiallar" əsərini tərcümə edərkən rast gəldim. M.Ş.Mirzəyev yazırdı ki, Tiflis Quberniyası Jandarm İdarəsi polkovnik Pastrolinin əmri ilə 10 mart 1911-ci ildə "Səda" qəzetinin əməkdaşı, Bakı qəzası, Binəqədi kənd sakini Pirqulu Mürsəlovun evində axtarış aparıb və həmin şəxs saxlanılıb.

Kim idi Pirqulu Mürsəlov? Jandarm idarəsi onu niyə həbs etmişdir? Ümumiyyətlə, Pirqulu Mürsəlovun fəaliyyətində hansı məqamlar onun həbs olunmasına gətirib çıxarmışdı?

Bəlkə də, adi oxucu üçün Pirqulu Mürsəlov adi qəzet işçisi və ya Çar Rusiyasına qarşı bacardığı qədər müqavimət göstərən jurnalist ola bilər. Lakin mənim üçün son dərəcə maraqlı bir şəxsiyyət idi. Çünki o da mənim kimi Binəqədi kəndində doğulmuş, buranın adət və ənənələri ilə böyümüşdür. İndi isə çar jandarm idarəsi onu pantürkizmdə ittiham edərək həbs edir.

Bir qədər araşdırma apardıqdan sonra Pirqulu Mürsəlova olan marağım daha da artdı. Ən əsası isə aşağıda paylaşdığım şəkilə görə. Bəli, bu məşhur şəkildə Piri bəy Mürsəlzadə də var. Rus məmurlarının yazdığı Pirqulu Mürsəlov yox, Məhəmməd Əmin Rəsulzadənin yazdığı Piri bəy Mürsəlzadə kimi. Rəsulzadə Piri bəyə yüksək qiymət verir, onu "Azərbaycan Cümhuriyyəti" əsərində ŞÜHƏDAYİ-İSTİQLAL (istiqlal şəhidi) adlandırır.

Piri Mürsəlzadə 1892-ci ildə Bakının Binəqədi kəndində anadan olub. Bütün kənd sakinləri kimi heyvandarlıq, əkinçiliklə məşğul olub. Lakin dərin düşüncə qabiliyyəti və istedadlı qələm sahibi olması onun tezliklə şəhərdəki ziyalılar arasında tanınmasına səbəb olur. XX əsrin əvvəllərində bütün aydınlar kimi Piri bəy də xalqın inkişafını maariflənmədə gördüyü üçün bu yöndə müəyyən addımlar atmağa səy göstərir.

Onun bu istəyi yolunu mətbuatdan salır. Həmin dövrdə mətbuat çox güclü silah hesab edilirdi. Bu səbəbdən də Mürsəlzadə qələmini mətbuatda sınayır. "Səda" qəzetindən başlanan yol onu "Azərbaycan" qəzetinin ən önəmli simalarından birinə çevirir. Hələ Çar Rusiyasının zamanında "Səda" qəzeti maarifçi və vətənpərvər siyasi istiqaməti ilə seçilir, Tiflis Mətbuat Şurasının narahat etməyi bacarırdı. 1911-ci ildə qəzetin redaksiyasında axtarış aparılır və əsas əməkdaşlarından biri Piri Mürsəlzadə də həbs edilir. Lakin Piri bəyin həbsxana həyatı uzun sürmür.

Tezliklə azadlığa qovuşan qələm adamı öz fəaliyyətini qaldığı yerdən davam etdirir. Bu dəfə daha ciddi və geniş şəkildə. Belə ki, Piri bəy Azərbaycanın müstəqilliyi üçün təkcə mətbuat sahəsində çalışmaqla kifayətlənmir, o zaman bütün aydın düşüncəli insanların başına toplaşdığı Azərbaycançılıq məfkurəsinin şəksiz müəllifi Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Yəqin ki, bu tanışlıqda Rəsulzadənin qonşu Novxanı kəndindən olması, eləcə də Binəqədinin tanınmış bəylərindən olan Firudin bəy Aslanbəyovun Müsavat partiyasının fəal üzvlərindən olması da rol oynayıb. Piri bəy Mürsəlzadənin Məhəmməd Əmin bəylə tanışlığı onun siyasi dünyagörüşündə də müsbət mənada iz qoyur və o, 1917-ci ildə Müsavat partiyası Gənclər Cəmiyyətinin üzvü olur.

Şərqdə ilk dəfə cümhuriyyətin Azərbaycanda elan olunmasında da Piri bəy Mürsəlzadənin əməyi olur. Məhəmməd Əmin Rəsulzadənin onun "istiqlal şəhidi" adlandırması da təsadüfi deyil.

İstər mətbuatda, istərsə də dövlətçilikdə göstərdiyi fəaliyyətə görə onun adı bolşeviklərin "xalq düşmənləri" siyahısında ön cərgələrdə gəlirdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşeviklərin onun qurucularına, Azərbaycan xalqının səadətini müstəqillikdə, azadlıqda görən insanlara qarşı apardıqları amansız və qanlı mübarizə nəticəsində Piri bəy Mürsəlzadə həbs edilir və bir müddət sonra güllələnərək qətlə yetirilir.

Bir maraqlı cəhət də ondan ibarətdir ki, 70 il bu insanların adının çəkilməsinə elə bir qadağa qoyulubmuş ki, günü bu gün də Piri bəyin doğulduğu Binəqədi kəndində çox adam onu tanımır. Lakin "istiqlal şəhidi"nin və ya həmin şəhidlərdən birinin qohumları bu gün də Binəqədi kəndində yaşayır. Artıq qorxmağa, kimdənsə gizlənməyə ehtiyac yoxdur. Bu cür KİŞİLƏR hər yerdə xatırlanmalı, ruhları ehtiramla yad edilməlidir.

Orxan İsayev

Xəbər 913 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +