Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


17.12.2022  22:31 

Şuşa səfərimlə bağlı xatirələr... - Fotolar





A+  A-

Şuşa, necə də əzəmətli səslənir, elə deyilmi? Şuşa Qarabağın tacıdır. Bunu ermənilər də o zamanlar deyirdilər ki, Şuşa əldən çıxsa Qarabağ əldən çıxacaq. Çıxdı, Şuşa artıq sahibindədir. Şuşa 1992-ci ildə işğal edilərkən mən dünyada yox idim. Lakin, görməsəm də, bilməsəm də uşaqlığımın ən şirin xatirələri sanki orda keçmişdi. Dostlarla söhbət edirdik, müzakirə aparırdıq. Hər zaman öz arqumentlərimi əsas gətirərək Qarabağın yaxın illərdə mütləq azad ediləcəyini deyirdim. Ümidimiz heç bir zaman sönmədi, torpaq bizi səsləyirdi. Bu illər ərzində Şuşa sözü dilimizdən düşmədi. Azad etdik, qurduq, yaratdıq. Şanlı Vətən oğullarının azad etdiyi torpaqların görüntülərini sevinc gözyaşları ilə izlədik. Və...

Axşam saat 21:30 radələrində Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu zəng edib dedi ki, "hazırlaş, Şuşaya gedirsən". Uzun zaman idi ki, Şuşanı görmək üçün can atırdım. Onun özünəməxsusluğunu, möcüzəvi gözəlliyini dünya gözü ilə görməyi arzulayırdım. Səhərə qədər həyəcandan yata bilməmişdim. Nəhayət gün göründü, yola düşmək zamanı idi. Yolboyu elə hey düşünürdüm ki, Şuşanı fərqləndirən nədir? Niyə Şuşanı bu qədər fərqli hiss edir insanlar? Bu suallar Şuşaya çatana qədər davam etdi. Şuşaya gedərkən Füzulidən ötüb keçirdik. Füzulidən əsər-əlamət qalmamışdı. Bütün evlər sökülmüş, arzular yarım qalmış, sanki insanmış kimi üzgün görünürdü. Torpağın üzünə baxdıqda sanki torpaq da bizim gəlişimizə sevinirdi. Şuşaya yaxınlaşdıqca həyəcanım daha da artırdı. Məşhur Daşaltı ilə üzüyuxarı qalxan avtobus yol çətin olduğu üçün ləng hərəkət edirdi. Lakin, ləng qalxmağımız məni sevindirirdi. Çünki bununla ətrafı da rahat seyr edə bilirdim. Hərçənd artıq hava qaralsa da başı qarlı Şuşa dağları ətrafa nur saçırdı. Bütün bunların fonunda narın yağış damlaları yerə çilənirdi.



Nəhayət həmin an yetişdi. Qarabağın tacı, mədəniyyətimizin mərkəzi, dillərə dastan olan Şuşa şəhərinə çatdıq. Avtobusdan düşməyə tələsmirdim. Şuşanı ilk dəfədir görsəm də heç tanımadığım doğmam kimi idi. Artıq bir addım qədər yaxın olsam da ayağımı o müqəddəs torpağa basmağa cürət etmirdim. Filmlərdə olduğu kimi, uzun zaman bir-birini görməyən sevgililərin illər sonrakı görüşü kimi idi. Bəlkə utanırdım, bəlkə də sadəcə məni necə qarşılayacaq deyə narahat idim. Düşdüm, ayağım torpağa dəyərkən qeyri-ixtiyarı gözümdən yaş süzüldü.

İlahi, bu necə bir gözəllikdir? Deməli, deyilənlər həqiqət imiş.

Axı necə izah edim, bu gözəlliyi necə vəsf edim?! İlk dəfə idi ki, bu qədər aciz qalmışdım. Bu məqamda fransız yazıçısı Anatol Fransın həmin sözlərini xatırladım "Xəyal gerçəklikdən qüdrətlidir, o hər şeyi canlandıra bilir".

Ancaq belə deyilmiş, xəyalın da hüdudları var imiş. Mən axı səni bu qədər möcüzəvi xəyal etməmişdim, edə bilməmişdim. Ürəyimdə sanki Şuşa ilə üz-üzə durub söhbət edirdim. Onun hər qarışına toxunub, bağrıma basmaq istəyirdim. Ciyərlərim də çaşqın idi. Onlar da Şuşa havasının təsirindən ayıla bilməmişdi. Artıq Şuşanı bütünlükdə ruhumla hiss edirdim. O məni qəbul etmişdi, lakin suallarımın cavabını hələ də ala bilməmişdim. Şuşa, niyə, nəyə görə sən beləsən? Nəyə görə insan özünü burda fərqli dünyada imiş kimi hiss edir? Budur, bir ipucu tapdım deyəsən. Özlüyümdə qətiləşdirdim ki, Şuşanın xüsusi qəhrəmanlıqla azad edilməsidir səbəb. Bizim Şuşa yoluna qalxarkən gəldiyimiz yolu, Daşaltıdan üzü Şuşaya qədər bizim Şanlı Əsgərimiz piyada gəlmişdi. Sıldırım dağları yalın əllər ilə qalxan Əsgərim səni belə azad etmişdi.

İstiqlal Marşında deyildiyi kimi "Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!". Müqəddəs Şəhidlərimin qanı ilə suvarılan Şuşam, artıq sənin sirrini tapmışdım.



Gecə yarısı olmasına baxmayaraq yuxu ərşə çəkilmişdi. Hətta insan biologiyası imkan versəydi gözümü belə qırpmazdım. Şuşanı qarış-qarış gəzmək, hər divarına, daşına toxunmaq istəyirdim. Gecəni qaldığımız otağın pəncərəsindən Şuşaya baxmaqla keçirdim. Hava olduqca soyuq olmasına baxmayaraq qəribə bir həzz verirdi insana. Elə bir həzz ki, ruhumu həmin şaxtaya təslim etmək istəyirdim. Nəhayət, səhər açıldı. Bir təpəyə qalxıb günəşin doğuşunu gözlədim. O gəldi, bizi salamladı və ilk işimiz komandamızla birlikdə Şuşa küçələrini gəzmək oldu. Gəzdikcə hər şey daha da gözəlləşirdi. Burda abu-hava, insanlar da fərqli imiş. Şuşada yaşayan, çalışan insanların gözündə qəribə bir xoşbəxtlik var. Şuşa ətrafında intensiv şəkildə atəşkəsin pozulmasına baxmayaraq onların üzündə heç bir narahatlıq görünmürdü. Düşünürdüm ki, həmin insanlar Əsgərimizlə yanaşı, qeyri-adi gücün də onları qoruduğuna əmin idilər.

Qayaların üzərində yerləşən bu şəhər buludlara hökm edirdi. Yox, yox bu həqiqətdir. Biz buludların üzəri ilə gəzirdik. Şuşanın ətəyi tamamilə dumanla örtülmüşdü. İlahi, bu yuxudur? Yuxu idisə belə bu yuxudan oyanmaq istəmirdim. Ruhum pərvazlanıb uçmaq, ərşi qucmaq istəyirdi. Yeriyirdim, qəribə səssizlik içərisində addımlayırdım. Addımların səsi qarın üzərində özünü əks etdirirdi.

Şuşanın mərkəzindəki məscidlər, abidələr göz oxşayırdı. Pənahəli xanın diyarında yenidən Azan səslənəcəyini düşünmək insanın ruhunu sakitləşdirirdi. Bir qədər də irəlilədim. Bu dəfə Bülbülün, Xurşidbanu Natəvanın büstlərini gördüm. Həmin büstlər ki, ermənilər onlara da dözməyiblər. Büstlərin hər tərəfi güllə izi idi. Heç bir qırmızı cizgi tanımayan ermənilər mədəniyyətimizi də məhv etmək istəyirdilər. Bir qədər də irəlilədim. Məşhur "Laçın dəhlizi" nə yaxın yerdə durdum. Yolun ətəyi minlərlə metr hündürlükdə dərə idi. Lakin, aşağı görünmür, bütünlükdə duman ilə örtülü idi. Sanki nağıllar dünyasına səyahət etmişdim. Ağ örpəklərin yanı ilə gedirdim. Elə bu zaman aşağıda, gözlə görünəcək məsafədə bir kənd gördüm. Bəli, ora Xankəndi idi. Xanın kəndinə Şuşadan baxırdım, eynən Şuşa kimi ora da gedəcəyim günü arzulayırdım. Yaxın zamanda gerçəkləşəcəyinə şübhə etmədən yoluma davam etdim.



Hazırda bizim nəzarətimizdə olmayan və müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətinin olduğu ərazilərdə bizim mədənlərimiz ermənilər tərəfindən istismar edilir. Bu hal sadəcə son iki ildə deyil, işğal ediləndən bu yana həyata keçirilir. Bu səbəbdən Laçın yolunda etirazlar başladı. Həmin aksiyanı işıqlandırırdıq. Bütün bu baş verənlər mənə görüntülərdə gördüyümüz "20 Yanvar" hadisələrini xatırladırdı. Bu zaman da əliyalın soydaşlarım heç nədən qorxmadan, əlisilahlı rus hərbçilərin qarşısında dimdik durmuşdu. Heç nə onları bu yoldan döndərə bilməzdi. Axşam oldu, artıq 10 saatdan artıq idi ki, aksiyada idik. Qürur qarışıq çox ox qəribə hisslər keçirirdim. Aksiya iştirakçıları arasında hər yaşdan insanımız var idi.
Saatlarla, sutkalarla ayaqüstə dayandıq, etiraz etdik. Günboyu telefon ara vermədi.
Zənglər gəlir, dəstək ifadə olunurdu. Elə bu zaman həmin ərazilərlə bağlı xüsusi xatirələri olan və həmin xatirələrini həvəslə bizimlə bölüşən İlham İsmayıl zəng etdi.

-Rusif, salam. Necəsən?

+İlham bəy, hər şey qaydasındadır, minnətdaram. Siz necəsiz?

- Əsas sizlər yaxşı olun, möhkəm olun. (Davam edir). Rusif, bu arada özünüzü soyuqdan qoruyun. Mən də 80-ci illərin sonunda Şuşada, Xankəndidəki hadisələrlə bağlı günlərlə orada qalmışam. Hiss etmirsən, amma sonra xəstələnirsən.

+ Narahat olmayın, İlham bəy.

- Sizə uğurlar arzulayıram. Bakıya qayıdanda ətraflı söhbət edərik. ( Dəstəyi asdı)



Gedişatda elə hey ətrafdakı dağlara, meşələrə, yanımızda duran dumanlara baxıram.

Dağlara baxıb düşünürəm ki, İlahi -6 soyuqda əliyalın necə qalxıb əsgərlərimiz bu zirvələri? Real həyatda nadir hallarda rastlaşa biləcəyimiz hadisələrdən biridir. Daha sonra saatlardır qapalı qalan Laçın yoluna baxıram. Bu yol Xankəndidən gəlib Gorusa qədər gedirdi. Digər tərəfdə isə Laçın şəhəridir. Laçın şəhəri də bir zamanlar nadir ağaclarla əhatələnmişdi. Lakin, onları da məhv edən məhz ermənilər olmuşdu. Bütün bunları sakit qarşılamaq sadəcə mümkün deyildi. Saatlar ötürdü, şaxta daha da güclənirdi. İlham bəy haqlı imiş. Gecədən keçdikdən sonra artıq ayaqlarımı hiss etmirdim. Mütləq tədbir görməli idik. Mənimlə yanaşı komandamız da eyni vəziyyətdə idi. Toplaşıb isti bir yerə çəkildik. Bir neçə saatdan sonra yenidən qayıtdıq. Qayıdarkən yenə də həmin küçələrlə gəldik. Yolboyu aksiyaya dəstək üçün gələn insanları gördük. Ora gələn gənclərin ardı-arası kəsilmirdi. Laçın yoluna yetişdikdə isə gün yavaş-yavaş çıxmaq istəyirdi. Hələ də olduqca soyuq idi.

Beləcə qayıtmaq zamanı gəldi. Bakıya geri dönməli idik. İnformasiya savaşına davam etmək, materialları beynəlxalq müstəviyə daşımaq lazım idi.

Avtobus yavaş-yavaş tərpənir, Şuşadan çıxırdıq. Şəhərdən uzaqlaşdıqca sanki nəfəsim daralırdı, həyəcan keçirirdim. Lakin, getmək, qayıtmaq lazım idi. Dilim gəlməsə də xudahafiz, Şuşa. Səni yenidən görmək ümidi ilə gedirəm...

Beləcə başımı pəncərəyə dirəyib telefonla çəkdiyim kadrlara baxa-baxa Bakıya döndük.
Şuşa məndə çox dərin izlər buraxdı. Elə izlər ki, ömrümün sonuna qədər unutmayacam.

İndi də mən getməyənlərə Şuşanın qeyri-adi gözəlliyini çatdırmaq istəyirəm, amma əminəm ki, onlar da mənim kimi təsəvvür edə bilmirlər. Bunu sadəcə gözlərinlə görməlisən....

Rusif Məmmədsoy
Reaksiya TV-nin əməkdaşı








Xəbər 1017 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +