Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


30.11.2022  13:57 

Naxçıvan: Yeni inzibati islahatlara gediləcəkmi?





A+  A-

İndi hər kəsə aydındır ki, II Qarabağ savaşındakı tarixi zəfərdən sonra, xüsusən də Zəngəzur dəhlizi reallaşağı təqdirdə Naxçıvanın mövcud idarəçilik üsulu aktualllığını itirəcək. Amma statusla bağlı bəzən cığırdaşlar tərəfindən cəmiyyətə “baxın, biz siyasi mətbəxə nə qədər yaxınıq” mesajı ötürmək naminə aparılan müzakirələr yalnız ölkə daxilində deyil, təəssüf ki, artıq xaricdə də müəyyən yersiz ehtimalların artmasına səbəb olur.

Hərçənd indiki formada, fərqli yozumlara ayaq yeri qoymaqla müzakirələr aparılması yeni və ilk hal deyil. 1990-cı ilin yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar iclasında sədr Səkinə Əliyeva tərəfindən “Azərbaycanın və onun tərkib hissəsi olan Muxtar Respublikanın suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən “Qars müqaviləsi” əsas götürülərək Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə” qərar imzalanır. Sovet ordusunun Bakıda törətdiyi qırğınlara reaksiya olaraq elan olunmuş qərar bir anlığa bütün dünya mediasının diqqətini çəkmişdi. Amma Balayanlarların, Muradyanların, Xanzadayanların Azərbaycan torpaqları hesabına “Böyük Erməmənistan” qurmaq sevdasına cavab olaraq atılmış bu məcburi addımlar nədənsə elə özümüzdəcə başqa biçimdə təqdim olunmağa başlanmışdı...

Bəs, bir də 90-cı illərdə yada salınan Qars müqaviləsi nə idi?

Müqaviləyə qədər baş verən proseslər, İrəvan, Naxçıvan, Ordubad, Qars islam şuraları, Naxçıvan Milli Komitəsi qurulması, nəhayət Araz Türk və Cənubi Qafqaz cümhuriyyətləri elan olunması o ərazilərin ermənilər tərəfindən işğalının qarşısını almaq üçün bir çıxış yolu kimi düşünülmüşdü. Yəni istər Qars müqaviləsinə qədərki proseslər, istər Qars müqaviləsi, istərsə də onun təzələndiyi 90-cı illərdəki proseslər Naxçıvanın xarici qüvvələr tərəfindən qoparılmasının qarşısını almaq üçün atılmış addımlar olub. Addımlar effektli olub, Azərbaycan və Türkiyə rəsmiləri müqaviləyə sadiq olduqlarını dəfələrlə ifadə ediblər. Azərbaycanla Türkiyə arasında bağlanmış yeni dövlətlərarası müqavilələrədə, o cümlədən Şuşa bəyannaməsində ona istinad var.




Qars müqaviləsində hansı muxtariyyət nəzərdə tutulur?

1921-ci ilin oktyabrında imzalanmış müqavilənin 5-ci maddəsinə əsasən, Türkiyə, Ermənistan və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında MUXTAR ƏRAZİ yaradır. Göründüyü qədər burda sırf İNİZBATİ ƏRAZİ MUXTARİYYƏTİ kimi tövsif edilə biləcək statusdan söhbət gedir.

Qars müqaviəsindən əvvəl həmin ilin martında imzalanmış Moskva müqaviləsinin 3-cü maddəsində də muxtar ərazidən bəhs olıunur. Təbii ki, Naxçıvan Konstitusiyasındakı “muxtar dövlət” tanıtımı da Qars müqaviləsindən irəli gəlmir (Maddə 1).

Baxmayaraq ki, həmin maddədə muxtariyyətin Qars müqaviləsi ilə tanındığı xüsusi vurğulanır.

İnzibati muxtariyyətin nə olduğu haqda siyasi ədəbiyyatda belə tərif verilir: “İnzibati muxtariyyət əhəmiyyətli etnik, coğrafi və ya tarixi xüsusiyyətləri olan ərazi vahidlərinə verilir. İnzibati muxtariyyət dövlət təşəkkülü əlamətlərinə malik deyil, müstəqil şəkildə formalaşmış icra və qanunverici orqanlar sisteminin mövcudluğu, habelə mərkəzin müəyyən etdiyi bir sıra məsələlər üzrə normativ aktlar vermək səlahiyyəti ilə ifadə olunur”.

Yəni inizbaiti muxtariyyət bəzi qara PR peşəkarlarının iddia etdiyi kimi hansısa etnik və dini kimlik olmasını tələb etmir (Məsələn, İspaniyada Kataloniya siyasi muxtariyyətə malikdir, katolin kimliyinə əsaslanır, Andalusia sırf iznibati muxtariyyətdir, tarixi coğrafi fərqliliyə əsaslanır və s.).

Amma Qars müqaviləsinin 6-cı maddəsi indiki Acarıstanın statusunun siyasi muxtariyyət kimi təsbitinə imkan verən tələblər ehtiva edirdi (yerli əhalinin xüsusi torpaq qanunundan istifadəsi, dini və mədəni hüquqlarının qorunması, Türkiyə ilə ticarətdə imtiyazalar tanınması və s.).

Moskva müqaviləsinin 2-ci maddəsi də Acarıstan (Batum vilayəti) haqda oxşar tələblər ehtiva edirdi.



Qars müqaviləsinin ləğvini kimlər istəyir?

Rusiya, Gürcüstan və Ermənistanda müqavilədən imtina edilməsinə çağırışlar edilir. Gürcüstan Acarıstan üzərində Türkiyənin hər hansı iddiasını neyrtallaşdırmaq istədiyinə görə, Ermənistan isə II Qarabağ savaşından əvvəl yeni ərazilər tutmağa iddia etdiyinə görə müqaviləni gərəksiz sayırdı. Təbii ki, “yeni ərazilər”ə Naxçıvan da daxil idi. Yada salaq ki, Gürcüstanda “qızılgül inqilabı” ərəfəsi Saakaşvili-Abaşidze qarşıdurması fonunda Acarıstana istər Ankara, istərsə də Moskva tərəfdən maraq artmış, Türkiyənin Bakıdakı o zamankı səfiri Ünal Çeviköz ölkəsinin Acarıstana hərbi qüvvələr yeritmək haqqı olduğunu xatırlatması Rusiyada xüsusi qıcıq yaratmışdı (https://www.milliyet.com.tr/dunya/rusyayi-kizdiran-buyukelci-5109393).

Həmin vaxt açıqlama Gürcüstanın nəfinə olsa da, sonradan Qars müqaviləsini özlərinə təhdid gördüklərini parlament tribunalarından elan etməyə başladılar. Baxmayaraq ki, Şevardnazde hakimiyyəti 1992-ci ildə Azərbaycanın ardınca müqaviləyə sədaqətini ifadə etmiş, iyunun 30-da onun əsasında yeni saziş imzalayaraq Qars müaviləsinin müddətini uzatmışdı. 1970 və 1991-ci illərdə SSRİ və Türkiyə hökumətləri arasında müqavilənin müddətinin uzaldılması haqda razılaşmalar imzalanıb (https://rusplt.ru/policy/karskii-dogovor-khudoi-mir-6163f64d.html).

Odur ki, Saakaşvili Abaşidze üzərində triumfuna rəğmən siyasi muxtariyyətdən formal olaraq imtina etmədi, amma atılan addımlar o statusu faktiki vilayət səviyyəsinə endirdi. Gürcüstanda aparılan inzibati – coğrafi islahatlar nəticəsində indi, məsələn, İmeretiya vilayətinin və Acarıstanın real statusları eynidir. Formal muxtariyyətin qorunması isə bölgəni türk və azəri sərmayəsi üçün cəlbedici edir, gündə bir oliqarxımızın adına Batumidə obyekt tapılır. Amma müqavilənin əsas tələbi - əhalinin dini-mədəni fərqliliyinin qorunması tələbi çoxdan göz ardı edilib: Acarıstan yaradılandan müsəlmanların ümum əhali sayına nisbəti 80-90 % idisə, indi 40%-dək azalıb. Təəssüf ki Türkiyənin dini qurumlarının Qafqaz Müsəlmanları İdarəsinin uzlaşdırılmış fəaliyyətinin olmaması da burda rol oynayıb, hazırda Acarıstan müsəlmanları QMİ-nin dini nəzarətindən çıxarılıb.

Beləliklə, Qars müqviləsinin indiki müzakirələrdə alət edilməsi yanlışdır.

Birincisi, aydınlaşdı ki, sözügedən saziş bəzilərinin iddia etdiyi kimi qüvvəsini itirməyib.

İkincisi, Azərbaycan tərəfinin onun qüvvəsinin itirməsində maraqlı olması haqda hansısa rəsmi açqılama yoxdur. Hərçənd Şuşa bəyannaməsinin Qarsa müqaviləsini əvəz edən sənəd kimi nəzərdən keçirilməsi kimi izahalara da rast gəlinir. Əksinə, İrandan səslənən təhdidlər müqavilənin öz əhəmiyyətini hələ ki itirmədiyini göstərir.

Üçüncüsü, Naxçıvanın muxtariyyətinin indiki forması toxunulmaz deyil. Onun de- fakto azaldılmasına gedilə bilər. Yəni Qars müqaviləsi indiki status-kvonu qorumaqda maraqlı ola biləcək tərəflər üçün nicat deyil: hazırkı siyasi muxtariyyətin inzibati muxtariyyətlə əvəzlənməsini mümkün edir.

1920-24-cü illərdə Naxçıvan “ölkə”, “diyar” (indiki terminologiyada “vilayət”) adlandırılırdı və faktiki inzibati muxtariyyət idi. 1924-cü ildə inizbati muxtariyyətin siyasi muxtariyyətlə əvəzlənməsinin hansısa xüsusi alt niyyətləri olması haqda deyilənlərdə, görünür, müəyyən həqiqət payı var. Hərçənd 1920-ci illərdə Sovet İttifaqında mövcud olan digər inzibati muxtariyyətlər sonradan ləğv edilmişdi - Don və Uzaq Şərq respublikalarının əraziləri Sovet Rusiyasına birləşdirildikdən sonra o ərazilər digər inzibati vahidlərdən vilayət (oblast) termindən deyil, diyar (kray) sözündən istifadə ilə fərqləndirilirdi. Amma 1950-ci illərə doğru bu fərqlilik mənasız söz oyunundan başqa bir şey deyildi və o ərazilərin sakinlərinin əksəriyyəti üçün niyə “oblast” deyil, “kray”da yaşamaları anlaşılmaz idi.

Dördüncüsü, indiki geosiyasi şərtlər davam etdikcə inzibati və ya formal siyasi muxtariyyətin qorunması zərərli deyil. Çünki esklav ərazilər, bir qayda olaraq digər ərazilərdən nisbi və geniş muxtariyyətləri ilə fərqlənir.



Bizdəki yanlış müzakirələrin əks sədası

Siyasi muxtariyyətinin ləğvi aktuallaşacağı təqdirdə geniş konstitusion islahatlar, referenduma gedilməsi tələb olunur. Bu isə indiki halda Naxçıvanda maraqlı olan xarici qüvvələri, müəyyən qədər də daxili siyasi tektonikanı hərəkətə gətirən təşəbbüs olardı.

Müzakirələrdən İran qəribə şəkildə bəhrələnməyə çalışır. İran mediasının, xüsusən “Səhər” telekanalı və SEPAH-a yaxın teleqram kanallarının “Naxçıvan hərəkatı” haqda necə yalanlar tirajladığı bəllidir.

Hələ ötən il sərhəd gərginliyindən sonra İran mediasında Tehranda bəzilərinin Türkiyənin Qarasu (İqdır) vilayətinə iddia etdiyini xəbər verilir, bu məqəsədlə beynəlxalq məhkəmələrə gedilməsinin mümkünlüyündən bəhs olunurdu. Məqsədin Türkiyə ilə Azərbaycan arasında quru rabitəni kəsmək olduğu da gizlədilmirdi. Bununla yanaşı o zaman Gülüstan, Türkmənçay müqavilələri tez-tez gündəmə gətirilir, Şimali Azərbaycanın, xüsusən Naxçıvanın İran torpağı olması vurğulanırdı. Vaxtilə mediada getmiş məlumatalara görə 90-cı illərin sonlarında Naxçıvan sakinləri üçün nəzərdə tutulan güzəştli keçid imtiyazından istifadə üçün verilən rüsxət vəsiqələri şəxsiyyət vəsiqəsi formasında hazırlanırmış.

İranın maraqlı dairələri Azərbaycanın Rusiyaya ilhaqdan sonrakı dövrünü, xüsusən 1918-22 ci illər tarixini zərrəbin altda öyrənir, hansısa ziddiyyətlər tapmağa bundan bəhrələnməyə çalışır. Bu günlər Naxçıvan Milli Komitəsi üzvlərinin İrana mühacirət etdikdən sonrakı fəaliyyətlərinin fərqli şəkildə təqdim edilməsi istiqamətində “araşdırmalar” da artıb. (Yazılardan birinin linki-55online.news)

Təəssüf ki, 1918-ci ildən sonra, xüsusən bölşevik işğalından sonrakı dövrlərdə mövcud olmuş qurumların fəaliyyəti, siyasi mühacirlərin İran dövrünün öyrənilməsi ilə bağlı yetərli tədqiqatlar yoxdur, bu, əks tərəfə o dövrlə bağlı manipulyasiyalar etmək imkanları yaradır. Bu yazını işlərkən Milili Komitələrin İran mühacirəti dövrü fəaliyyəti haqda Sovet tatixşünaslığı mövqeyindən Kamran Rəhimovun yazdıqlarından başqa bir mənbə tapa bilmədim.

Əvvəlki yazılarda İranın xüsusi qurumlarına yaxın nəşrlərdə azəri vilayətlərində “separatizmin qızışıdrılmasına” cavab olaraq Azərbaycan Respublikasının şimal, cənub, mərkəzi zonalarında yaşayan linqvistik azlıqların təşkilatlandırlması istiqamətində addımlar atıla biləcəyi haqda müzakirələr açıldığı barədə də məlumat vermişdik. Bu istiqmətdə müəyyən KİV-lər fəaliyyət göstərir, Rusiyadakı bədnam əməlləri ilə gündəmə gəlmiş ayrı-ayrı fiqurlar İran mediasının ulduzuna çevrilməkdədir. Ehtimal etmək olar ki, Azərbaycan ictimaiyyətinin diqqəti Naxçıvanla bağlı saxta xəbərlərlə məşğul edilərkən vəd olunan istiqamətdə də hansısa işlər görülür.

Bu yalanın Fransanın beynəlxalq auditoriyası olan radiosu tərəfindən yayımlanması da diqqət çəkicidir. Belə ki, Fransanın “Radio France international” radiosunun fars xidməti İranın İslam İnqilabı Keşikçilərinin Naxçıvanı İrana birləşdirmək niyyəyti haqda geniş reportaj yayımlayıb... “Amma Naxçıvanda separatçı hərəkatların yaranması ilə bağlı etibarlı məlumat yoxdur” - deyə “Radio France” sonda təsbit edir.



Yada salaq ki, 2020-ci il dekabrında türk mediasında Fransa xarici kəşfiyyat idarəsinin (Direction Generale de la Securite Exterieure –DGSE) Azərbaycanın işğaldan azad etdiyi ərazilərinin yenidən Ermənistana qaytarılması üçün geniş fəaliyyətə keçməsi haqda dərc olunmuş yazıda iddia edilirdi ki, diplomatik danışıqlarda Azərbaycanın mövqeyinin zəiflədilməsi, erməni təxribatlarının, əks kəşfiyyat fəaliyyətinin təşkili məqsədilə DGSE-də 600 nəfərlik xüsusi qrup yaradılıb. Bildirilirdi ki, təxribat, o cümlədən informasiya təxribatları vasitəsilə məsələnin mahiyyətini anlamayan şəxslər qıcıqlandırıla, onlar sosial həyəcanla “davrana bilərlər”. 2020 ci ilin noyabrında yaşanmış şeir qalmaqalından sonra İran parlamentində gedən müzakirələrdə Azərbaycan və Türkiyəyə qarşı Fransa ilə birgə hərəkət etmək haqda təkliflər səsləndirilirdi.

Kotlet(lər) ayrı, milçəklər ayrı

Yekun olaraq - muxtariyyət mütləq qayə deyil, zamanla ya əməldə, ya da hüquqi addımlarla inzibati muxtariyyət (vilayət) statusunadək azaldıla bilər. Onun indiki formada saxlanmasını zəruri edən hər hansı beynəlxalq öhdəlik də yoxdur. Amma nə qədər ki, ekslav statusu, Türkiyənin qarantor rolu qalır, buna gedilməsinin nə dərəcədə məqsədyönlü olmasını düşünmək lazımdır. Nəzərə almaq lazımdır ki, Naxçıvanla bağlı qəbul ediləcək qərar gələcəkdə Qars müqaviləsi ilə muxtariyyət statusu alan Acarıstanın da taleyinə təsirsiz ötüşməyəcək. Daha doğrusu, Acarıstanın statusunun ləğvinin rəsmiləşməsinə gedilməsi önündə hər hansı maneə qalmayacaq.

Nəhayət, hər hansı xoş məramın informasiya çirkliliyi ilə təqdimatı təhlükəlidir. 90-cı illərdə elə çirkli təqdimatların siyasi tektonik fəsadları az qala bütün regionlarda (Lənkəran, Zaqatala, Gəncə, Şəki, Qusar, Xızı, Quba, hətta Bakıda) hiss olundu. İndiki halda yaxın görünsə də, korrupsiyaya qarşı mübarizə, kadrların rotasiyası və status mövzularının bir-birinə bağlanmasına ehtiyac yoxdur. Hazırda iqtisadi zonaların vilayətləşməsi, yeni inzibati islahatlar haqda müzakirələr gedir. Bu, belə bir ehtimala əsas verir ki, Gürcüstan variantının tətbiqi (muxtariyyətin faktiki statusunun digər vilayətlərlə eyniləşdirilməsi) mümkündür.

Korrupsiyaya qarşı aparılmış əməliyyatlar isə uğurludur, yalnız təqdirə layiqdir. Xeyli gecikmiş olsa da...

Naxçıvanın sağ əli digər bölgələrin və qurumların başına.

Cəmaləddin Quliyev



Xəbər 747 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +