Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.11.2022  10:30 

İslam İranın təbliğ etdiyi din deyil





A+  A-

İnsanın yalnız bir universal dinə iman gətirməsi mümkündür, o da tək olan Allaha sidq ilə inam. Daxilində ziddiyyətlər olmadıqda, bu sadiqlik ölkəyə və insanlığa sədaqəti özündə ehtiva edir. Eləcə də, Allaha bağlılıq çox vaxt müxtəlif təzahürlərin baş qaldırmasını aradan götürür.

Mən müsəlman ailəsində dünyaya göz açdım. Dərk etdiyim andan varisliyə inanıb islam oldum. Əgər, bu dinin mənim əxlaqi dəyərlərim və mənəvi inkişafımla üst-üstə düşmədiyini görsəydim, özümdə güc tapıb onu rədd edərdim. Amma yetkin düşüncə ilə aşkarladım ki, bu, mənim tanıdığım dinlər arasında ən dözümlüsüdür, çünki ona qəlbən inananlara özünü ifadə etmək üçün kifayət qədər sərbəstlik verir. İslam, təkcə öz davamçılarına başqalarının dininə hörmət etməyi deyil, həm də orada olan ən yaxşı cəhətləri götürmək imkanı verir. Çətin anlarımda, nə edəcəyimi bilməyəndə ona sığınmışam. Bu inanc yetkin yaşlarımdan bu günə kimi məni inandırıb ki, həyatımda, eləcə də dünyada nə baş veribsə və bundan sonra nə olacaqsa, Allahın iradəsi ilə tənzimlənir...

Heç şübhəsiz ki, Allah təsəvvüredilməzdir. Təbii, biz Onu duyuruq, hiss edirik, lakin ağlımızla dərk edə bilmirik. Mənim üçün Allah –- Həqiqət və Məhəbbətdir. Allah – Etika və Mənəviyyatdır. Allah – Cəsarət və Mərdlikdir. Allah – həyatın və işığın Mənbəyidir, bütün təzahürlərdən Ucadır. Allah – Vicdandır. O, nitqimizdə və ağılımızda Ucalır. Allah o kəslərin Allahıdır ki, Ona çatmağa, Ona toxunmağa can atır. Allah – tər təmiz Mahiyyətdir. O, sadəcə olaraq iman sahiblərinin qəlbindədir. O Əbədi Cəfakeşdir, Səbirlidir, O, sizin tanıdığınız demokratlardan sonsuza qədər Böyük Demokratdır. Bununla yanaşı, O, bütün ciddiyyəti ilə cəzalandırandır. Onun cəza metodu daimidir. Biz yoxuq, yalnız O var!.. Dünyada ən zəngin məzmuna malik söz olan “ALLAH” hər birimiz üçün fərqli məvhumdur - insanın biliyindən və təcrübəsindən asılı olaraq, Onun məzmunu dəyişir.

Təbii ki, insan təfəkkürü və düşüncəsi o həddə deyil ki, zaman-zaman Allah tərəfindən bizə göndərilən işarə, rəmz və əlamətləri dərk etsin. Hazırda, bəşəriyyət yuxudadır. Bu qəflət yuxusundan ayılmaq üçün gərəkdir ki, qulağımızın dibində arasıkəsilməz təbillər döyülsün. Bəlkə bəşəriyyət ayıldı. Ayılanlar sonda bu qənaətə gələcək ki, özünü tapmağın yeganə üsulu özünü itirməklə Allaha qovuşmaqdır...

Allah, çox ciddi Nəzarətçidir. Onu yalanla, qeyri-səmimi, nümayişkaranə “inamla” aldada bilməzsən. Onun durmadan işləyən “dəyirmanı” çox asta, lakin çox incə üyüdür. Onu yetişməyən və tez dərilən meyvə ilə razı sala bilməzsən. O, təmiz qurban tələb edir. Odur ki, siz də, mən də bu məşəqqətli yolda Onun təyin etdiyi ömrü sidq-inamla yaşayaraq Ona qovuşa bilərik...

Mən, Allahı qəlbimdə görəndən sonra tanıyıb, səmimi inamımla özümü Ona təslim etmişəm. İnamı təkcə təcrübə ilə bağlamaq da düzgün olmazdı. Mənim Allaha olan inamımı ifadə etmək üçün söz acizdir və yaxud, sözüm yoxdur. Allahı təxmini təsvir etməyə belə insanların dili qadir deyil. Əgər, hər hansı bir Allah bəndəsi cəsarət edib bu işə baş qoşmaq istəsə, başqa bir vasitə düşünüb tapmalıdır, çünki bizim aydın olmayan dilimizin və ağılımızın qüdrəti buna qüdrəti çatmaz.

Dünya yaranışdan sirr və müəmmalarlı ilə bizi heyrətləndirməkdədir və elə bir qüvvə ilə əhatələnib ki, onu yalnız hiss etmək mümkündür. Bu görünməz qüvvə bizi məcbur edir ki, onu hiss edək, lakin onu yoxlamaq, nəyisə isbat etmək mümkün deyil. Çünki o, maddi deyil, hiss orqanlarımıza da onu duymaq imkanı verilməyib. Bu qüvvə bizim düşüncəmizdən qat - qat yüksəkdə dayanır. Bu qüvvə bizə nə gətirir – səadət, yoxsa bədbəxtlik? Görürəm ki, O bizə yalnız səadət bəxş edir, çünki ölümün özündə də həyat var. Yalan aləminin özündə həqiqət, qaranlığın özündə də işıq var. Buradan bir nəticə hasil olur - Həyat, Məhəbbət, Həqiqət və İşıq - Allahın özüdür. O, ilahi qüvvənin fövqündə durur.

Hər kəs “Allah” sözünü özü bildiyi kimi izah etməkdə azaddır. Biz, bunu lazım gələndə, məcbur olanda edirik. Belə ki, Allah təkcə ən kiçik olan Yer kürəsini deyil, milyonlarla yer kimi şarları tənzimləyən və idarə edən kainatın yaradıcısıdır. Təəssüf ki, bəşəriyyət Onun böyüklüyünü dərk etmək üçün sonsuz məhəbbətə və dözülməz cəfalara hazır deyil.

Allah – Sevgidir. Qəlbimin dərinliyində həmişə belə hesab etmişəm ki, Allah – Həqiqətdir... Bir qədər də irəli gedib özüm-özümə deyirəm, Həqiqət - Allahdır. Bu Həqiqətə yetmək üçün yeganə vasitə məhəbbətdir, yəni sevgidir. İnanıram ki, nəticə etibarı ilə məqsəd və vasitənin yerini dəyişmək olar. Bu zaman mən tərəddüd etmədən deyirəm; bəli, Allah - Məhəbbətdir.

Kamillik yalnız Yaradana məxsusdur, amma, buna baxmayaraq, O necə də Demokratdır! O, necə də səbirlə bizim açıq - aşkar yalanlarımıza, eyib və nöqsanlarımıza dözür! Bizi əhatə edən atom zərrəciklərinin daxilində mövcud olduğu halda, özünün yaratdığı kiçik, miskin canlıların cəsarət edərək Onun varlığını şübhə altına almasına da dözür! Nəhayət, demək istədiyim budur ki, İslam İran mollalarının təbliğ etdiyi din deyil.

Bu məsələ Azərbaycan xalqına və dövlətinə yaxşı məlum olsa da, biz çox zaman dostluq, qardaşlıq, qonşuluq münasibətləri naminə susmuş, odun üzərinə yağ yox, su tökməyə çalışmışıq. Dövlətimiz də hər zaman münasibətləri mülayimləşdirmək yolu tutub, bu yöndə səylərini əsirgəməyib. Müsəlman İranın xristian və təcavüzkar Ermənistanla mehriban qardaşlıq münasibətləri Azərbaycanda hər zaman haqlı narazılıq doğurub, müxtəlif səviyyələrdə ifşa olunub, cəmiyyət, xalqımız öz prinsipial mövqeyini ortaya qoyub, ancaq dövlətimiz dinc yanaşı yaşamaq, münasibətləri gərginləşdirməmək prinsipindən çıxış edərək, məsələləri diplomatik üsullarla yoluna qoymaq xətti tutub.

Əlbəttə, ümid edirdik ki, İran heç olmasa, beynəlxalq hüquqa hörmət qoyar, işğaldan azad olunan torpaqlarda Azərbaycanın suverenliyinə sayğı ilə yanaşar və əvvəlki qanunsuz əməllərindən əl çəkər. Ancaq bu da olmadı. Belə çıxır ki, Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdiyi torpaqlarında hər hansı fəaliyyəti həyata keçirmək, yəni öz ərazisində hərbi təlim keçirmək, yaxud ərazisindən keçən magistral yola (Gorus-Qafan yolu) nəzarət etmək, yük daşıyan maşınları yoxlamaq üçün İrandan icazə almalı imiş. Üzr istəyirəm, ancaq bu normal sivil dövlətə yox, quldur dəstəsinə, terror təşkilatına yaraşan bir davranışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, heç kəs Azərbaycan dövləti ilə bu dildə danışa bilməz. Bunu hər kəs, o cümlədən İran birdəfəlik qulağında sırğa etməlidir.

İran heç vaxt Azərbaycana qarşı səmimi olmayıb, ancaq hər zaman onunla hesablaşmaq zorunda qalıb. Azərbaycanın müstəqilliyini sözdə tanıyan, Qarabağ münaqişəsində bizə sözdə dəstək verən, üzdə bəzi humanitar yardımlar edən İran əslində qəlbən hər zaman Ermənistanın yanında olub. Azərbaycanın qaçqın düşərgələrində məskunlaşan insanlara hansısa xırda yardımlar edibsə də, bunu hər zaman ideoloji qılafda təqdim edib. Azərbaycan vətəndaşlarını müxtəlif vasitələr, xüsusən də öz molla emissarları vasitəsilə ələ almağa çalışıb. Vətəndaşlarımıza Azərbaycanın tarixi İran ərazisi olduğu təlqin və təbliğ olunub, Azərbaycanın müstəqillik perspektivini şübhə altına alan ideoloji iş aparılıb. İran bunlarla paralel olaraq Ermənistanla sıx siyasi-iqtisadi əlaqələr qurub, ermənilərə azərbaycanlılardan qat-qat çox yardım göstərib.

Bütün bunlar öz yerində, amma ən təhlükəlisi İranın Azərbaycanda fəal surətdə həyata keçirdiyi dini missiya, din, məzhəb pərdəsi altında apardığı ideoloji təxribatdır. Heç kəsə sirr deyil, əgər İran dövləti üçün İslam dini, müsəlman təəssübkeşliyi prioritet olsaydı, onlar qardaşlarının torpağını işğal edən xristian ermənilərlə bu dərəcədə can bir qəlbdə olmazdılar. İkincisi, İran ayətullalarının, üləmalarının, mollalarının təbliğ etdiyi şiəliyin sırf fars millətçiliyinə, hətta şovinizminə xidmət etdiyi gün kimi aydındır. İranda qeyri-farslara, xüsusilə türklərə qarşı uzun illərdir dövlət səviyyəsində aparılan irqçilik, ksenofobiya siyasəti bütün dünyaya məlumdur. 40 milyonluq millətin dilində normal məktəb, qəzet və jurnal, televiziya və radionun olmaması açıq-aşkar assimilyasiya siyasətidir. Əslində, ölkə əhalisinin yarısını təşkil edən azərbaycanlıların (türklərin) ana dilinə İranda ikinci dövlət dili statusu verilməlidir, ancaq fars-molla rejimi Azərbaycan (türk) dilinin loru səviyyədə qalması, ədəbi dil səviyyəsinə yüksəlməməi üçün əlindən gələn hər şeyi edir. Onlar bunu təkcə İranda, cənubi Azərbaycanda etməklə kifayətlənmir, fəal surətdə Azərbaycan Respublikasına da transfer etməyə çalışırlar.

İran mollakratiyası, xüsusi xidmətləri, agenturası Azərbaycanın müstəqilliyindən üzü bu yana burada fəal surətdə işləyir, açıq və gizli fəaliyyətlə məşğul olurlar. Bu fəaliyyətin bir neçə istiqamətini qeyd etmək olar. Əvvəla, İranın müxtəlif şəhərlərində, xüsusilə Qumda ruhani təhsilə cəlb olunan gənclərimizin beyni yuyulur, onlardan iranpərəst molla-missionerlər hazırlanır. Onlar xalq arasında, yas məclislərində müxtəlif xarakterli təbliğatla məşğul olurlar. Digər bir istiqamət isə, İranın Azərbaycanda müxtəlif istehsal və ticarət şəbəkələri yaradıb, ölkə vətəndaşlarını işə cəlb etməsidir. Həmin müəssisələr, təbii ki, insanları təkcə işlə təmin etmir, ilk növbədə onları İran təəssübkeşinə çevirməyə çalışırlar. Bu zaman sosial durumu, ehtiyacı, hətta regionu belə nəzərə alırlar. Bu yolla çox zaman səmimi inanc sahiblərinin saf duyğuları da istismar olunur. Üçüncü yol İnternet, media, sosial şəbəkələrdir. Konkret faktlara malik olmasam da, İran kəşfiyyatının bu sahəyə maliyyə ayırdığı, bəzi vətəndaşlarımızı bu xətlə ələ aldığına dair məlumatlar səslənməkdədir...

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, İran Azərbaycanda azsaylı da olsa, müəyyən ümid bəslədiyi bir kontingent yarada bilib. Ruhani liderlərin bu məsələdə ehiyatlı davranmasının bir səbəbi də həmin kontingentin potensial siyasi dəstəyini itirmələri ola bilər. Ancaq ortaya qəti mövqe qoymayanlarda daha ciddi və konkret səbəblərin (ticarət, biznes, qohumluq və s.) olduğu da ehtimal olunur.

Ayıq SƏMƏDOV
XəzərNews.az


Xəbər 692 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +