Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif


27.09.2022  22:06 

Qorxu bilməyən, cəsur döyüşçü – Şəhid Ruslan Əliyev





A+  A-

Ərçivanda görüşdüyümüz şəhid ailələrindən biri də Ruslan Əliyevin ailəsi oldu. Bizi Ruslanın oxuduğu orta məktəbin qarşısında ailənin ən kiçiyi Əli Əliyev qarşıladı. Təəssüflə bildirdi ki, ata-anası xəstə yanına getdikləri üçün şəhid qardaşı haqqında yalnız o, əmisi, bir də müəllimləri danışa bilər. Biz də evə qədər getdiyimiz üçün Əli ilə razılaşmalı olduq. Əli qardaşı Ruslan haqqında maraqlı məlumatlar verdi.

Ruslan Əliyevi tanıyaq

Ruslan Aslan oğlu Əliyev 8 aprel 2000-ci ildə Astara rayon Ərçivan qəsəbəsində anadan olub. Ərçivan qəsəbəsi 4 saylı tam orta məktəbdə təhsil alıb.

Ruslan yeniyetmə və gənc yaşlarında Astara Boks Mərkəzində boksla məşğul olub, təlim məşqlərində, rayon və respublika yarışlarında müntəzəm iştirak edib, uğurlar qazanıb. Boks üzrə Azərbaycan birinciliyinin ikiqat gümüş və bürünc medalçısı, Azərbaycan yığma komandasının üzvü olub. Bir sıra xarici ölkələrdə beynəlxalq idman yarışlarına qatılıb.



2020-ci il sentyabrında başlayan Vətən müharibəsi zamanı Gülüstan və Ağuçuq istiqamətində gedən hərbi əməliyyatlarda fəal iştirak edib.

Ruslan sentyabrın 29-da Ağuçuq istiqamətində gedən döyüşlərdə düşmən hücumunu qorxmadan, şücaətlə dəf edib, xeyli sayda hərbi qulluqçusunu məhv edərək qəhrəmancasına şəhid olub.

Şəhidimiz sentyabrın 30-u doğulduğu Ərçivanda böyük izdihamla dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Gəlib özümə toy edərəm,
sən də bəyin dəstəsində olarsan…


Şəhidin qardaşı Əli Əliyev Ruslanı çox istədiyini, sağlığında onunla həm də dost olduqlarını bildirib: “Ruslan yaxşı qardaş idi. Hər zaman mənə arxa-dayaq olurdu. Biz çətinliklə böyümüşük, bir yerdə idmana gedir, gəzirdik. Bir neçə dəfə onunla Bakıya, yarışlara da getmişdim. Sonra o hərbi xidmətə yola düşdü. Ruslan hərbi xidməti başa vuran kimi adını müddətli hərbi xidmətə yazdırmışdı. Əsgərlikdən gəlib bir-iki gün evdə qaldı və dərhal da geri qayıtdı. 10 ay idi işləyirdi. Sentyabrın 27-də müharibə başlayanda onları da aparmışdılar, ayın 29-da şəhid oldu”.



Atasının da Birinci Qarabağ Müharibəsi iştirakçısı olduğunu qeyd edən Əli onun 4 ildən çox döyüş yolu keçdiyini bildirib: “Ruslan da atamın yolunu seçmişdi, hərbçi olmaq istəyirdi. Atama deyirdi ki, əsgər gedib Birinci Qarabağ müharibəsində Ərçivandan olan 9 şəhidin qanını alar, aldı da. Mənə deyirdi ki, müharibə qurtaran kimi gəlib özümə toy edərəm, sən də bəyin dəstəsində olarsan. Nə o gəldi, nə toy oldu, nə də bəyin dəstəsi quruldu. Əslində bəyin dəstəsi quruldu, həm də bütün kənd el-oba o dəstədə idi, amma Ruslanın toyu olmadı, dəfni oldu… Arzuları çox idi, yolu, evimizi düzəltmək istəyirdi”.

Əli deyir ki, 2023-cü ilin aprelində o da hərbi xidmətə gedəcək: “Atam döyüşçü olduğu üçün bizi də bu ruhda tərbiyə edib. Mən də istəyirəm hərbi xidməti başa vurub orduda qalım, qardaşımın yolunu davam etdirim”.



Nə qədər Vətənin narahatçılığı var,
xalqın da o qədər narahatçılığı olacaq


Ərçivan qəsəbəsi 4 saylı orta məktəbin təşkilatçı müəllimi Əlihəsən Baxşıyev 44 günlük İkinci Vətən müharibəsində məktəbin 4 şəhid verdiyini bildirib: “Bu gənclərin 4-də canlara dəyən övladlarımız – şagirdlərimiz olub. Onlardan ikisi deyirdi ki, nə qədər ki, Vətən torpaqları işğal altındadır biz rahat nəfəs ala bilmərik. Erməniləri yalnız bizim nəsil o torpaqlardan qovub çıxara bilər. Zaman gəldi və həqiqətən də belə oldu. Ruslan igid oğlan olub. O həm də idmançı, boksyor idi, Respublika ikincisi, üçüncüsü olmuşdu, xarici ölkələrə yarışlara gedirdi. Biz məktəb olaraq sagirdimizi izləyir, onun uğurlarına çox sevinirdik. Əlaçı olmasa da məktəbin ictimai işlərində fəal idi, maddi əziyyət çəkən şagirdlərə yardımlaşma kampaniyasında liderlik edirdi. Arzuları böyük idi. Biz onun doğum gününü hər il qeyd edir, ailə üzvləri ilə görüşür, məzarını ziyarət edirik. Ruslan həqiqi hərbi xidmətdə də nümunəvi əsgər olub, hərb sənətini çox sevib, əgər belə olmasaydı təkrar müddətli hərbi xidmətə getməzdi. O qorxu bilməyən, cəsur oğul idi. Ruslanın əmisi də Sovet hərb sistemində çalışıb, indi ehtiyatdadır”.



Ə.Baxşıyev əlavə edib ki, məktəblərində hər sinifdə dərsin 15 dəqiqəsi vətənpərvərliyə həsr olunur: “İnşa yazı müsabiqələri keçirir, sullar qoyuruq. Kəndimizin şəhidlərini şagirdlərə nümunə gətiririk. Məktəbə dönən küçədə Ruslanın şəkli vurulub. Ümumiyyətlə bu məhəllə yenidir və Ruslanın yaşadığı məhəllədir. Bu məhəllə sakinləri Ruslanla qürur duyur. Hamı küçəyə girəndə, çıxanda Ruslanı görür, onun ruhuna dualar oxuyurlar. Ümumiyyətlə, istər Birinci, istərsə də İkinci Qarabağ savaşında Astara rayonu 100-ə yaxın şəhid verib. Müharibənin xalqlar üçün ağır nəticələri olsa da insanları oyadır, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə stimul verir. Biz bunu yaşadıq və yaşamaqda da davam edirik. Biz şagirdlərlə işləyirik və bunu açıq-aydın görürük. Hər şəhid xəbəri onları sarsıtsa da, eyni zamanda möhkəmləndirir, torpağa, Vətənə bağlılıqlarını artırır”.



Ə.Baxşıyev qeyd edib ki, onun da 2 övladı müddətli hərbi xidmətdədir: “Biri Daxili Qoşunlarda, digəri isə 22 ildir Milli Orduda müqavilə ilə xidmət edir. Ermənilərin sentyabr təxribatında 11 saat əlləri tətikdə olub. İkinci Qarabağ savaşından danışanda adam dəhşətə gəlir. Məsələn deyir ki, 6 nəfər idik, snayper dördünü vurdu, iki nəfər salamat qaldıq. Yəni onlar da hər an şəhid ola bilərdilər. Deməyim odur ki, nə qədər Vətənin narahatçılığı var, xalqın da o qədər narahatçılığı olacaq. İndi biz sentyabrın sonlarından başlayaraq şəhidlərimizin anım günlərini qeyd edəcəyik. İllər keçsə də biz bu ənənəni davam etdirəcəyik”.



Ruslan ailədən verdiyimiz 3-cü şəhiddir

Ehtiyatda olan hərbçi, şəhidin əmisi Elşən Əliyev bizimlə söhbətində dedi ki, Ruslan yaxşı boksyor idi: “Onun idman sahəsində nailiyyətləri böyük olub. Cəsur oğlan olmaqla yanaşı mehriban idi. Bütün gənclərimiz kimi o da əsgər getdi. Komandirlərinin verdiyi məlumata görə, yaxşı da əsgər olub. Hərbi xidməti uğurla başa vurub müqavilə ilə müddətli xidmətə başladı. Vətənin müdafiəsində fəal iştirak edib, Azərbaycan bayrağını yüksəklərə qaldırdı. Ali Baş Komandanın bütün əmrlərini bir əsgər kimi tərəddüdsüz yerinə yetirdi. Qələbələrimiz düşmənlərimizə dərs oldu. Baxmayaraq ki, çoxlu şəhid verdik, amma müharibəni də qələbə ilə başa çatdırdıq. Müharibə itgisiz olmur, Ruslan ailədən verdiyimiz 3-cü şəhiddir. Ondan əvvəl Əliyev Elvaz Sədulla oğlu, Əliyev Mahmud Razyal oğlu və Əliyev Ruslan Aslan oğlu torpaqlarmızın azadlığı uğrundan verdiyimiz şəhidlərdir. Biz onlarla qürur duyuruq. Komandirləri deyir ki, döyüş zamanı Ruslan həm döyüşür, həm də yüksəkliklərə, əsgər yoldaşlarına güllə daşıyırmış, 6 qranatla düşmən tankın qarşısına çıxıbmış”.



Əmisi deyir ki, Ruslan və 20-dən çox digər hərbçi yoldaşlarını düşmən arxadan vurub: “Ermənilər kiçik BMP-yə Azərbaycan bayrağı çəkiblər və aldadıcı manevrlə hücuma keçiblər. Əsgərlərimizin xəbəri olanda isə artıq gec olub. Beləliklə, bizim əsgərləri şəhid ediblər”.

E.Əliyev bildirib ki, dövlət və xüsusən də Prezident şəhid ailələrinə kifayət qədər qayğı göstərir: “Təəssüf ki, yerlərdə kiçik məmurlar Prezidentin şəhid ailələrinə olan münasibətinə adekvat hərəkət etmirlər. Mən sizə fakt deyirəm. Siz şəhidin evinə getdiniz, onun yolunu gördünüz, hələ qış deyil. Qış vaxtı o yolla hərəkət etmək olmur. Axı o şəhid yoldur, Bakıdan, digər rayonlardan ziyarətə gəlirlər və evə qədər zorla gedirlər. O yolun təmiri elə də güclü vəsait tələb etmir. Bir azdan şəhidin ikinci ili gəlir, insanlar axın-axın gələcək, yollar isə bərbad vəziyyətdə… Əlbəttə, bizim Prezidentdən narazı qalmağa haqqımız yoxdur, o, gecə-gündüz demədən xalq üçün işləyir. Bunu kiçik məmurlar da nəzərə almalıdırlar”.



Qeyd edək ki, Elşən Əliyev haqlıdır. Təkcə Ruslan Əliyevin deyil, Astarada olduğumuz digər şəhid evlərinə gedən yollar da bərbad gündədir. Bəzən əsas yoldan 3-4 km-lik məsafəni dağılmış yollarla qət etməli olursan. Yağışlı havalarda isə belə yollardakı vəziyyət hərəkəti daha da çətinləşdirir.

Rəhman Məlik
Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.






Xəbər 1418 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +