Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


02.07.2022  12:24 

SOLOVYOVUN ÜZRXAHLIĞI





A+  A-

Məşhur rus aparıcı Vladimir Solovyovun Azərbaycan xalqından üzr istəməsini müsbət hadisə sayıram. Deyilənə görə, ikinci dəfə istəyir. Odur ki, ikinci dəfə müsbət hal sayıram.

Məsələdən tam xəbərdar deyiləm. Özünün dediyinə görə, verilişinə bir erməni dəvət edib, həmin erməni orada Azərbaycanın ərazi bütövlüyünə qarşı müəyyən fikirlər səsləndirib və bu da müvafiq olaraq, azərbaycanlıların xoşuna gəlməyib. Solovyov bu müsahibənin onun şəxsi təşəbbüsü ilə baş tutduğunu, Rusiya dövlətinin mövqeyi olmadığını bildirdi və üzr istədi. Onu da əlavə etdi ki, ərazi bütövlüyü çox həssas məslədir və hər kəs bunda diqqətli olmalıdır. Çox gözəl!

Bunun üstündən durub, Solovyovun səmimi olub-olmaması haqda fikir yürütmək, yaxud ona inanmaq olarmı, olmazmı sualını qoymaq, zənnimcə, yanlış yanaşmadır.

Onun səmimiyyətini müzakirə etməyin nə mənası var axı? Bu axı dedi-qodu xarakterli xırda söhbətdir. Məgər Solovyova qız veririk ki, gələcəkdə ona necə davranacağına əmin olaq? Ondan qız da almırıq ki, ailə işimizə qarışıb-qarışmayacağını bilək. Yaxud ona qəbzsiz borc da vermirik ki, qaytarıb-qaytarmayacağına inanaq. Zatən qəbzsiz borc verən ağıllı adamdırsa, onun qaytarılacağını gözləmir...

Üzr istəmək ilk növbədə mədəniyyət göstəricidir. Solovyov bu qənaətə özü gəlibsə, deməli, səhvini anlayıb və özündə güc taparaq üzrxahlıq edib. Yüksək mədəniyyət olan yerdə neqativ hallar minimuma enir və yox olur. Yəni irqçilik, nasizm, ksenobiya, şovinizm, aqressiya, zorakılıq aradan qalxır. Bizə də məhz bu lazımdır ki, böyük qonşumuzdan bədgüman olmayaq. Daha ona "yox, biz sənə inanmırıq, sən səmimi deyilsən, bir dəfə də istəmişdin, amma yenə də etdin" demək qətiyyən sivil və mədəni davranış deyil. Mədəni adam, toplum heç nəyi unutmaz, ancaq hər şeyi dilinə də gətirməz.

Əgər Solovyova bunu "yuxarıdan" tapşırıblarsa, yenə də sevinmək və alqışlamaq lazımdır ki, bizdən xeyli böyük və güclü bir dövlət bizimlə zor dilində danışmır. Hətta üzr istəyir. Gəlin bunu qarşılıqlı münasibətlərin yeni müsbət mərhələsi kimi qiymətləndirək. Özü də mən ruslara bələdəm, onlar kəllə atanı xoşlamırlar, nəcib davranışa isə eyni üsulla cavab verməyi bacarırlar. Ümumiyyətlə, qarşılıqlı münasibətlərdə bu, çox vacibdir. Fikir vermisinizsə, ən qəddar, despot, vəhşi tiplər belə mədəni davranış, savadlı, ləyaqətli insan qarşısında yumşalır, dəyişilirlər. Çünki hamının eqosu var, mədəni insana qarşı barbarca davranan quldur belə onun qarşısında alçaldığını hiss edir. Eyni zamanda, mədəni müstəviyə keçəndə bir növ özünü də qarşısındakı üstün insana bərabər sayır.

Digər bir məsələ. Tutaq ki, Solovyov, onun şəxsində Rusiya höküməti, rus elitası bizimlə hesablaşır, gücümüzü, imkanlarımızı nəzərə alır. Bu da çox gözəldir və buna da sevinmək lazımdır. Ancaq bununla lovğalanmaq, özünü yekə aparmaq, təkəbbür nümayiş etdirmək qətiyyən doğru deyil. Bu, ziyanlı bir tövür olardı. Həm də nəcib, alicənab, mədəni, sivil davranış deyil.

Yadınızdadırsa, bir neçə il qabaq bəndəniz də "Solovyovdan üzr istəyirəm" adlı bir yazı yazmışdı. O zaman mən bunu rus jurnalistin ailəsinin dağılmasına səbəb olan bir azərbaycanlının nalayiq hərəkətinə üzülərək yazmışdım və qeyd etmişdim ki, bir əxlaqsız, qanmaz adama görə bütün azərbaycanlılara qarşı kinli olmaq lazım deyil. Rusların bu yazıdan xəbər tutub-tutmadıqlarını bilmirəm, amma bir çox azərbaycanlı məni buna görə qınadı ki, onlar bizə qarşı nələr edirlər, amma sən xırda bir məişət hadisəsinə görə millətin adından üzr istəyirsən-filan...

O zaman da, indi də düz etdiyimi düşünürəm. Çünki insanlar, xalqlar, dövlətlər arasında sülhün, əmin-amanlığın, mehribanlığın, əməkdaşlığın, ticarətin, siyasi, iqtisadi, mədəni əlaqələrin olması üçün səhvləri etiraf etməyi, üzr istəməyi, güzəştə getməyi bacarmalısan. Bəli, yeri gələndə güc, qətiyyət də göstərməlisən, bunsuz olmur, amma güc də nəticə etibarilə sülhə, barışığa xidmət etməlidir.

Sonda bir məsələni xatırlatmağı da özümə borc bilirəm. Qarabağla bağlı bir çoxlarının mövqeyi, oraya edilən qeyri-qanuni səfərlər, daşnak separatçılara göstərilən cürbəcür dəstəklər, yardımlar hər zaman etirazımıza səbəb olub və bunu çox zaman dövlət səviyyəsində ifadə etmişik. Ancaq gəlin yada salaq görək, bizdən kim və neçə dəfə üzr istəyib? ABŞ 907-ci düzəlişə görə, daşnaklara göstərdiyi ətək-ətək yardımlara, ora qanunsuz səfər edən senatorlara, konqresmenlərə, baronessalara, kokslara görə üzr istəyibmi? Yaxud da elə İngiltərə, Fransa, Almaniya, İtaliya - üzr istəyiblərmi? On minlərlə insanın qanının töküldüyü Qarabağ münaqişəsinin alovlanmasında müstəsna xidməti olan Fransa erməni diasporunun, erməni lobbisinin cinayətkar fəaliyyətinə görə, həmin dövlətin hansısa qurumu, tanınmış ziyalısı, siyasi xadimi üzr itəyibmi?

Nəsə xatırlamıram...

Nadir Qocabəyli

Xəbər 1096 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +