Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.06.2022  09:14 

Bir “cinayət”də min oyun... – Rafiq Ədilovu kimlər himayə edir?





A+  A-

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi (Bilal Məmmədov, Rafail Əliyev hakimlər) ilə Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Nəbiyev Ramin Cavanşir oğlu, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Kərimov Qurban Ağarəhim oğlu və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Hacıyev Mübariz Hüseyn oğlunun məhkəmə prosesi davam edir.

Mətbuata açıqlama yayan Mübariz Hacıyevin vəkili Ramin Məmmədzadə Prezident İlham Əliyevə və bu işlə əlaqəli dövlət qurumlarına müraciət edərək ibtidai istintaqda olduğu kimi, məhkəmə istintaqının da obyektiv aparılmadığını iddia edir.

Müraciətdə bildirilir ki, “öncədən planlaşdırılmış cinayət” ideyasını həyata keçirən narkoman İlham Əzimov (İlham Əzimov məhkəmə hökmü ilə AR CM-nin 234.1.-ci maddəsi ilə məhkumluqda olan şəxsdir) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ərazi İdarəsinin sabiq rəisi Rafiq Ədilovla əlbir olaraq heç bir vəzifəsi olmayan və cinayət törətməyən Mübariz Hacıyev və digərlərinin həm ibtidai, həm də məhkəmə istintaqı ədalətlə deyil, Rafiq Ədilovun sifarişi ilə aparılır.

Vəkil müxtəlif dövlət qurumları rəhbərlərinə ünvanladığı müraciətlərində bildirir ki, hüquqlarını müdafiə etdiyi Mübariz Hacıyev aparıcı məsləhətçi işləyən müddətdə vəzifəli şəxs kimi hər hansı bir şəxslə qabaqcadan əlbir olmayıb, xidməti üzrə heç kimə himayadarlıq etməyib və heç kimdən külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almayıb:

“Mübariz Hacıyevin AR CM-nin 311.3.1. və 311.3.3. maddəsində göstərilən cinayətin subyekti olması üçün, ilk növbədə o vəzifəli şəxs olmalı, alması təsdiq edildiyi halda rüşvət onun vəzifə səlahiyyətlərindən doğmalı, rüşvət alması bildirilən pulu istəməsi və alması təkzibedilməz sübutlarla təsdiq edilməli, ona edilmiş rüşvət təklifini qəbul etməlidir”.

Bu “cinayət” necə planlaşdırılıb?

İlk olaraq “şikayətçi” İlham Əzimovun təqsirləndirilən şəxsləri (hələ ki, canını istintaqdan qurtarmış sabiq rəis Rafiq Ədilovu) cinayətin törədilməsinə sövq etməsi məqsədilə onlarla görüşə getməsi razılaşdırılır. İlham Əzimov bu işdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən texniki vasitələrlə təmin edilir və “öncədən planlaşdırılmış cinayət” ideyasını həyata keçirir.


Foto: Təqsirləndirilən şəxs Mübariz Hacıyev

Vəkil R.Məmmədzadə bildirir ki, aparılmış istintaqla cərəyan edən hadisələrin ardıcıllığına nəzər yetirildikdə müşahidə edilir ki, “öncədən planlaşdırılmış cinayət” ideyasını reallaşdıran İlham Əzimov ilk olaraq Göyçay rayonu, Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyevlə görüşür:

“Həmin görüşdən sonra o, 8 saylı Regional Ekologiya İdarəsinə gələrək qanunsuz əməlini həyata keçirmək məqsədilə Vüqar İsmayılova müraciət edir, daha sonra isə həmin idarənin rəisi Rafiq Ədilovun qəbulunda olur. İstintaq materiallarına əsasən, qəbuldan sonra İlham Əzimov Rafiq Ədilovla birlikdə idarənin həyətində söhbət edir, daha sonra Rafiq Ədilovun çağırışı ilə Mübariz Hacıyev gəlir və birlikdə dialoqları davam edir. Bu zaman Rafiq Ədilovun göstərişi ilə İlham Əzimov mobil telefonu ilə Bələdiyyə sədri Ramin Nəbiyevi yığaraq danışır və sonra dəstəyi Rafiq Ədilova verir. Danışığın mahiyyətində “Rafiq Ədilovun Ramin Nəbiyevə axşam Mübarizlə görüşüb danışması barədə” fikirlər səsləndirilir”.

Vəkil R.Məmmədzadənin fikrincə, istintaqın müəyyən etdiyi ardıcıllığa nəzər yetirsək görərik ki, Mübariz Hacıyevin İlham Əzimovla tanışlığı onun Rafiq Ədilovun qəbulundan sonraya təsadüf edir:

“Yəni, Mübariz Hacıyev rəisi Rafiq Ədilovun tanıdığı, qəbul etdiyi adamla ondan xəbərsiz hər hansı bir iş görə bilməzdi. Mübariz Hacıyevin vəzifəli şəxs kimi sərəncam vermək səlahiyyətinin olmamasını da nəzərə alsaq “öncədən planlaşdırılmış cinayət” ideyasının subyekti qismində o yox, vəzifəli şəxs kimi 8 saylı Regional Ekologiya İdarəsinin sabiq rəisi Rafiq Ədilov çıxış etməli idi”.

Əlbəttə, Rafiq Ədilovun hədəfdən yayınması və özünə tabe olan, heç bir sərəncam vermə səlahiyyətinə malik olmayan vəzifəsiz Mübariz Hacıyevi cinayətin subyekt qismində “güllənin qabağına verməsi” ortada xeyli əmmaların və müəmmaların mövcudluğundan xəbər verir.

İlham Əzimovun bu işdə “formal şikayətçi” olması isə onun məhkəmə ilə istintaqa vermiş olduğu ifadələrin tamamilə zidiyyət təşkil etməsindən də açıq-aydın hiss olunur. Belə ki, istintaqda Qarabaqqal bələdiyyəsi ərazisindən götürəcəyi torpağı Biləcəri (Binəqədi rayonu) qəsəbəsindəki sexə aparacağını deyən İlham Əzimov məhkəmədə isə tamam başqa istiqamətə - Qaradağ rayonu ərazisində olan sexə aparacağını bildirir.

Təəssüf ki, “şikayətçi”nin niyyətini araşdırmayan istintaq orqanı İlham Əzimovun güya torpaq daşımaq niyyətini əsas götürərək cinayət işinə başlamışdır.


Foto: Təqsirləndirilən şəxs Ramin Nəbiyev

Hansı cinayətdən və rüşvətdən söhbət gedə bilər?

Müdafiəçi bildirir ki, əsassız şəkildə başlanılmış cinayət işi və aparılmış istintaq zamanı müəyyən edilməmiş zidiyyətli məqamlar və yol verilmiş pozuntularla əlaqədar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Pərviz Cəlilov şahid qismində məhkəməyə dəvət edilərək dinlənilməli idi:

“Müstəntiqin şahid qismində məhkəmədə dinlənilməsinə zərurət onun tərəfindən əməlin töfsifində yol verdiyi pozuntular və araşdırılmamış zidiyyətli məqamlarla bağlıdır. Zidiyyətli məqam kimi Mübariz Hacıyevin 2000 manat pul almasını təsdiq edən sübutun yalnız mahiyyəti istintaqın özünə də bəlli olmayan “Ramin Nəbiyevlə Mübariz Hacıyevin 31.03.2021 tarixdə sonuncu telefon danışığı” və “01.04.2021 tarixdə onların (Mübariz və Ramin) eyni anten dairəsi altında olması” xüsusatı olmuşdur. Nə 31.03.2021-ci il tarixli telefon danışığının məzmununda, nə də 01.04.2021 tarixli Ramin Nəbiyevlə Mübariz Hacıyevin eyni anten dairəsində olması birincinin (R.Nəbiyevin), ikinciyə (M.Hacıyevə) 2000 manat pulun rüşvət qismində verilməsini təsdiq etmir. Yəni bu kimi qeyri-müəyyən vəziyyətdə müstəntiq tərəfindən əlavə araşdırma aparılmamışdır. Yalnız fərziyəyə əsaslanaraq cinayət işi başlanılmışdır.

Əgər Mübariz Hacıyevin “öncədən planlaşdırılmış cinayət” ideyasının digər qurbanı Ramin Nəbiyevdən güya 2000 manat pulu alması onun Ramin Nəbiyevlə Göyçay şəhərində “eyni anten dairəsi altında olması” və məzmunu istintaqa da bəlli olmayan telefon danışığı ilə sübut edilməyə çalışılırsa, bu zaman nəzərə alınmalıdır ki, Mübariz Hacıyev və Ramin Nəbiyev Göyçay sakinləridir, orada yaşayır və eyni anten dairəsində olmaları təbiidir.

“Şikayətçi” İlham Əzimov da ifadəsində qeyd edir ki, “mən Ramin Nəbiyevin Mübariz Hacıyevlə telefon danışığından elə başa düşdüm ki (?!), Mübariz pulu Raminə verilməsini deyir”.


Belə çıxır ki, cinayət işinin ana xətti Bələdiyyə sədri Ramin Nəbiyevin Mübariz Hacıyevə pul verməsi “faktıdır”. R.Nəbiyev isə nə ifadəsində, nə üzləşmə protokolunda, nə də məhkəmə istintaqı zamanı belə bir halın - yəni Mübariz Hacıyevə pul verməsini təsdiq etmir.

Belə olan halda hansı cinayətdən və rüşvətdən söhbət gedə bilər?

Rafiq Ədilov məhkəmədə niyə dindirilimir?

8 saylı Regional Ekologiya İdarəsinin sabiq rəisi Rafiq Ədilov istintaqa verdiyi ifadəsində Mübariz Hacıyevin İlham Əzimovla görüşməsindən məlumatsız olduğunu qeyd edib. Mübariz Hacıyevin bu işin - yəni İlham Əzimovla görüşün nəticəsi, şikayətçiyə qanunun tələbləri qaydasında cavab verməsi, ondan rüşvət qismində heç bir pul almaması, istəməməsi barədə Rafiq Ədilova söylədiyi fikirlərini (məruzəsini) istintaqa tam şəkildə bildirməməsi səbəbindən Mübariz Hacıyevə əsassız ittiham verilib.

Vəkil R.Məmmədzadə qeyd edir ki, bu kimi zidiyyətli məqamlar üzrə 8 saylı Regional Ekologiya İdarəsinin sabiq rəisi Rafiq Ədilovu şahid qismində məhkəmədə dinlənilməsi vacibdir:

“Lakin, nə hikmətdirsə, Rafiq Ədilov hakimlə Şəkidə məhkəmədə zalında deyil, Bakıda - Elmlər Akademiyasında görüşür.


Foto: 8 saylı Ekalogiya İdarəsinin sabiq rəisi Rafiq Ədilov

Başqa bir mühim məqam ondan ibarətdir ki, 8 saylı Ekalogiya İdarəsinin sabiq rəisi Rafiq Ədilov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaqında olduğu kimi, Şəki Ağır Cinayətlər Məhkəməsində də öz mənafeləri naminə prosesin gedişinə təsir edir, öncədən işə baxan hakimlərlə görüşlər keçirir.

Hətta bu arxalı və arxayın adam Şəki İstintaq Təcridxanasına gedərək (16.05.2022-ci il tarixdə, işçisi Sadıq Yusifovla birlikdə) Mübariz Hacıyevlə görüşür və ona məhkəməyə gəlməyəcəyini, prosesin sonunda isə Mübariz Hacıyevə 8 il müddətinə cəza veriləcəyini bildirir”.


Maraqlıdır, elə deyilmi? Deməli, bu adamın pulu və arxası o qədər möhkəmdir ki, hətta Mübariz Hacıyevə nə qədər iş veriləcəyini də əvvəlcədən bilir...

Vəsatətlər niyə təmin olunmur?

Vəkil R.Məmmədzadə bildirir ki, təqsirləndirilən şəxslərin istintaqın gedişindən narazı olmalarını bildirən vəsatətləri hakim tərəfindən əsassız olaraq təmin edilmir:

Birincisi, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Pərviz Cəlilovun və 8 saylı Regional Ekologiya İdarəsinin sabiq rəisi Rafiq Ədilovun şahid qismində məhkəmədə dinlənilməsi ilə bağlı vəsatətimiz təmin edilmir;

İkincisi, məhkəməyə təqdim edilmiş video-görüntüləri qeydə almış qurğunun tam çəkiliş saatının müəyyən edilməsi və izlənilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən tələb olunmur və məhkəmə baxışına qədər müdafiə tərəfinin sərbəst tanış olmasına şərait yaradılmır;

Üçüncüsü, təqsirləndirilən Hacıyev Mübariz Hüseyn oğlunun AR CM-nin 311.3.1. və 311.3.3. maddəsinin subyekti kimi vəzifəli şəxs olub-olmaması barədə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinə sorğu göndərilmir;

Dördüncüsü, hakimə etiraz ərizəmdə qeyd edilmiş 16.05.2022-ci il tarixdə baş verməsi bildirilən Rafiq Ədilov və Sadıq Yusifov xidməti iş yerini tərk edərək Şəki şəhərinə gəlmələri, məhkəmə və Şəki İstintaq Təcridxanasında olmaları xüsusatı üzrə mobil operatorlardan Rafiq Ədilov və Sadıq Yusifovun telefon anten dairələri, onların Şəki İstintaq Təcridxanasında Mübariz Hacıyevlə görüşmələrinin müəyyən edilməsi üçün məhkəmə və Şəki İstintaq Təcridxanası daxilində və ətrafında olan kamera görüntülərinin tələb olunması ilə bağlı vəsatətimiz təmin olunmur;

Beşincisi, 06.03.2022-ci il tarixdə Rafiq Ədilov, Sadıq Yusifov və Nahid Mirzəyevin (hakim) Bakı şəhərində görüşlərinin olması xüsusatının müəyyən edilməsi üçün “Elmlər Akademiyası” metro stansiyasının yol hissəsinin girişndə quraşdırılmış metropolitenə məxsus müşahidə kamerasından görüntülər, “Elmlər Akademiyası” metrosunun qarşısında quraşdırılmış TŞ2-002 və Bakı şəhər, Hüseyn Cavid parkının qarşısındakı yeraltı keçidin yanında quraşdırılmış TŞ2-056 müşahidə kameralarından görüntülərin tələb edilərək müşahidə edilməsi ilə bağlı vəsatətimiz təmin olunmur;

Altıncısı, 06.03.2022-ci il tarixdə Rafiq Ədilov, Sadıq Yusifov, Röyal Hacıyev (təqsirləndirilən M.Hacıyevin oğlu) və Nahid Mirzəyevin (hakim) mobil operatorlardan sorğu əsasında istifadələrində olan telefon anten dairələri barədə məlumatların tələb edilməsi ilə bağlı vəsatətimiz təmin olunmur; (Necə olur ki, Ramin Nəbiyevlə eyni anten dairəsi daxilində olması əsasına görə Mübariz Hacıyevə 2000 manat pulu vəzifəli şəxs kimi alması barədə ittiham verilir və məhkəmə də bunu araşdırır).

Yeddincisi, təqdim edilmiş səs yazısında (R.Ədilov və R.Hacıyev arasında) olan danışıqların məzmunu barədə Rafiq Ədilov və Röyal Hacıyevin ifadələri və görüşlərin şahidi olmuş Röyal Hacıyev və digər orada olmuş və təqdim (tələb edildiyi təqdirdə) edəcəyimiz şəxslərin ifadələrinin alınması ilə bağlı vəsatətimiz təmin olunmur;

Və nəhayət, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Nahid Mirzəyevin AR CPM-nin 334 və 338.1. maddəsinin mövcudluğu halında sənədin tədqiq edilməsindən (Rafiq Ədilovun ifadəsi və s.) imtina etməsinin bütün hüquqi və şəxsi tərəfləri araşdırılmalıdır.



* * *

Vəkil R.Məmmədzadənin sözlərinə görə, məhkəmə baxışı zamanı müəyyən edilib ki, İlham Əzimovun qanunsuz torpaq daşımaq və bu məqsədlə rüşvət vermək niyyəti ümumiyyətlə olmayıb:

“O qəsdən öyrədilərək Qarabaqqal kəndinə göndərilib və ona müxtəlif şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün həmin şəxsləri “korrupsiya cinayətinə sövq etmək” tapşırılıb. Reallıqda rüşvət verməklə hər hansı bir qanunsuz iş görmək niyyəti olan bir şəxs “öncədən planlaşdırılmış cinayət” ideyasını reallaşdırılmasında iştirak etməsi üçün ya anlaqsız olmalı, ya da ağlını itirəcək qədər narkotik vasitə qəbul etməlidir. Anlaqsız şəxs cinayətin subyekti ola bilmədiyi üçün, “öncədən planlaşdırılmış cinayət” ideyası narkoman İlham Əzimov vasitəsilə həyata keçirilib. İlham Əzimov məhkəmə baxışına belə narkotik vasitənin təsiri altında gəlib və şahid kimi zidiyyətli ifadələr verib. Hansı yalan və həqiqətə qəti uyğun olmayan ifadələri verib, onu məhkəmə iclas kameralarına baxarkən də müəyyən etmək olar”.

Vəkil R.Məmmədzadə bildirir ki, AR CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir:

“Şəki Ağır Cinayətlər Məhkəməsi araşdırdığı “öncədən planlaşdırılmış cinayət” ideyasına əsaslanan cinayət işində sübutlar əsasında müəyyən edilməli olan halları qəsdən müəyyən etmir. Məqsəd isə “öncədən planlaşdırılmış cinayət” ideyasının təşkilatçılarını məsuliyyətdən kənarda saxlamaqdır. “Öncədən planlaşdırılmış cinayət” ideyasının təşkilatçıları və iştirakçıları isə torpaq daşımaq niyyəti olmayan formal şikayətçi İlham Əzimov, formal şikayəti realizə etmədən, real cinayət kimi araşdıran istintaq orqanı, ETSN-nin 8 saylı Ərazi İdarəsinin hadisəyə görə vəzifəsindən azad edilmiş rəisi Rafiq Ədilov və 11 saylı Ərazi İdarəsinin işçisi, Rafiq Ədilovun dostu Sadıq Yusifovdur”.

Qeyd edək ki, M.Hacıyevin vəkili R.Məmmədzadə məlum “cinayət işi”nin obyektiv aparılmasına dəstək göstərmələri üçün Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədir Ramiz Rzayevə və Vəkillər Kollegiyasının sədrinə müraciət edib.

* * *


Foto: Prezident İlham Əliyevin Şəki Məhkəmə Kompleksinin açılışında

Sonda Prezident İlham Əliyevin 4 noyabr, 2015-ci ildə Şəki Məhkəmə Kompleksinin açılış mərasimindəki nitqindən bəzi məqamları yuxarıda bəhs etdiyimiz işi aparan hakimlərin diqqətinə çatdırmaqda fayda görürük:

“Məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişaf üçün çox önəmli bir şərtdir.

Əlbəttə, hər bir ölkədə problemlər də, qüsurlar da, mənfi hallar da var. Bəzi hallarda biz Azərbaycanda, Avropada mövcud olan vəziyyətlə, qüsurlarla bağlı fikirlərimizi ifadə edirik. Yəni, biz də tənqidə açığıq və hər bir ölkə tənqidə açıq olmalıdır”.


* * *

İki gün əvvəl Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Şurada məhkəmə fəaliyyətinin yeni çağırışlara uyğun, müasir tələblər səviyyəsində təşkilinin, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb. Bu sahədə PREZİDENTİN QƏTİ SİYASİ İRADƏSİ diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən dövrdə korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

İclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib.

Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.

Bax belə...

P.S: Viktor Hüqo fransız ədibi Volterin anım günü ilə bağlı keçirilən təntənəli tədbirlərin birində demişdir:

“Hakimlər ədalətli qərar çıxararlarsa, onlara hörmət edərlər, dindarlar ümid verərlərsə, onlara inanarlar...”

Mövzunu davam etdirəcəyik...

Yusif Əli
XəzərNews.az



Xəbər 4937 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +