Kələ-kötürlü yollar, dağılmış asflat örtüyü - VİDEO
Rusiyalı oliqarxların sərvəti donduruldu
Dənizdə batan gənc tələbə olub - Foto
“İndi şərtlər dəyişib“ - İbrahim Kalın
Polis Füzulidə MİNAYA düşdü
Yaşı 70-i haqlasa da o, 21-ci əsrin jurnalistidir...
Lənkəranda QƏTL: Saxlanılan var...
İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib - Fotolar
AXCP fəalı qətlə yetirilib
Hikmət Cavadov Kiyevin müdafiəçiləri ilə görüşdü – Fotolar


18.05.2022  10:45 

Bizim dövlətdə əhali insanın ağlını pulla ölçür...





A+  A-

Yağı suya, suyu yağa qatmaq olar, lakin belə dövlətdə müasir texnologiya tətbiq etmək olmaz...

İşbaz, ərbab, sahibkar tayfası ilə əlaqəm yoxdur. Bilmərrə. Onlar hara, kasıb jurnalist hara.

Fəqət əvvəlki həyatımda iqtisadiyyatla ciddi məşğul olmuşam deyə, həm də vətənimin siyasi-ictimai həyatına bir balaca bələdliyim səbəbindən iqtisadi proseslərin mahiyyətindən xəbərdaram. Buna görə iqtisadiyyatda cərəyan edən hadisələr barədə nə deyirəmsə, nə yazıramsa, təəssüf ki, çin çıxır.

Başqalarının işlərinə, əgər bu işlər əhalinin taleyinə, güzəranına toxunmursa, qarışmaqla aram yoxdur. Məhz bu səbəbdən tanışlarımın biri söhbət əsnasında sözgəlişi deyəndə ki, “filan dostum Azərbaycana dünyanın qabaqcıl texnologiyasını gətirib”, soruşdum “o nəmənədir?”

Dedi ki, ”müasir qurğudur, bir nöqtədə bir çala, tələb olunan digər nöqtədə ikinci çala qazırlar, sonra qurğunu salırlar birinci çalaya, qurğu yerin altında tunnel qazıb ardınca borunu dartır, beləcə evləri sökmədən, yolun asfaltını dağıtmadan su, qaz və ya kanalizasiya borularını çəkə bilir. Nəticədə həm vaxta, həm də büdcə xərclərinə qənaət edilir”.

Heç fikirləşmədən dedim ki, “bu qurğu Azərbaycanda işləməz”.

Tanışım təəccübləndi və dedi ki, “bu qurğu Amerikada, Avropa ölkələrində, hətta Rusiyada uğurla sınaqdan keçib və işləyir, Azərbaycanda niyə işləməz?” Cavab verdim ki, “bu qurğu bizim milli mentalitetə tamamilə yaddır və hətta yabançıdır”. Heyrətə gəldi və soruşdu ki, “milli mentalitetin müasir avadanlığa nə dəxli var”. Müxtəsər dedim ki, qardaş, bax, dünyanın zəngin və bəxtəvər ölkələrində uğurla işləyən şəffaf və ədalətli seçki, müstəqil və ədalətli məhkəmə, səlahiyyətli və əhali qarşısında cavabdeh bələdiyyə bizdə olmadığı kimi, binaları və yolun asfaltını dağıtmayan, büdcə xərclərini azaldan müasir texnologiyalar da ola bilməz. Sənin dostun büdcə xərclərini azaldan, binaları və yol örtüyünü dağıtmayan müasir qurğu gətirməklə bizim milli dövlətin təməli olan neft pullarının tarmar edilməsi meyarına əl uzadır. Qısası, sənin dostun bizim milli dövlətin düşmənidir. 44 günlük müharibə isə sübut etdi ki, bizim milli dövlət öz düşmənlərinin öhdəsindən gəlməyi bacarır.

Tanışım boz-boz dedi: “sənin barəndə çox adam deyir ki, bilikli və ağıllı adamsan. İndi bildim ki, hamı yanılır. Sənin bizim dövlət barədə biliyin ya heç yoxdur, ya da qərəzlidir. Dostum xaricdən böyük xərc çəkib gətirdiyi avadanlığı boru çəkilməsini sifariş edən dövlət müəssisələrinin məsul rəhbərlərinə göstərib, hamısı deyib əhsən, hazırlaş, boru çəkmək lazım olanda, sənə sifariş verərik. İndi oturub sifariş gözləyir”.

Dedim “gözlərinin kökü saralınca qoy gözləsin, ona heç kəs heç bir sifariş verməyəcək”.

Uzun sözün qısası, söhbətdən iki il ötüb, tanışımın dostu hələ də sifariş gözləyir. Qarabağda “Böyük qayıdış” layihəsi həyata keçirilir. Şuşada, Ağdamda, başqa şəhər və kəndlərdə borular çəkilir, su və kanalizasiya sistemləri qurulur, tanışımın dostu əbəs yerə gözləyir. Yeni qurğuda işləməyi öyrənmiş mühəndis və fəhlələr iş olmadığından dağılışdılar, tanışımın dostunun yeni texnologiyaya yatırdığı sərmayə gəlir gətirmək əvəzinə ziyana döndü, özü isə çarəsizlikdən az qala çərləyir.

Mənə nə? Mən dediyimi dedim, öncəgörməmi səsləndirdim. Beşdən alacağım, üçdən verəcəyim yoxdur, təvazökar təqaüdümə uyğun ayağımı uzadıram, qocafəndi həyat sürürəm. Dövlətimiz barədə bəd gümanlarım çin çıxanda sevinmirəm, əksinə, pərişan oluram, zira bu dövlət mənə yad deyil, mən bu dövlətə yadam.

Dediyimə qulaq asmayanlar hamısı azad insanlardır, hamısı ali təhsillidir, hamısı özünü, mənim kasıb həyatıma baxıb, məndən ağıllı sayır. Haqları var, bizim dövlətdə əhali insanın ağlını pulla ölçür.

Küçəmizdə şıdırğı iş gedir. Su borusu çəkirlər. Yüz metrini çəkiblər, qalıb 200 metrə. Necə çəkirlər? Dədə-baba qaydasıynan. Asfaltı doğrayıb çıxarırlar, ekskavator uzununa dərin bir xəndək qazır, qazılıb çıxarılmış torpağı daşyıb harasa aparırlar, plastmas qara rəngli boruları bir-birinə qaynaq edib yerə basdırırlar, sonra üstünü haradansa gətirilmiş torpaqla örtürlər, sonra o torpağın çökməsini gözləyirlər, sonra isə canım sizə nə desin, karyer daşının qırıntılarını gətirib tökürlər, onu ağır maşınlarla sıxlaşdırıb hamarlayırlar, sonra üstünə çınqıl, çınqılın üstünə təmiz qum, qumun üstünə asfalt töküb hamarlayırlar. Bir müddətdən sonra bu yeni çəkilmiş asfalt zolağının altındakı torpaq bir az da sıxlaşır və asfalt çatlayıb çökür, asfalt yol olur zay.

Hər şey “Parni iz Baku”nun körpü barədə məşhur məzəli əhvalatında olduğu kimi baş verir, sadəcə asfalta Svarovski qiymətli daşlarını düzmürlər.

İşin gedişi göstərir ki, bu işin sifarişçiləri də, icraçıları da hamısı qohum-qardaşdır, hamısı da dövlət büdcəsinin tarmar edilməsi sahəsində yüksək səviyyəli peşəkarlardır. Belə peşəkarlar hələm-hələm ələ düşəsi deyillər, onları İlham müəllim və onun komandası xalqımızın içərisində diqqətlə arayıb-axtarıb tapır və dövlətimizin pula həssas məqamlarına təyin edir.

Mən bu rişxənd və kinayə doğuran fəaliyyətə soyuqqanlı tamaşa edirəm. Bilirəm ki, bütün bu hoqqabazlıq bizim milli mentalitetə tam uyğundur, uyğun olduğu üçün də legitimdir. Bizdə başqa cür ola bilməz. Çünki bizim xalq Məşədi İbadın övladıdır, yəni xalis müsəlmandır. Dünya üzrə müsəlman xalqlarının vəziyyətinə tamaşa etdikdə isə bizim xalqın halına hələ şükür etməliyik.

Bəli, oxuyuram ki, sabiq Baş prokuror Zakir Qaralova məxsus olduğu iddia edilən “Akkord” şirkətlər qrupunun boru çəkilməsi ilə məşğul olan “Hidrotexnikal Konstrakşn Kompani” şirkətinin dövlət büdcəsinə 2 122 041 manat 59 qəpik borcu var. Adətimə uyğun olaraq həmin dəqiqə fikirləşirəm ki, yazıq Zakir Qaralov!

Əvvəla, bu “Akkord” çoxdandır onun deyil, ondan alınıb digər hörmətli bir şəxsə verilib. Saniyən, məsələ Zakir Qaralovdan asılı olsaydı, həmin borcu vaxtında ödəyərdi, çünki çox evlər yıxdığına rəğmən öz evinin qədrini yaxşı bilir və belə kiçik məbləğə görə başağrısı istəməzdi. Salisən, həmin vergi məbləğini hansısa orta həcmli işçi çoxdandır basıb yeyib və üstündən su da içib. Onu indi həbs edib qoduqluğa salsalar belə, xeyri olmayacaq, pulu qaytara bilməyəcək. Rabiən, bu işi Zakir Qaralov vacib vəzifəsini məhz itirəndən sonra açıb-ağardıblar ona görə ki, Zakir müəllimi bir balaca sağsınlar. Xamisən, bayaq təsvir etdiyim bahalı qazıntı və təmir-çəkiliş işlərini aparan insanlar və qurumlar heç vaxt imkan verməzlər ki, hansısa sadəlövh bir vətəndaş hansısa müasir texnologiyanı Azərbaycana gətirib hörmətli insanların adətkərdə olduqları yüksək gəlirli işləri fəna etsin.

Həmişə məsələnin cövhərini tapmaq və ona baxmaq lazımdır. Məsələn, əgər kimsə küçədə dayanıb vargücü ilə “Millət! Millət!” bağırırsa, ona ahəstə yavuqlaşıb soruşmaq lazımdır ki, “A bala, dərdin nədir? Nə istəyirsən?”

Onda da məlum olacaq ki, zavallı “Millət” bağıran kəsə ev (pul, maşın, vəzifə) lazımdır. Sadəcə küçəyə çıxıb “Ev! Pul! Vəzifə! Maşın!” qışqırsa, hamı deyər ki, “Kişi gavər xərifləyib. İstəyirsən? İstə, istəmək günah deyil. İstə, fəqət bil ki, heç kəs gəlib sənə nə ev, nə pul, nə maşın, nə də vəzifə verəsi deyil”.

Hərçənd ki, öz aramızdır, mən də, siz də, nə qədər adam tanıyırıq ki, elə “millət, millət” bağıraraq həm ev, həm maşın, həm pul, həm də vəzifə alıb. Amma məhz belə adamların cövlan etdikləri dövlətdə müasir texnologiyaların tətbiqi mümkünsüzdür.

Yağı suya, suyu yağa qatmaq olar, lakin belə dövlətdə müasir texnologiya tətbiq etmək olmaz.

Bəli, əhvalat vaqe olur 1920-ci ildə Misrin İskəndəriyyə limanında. İngilis müstəmləkəçilərinə qarşı Misir xalqının qaldırdığı şanlı üsyan yenicə yatırılıb. Üsyanın rəhbəri, əsli-nəcabəti ilə ölkədə ad çıxarmış Səəd Zəğlul Paşa ingilislərin hökmü ilə Misirdən Aralıq dənizinin tən ortasında yerləşən Malta adasına sürgün edilir. Səəd Paşa onu sürgünə aparacaq gəminin göyərtəsinə pillələrlə qalxarkən sevimli vətəninə və xalqına son nəzər salır, “əlvida” deyir.

Nə deyir? Onun bu sözləri ondan sonra vətən sevgisi ilə yanan neçə nəsil misirli vətənpərvərin həyatının şüarına çevrilir. Səəd Zəğlul Paşa limanda qaynaşan camaata baxıb deyir: “Ma fiş fəidə min-əş-şəabi-l-masri”.

Yəni “Misir xalqından fayda yoxdur”.

Yazıq Səəd Zəğlul Paşa demək istəyirdi ki, “bu xalq düzələn deyil”.

100 il keçib, Misir xalqı yenə həmin zəlil gündədir.

Ha indi mən 30 ildir bu əziz və sevimli xalqıma baxıram, baxıram, elə-hey baxıram və nədənsə yadıma Səəd Zəğlul Paşanın 1920-ci ildə İskəndəriyyə limanında dediyi sözlər düşür.

Zərdüşt Əlizadə
Mənbə: Meydan TV

Xəbər 4586 dəfə oxunub.




26.06.2022  23:35 

Polis Füzulidə MİNAYA düşdü

26.06.2022  21:27 

AXCP fəalı qətlə yetirilib

26.06.2022  10:11 

Ruslar Kiyevi raketlərlə VURDU


BÜTÜN XƏBƏRLƏR +