21.04.2022 21:12
Muğamatımız və efir məkanımız bu gün
Xalqımızın “Mən varam!”-deməyə haqq verən göstəricilərdən biri də onun canına-ruhuna hopmuş, yaranışından başlayaraq yaşı qədər ululaşmış muğamatımızdır. O, nikbin vaxtlarımızda, dərdli çağlarımızda ovqatımızın ifadəçisi olub, milli taleyimizin hər enişini, hər yoxuşunu yaddaşına köçürərək yaşadıb, nəsildən-nəslə ötürüb. Bəlkə elə məhz buna görə də “Humayun”a, “Şur”a, “Segah”a, “Çahargah”a qulaq asanda, nə qədər soyuqqanlı insan olsan belə, düşüncələrə dalmağa vadar olursan. Dinləyərkən ilahi sözlərlə sehrli musiqinin vəhdəti varlığını çulğalayır, səni dünyanın, həyatın, nəhayət, bir fərd kimi özünün dərkinə varmağa təhrik edir. Vətənpərvərlik hissin, milli təəssübkeşlik duyğun bütün hüceyrələri ilə oyanır. Bax, bu cür düşündürücü bir sənətin taleyi barədə də dərindən düşünmək lazımdır.
Hansısa muğamın hansısa şöbəsindən xəbərdar olmaya, səs və söz kərpiclərindən hörülmüş belə bir geniş və mürəkkəb aləmdə nəyisə bilməyə bilərsən. Amma bu əzəli sənətin mövcud nümunələrini dinləməkdən qabaq, heç olmasa, filosof şairimiz Bəxtiyar Vahabzadənin “Muğam” poemasında tövsiyə edilən normanı ödəməlisən:
Əvvəl öyrən, bu vətənə
Hardan,
Hansı külək əsib?
Qara yellər dilləndirən
Bir qarğıdan
Kim, nə zaman,
nədən ötrü tütək kəsib?
“Şur” nə deyir, nə danışır narın-narın?
Heç olmasa, görkəmli xanəndəmiz Hacıbaba Hüseynovun muğamatımızın yenilməz gücünü vurğulayan “Musiqi sövti çəkib, ruhu gətirmiş bədənə” misrasının mahiyyətini anlamalısan. İstedadlı tələbələrindən birinə həsr elədiyi qəzəldəki bu beytin məğzini başa düşməlisən:
Mənim səndən ricam oldur, məqamat elimini öyrən,
Gələn nəslin şux övladı, derəm kim, olmasın zail...
Muğamlarımız bizə nələr bəxş eləmir?! Paklıq, mehribanlıq, sadəlik, dünyagörüş, humanizim, yaxşı mənada millətçilik, zövq... Bunların müqabilində isə təkcə yaşantısına-inkişafına etinasızlıq göstərməməyimizi umur bizdən. Ona bəslənən məhəbbətin, hörmət-izzətin təməlində aydın vətəndaşlıq mövqeyi dayanmalıdır. Daha doğrusu, önəmli milli atributumuz kimi, muğamatımızın hər zaman keşiyində durmalıyıq, hər çalarını göz bəbəyimiz sanmalıyıq və qorumalıyıq. Bu sahədə də ulu öndərimiz Heydər Əliyevdən nümunə götürməliyik. Onun yolunu uğurla davam etdirən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu sözlərini muğamlarımıza münasibətimizdə epiqraf seçməliyik: “Muğam bizim milli sərvətimizdir. Azərbaycan xalqının sərvətidir. Əminəm ki, bundan sonrakı illərdə də ... muğam yaşayacaq, inkişaf edəcəkdir. Biz də öz tərəfimizdən hər şeyi etməliyik ki, bu gözəl sənəti qoruyaq, möhkəmləndirərək.”
İstər maddi, istərsə də mənəvi irsimizin böyük hamisi, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın söylədiyi kəlmələri özümüz üçün dərindən təhlil edib, bir vətəndaş kimi həyat amalımıza çevirməliyik:
“Muğam bizim mədəniyyətimizin, Azərbaycan mədəniyyətinin əsas sütunlarından biridir və əlbəttə, onu qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının borcudur”.
Müstəqillik, bütün sahələr kimi, muğamatımıza da geniş meydan açdı. Onun əhmiyyətini lazımınca anlayan uzaqgörən Azərbaycan rəhbərliyi ulu sənətimizin inkişafı üçün çox münbit şərait yaratmışdır və bu yolda beynəlxalq səviyyəli işlər görür, doğru seçim eləmiş ifaçılar üçün əlindən gələni əsirgəmir.
Muğamatımız, Heydər Əliyev Fondunun səyi hesabına bir çox maddi-mənəvi abidələrimizlə yanaşı, YUNESKO-nun “xüsusi mühafizə edilən irs” siyahısına salınmışdır. Bakıda Muğam Mərkəzində beynəlxalq muğam festivallarının keçirilməsi ölkəmizin paytaxtının dünyanın muğam ocağına dönməsi baxımından çox əlamətdar hadisələrdir. “Qarabağ xanəndələri” musiqi albomunun burxaılması, sistemli şəkildə, silsilə halında “Muğam irs”, “Muğam dəstgah”, “Muğam ensiklopediyası”, “Muğam antologiyası”, “Muğam aləmi” və sair layihələrin hazırlanması və ardıcıl olaraq həyata keçirilməsi muğam sənətimizin tərəqqisi, təbliği yolunda öz bəhrələrini verməkdədir. Ölkəmizdən kənarda muğam ifaçılarının iştirakı ilə keçirilən, bundan sonra da digər yerlərdə keçiriləcək konsertlər, sözsüz ki, xalqımızın, yurdumuzun dünyada daha yaxşı tanınmasına layiqli xidmət göstərir və göstərəcək. Çoxsaylı tədbirlərin təşəbbüskarı, mədəniyyətimizin quruculuğu sahəsində həmişə öndə gedən Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi telemüsabiqələr istedadlı gənc ifaçıların üzə çıxarılmasında, böyük xanəndəlik sənətinə qədəm basmasında misilsiz rol oynayır.
Əlbəttə ki, bu görülən işlərin ictimaiyyətin muğam sahəsində maariflənməsi baxımından da əhəmiyyəti böyükdür. Musiqinin meyarı dinləyici auditoriyasıdır. Yalnız o, yaxşıları qoruyub saxlaya, əsl sənətə boy verməyənləri böyük səhnələrdən kənarlaşdıra bilər. Müxtəlif efirlərdən zövqünə təqdim olunan ifaçıları qəbul etməsi-onu yaşatması, bəyənmədiklərinin yolunda qırmızı işıq yandırması deməkdir. Digər tərəfdən, efir məkanları da çox diqqətli olmalıdırlar. Təkrar-təkrar səviyyəsiz xanəndə və müğənnilərə efirlərdə yer verilməsi dözülməzdir.
Milli dəyərlər sırasında ən önəmlilərdən biri tarix boyu xalqımızın əhval-ruhiyyəsini öz məzmununda əks etdirən muğamlarımızdır və bəzi efir məkanlarının bu azman sənətə münasibətdə parakəndə, başdansovdu verilişlərlə səviyyəsizliyini pərdələməyə çalışdığı, necə dəyərlər, “gününü keçirdiyi” göz qabağındadır. Doğurdanmı, hər hansı bir şou proqramı gənclərimizin tərbiyəsində oynayan rolda “Çahargah”ı, “Şur”u, “ “Humayun”u üstəliyə bilər? Doğurdanmı, oxumaq əvəzinə, özəl kanalların neçə-neçə verilişlərində cürbəcür xörək hazırlanmaq bacarığını nümayiş etdirən müğənnilərin efirə gedən şit atmacaları “Segah”dan, “Kəsmə-şikəstə”dən çox tamaşaçı-dinləyici toplamaq gücündədir? Doğurdanmı, bu adi həqiqəti bir çox telekanalların məsul şəxsləri anlamırlar və anlamayacaqlar?.
Mən bütün varlığımla inanıram ki, Azərbaycan Televiziyası Qaralı Səhmdar Cəmiyyətinin Mədəniyyət telekanalının efirində “Məclisi-üns” ,eləcə də muğamımızla bağlı diğər verilişlər gedəndə, Azərbaycan tamaşaçılarının və dünya azərbaycanlılarının əksəriyyəti məhz bu kanala baxırlar, İctimai televiziyada bir vaxtlar “Muğam albomu”, “Retro musiqi” və başqa muğama xidmət edən verilişlər verilişləri, bu gün unudulub, əvəzində şoular yer alıb. Maraqlıdır, bir vaxtlar AzTV və İctimai kanaldan başqa heç bir efir məkanı muğam dəstgahlarımıza vaxt ayırmırdı. İndi isə "Mədəniyyət Televiziya kanalı bu missiyanı təkbaşına öz üzərinə götürüb.
Bir vaxtlar bəzi özəl telekanalların efirlərində xanəndələrimiz görünməyə, muğamlarımız eşidilməyə başladı. Amma təssüvlər olsun ki, bu canlanma köklü islahata çevrilmədi, davamlı olmadı. Milli irsə münasibət proqram əsasında uzunmüddətli olaraq həyata keçirilməlidir. Ədəbi və musiqili olanlardan başlamış, adi məişət mövzularından bəhs edənlərə qədər, bütün verilişlər dilimizin saflığı, müqəddəsliyi keşiyində dayanmalı, bununla yanaşı, qədimliyimizi-ululuğumuzu sübuta yetirən faktlara söykənməlidir. Ən rəvan və ən qədim səs sənəti nümunələrimiz efirə təkrar-təkrar getməlidir. Nədənsə “Rahab”, “Şüşfər”, Mani” kimi muğamlarımız bu gün efirlərdə az-az səslənir. Azərbaycanda Əməkdar artist Rüzə İbişova, Qəzənfər Abbasaov, Elza Qaybalıyeva, Zeynal Əhmədov, Ağakərim Nafis kimi peşəkar muğam ifaçılarımız var. Niyə efirlərə dəvət edilmirlər? Efir müddəti kifayət etmir? Bəs, yöndəmsiz, gərəksiz, gənclərin tərbiyyəsinə, ictimai ab-havanın saflaşmasına dəxli olmayan uzun-uzadı verilişlərə vaxt hardan tapılır?... Ruzə İbişova yeganə xanım xanəndədir ki, bütün muğam dəstgahlarını və zərb muğamları ifa etmiş, həmin ifalar AzTV-nin Fondunda saxlanılır. Eyni ifaçılar bütün telekanallarda təkrar-təkrar necə verilir?... Hamısı da eyni boğazla, eyni ifa tərzilə... Düzdür, texnikanın inkişafı işi asanlaşdırır və bu baxımdan telekanallarımızda da nəzərə çarpacaq irəliləyişlər var. Amma texniki tərəqqi o demək deyildir ki, 5-6 nəfərin ifasında bir-iki muğam şöbəsini lentə yazdırıb telekanallar arasında ötür-ötür oyunu oynayasan, gecəbəgündüz reklam roliki kimi eyni səsi, eyni ifa tərzini tamaşaçıların-dinləyicilərin qulağına, yaddaşına pərçimləyəsən...
Ayiq Səmədov
Xəbər 1874 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|