İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


10.03.2022  21:26 

BİR AZANIN TARİXÇƏSİ





A+  A-



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işə başlayandan sonra təsadüfən “Axundov bağı”nda “525”dən tanıdığım Vahid Qazi ilə rastlaşdım.

İlini dəqiq xatırlamıram, gərək ki, 2007 ya da 2008-ci il idi. Vahid Qazi dedi ki, onda işğaldan əvvəl Ağdam məscidində verilmiş azanın səs yazısı var. Sağ olsun, həmin səs yazısını mənə göndərdi. Amma o dövrdə bəzi səbəblərdən azanla bağlı nəsə etmək mümkün olmadı. İş elə gətirdi ki, belə bir imkan 2012-ci ildə yarandı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Qazi Qarabağ azanı” adlı layihəyə başladı.

Vaxtı ilə Ağdam məscidində verilmiş azanın “Qazi Qarabağ azanı” adlandırılması təsadüfi deyildi. Bu azan Ağdam işğal edilən günədək Cümə məscidindən verilmiş, çox hadisələrə şahidlik etmişdi. Onun sədaları altında minlərlə əsgərimiz şəhid olmuş, Ağdam məscidində həmin şəhidlərin və Xocalı soyqırımı qurbanlarının nəşi yuyulub kəfənlənmiş, dəfn olunmuşdu.

Beləliklə, “Qazi Qarabağ azanı” layihəsi çərçivəsində görüləcək işlər müəyyənləşdi, rəhbərliyə məruzə olundu, razılıq alındı. Plana əsasən, 2013-cü ildə Xocalı soyqırımının il dönümü ərəfəsində cümə günü müsəlman ölkələrinin məscidlərində “Qazi Qarabağ azanı” veriləcək, xütbə və moizələrdə Xocalı faciəsindən danışılacaq, nəticədə möminlər bu azan vasitəsilə həm bizim Qarabağ dərdimizdən, həm də erməni vəhşiliyindən agah olacaqdılar.

Qısa vaxtda müsəlman ölkələrinin əksəriyyətinə məktublar göndərildi. Amma həmişəki kimi qardaş Türkiyə və Pakistandan başqa xahişimizə müsbət yanaşan olmadı. Çox çalışdıq ki, bu azan qonşu İranda, özəlliklə Təbrizdə verilsin, ancaq bacarmadıq, daha doğrusu, iranlı həmkarlarımızı razı sala bilmədik.

Türkiyə Diyanət İşləri Başqanlığı cümə günü ölkə üzrə bütün məscidlərdə Xocalı soyqırımı ilə bağlı xütbə və dualar oxunmasına qərar verdi. Eyni zamanda, Ankaranın tarixi məscidlərindən olan “Hacı Bayram Vəli” camisində Diyanət İşləri Başqanının müavini, professor Hasan Kamil Yılmazın və mənim iştirakımla “Qazı Qarabağ azanı”nın təqdimatı keçirildi. Minbərdə Xocalıdan danışarkən Kamil xocanın kövrəlməsini, tədbirin sonunda möminlərin Xocalı və Qarabağ üçün necə ucadan dua etməsini xatırladıqca indi də tüklərim biz-biz durur!

Etiraf edim ki, Türkiyədən fərqli olaraq ölkəmizdə “Qazi Qarabağ azanı”nın təqdimatı o qədər də asan olmadı. İlkin olaraq bir neçə məsciddə bu azan verilərkən indiki kimi qulp qoyanlar tapıldı. Bəziləri dedi ki, “bu, azana yox, muğama oxşayır, müəzzin düzgün oxumur, sözləri səhv tələffüz edir”. Bəziləri də özlərini “müdrik” göstərərək iddia etdi ki, “bu, şiə azanıdır, sünni məscidlərində verilsə, narazılıq yaranacaq”. Bir qismi də özünü din bilicisi kimi təqdim edib “Qarabağ azanı” nə deməkdir? Məgər “İstanbul azanı”, “Tehran azanı”, “Mədinə azanı” var ki, “Qarabağ azanı” da olsun?” dedi.
Səbr etdik, dözdük, hər kəsə izah etməyə çalışdıq. Cavab verdik ki, “doğrudur, “İstanbul azanı”, “Tehran azanı”, “Mədinə azanı” olmur, azan eynidir, ancaq “boğaz”lar fərqlidir. Bu baxımdan Tehranda, Mədinədə, Qarabağda, İstanbulda oxunan azanlar fərqlənməyə bilməz. O da doğrudur ki, “Qazi Qarabağ azanı”nda qiraət, tələffüz xətaları var. Üstəlik, o, “Zəmin-xarə” muğamı üstündə oxunub. Amma bütün hallarda bu, təkcə azan deyil, bizi Qarabağa, savaşa çağıran bir nidadır”!

İzahla da kifayətlənmədik. Azanı oxumuş Hafiz Sədrzadəni axtarıb tapdıq. Məlum oldu ki, bu azan Ağdam məscidi ilə yanaşı, işğala qədər Şuşa məscidində də verilibmiş. Hafiz Sədrzadənin atası uzun illər Ağdam məscidində axund kimi çalışıb, Nuru Paşa ilə görüşüb, vətənpərvər din xadimi kimi tanınıb.

Vaxtı ilə Şuşa Musiqi Texnikumunda dərs demiş Hafiz Sədrzadə məcburi köçkün kimi Pirşağıdakı “Qızılqum” sanatoriyasında məskunlaşmışdı.

Ondan xahiş etdik ki, azanın səhv tələffüz etdiyi yerlərini yenidən oxusun və səsi yazılsın. Sağ olsun, dəyərli din xadimi Faiz Nağızadə mənim otağımda Hafiz dayı ilə xeyli “məşq elədi”, hətta səsyazma studiyasına onunla birgə getdi. Üstəlik, bəhanələrə yol verməmək üçün azanın “sünni” və “şiə” variantlarını hazırladıq. Bir sözlə, bütün bəhanələrə “çözüm ürədilməsi”nə çalışdıq. Lakin yenə də narazılıq edənlər tapıldı. Onların adları indiki kimi yadımdadır. Etiraf edim ki, hətta iş yoldaşlarıma “bu adamların adlarını yadınızda yaxşı saxlayın, bir gün onlarla hesablaşacağıq” dediyimi xatırlayıram.

“Qazi Qarabağ azanı”nın təqdimatı Ağdamın Çəmənli kəndində keçirildi. Məkan təsadüfi seçilməmişdi. Çəmənli kəndində Seyid Lazım ağanın türbəsinin yanındakı “Mürşüd” məscidi o vaxt cəbhə xəttinə ən yaxın məscid idi. Oradan ermənilərin səngərinə məsafə 2 kilometrdən çox deyildi. Qərara gəldik ki, azan həmin məsciddən verilsin ki, ermənilər də eşitsin. Təbii ki, bunun mənəvi tərəfi bizim üçün çox önəmli idi.

Tədbirdə ətraf rayonların, o cümlədən işğal edilmiş rayonların icra başçıları, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak etdilər. Xarici ölkələrin Azərbaycandakı səfirliklərini, xüsusilə Minsk qrupuna həmsədrlik edən ölkələrin Bakıdakı səfirlərini tədbirə dəvət etdik. Amma gələn yalnız Türkiyə və Pakistan səfirliklərinin müşavirləri, bir də İran Mədəniyyət Mərkəzinin rəhbəri oldu. Hava soyuq, şaxtalı olsa da, təqdimat yüksək səviyyədə keçdi.

...Şuşa işğaldan azad edildikdən sonra “Qazi Qarabağ azanı” yenidən yada düşdü. Ötən il Şuşada “Yuxarı Gövhər ağa” məscidində hansı azanın verilməsi soruşulanda israrla bu azanın səsləndirilməsini tövsiyə etdik. Bu günlərdə isə Müdafiə Nazirliyi tərəfindən “Qazi Qarabağ azanı”nı Xocalı soyqırımının ildönümündə Şuşadan üzü Xankəndinə tərəf və Ağdamdan Xocalıya sarı səsgücləndiricilərlə verildi.

Sağ olsunlar, Müdafiə Nazirliyi bunu indi də davam etdirir.

30 ildən sonra “Qarabağ azanı”nı yenidən eşidən ermənilərin nələr hiss etdiklərini təsəvvür etmək çətin deyil. Amma yenə də bu azana etiraz edənlər tapıldı.

Sosial şəbəkələrdə “Ermənilərə azan verilməsinin mənası nədir? Onları İslama dəvət edirik? Bu, İran azanıdır” kimi absurd fikirlərlə qarşılaşdıq. Qəribədir, bunu deyənlər bəzi “ilahiyyatçılar”dır. Anlamıram, bu nəyin nəticəsidir: cahilliyin yoxsa antimilliliyin?!

... Mənə görə, “Qazi Qarabağ azanı” işğaldan azad edilən zaman qəhrəman əsgərimizin Şuşada oxuduğu azan qədər müqəddəsdir. Və əminəm ki, bu müqəddəs səda tezliklə Xocalıdan da ucalacaqdır!

Gündüz İsmayılov

Xəbər 2789 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +