Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.02.2022  21:27 

OĞRULARIN NİFRƏTİ, DOĞRULARIN HİDDƏTİ...





A+  A-

Dərman alverçisi və monopolisti Cavanşir Feyziyevlə bağlı yaşanan olaylara “jurnalist-oliqarx savaşı” rəngi qatıb, sıradan bir hadisə kimi yanaşmayın. Bu, əslində, hakimiyyət içərisində dərin rişələrlə kök atmış köhnə oliqarx ittifaqının yenilik istəyənlərlə neçə vaxtdır gedən gizli savaşının növbəti açıq təzahürüdür.

“Köhnələr” önə verdikləri daha bir təmsilçilərinin qorunmasında, müdafiəsinin təşkilində və bu prosesdən qalib ayrılmasında, “yenilər”sə hökumətin yeni siyasətiylə ayaqlaşmaq istəməyən və adı beynəlxalq qalmaqalla gündəmə gəlmiş daha bir bulaşıq imiclidən yaxa qurtarmaqda maraqlıdırlar.

Hər iki tərəfin savaş arealı isə hələlik media, sosial şəbəkələrdir.

Hazırda mətbuatda və sosial şəbəkələrdə bu dərman alverçisinin “uğurlu biznesmen”, “sərvətini öz gücünə toplayan iş adamı”, “xeyriyyəçi” imici yaradılsa da, gerçəklik budur ki, Feyziyev məhz hakimiyyətdəki “köhnələr”lə qaranlıq və qeyri-şəffaf əlaqələri hesabına öz biznesini rahatca genişləndirib, ölkədə nəhəng dərman və siqaret inhisarçısına çevrilib, sonra da himayəylə parlamentə gətirilərək Avropada, guya, lobbiçilik işinə cəlb edilib.

Elə ölkədən rahatca külli miqdarda pul çıxara və deputat ola bilməsi də bunun hesabına olub, Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının diqqətini də bu səbəbdən çəkib.

Aşkarlanmış faktlarsa hakimiyyətdəki “yenilər” üçün Feyziyevi təzədən təftişdə yaxşı bir fürsətə çevrilib. Çünki adam təkcə ailə üzvlərinə Böyük Britaniyada daimi yaşayış hüququ əldə etmək məqsədiylə bu qədər pul-para tökübsə, onu leqallaşdırmaq üçün min cür fırıldaq maliyyə sxeminə əl atıbsa, indi görün, hələ nə qədər də leqallaşmamış, “çirkli” vəsaitə sahibdir.

Üstəlik, ölkənin kritik günlərində - pandemiya dövründə, 44 günlük savaş dönəmində və indi də Qarabağda aparılan quruculuq işlərində Feyziyev də, bir çox oliqarx dostları kimi, sürüşüb aradan çıxıb, gözdən itib...

Gözə bir də onda dəyib ki, ikiayaqlı siçovullarun əbədi səadət yuvası kimi baxdığı “Dumanlı Albion” onun çırpışdıraraq sığınmaq istədiyi yerə daşıdıqlarının, gizlətdiklərinin üstünü açıb, bir hissəsinə də əl qoyub.

Feyziyevin doğulduğu ölkədə bunun hesabı soruşulduqda isə İngiltərədə yoluq çolpa halında olan Feyzyev Azərbaycanda cavan şirə, kirpiyə dönüb: hamıya diş, ox atır, keçmiş xidmətlərini gözə soxmaqla kapitalını və imtiyazlarını qoruyub saxlamağa çalışır.

Feyziyevin görünməz dəstəkçiləri də az deyil – ölkəni talayıb pullarını xaricə daşıyan əksər monopolistlər, oliqarxlar indi müqavimətin haracan davam edə biləcəyini, prosesin necə yekunlaşacağını maraqla gözləyirlər.

Əmin olun ki, Feyziyevin quduzlaşmış dişi nümayişkaranə şəkildə qırılmazsa, pusquda yatan digərləri də dövlətin yeni siyasətinə diş atacaq, açıq müqavimətə başlayacaqlar!
Ümumiyyətlə, bu keçmiş xidmətlərini və yalançı sədaqətlərini gözə soxmaqla özünü qorumaq “köhnələr”in klassik adətidir: baxmayraq, xidmətlərinin qarşılığını artıqlamasıyla alıblar və bu, malik olduqları sərvətin həcmindən də aydın görünür, ancaq yenə də hesab edirlər ki, Əliyevlərin hakimiyyətə gəlməsində və hakimiyyətlərinin qorunmasında hər hansı rolları olubsa, daha heç kim onlara “Gözün üstə qaşın var” deməməli, onlar elə köhnə qaydadaca, cah-cəlallı həyatlarını sürdürməlidirlər.

Ona görə də azacıq quyruqlarını sıxan kimi, tez köhnə xidmətlərini gözə soxmağa və dərhal xirtdəyəcən çirkab içində olan hakimiyyətin özünü şifrəli mesajlarla şantaja başlayırlar.

Baxın, Feyziyev də eynən “köhnələr”in şifrəli şantajçı ağzı, avazı və havasıyla danışır: bir tərəfdən keçmiş xidmətlərini gözə soxur, hökuməti özünün qanunsuz əməllərinə ortaq edir, o biri tərəfdən də oğurluqlarının üstünün açılmasında müxalif yazarları, siyasətçiləri suçlayaraq, çox unikal bir siyahı dövriyyəyə buraxır.

Hazırda ürəyi və prostatıyla əlləşən, kreslosunda pamperslə əyləşən “köhnə dostları”nın informasiyası və tövsiyəsi əsasında yazdırtdığı, pul paylayıb saytlarda geniş işıqlandırdığı, sonra da sildirdiyi məlum yazısından aydın görünür ki, əksər “köhnələr” kimi, Feyziyevin də ən çox nifrət etdiyi və hədəfində olduğu şəxslər vaxtilə müxalif mövqedə olmuş, indisə hökumətin islahatçı siyasətinə, lap dəqiq desək, köhnə zir-zibilləri hakimiyyət dəhlizlərindən təmizləmək işinə cani-könüldən dəstək verən jurnalistlər, müxalifətçilərdir.

Bəli, bu, qaydadır: oğrular həmişə doğrulara nifrət edər, onların yanında özlərini gözükölgəli və əskik bildiklərindən, onların da oğru olmasını istərlər; bunu bacarmadıqdasa, sadəcə, nifrət və qəzəblə şərə, böhtana, şantaja və təhdidə əl atarlar!
Feyziyev də köhnə oğru və şantajçı komanda yoldaşlarını təkrarlayır: elə siyahı tərtib edib ki, oxuyan ilk baxışdanca o qənaətə gəlsin ki, adam haqlıdır, bu “sədaqət simvolu”nu vuranların hamısı müxalif keçmişi olanlarmış...

Ondan qabaqkılar, Feyziyevin ağa-babaları da belə edərdilər: ölkənin düzəlməsi üçün doğruları söyləyənlərdən, neqativləri dilə gətirənlərdən Prezidentin gözündə bir düşmən obrazı yaratmışdılar, onlarla mübarizə adı altında ölkənin sərvətini çapıb-talayıb, rahatca xaricə daşıyardılar; oğurluqlarının üstü açılanda, işləri çətinə düşəndə isə hər şeyi yıxardılar o düşmən obrazında təqdim etdikləri müxalif fikirli insanların boynuna...

İndisə zaman dəyişib. Artıq nə kimsə Prezidenti belə uydurmalara inandırmağa qalxır, nə də Prezident özü artıq bu “timsahların göz yaşları”na – sədaqət andlarına inanır.

Çünki iki kritik situasiya - pandemiya və Qarabağ savaşı artıq Prezidentə nəinki öz komandasını, xalqını, elə müxaifətini də çox yaxşı tanıtdı. O, yaxşı gördü ki, 27 ildə ölkəni çapıb talayanların əksəriyyətinin sədaqəti dövlətə, Əliyevlərə yox, pula-paraya olub: vəzifədən çıxarılan, 5 manat pullarını alan və ya artıq əvvəlkitək işləmələrini dayandırmağı tələb edən kimi, dərhal onun da, ölkənin də, xalqın da əleyhinə işləməyə hazır “kompromat qovluğu”na və xəyanət ordusunun əsgərlərinə çevrilirlər!

Belələrisə ilan qədər kindar və təhlükəlidirlər! Onları yaralayıb buraxmaq olmaz, başlarını və başçılarını əzmək gərək!

Bu oğruların əsas canları olan, onlara güc-qüvvət verən paralarını hara daşısalar da, gizlətdikləri yerdən çıxarıb ölkəyə gətirmək və ən böyük var-dövlətini – övladlarını bu Vətənə qurban vermiş yoxsul xalqa vermək zamanıdır!

Belə bir zamanda Prezidentə ən böyük müxalifət hakimiyyətdəki oğrular və onların dəstəkçiləri olacaqsa, ən etibarlı müttəfiq də müxalifətdəki doğrular olacaq! Aralarında bir savaş başlayacaqsa, əmin olun ki, yoxsul xalq doğulduğu ölkəyə xaraba yurdtək baxıb parasını və ailəsini xaricə qaçıranların yox, bu ölkəyə və insanına Vətən kimi yanaşıb, onun inkişafına və tərəqqisinə çalışanların yanında duracaq!

Allah doğru yolda olanlara qüvvət versin!

Elxan Şükürlü

Xəbər 1139 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +