Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


26.12.2021  15:02 

EMİN ƏMRULLAYEVİN ÇARƏ AXTARIŞI, YAXUD ŞƏFFAFLIQ AKADEMŞƏBƏKƏYƏ SƏRF EDİRMİ?





A+  A-

Gözünün yaşını silə-silə 20-30 min manatı birdəfəyə qatlayıb qoyur cibinə...

Təhsil naziri Emin Əmrullayevin söylədiyi fikirlərin təhrif edilməsini təqdir etmirəm.

Nazir deyib:

"Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Valideynlərin verdiyi ödənişlər könüllü olmalı və şəffaf mexanizmlə tənzimlənməlidir”. Burada qeyri-adi, yaxud pis nə var ki?

Sadəcə, o qədər vərdiş etdiriblər ki, eks-nazir-filanların milləti düçar etdikləri mənəvi-psixoloji deqradasiyadan xilas olmağı ağlımıza gətirə bilmirik. Rüşvət alıb-verməyi, alıb-aldatmağı, bir-birimizə kələk gəlməyi, bir sözlə, qeyri-sivil, cahilanə yaşamağı, nədənsə, üstün tuturuq. Unutmayaq ki, səmimiyyətin olmadığı yerdə ziyalılıq cəmiyyət üçün ən böyük təhlükədir. Məsələn, hazırkı naziri topa tutanların əksəriyyəti üçün Misir Mərdanov ideal nazir idi. Əlbəttə, ideal olar da, çünki şəxsi maraqlar dövlət maraqlarının fövqünə qalxmışdı. Araşdırın, görün, həmin dövrdə nazirlikdə işbaz şöbə müdirləri, məktəb direktorları, rektorlar, prorektorlar, saymaqla bitib-tükənməyən “elmi iş” adamları, iş çevirən elm və təhsil bosları hansı maddi imkanlara sahib olublar və haradandır maaşa qeyri-adekvat olan o mülklər, bağ-bağatlar? Bu da elm və təhsilin taleyinin tapşırıldığı insanlar. Vəzifədən çıxandan sonra haqdan-ədalətdən dəm vururlar. Elm və təhsil zəzərvericilərinin sayının çox olması faktından çıxış edərək deyə bilərik ki, xalq olaraq bizim də günahımız az deyil. Və dəhşətlisi odur ki, həmin zərəvericilərin əmlakını bir yerə yığıb müqayisə etsək, dövlət büdcəmizin 40 il yas tutub göz yaşı tökməsinin, qan ağlamasının şahidi olarıq...

Təhsil naziri kimi E.Əmrullayevin bu mövqedən çıxış etməsi təqdirəlayiqdir, irəliyə atılmış addımdır və lehinə səs verirəm.

Bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, nazirin bu təklifi bütün orta və ali məktəblər üçün keçərli olduğu kimi Milli Elmlər Akademiyası, elmi-tədqiqat institutları üçün də eyni dərəcədə məqbuldur.

Bu təklif illər uzunu elmin, təhsilin və dövlət büdcəsinin anasını ağlar qoyub korrupsiya və rüşvəti kökləşdirmiş, hazırda kefinə kef qatan nadürüst ekslərin qurduğu akademik şəbəkənin ovqatına soğan doğraya bilər, amma o da var ki, şəffaflıq ölkə elmini və təhsilini birdəfəlik xilas edə bilər. Heç kəsə sirr deyil ki, vəzifələrini itirmiş, yaxud daha aşağı vəzifələrə keçirilmiş, varlı və yaralı şəbəkə bosları elmə, təhsilə nifrət etdikləri kimi şəffaflığa da nifrət edirlər.

Şübhəsiz ki, mayasına haram qatılmış, param-parça edilmiş elm və təhsili indi asanlıqla xilas etmək mümkün olmayacaq. Bununla belə, özünə ziyalı, alim deyən hər kəsin prosesə qoşulduğu təqdirdə böyük sıçrayışların şahidi ola bilərik.

Bir çox orta və ali məktəblərdə, elmi-tədqiqat müəssisələrində dövlət büdcəsi talanır, şıdırğı alverlər gedir. Adam müəllim, dosent, professor, elmlər doktorudur, dövlətin az maaş verməsindən gileylənə-gileylənə, hiylədən qaynaqlanan gözlərinin yaşını silə-silə 20-30 min manatı birdəfəyə qatlayıb qoyur cibinə. Akademik, dövlətin elmə ayırdığı milyonu birdəfəyə udur. Bu vicdansız və ləyaqətsiz “nəsnələr” "Dövlət bizə nə maaş verir?" deyib ağlamaqlarına, gözdən pərdə asmaqlarına və dövləti can evindən vurmağa davam edirlər. Bəs yaxşı, alimsən, direktorsan, rektorsan, aldığın 500, 600, 700 manat, lap elə olsun 1000, 2000 manat maaşla o villaları, avtomobilləri, mülkləri necə əldə etmisən? Saxladığın cangüdənləri, çantadaşıyanları, xeyli vəsait töküb uşağını xaricdəki bahalı ali məktəblərdə "oxutdurmağı"nı, onlara xaricdə mülk almağını demirəm.

Sən ey müştəki professor, 600-900 manat maaş alırsan, haradandır yenicə aldığın 200-300 minlik ev? Belə nümunələrin sayı azdırmı?

Nazir postunda olan E.Əmrullayevin bircə dəfə “şəffaflıq” deməsi sizi niyə belə dingildədir, narahat edir?

Məgər bütün nazirlər M.Mərdanov kimi sizin dəstə maraqlarınızı ifadə etməlidir?

Ay nadanlar, sizin təfəkkürlə bir dövləti neçə əsrə qurub başa çatdırmaq olar?

İmkan verin, barı yeni nəsil əsl dövlətçilik maraqlarından çıxış etsin, İlahi şansı dəyərləndirsin! Sklerozlaşmış beyinlərinizlə millətin həyasını istismar edib məhv etdiyiniz yetər!

Dövləti, xalqı rəncidə etməkdən, talamaqdan, rüşvətdən, millət balalarını düşmənlərin ayağına salıb özünə qarşı nifrət etdirməkdən, qan içməkdən doymadınızmı?!

Bəli, yeni təhsil nazirinin məhz "şəffaf mexanizmlə tənzimlənməlidir" deyimini qəribçiliyə salır, xalqın son ümidini də qırır, inamsızlıq mühiti yaradır, övladlarımızı yurddan didərgin salır, xəstə zövqünüzə zövq qatırsınız.

Dövlətdən narazıların sayı nə qədər çox olsa, bir o qədər sizin – daxili düşmənlərin xeyrinədir.

Nazirin eyni fikirlərini AMEA-ya, AAK-a, müdafiələrin keçirildiyi elmi-tədqiqat institutlarına da şamil etmək olar. Bu, çox zəruridir. Məhz şəffaflığı dəfn edən işbaz alimlər yüz minlərlə, milyonlarla vəsaiti büdcədən yayındırırlar.

Cibgirlik və büdcəgirliyi sərt mənəviyyatsızlıq, qəddarlıq, dağıdıcılıq və digər patoloji proseslər müşayət edir.

Axı dövləti dağıdan, milləti əbədi məhv edən proses niyə gizli getməlidir?

Səmimiyyət və şəffaflıq olmayan yerdə elm və təhsilin keyfiyyətindən, dövlətin inkişafından danışmaq qeyri-mümkündür. Əlbəttə, şəffaflıq və səmimiyyət tək çarədir!

PS. Elmi-tədqiqat institutları, universitetlər, məktəblər və s. niyə yalan və saxtakarlıqla müşayət olunan antidövlət ovlağa çevrilməlidir?

Bir fəlsəfə doktoru dərəcəsi almaq üçün prosesə qeyri-leqal yolla azı 30-40 min manat rüşvət şəklində pul xərclənməsi, "az maaş verən dövlət"in lənətlənməsi hansı əxlaqa, mənəviyyata və qanuna sığır?

Olmazmı, elmi dərəcə təşnəsi olan həmin imkanlı şəxs o 30-40 min manatı şəffaflıq naminə müəssisənin büdcəsinə köçürə, keyfiyyətli elmi tədqiqat aparmaq üçün ona təyin olunan işbaz elmi rəhbərin xirtdəyindən yapışa, saxtakarlığa “yox” deyə?

Axı qeyri-şəffaf şəraitdə saxtakarlığa, mənəviyyatsızlığa, alim quldurluğuna rəvac verilir, ov ovlayıb, quş quşlayan xarabalıq bayquşları söz sahibinə çevrilirlər.

Dünya təcrübəsinə əsaslanaraq tam qətiyyətlə demək olar ki, gizli alış-veriş edənlər, dövlət malını talayanlar, rüşvəti stimullaşdıranlar mənsub olduqları xalqın və dövlətin qatı düşmənləridir.

Acgözlük, var-dövlət və sərvət gəmiriciliyi xəstəliyindən əziyyət çəkən dövlətlər və xalqlar nə qədər çox təbii sərvətlərə sahib olsalar da, əbədi məhrumiyyətə məhkumdurlar.

İdris Abbasov
Professor


Xəbər 1435 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +