Zaur Baxşəliyev koronavirusa yoluxub
Yoluxma azaldı - 757 nəfər
Tapdıq Abbas MEDİA-dan PREZİDENTƏ şikayət etdi
Buraxılış imtahanlarının vaxtı bəlli oldu
DYP-nin rəis müavini işdən çıxarıldı
Rubenin çaldığına oynayan Müşfiq - VİDEO
Sabiq deputatın oğlu yenə “gül vurdu“ - Foto
“Qarabağ“ın oyununda dəyişiklik edilib
Nazirliyin “Şuşa”nı “Buta” edən KVN-dən xəbəri varmı?
Bakıda hava yağmursuz keçəcək


08.11.2021  21:40 

44 günlük Vətən müharibəsi yerli və beynəlxalq media müstəvisində





A+  A-

Qarabağ münaqişəsi ətrafında informasiya manipulyasiyaları, yanlış stereotiplərin aradan qaldırılmasında medianın rolu

Müasir münaqişələr nəzəriyyələrdə “hibrid” və ya “asimmetrik” müharibə kimi təsnif edilir. Mahiyyəti budur ki, münaqişə tərəfləri rəqibə qalib gəlmək üçün klassik hərbi müdaxilə formaları ilə yanaşı diplomatik basqı və informasiya savaşından da faydalanır. İqtisadi, siyasi vasitələrlə təzyiq göstərmək, diplomatik basqılar etmək, psixoloji təsirlərə məruz qoymaq, kiber hücumlara baş vurmaq, dezinformasiya yaymaqla qarşıdurmalar yaratmaq asimmetrik müharibənin geniş yayılmış mexanizmlərindəndir. Qeyd edilir ki, mövcud münaqişələrdə savaşın 30-40 faizi real döyüş meydanlarında, qalan 60/70 faizi isə diplomatiya və informasiya müstəvisində aparılır.

Rəqəmlər, faiz bölgüsü üzərində mübahisə açmaq olar, amma bu, ümumilikdə ideyanın özünü inkar etmir. İnformasiya təxribatlarından, kiberhücum kombinasiyalarından istifadə edib düşməni zəiflətmək, özünü haqlı kimi təqdim etməyə çalışmaq müasir müharibələr üçün xarakterik haldır.

Son 30 il müddətində Ermənistan və qlobal “erməni şəbəkəsi” tərəfindən Azərbaycana qarşı aparılan haqsız, təcavüzkar, işğalçı müharibədə də bənzər texnologiyalardan istifadə edilib. Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistan dünya ictimai rəyini çaşdırmğa, informasiya müstəvisində özünün “haqlı” obrazını yaratmağa çalışıb. Merkantil maraqlarını əsas tutaraq “insan haqları” mövzusunu manipulyasiya edən bəzi “beynəlxalq təşkilatlar”, transmilli media da erməni şəbəkəsinə bu yöndə alət olub. Onlar Qarabağ münaqişəsinin səbəblərini yanlış təqdim etməklə beynəlxalq ictimai rəydə çaşqınlıq yarada biliblər. 1992-1993-cü illərdə suveren ərazisi, inzibati rayonları ard-arda işğal edilən Azərbaycan Respublikası, nə qədər ironik olsa da, özü sanksiyalara məruz qalmışdı. Erməni lobbisinin təşəbbüsü ilə 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına 907-ci düzəliş əlavə edilərək, Azərbaycana Amerikanın birbaşa dövlət yardımı yasaqlanmışdı. Bu sanksiyanı əsaslandırmaq üçün ironik səbəblər göstərilmiş, Azərbaycan tərəfindən Ermənistana qarşı blokadanın dayandırılması, “Qarabağın işğalı”na son qoyulması tələb edilmişdi.

Bənzər mövqe bəzi beynəlxalq statuslu təşkilatlar tərəfindən də sərgilənmiş, “işğalçı” ilə “işğal olunan” arasındakı fərq aradan qaldırılmışdı. Erməni şəbəkəsi informasiya texnologiyalarından faydalanaraq faktları manipulyasiya edir, son 30 ildə Azərbaycan və azərbaycanlılar haqqında beynəlxalq ictimai rəydə çoxsaylı yanlış stereotiplər formalaşdırırdı. Azərbaycanlılar haqqında “Qafqazın qeyri-aborigen xalqı”, “tarixi ermən ərazilərini mənimsəmiş toplum”, “demokratik quruluş formalaşdıra bilməyən cəmiyyət” və digər bənzər tezislər dünya ictimai fikrinə aşılanırdı.

27 sentyabr – 10 noyabr 2020-ci il tarixləri aralığında davam etmiş, Azərbaycan üçün Vətən müharibəsi kimi tövsif olunmuş, qələbə ilə yekunlaşmış 44 günlük müharibə ölkənin 20 faiz torpağının işğaldan azad olunmasını təmin etməklə yanaşı, erməni şəbəkəsi tərəfindən 30 il müddətində qurulmuş yalançı təbliğatın, yanlış stereotiplərin dağıdılması baxımından da xarakterik oldu.

Qələbənin qazanılmasında milli medianın rolu

Qlobal ictimai rəyi transmilli media idarə etsə də hər bir ölkənin milli media resursları etibarlı informasiya qaynağıdır. 44 günlük müharibə dövründə Azərbaycanın milli mediası transmilli media orqanlarının mövzu üzrə informasiya manipulyasiyalarının qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Milli media cəbhə bölgəsində baş verənlərlə əlaqədar rəsmi mənbələrə istinadən informasiya yaydı, qeyri-rəsmi bilgilərin cəmiyyətdə möhkəmlənməsinin qarşısını aldı. Vurğulanmalıdır ki, 44 günlük müharibə dövründə dövlət qurumları, xüsusən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi informasiya işlərini peşəkar, operativ qurdu, düşmən tərəfindən yayılmış fikir və məlumatlara dərhal reaksiya verdi, hər hansı ideoloji təxribatın cavabsız qalması üçün Ermənistana şans tanımadı. Bu cəhət medianın informasiya ilə silahlandırılmasında müstəsna rol oynadı. Nəticə bu oldu ki, Azərbaycan mediası rəsmi mənbələrə istinad etməklə müharibə dövründə informasiya təxribatlarının qarşısının alınmasında əhəmiyyətli rol oynaya bildi. Sonucda xarici medianın da Azərbaycan mediasına istinad etdiyini gördük. İlk baxışdan bunu təbii saymaq olardı. Xarici medianın müharibə tərəfi olan Ermənistan mediası kimi Azərbaycan mediasına da nəzər salması təbi idi. Amma etibarlılıq məsələsi önəmlidir. Erməni mediası müharibə dönəmində Ermənistan hakimiyyətinin reallıqla uzlaşmayan informasiyalarını yaydı. Azərbaycan mediası isə reallığa söykəndi.

Azərbaycanın dövlət strukturları, qeyri-hökumət təşkilatları, digər bütün cəmiyyət təbəqələri kimi jurnalistikası da 44 günlük Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında səfərbər oluna bildi, mütəşəkkil çıxışlar etdi. Ordumuz, diplomatiyamız kimi kütləvi informasiya vasitələrimiz də torpaqların işğaldan azad edilməsi uğrunda elan edilən səfərbərliyə adekvat yanaşma ortaya qoydu. İstər yerli, istərsə də beynəlxalq ictimaiyyətə doğru, düzgün məlumatlar çatdırmaqla, qələbənin əldə edilməsinə töhfələr verdi. Bu dövrdə milli media yüksək ovqat formalaşdırdı, ruh yüksəkliyini artırdı, düşmənin informasiya təxribatlaının qarşısını almaq üçün peşəkar mövqe sərgiləyə bildi. Müharibə dövründəki fəaliyyət Azərbaycan jurnalistikasına müsbət reputasiya qazandırdı. Bu isə beynəlxalq əməkdaşlıq məsələləri baxımından vacib göstəricidir. Transsərhəd medianın Azərbaycan milli mediasına istinadən yaydığı informasiyalar dünya ictimai rəyində Azərbaycanın haqq işi barədə düzgün təsəvvür formalaşmasına yardım etdi.

Qeyd edək ki, milli media təmsilçiləri Vətən müharibəsində təkcə qələmlə deyil, həm də odlu silahla vuruşdular. Media işçiləri 44 günlük Vətən müharibəsində, cəbhə xəttində həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak etdilər. Təqribən 30 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb edilərək cəbhə xəttinə göndərildi. 30 nəfərdən hər birinin xidməti qüsursuz, fəadakar oldu.

44 günlük müharibə transsərhəd media müstəvisində: statistik göstəricilər və keyfiyyət uyğunluğu

Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi, işğal altında olan torpaqlarının azad edilməsi uğrunda aparılan və qalibiyyətlə başa çatan 44 günlük Vətən müharibəsi dünya mediasının diqqət mərkəzində oldu. Peşəkar media qurumlarında, onlayn informasiya resurslarında yayımlanan, həcmli və oxunaqlı məqalələrin axtarılıb tapılması üzrə ixtisaslaşmış internet axtarış alətləri, məxsusən, Google scholara istinad edərkən bəlli olur ki, qeyd edilən 44 gün müddətində dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən media mövzuya xüsusi diqqət göstərib. Axtarışlar nəticəsində bəlli olur ki, 44 gün ərzində təqribən 189 transsərhəd media qurumu (Azərbaycan və Ermənistandan başqa) mövzunu işıqlandırıb, müharibəni müxtəlif kontekstlərdən şərh edib. Yayımlanmış məqalə və reportajların sayı isə 600-dən çoxdur. Bloqlarda, sosial şəbəkə platformalarında yayımlanan informasiyaların sayı isə 10 minlərlə ölçülür. Əlbəttə, zamanın keçməsi, təqvimin dəyişməsi, 44 günlük müharibə barədə yayımlanmış məqalələrin aktuallığının azalması, oxunaqlılıq səviyyəsinin enməsi gələcəkdə internet axtarış sistemlərində əldə edilən nəticələri, rəqəmlərin kəmiyyətini də dəyişə bilər. Amma bu, ümumi mənzərəyə xələl gətirmir: indiki axtarış nəticələri göstərir ki, dünyaca məhur bütün media 44 günlük müharibəyə diqqət yetirmiş, onu günün vacib mövzusu kimi aktual saxlamışdır.

Media auditoriya zövqünə, tirajlarına, etibarlılıq səviyyələrinə görə fərqlidir. Bu baxımdan 44 günlük Vətən müharibəsini işıqlandıran 189 transsərhəd media qurumunun kəmiyyəti ilə yanaşı keyfiyyəti də diqqət çəkir. Qeyd edilməlidir ki, dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərib 44 günlük müharibəyə yer ayıran medianın bir qismi lokal səviyyəlidirsə, digər qismi transmilli statuslu, dünya ictimai fikrində yer tutmuş mediadır. Google scholar göstərir ki, BBC, CNN, Deutsche Welle (DW), Washington Post, The New York Times, France 24, Reuters, The Guardian, Bloomberg, əl-Cəzirə, The Wall Street Journal, Euronews TV, TRT World, Russia Today (və digər) kimi dünyaca məşhur, qlobal ictimi rəy yaradıcıları olan transmilli media mövzunu gündəmdə saxlayıb. Yəni, 44 günlük müharibəni işıqlandıran medianın kəmiyyəti ilə yanaşı, keyfiyyəti də qənaətbəxşdir, qaneedicidir.

Xüsusi vurğulanmalıdır ki, adı çəkilən transmilli medianın əksəriyyəti mövzuya bir deyil, bir neçə dəfə dönüş etmiş, onu fasiləsiz olaraq diqqətdə saxlamışdır. Məsələn, Euronews TV hadisələrlə bağlı təqribən 40-a yaxın xəbər, məqalə və reportaj, BBC News 9 məqalə və reportaj yayımlayıb. Statistik göstəricilər deməyə əsas verir ki, 44 günlük Vətən müharibəsi dünya mediasının gündəmində olmuş, trend mövzuya çevrilmişdir.

Jurnalistika prinsiplərini pozan, münaqişədə tərəf tutan, rəqib əlində alət olan transmilli media

Transsərhəd medianın mövzuya yanaşması müxtəlifdir. Müxtəliflik özünü həm məqalələrin məzmununda, həm də peşəkarlıq prinsiplərinin ziddinə olaraq münaqişədə tərəf tutmaqda, rol almaqda göstərir. Bu baxımdan beynəlxalq medianın 44 günlük müharibəyə yanaşmalarını 2 qrup üzrə təsnifatlaşdırmaq olar:

• Hadisələrə informativ yanaşanlar, münaqişə barədə obyektiv, qərəzsiz informasiya yayanlar;
• Münaqişədə tərəf sərgiləyənlər, qeyri-obyektiv, qərəzli davrananlar.

Oktyabrın 1-də (2020) Ermənistan Müdafiə Nazirliyi Fransanın “Le Monde” qəzetinin əməkdaşları Şarl Rafael və Alan Kavalın cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən gülləbaran edildikləri barədə məlumat yaydı. Ənənələrinə sadiq qalaraq, Azərbaycanı Cenevrə Konvensiyasının prinsiplərini pozmaqda, yəni münaqişə “bölgəsində obyektiv araşdırma aparan jurnalistləri” atəşə tutmaqda ittiham etdilər. Kökündən yanlış, Ermənistan texnoloqları tərəfindən quraşdırılmış maxinasiya idi. Belə ki, beynəlxalq humanitar hüquqa, konkret olaraq, BMT Təhlükəsizlik Şurasının 1738 (2006) və 2222 (2015) saylı qətnamələrinə əsasən, silahlı qarşıdurma bölgəsində fəaliyyət göstərən jurnalistlər mülki insanlar kimi təsnif edilirlər. Bununla yanaşı, sözügedən qətnamələr silahlı qarşıdurma bölgəsində fəaliyyət göstərən jurnalistlərin öhdəliklərini də qeyd edir, onların dövlətlərin siyasi müstəqilliyinə, suveren bərabərliyinə və ərazi bütövlüyünə hörmət göstərmələrini tələb edir, jurnalistlərin qarşı duran tərəflərdən birinin əlində alət olmalarını qınayır. Qətnamələrdə daha sonra bildirilir ki, jurnalistləri silahlı qarşıdurma bölgəsində fəaliyyət üçün akkreditasiya edən, onların səfərini təşkil edən ölkə, jurnalistlərin təhlükəsizliyinə təminat da verməli, təhlükəsiz fəaliyyətlərini təmin etməlidir. Ermənistan və “Le Monde” qəzetinin əməkdaşları hər iki qətnamənin tələblərini bilərəkdən pozmuş, jurnalistikadan təxribatlar üçün alət kimi istifadə edilməsinə şüurlu şəkildə şərait yaratmışdılar. Qarabağ işğal altında olsa da beynəlxalq sənədlərdə Azərbaycan ərazisi kimi tanınıb. “Le Monde” qəzetinin əməkdaşları bu bölgəyə səfər edərkən, Azərbycanda akkreditasiyadan keçməli, fəaliyyətlərini rəsmi Bakı ilə koordinasiya etməli idilər. Yəni BMT qətnamələrində göstərildiyi kimi, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalı idilər. Onlar bu prinsipləri pozaraq Ermənistanda akkreditasiya olunmuş, fəaliyyətlərini İrəvanla koordinasiya etmişdilər. Digər tərəfdən, Ermənistan hərbçiləri “Le Monde” qəzetinin əməkdaşlarını bilərəkdən atəş nöqtəsinə gətirmiş, təhlükəsizlik prinsiplərini pozaraq onları ön xəttə çıxarmışdılar. Məqsəd qəzet əməkdaşlarının həyatı bahasına olsa belə Azərbaycan haqqında mənfi rəy yaratmaqdan ibarət idi. Ermənistan tərəfinin mövqeyi beynəlxalq hüquqa zidd olsa da, anlaşılandır: bir rəqib olaraq, Azərbaycanın imicinə zərbə vurmağı hədəfləmişdi.

Amma “Le Monde” qəzetinin yönləndiriciləri, bir peşəkar olaraq bu maxinasiyalarda rol almamalı, təxribatlar üçün alət olmamalı idilər. Ermənistanın təxribatçı maxinasiyalarında, informasiya manipulyasiyalarında rol almaq baxımından “Le Monde” qəzeti bir nümunədir. Əlavə bir neçə transsərhəd media da 44 günlük müharibə dövründə bənzər rollarda çıxış etdi. “Segodnya.ru” saytının redaktoru, “voenkor” (müharibə jurnalisti: o özünü belə adlandırır) Yuri Kotenov müharibənin qızğın vaxtında Azərbaycanın qanunlarına məhəl qoymadan, ölkəmizin müvafiq dövlət qurumunda akkreditasiya olunmadan Ermənistanın paytaxtı İrəvandan birbaşa Dağlıq Qarabağa gəlmişdi. Ardınca da peşə vəzifəsini yerinə yetirərkən yaralandığını bildirmiş, Azərbaycanı beynəlxalq qanunları pozmaqda ittiham etmişdi.

Belə nümunələrin sayını artırmaq olar. Amma problem erməni şəbəkəsinin əlində alət olan transsərhəd medianın kəmiyyətində deyil. Problem adı keçən medianı erməni şəbəkəsinin əlində alət olmağa yönləndirən səbəblərdədir. Bu səbəblər açıqlanmadan, ifşa edilmədən onların qarşısını almaq, gələcəkdə təkrarlanmalarını əngəlləmək də qeyri-mümkündür.

Müşahidələr göstərir ki, erməni şəbəkəsi transsərhəd medianı ələ almaq, öz əməllərinə alət etmək üçün müxtəlif vasitələdən istifadə edir. Bu sırada “beynəlxalq donor təşkilatlar” adı altında həmin media üçün qrantların, ianələrin təşkil edilməsindən başlamış ən müxtəlif vasitələr sınaqdan keirilir. Amma bütün bunlarla yanaşı terror, təhdid, hədələmə metodlarına daha çox üstünlük verilir. 44 günlük müharibə dövründə baş verənlər erməni şəbəkəsinin bu cəhətlərini də açmağa yardım göstərmiş oldu.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirən reportaj Fransanın TF1 TV kanalının populyar “Saat 20:00” xəbərlərində yayimlandıqdan dərhal sonra erməni icması sosial şəbəkələrdə kanala və reportajı hazırlayan jurnalist Liza Budula qarşı kütləvi təhqir və təhdid kampaniyaları təşkil etdi. Fransa Erməni Təşkilatları Şurasının həmsədri Papazyan TF1-ə qarşı kütləvi etiraza çağırış etdi. Erməni fəallar jurnalisti ölümlə təhdid etdilər. Nəticədə TF1 telekanalı materialı saytından götürməyə məcbur oldu.

Bu, erməni şəbəkəsinin Dağlıq Qarabağ münaqişəsi barədə faktları necə təhrif etdirməsinin, demokratik prinsipləri necə pozmasının, əməllərində terrora, qeyri-sivil vasitələrə üstünlük verməsinin, transsərhəd medianı hansı vasitələrlə öz əməllərinə alət etməsinin göstəricisi olan bir nümunədir.

Amma yeganə nümunə deyil

Fransanın TF1 telekanalı ilə yanaşı, 44 günlük müharibə dövründə İtaliyanın “La Repubblica” qəzetinin, ABŞ-da “The New York Times” qəzetinin əməkdaşları da yaydıqları obyektiv informasiyalara görə erməni diasporunun təzyiq və thdidlərinə məruz qaldı. Problem o qədər qabardı ki, çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən, Sərhədsiz Reportyorlar, Avropa Jurnalistlər Federasiyası və Beynəlxalq Jurnalistlər Federasiyası faktı pisləyən bəynatlar yaydı.

Bütün bu faktların fonunda nikbinlik doğuran hal odur ki, erməni şəbəkəsi bütün qeyri-sivil vasitələrdən istifadə etsə də, Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya media müstəvisində işıqlandırılmasının qarşısnı ala bilmədi. Az sayda transsərhəd media erməni şəbəkəsinin maxinasiyalarına alət olsa da böyük əksəriyyət işini peşəkar şəkildə qurdu, Azərbaycanın haqlı mövqeyini işıqlandırdı. Azərbaycan erməni lobbi və diaspor təşkilatlarının, ermənipərəst qüvvələrin aramsız həmlələrinə baxmayaraq xarici təzyiqlər qarşısında duruş gətirməyi, informasiya savaşında da qalib gəlməyi bacardı.

Prezident İlham Əliyevin transmilli mediaya müsahibələri: Azərbaycanın mövqeyinin ideoloji əsaslandırılması

Transsərhəd medianın 44 günlük müharibə kontekstində fəaliyyətini dəyərləndirərkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə verdiyi müsahibələri xüsusi olaraq qeyd etmək lazım gəlir. Bu müsahibələr düşmənə qarşı ideoloji sipər rolunu oynadı, Qarabağ müharibəsi, onun tarixi kökləri, müasir mərhələsi, Azərbaycanın haqlı mövqeyi barədə dünya ictimaiyyətinə dolğun məlumat çatdırdı. Dövlət başçımız müsahibələrində həm xarici, həm də daxili auditoriyaya vacib ismarıclar ötürdü. Bu ismarıclar təkcə Qarabağ münaqişəsi kontekstində deyil, həm də Azərbaycanın dünyada yeri, qonşularla münasibəti, reallaşdırdığı qlobal və regional layihələr, Güney Qafqaz regionunun perspektivinə baxış yönündə oldu. Məsələn, Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində Qarabağ münaqişəsi ilə yanaşı Azərbaycanın reallaşdırdığı enerji, nəqliyyat, internet-kommunikasiya layihələri barədə ayrıntılı bilgilər verdi, bu layihələrin ümumilkdə regionun mənzərəsini dəyişdiyini qeyd etdi.

Yaxud, Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Prezident “Qarabağ münaqişəsi” ilə yanaşı, Türkiyənin regionda rolu, əhəmiyyəti, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf tendensiyası barədə mühüm açıqlamalar verdi, yeni məlumatlar açıqladı.

Digər müsahibələrdə də fərqli nüanslara aydınlıq gətirildi. Beləliklə, bu müsahibələrdə Azərbaycanın region və dünya üçün əhəmiyyəti bir daha açılmış oldu. Amma istənilən halda Prezident İlham Əliyevin müsahibələrində diqqət “Qarabağ münaqişəsi”nin üzərində cəmləşdi, beynəlxalq ictimai rəydə münaqişə barədə mövcud olan qaranlıq məqamlara aydınlıq gətirildi.

Bu müsahibələr sayəsində cəbhədəki, döyüş meydanındakı üstünlüyümüz ideoloji müstəviyə də daşındı. Prezident müsahibə və çıxışlarında jurnalistlərə münaqişənin tarixi, hazırkı vəziyyəti və Azərbaycanın mövqeyi ilə bağlı kifayət qədər tutarlı arqumentlər verdi. Prezident həmin müsahibələri ilə dünya mediasına sanki yeni tezislər verdi. Bu yöndə nüanslara aydınlıq gətirilməsi üçün CNN-in “Amanpour” verilişinin aparıcısı Kristian Amanpurun oktyabrın 23-də Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla müsahibəsinə diqqət yetirmək kifayətdir. Müsahibənin gedişində K.Amanpur Ermənistan-Azərbaycan münaqişəsinə işıq salır, faktları obyektiv olaraq səsləndirir. Gəncənin atəşə tutulması, Ermənistanın işğalçılıq siyasəti barədə sərt suallar qaldırır, Z.Mnatsakanyanı aciz duruma salır. Maraqlısı odur ki, K.Amanpurun bu müsahibədə səsləndirdiyi fikirlər Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi çoxsaylı müsahibələrdən götürülmüş tezislərdən ibarətdir. Yəni Prezidentin öz müsahibələrində səsləndirdiyi tezislər transmilli TV olan CNN əməkdaşının dilindən səslənir. Müsahibəni dinləyərkən bu faktın qabarıq göründüyünü müşahidə etməmək mümkün deyil. Elə təəssürat yaranır ki, K.Amanpur Prezident İlham Əliyevin bütün çıxışlarını izləyib, tezisləri qeydə alıb, həmin tezisləri suala çevirərək Z.Mnatsakanyana ünvanlayır və onu çıxılmaz duruma salır.

Qısa zaman kəsiyində – 44 gün müddətində Prezident İlham Əliyev dünyanın məşhur 26 media qurumuna müsahibələr verdi. Bu sırada “Rossiya-1” TV (29.09.2020), “əl-Cəzirə” TV (02.10.2020), “əl-Ərəbiyyə” TV (04.10.2020), TRT Haber (05.10.2020), “Pervıy Kanal” (06.10.2020), CNN-Türk (07.10.2020), Euronews TV (07.10.2020), CNN International (09.10.2020), “Sky News” TV (09.10.2020), RBK TV (Rusiya, 10.10.2020), Haber Global TV (12.10.2020), Haber Türk TV (13.10.2020), France 24 TV (14.10.2020), NTV (Türkiyə, 15.10.2020), RIA Novosti (15.10.2020), A Haber TV (16.10.2020), TASS İnformasiya Agentliyi (19.10.2020), “Nikkei” qəzeti (Yaponiya, 21.10.2020), “Figaro” qəzeti (Fransa, 24.10.2020), “Fox News” TV ( 25.10.2020), RAI-1 TV (İtaliya, 26.10.2020), Interfaks (28.10.2020), ARD TV (Almaniya, 31.10.2020), “La Repubblica” qəzeti (İtaliya, 04.11.2020), EFE İnformasiya Agentliyi (İspaniya, 05.11.2020), “BBC News” (09.11.2020) kimi dünyaca məşhur media yer tutdu.

Qeyd edilən müsahibələr sayəsində demək olar ki, Qarabağ münaqişəsinin kökləri barədə rəqəmsəl məlumat bazası, rəqəmsal yaddaş formalaşdı. Bütün dünya əhalisinin Qarabağ münaqişəsi barədə rəqəmsal məlumat, dolğun informasiya almaq imkanları təmin edildi.

Müşfiq ƏLƏSGƏRLİ
Beynəlxalq media eksperti, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri


Xəbər 1499 dəfə oxunub.




24.01.2022  18:53 

Yoluxma azaldı - 757 nəfər

24.01.2022  17:05 

Qazilər qapılarda qalıb - Video

24.01.2022  15:31 

Bakıda hava yağmursuz keçəcək

24.01.2022  14:57 

11 nəfər saxlanıldı - Video

24.01.2022  14:52 

Qətərə vizasız gedəcəyik

24.01.2022  10:39 

Nə qədər cinayət açılıb?

23.01.2022  21:40 

Bir Sarkisyanın sonu...

23.01.2022  20:06 

Fasiləli orucun faydaları...

23.01.2022  19:37 

Bir gündə 22 586 vaksin vurulub

23.01.2022  19:34 

COVID-19-a 1697 yeni yoluxma


BÜTÜN XƏBƏRLƏR +