Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.09.2021  11:09 

Yenə o KƏND, yenə o MƏKTƏB... - FOTOLAR





A+  A-

Bu gün orta və ali məktəblərdə ənənəvi tədris başlayır. Şagirdlər dövlətin Bakıda və regionlarda tikdiyi və ya təmir etdiyi məktəblərdə təhsillərini davam etdirəcəklər. Uğurları davamlı olsun. Amma və lakin... Bakıdan uzaqlarda, əslində çox da uzaqlarda deyil, 180 km məsafədə bir rayon var – Cəlilabad, o rayonun bir kəndi də var – Təzəkənd kəndi...

Məktəbin 11 illik təhsil sistemindən
9 illiyə keçirilməsi...


2012-ci ildən Təzəkənd kənd 1 saylı tam orta məktəbinin başının üstünü qara buludlar alıb. Hər şey o dövrün təhsil şöbəsinin müdiri Ədalət Əsgərovun kəndin 11 illik məktəbinin 9 illik olması ilə bağlı qərarından sonra başladı. Bildirildi ki, bundan sonra şagirdlər X-XI sinifləri qonşu Üçtəpə və ya Alar kənd orta məktəblərində oxuyacaqlar. Məlumat üçün bildirim ki, hər iki kəndlə Təzəkənd arasındakı məsafə 7-8 km-dir. Bu halda X-XI sinfi oxumaq istəyən yüzlərlə şagird bu yolu yağışda-qarda hər gün necə gedib-gələcəkdi? Bu sual valideynlərdən başqa heç kimi düşündürmürdü.


Hə, bir də müəllim və müəllimələri düşündürürdü…
O müəllimləri ki, illərdir evlərinə çörək pulunu bu məktəbdən çıxarırdılar, nuş olsun…
O müəllimləri ki, öz övladları da bu məktəbdə oxuyurdu, Allah zehin açıqlığı versin…
O müəllimləri ki, bu barədə düşünür, təəssüf ki, səslərini çıxara bilmirdilər, Allah səbr versin…

Bizim toplum istənilən çətinlikdə çıxış yolunu tapmağı bacarıb. Elə bu məsələdə də. Məsələn, valideynlər məktəbin 9 illiyə keçidinin qarşısını almaq əvəzinə, uşaqlarının adını qonşu kəndlərin məktəblərinə yazdırıb onları “aylığa” çıxarmağı üstün tutmuşdular. Hər halda o zaman belə məlumatlar dolaşırdı. Çünki həmin kəndlər arasında avtobus işləmirdi. Taksi ilə də gedib-gəlməkdənsə “aylığa” çıxarmaq daha sərfəli idi. Hətta bizim kəndin şagirdlərinin adları qonşu kəndlərin məktəblərinin “jurnallarında” da qeyd olunmuşdu.


Dərhal məsələni ictimailəşdirdim. 16.10.2012-ci ildə bütün dövrlərin məhşur “Yeni Müsavat” qəzeti vasitəsilə rayon təhsil şöbəsinin o zamankı müdiri Ədalət Əsgərovun özbaşına verdiyi bu qərarın anormal olduğunu diqqətə çatdırdıq. Təhsil şöbəsi və ya nazirliyin hansısa tam orta məktəbin 9 illik qərarının qanuni olmadığı aydınlaşdı. Çünki bu qərar yalnız Nazirlər Kabineti səviyyəsində verilməliydi. O zaman apardığım araşdırmaların nəticəsi (o zaman Milli Məclisdə komitə sədri, çox hörmətli Şahlar Əsgərov mənə çox dəstək oldu) belə deməyə əsas verirdi ki, hökumətin də belə bir qərarı yox idi. Şükürlər olsun ki, Təhsil Nazirliyinin müdaxiləsi ilə bu qərarı ləğv etdirdik. Yəni, Ə.Əsgərovun məntiqi ilə davam etsəydik, bu gün 9 illik olan məktəbimiz yerli-dibli bağlanacaqdı.

Gəlib-gedən təhsil nazirləri
və mənim inadım...


Əlbəttə, problem bununla bitmədi. Nə yazıq ki, illərdir Cəlilabad rayonu, Şəhid Elxan Fətiyev adına Təzəkənd kənd orta məktəbi acınacaqlı durumdadır. Və illərdir, daha doğrusu 2012-ci ildən bu məktəbin ümumi vəziyyəti ilə bağlı gəlib-gedən təhsil nazirlərinə etdiyim müraciətlərin müsbət nəticəsi yoxdur. Yəni məktəb nə tikilir, nə də əsaslı təmir olunur. Hərgah kənd sakinləri ikinci ilə - yəni əsaslı təmirlə razı deyillər.


2012-ci ilin noyabrında Misir Mərdanova, 2017-ci ilin 5 oktyabr tarixində dövrün təhsil naziri Mikayıl Cabbarova (hazırda iqtisadiyyat naziri), 26 sentyabr 2018-ci ildə Ceyhun Bayramova (hazırda xarici işlər naziri) müraciətlərim oldu. Hər müraciətdə belə bir cavab alırdım: “Təzəkənd kənd orta məktəbinin tikintisi və ya təmiri növbəti ilin Dövlət Proqramına salınıb və s.”

Müraciətlərimdə cənab nazirlərə bildirirdim ki, hörmətli filənkəslər, kənddə ilk ibtidai sinif 1937-ci ildə açılıb. 1957-ci ildə 8 illik, 1986-cı ildə isə hazırda haqqında bəhs etdiyimiz 11 illik orta məktəb istifadəyə verilib. Məktəbin damı uçub, divarları, tavanı dağılıb, taxta pəncərələr sıradan çıxıb, şüşələri qırılıb, elektrik və istilik sistemləri ümumiyyətlə yox səviyyəsindədir. Və belə bir şəraitdə böyük bir kəndin şagirdləri dərs keçmək, müəllimləri isə dərs demək məcburiyyətindədirlər. Bu hal keyfiyyətli təhsildən daha çox, təhlükəsizlik baxımından da narahatvericidir.


Onu da israrla bildirir və indi də bəyan edirəm ki, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun üstündə yerləşən məktəb istifadəyə veriləndən sonra heç zaman əsaslı və ya cari təmir olunmayıb. Bu faktı mərhum atamın hüzr məclisinə gəlib-gedən (aprel, 2019) və yolüstü ayaq saxlayıb məktəbin halına tamaşa edən yüzdən çox jurnalist həmkarım da təsdiq edə bilər. İcra başçıları, təhsil idarəsinin şöbə müdirləri yalnız bizim məktəbi “kağız üzərində təmir ediblər”.

Etiraf edim ki, bütün müraciətlərimdə məktəbin ümumi vəziyyətini sözlə ifadə edib uzun-uzadı yazmamışam, zatən uzun-uzadı müraciətləri oxuyan olmur. Sadəcə olaraq məktəbin içəridən və çöldən çəkilmiş fotolarını təqdim edib problemin nə dərəcədə ciddi olduğunu real faktlarla əsaslandırmağa çalışmışam.


Hətta nazirlərə yaltaqlanmaq, onların təhsil sistemində xarüqələr yaratdıqlarını nəzmə çəkib müraciətlərimə təriflə başlamışam: “Son illər Azərbaycanın hər yerində orta məktəblərin tikintisi və təmiri hamı kimi məni də sevindirir. Bu barədə rəhbərlik etdiyim media orqanında və üzvü olduğum sosial şəbəkələrdə hər zaman yazıram. Düşünürəm ki, belə davam edərsə yaxın illərdə Azərbaycanda təhsil üçün yararsız orta məktəb qalmayacaq. Əlbəttə ki, bütün bu işlər dövlətin təhsilə qayğısının təzahürüdür”.

Artıq verilən sözdən
- vəddən 2 ilə yaxın vaxt keçib!..


Son 10 ildir – yəni sosial şəbəkələr icad olunandan bəri hər sentyabr ayında - ilk dərs günü məktəbimizin fotolarını sosial platformalarda paylaşır, diqqəti cəlb edirəm. Bununla kifayətlənmir, ara-sıra mətbuatda yazılar yazır, problemin ciddi olduğunu vurğulayıram.


Nəhayət 2019-cu ilin mart ayında mətbuatdan Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın cənub bölgəsində səfərdə olduğunu oxudum. 07 mart, 2019-cu ildə Məhəbbət Vəliyevaya müraciət etdim. Nazir müavinindən Cəlilabad rayonu, Təzəkənd kənd 1 nömrəli tam orta məktəbinə də getməsini, məktəbin vəziyyəti ilə yaxından tanış olmasını xahiş etdim. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov müraciətimə dərhal reaksiya verdi, bölgəyə özünün də səfər edəcəyinə və bu barədə nazir müavinini məlumatlandıracağına söz verdi. Sağ olsunlar, məktəbə baş çəkdilər, vəziyyətini öyrəndilər. Nazir müavini məktəb kollektivi ilə görüşdə artıq təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirdi. Təəssüf ki, verilən sözdən - vəddən artıq 2 ilə yaxın vaxt keçib!.

Yadımdadır, Təhsil Nazirliyinin problemə müsbət reaksiyasına minnətdarlıq kimi feysbukda belə bir paylaşım da etmişdim: "Bu məni həddən ziyadə sevindirdi. Məqsədim təhsil sahəsində aparılan islahatlara kölgə salmaq deyildi. Mən də istəyirdim ki, dövlətin bu sahədə apardığı müsbət işlərdən böyük bir kəndin sakinləri də faydalansın”.



"NAR” sosial layihəsi ilə məktəbdə…

Diqqəti növbəti dəfə cəlb etmək üçün 23 aprel 2019-cu ildə ölkənin ən gənc operatoru "NAR”-ın davamlı həyata keçirdiyi sosial layihələri çərçivəsində bir layihəsini də məhz Təzəkənd kənd orta məktəbində həyata keçirilməsinə nail oldum. “NAR” 23 aprel – Ümumdünya Kitab Günü ilə əlaqədar Cəlilabad rayonunun Təzəkənd kənd 1 saylı tam orta məktəbini kitablar və noutbuklarla təmin etdi. "NAR” təhsil ocağında kitabxananın genişləndirilməsinə dəstək göstərdi.


Panellər bir-birindən aralanıb,
təhlükəli vəziyyət yaranıb...


Hazırda təhsil naziri Emin Əmrullayevdir. E.Əmrullayevə qədər təhsildə 3 nazir dəyişib, amma bizim kəndin məktəbinin vəziyyəti dəyişməyib. Sonuncu - yəni C.Bayramova etdiyim müraciətə aldığım cavabda bildirilirdi ki, məktəbimiz əsaslı təmir üçün növbəti Dövlət proqramına salınıb. Yəni, yenə eyni cavab... Amma diqqətə çatdırıram ki, məktəb beton panellərlə inşa edilib, hazırda həmin panellər bir-birindən aralanıb və təhlükəli vəziyyət yaranıb. Belə olan halda əsaslı təmirə xərclənəcək dövlət vəsaitini bilə-bilə göyə sovurmaq deməkdir. Daha yaxşı olardı ki, iki mərtəbəli dağılmaqda olan məktəbi (bu bina əvvəldən də məktəb üçün nəzərdə tutulmayıb, sinif otaqları qeyri-standartdır) əsaslı təmir edincə, ən azı bir mərtəbəli, 450-500 şagird yerlik daha müasir məktəb tikilsin. Bunun üçün məktəbin ərazisində böyük yer də var.

Ümid edirəm ki, bu yazı həm də yeni nazir E.Əmrullayevə müraciət kimi də qəbul edilə bilər. İllərdir qaldırdığımız problem heç olmasa Dövlət Proqramının sonunda deyil, ortasında həll olunsun...

Sonda bu uçuq-sökük məktəbin builki məzunlarının ali məktəbə qəbul nəticələrini diqqətə çatdırıram:

1. Aslanova Aysun Şəmsi qızı - 500 bal – Azərbaycan Pedoqoji Universiteti;
2. Mədətova Mədinə İsa qızı - 494 bal – Bakı Slavyan Universiteti;
3. Niftiyeva Rahidə Ceyhun qızı – 370 bal – Bakı Qızlar Universiteti;
4. Feyziyev Sədrəddin Vahab oğlu - 360 bal – Neft və Sənaye Universiteti;
5.Orucova Firuzə Seymur qızı – 310 bal - Azərbaycan Pedoqoji Universiteti (Cəlilabad filalı);
6. Niftiyev Həsrət Xalid oğlu – 280 bal – Bakı Mühəndislik Universiteti;
7. Niftiyev Kənan Əlövsət oğlu – 240 bal - Bakı Dövlət Universiteti.


Sevindirici haldır ki, bu 7 gəncdən 4-ü qızdır və diqqət etsəniz ən yüksək bal toplayan da məhz onlardır. Bu fakt onu deməyə əsas verir ki, Cənub bölgəsində qızlar gənc yaşlarında ərə deyil, oxumağa daha çox maraqlıdırlar. Oxumaq üçün də şərait yaradılmalıdır.


P.S. Hörmətli həmkəndlilərim, balaca fidanlar, Allah şahiddir ki, məktəbini(mi)zin tikintisi və ya təmiri ilə bağlı yuxarıda qeyd etdiyim kimi - 2012-ci ildən çalışıram. Qəm yeməyin, darıxmayın, üzülməyin, ay var, il var, İnşallah, göydə Allah, yerdə dövlətimzin dəstəyi ilə yaxın illərdə təzə və müasir məktəblə təmin olunarsınız.

2022-ci ilin sentyabrında görüşənədək…

Niyaz NİFTİYEV



Xəbər 3636 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +