Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


12.06.2020  13:38 

Bağdadlı “kor xəlifə” Masallıda





A+  A-


İndi bu sayaq düşünməkdə tam haqlıyam: belə idarəetmə yolverilməzdir və dövləti cinayətdir! İnsanların vətəndaşlıq haqlarına sayğısız yanaşmaq, onların qalaq-qalaq problemlərini görməzdən gəlmək, hələ bu azmış kimi, onları dalana dirəmək, sizcə, necə adlandırılmalıdır? Adi bir məsələni nə qədər ictimailəşdirməlisən ki, lal, kar və kor məmuriyyət zümrəsi qəflət yuxusundan ayılıb, hansı görəvə sahib olduğunu nəhayətdə anlaya bilsin. Mənim o imkanım və qüdrətim yoxdur ki, İsrafilin surunu bir günlük “icarəyə” götürüb, bu kəmfürsətlərin önündə piləyəm və onlara azacıq da olsa, “qara maskalı” mikro-qiyamət səhnəsini xatırladam. Axı, bu qədər də olmaz! Vətəndaşları bunca usandırdığınız, onlara olmazın məşəqqətlər yaşatdığınız, yetməzmi? Bu, nə manyaklıqdır, anlamaq olmur? Sizlər, nədən dövlətlə vətəndaş(lar) arasında vətəndaşlıq bağlarının qırılmasına təkan verməkdə bunca israrlısınız? Məqsədiniz nədir? Öz qanuni haqqına sahiblənə bilməyən və zorən narazı kəsimin sıralarına sürüklədiyiniz vətəndaş, sizcə, necə addım atmalıdır? Bununla nəyi təlqin ediyinizin fərqindəsinizmi? İlk öncə güvənsizliyi! Müraciət etdiyi ünvanların sayğısızlığı, biganəliyi bir insanda hansı halları yaratmalıdır ki? Vətəndaş haqlı olaraq onu dövlət adına süründürən dövlət qurumlarından (əslində isə, birbaşa olaraq dövlətin özündən) güvənsiz olduğunu biləcək, onu yönəldənlərə qarşı daxilində, hətta istəməsə belə, bir inamsızlıq yaranacaqdır. Bunun ayrı bir adı yoxdur.

Mən, “yetər artıq” deməkdən bezdim, usandım, amma bunlar “...Bağdadda kor xəlifə” deməkdən bezib usanmadılar. Qədim bir yaşayış məntəqəsinin – 12 minlik əhalisi olan Masallı rayonu Boradigah qəsəbəsinin problemlərini zaman-zaman dilə gətirdikcə cavabdeh qurumlar olanları görməzdən gəldilər. Qəsəbənin 565 ha pay torpağının anasına od vurulub, tüstüsünün ərşə yüksəldiyini, bir çox pay torpaqlarının zəbt olunduğunu, təkcə, “Çaylıq” deyilən ərazidə hektarlarla pay torpağının birbaşa “işğala” məruz qaldığını, yerində evlər inşa edildiyini, ətrafındakı meşə zolaqlarının - artıq hər biri ayrı-ayrılıqda 0,5 km uzunluğunda olan 1-ci və 2-ci “müdafiə xətti”nin demək olar, yox edildiyini, buradakı Eldar və Küknar şamlarının, Palıd ağaclarının əksəriyyətinin, Qırmızı kitaba adı düşən və milli sərvət kimi qorunmalı olan (el arasında adına Nil deyilən) Azad ağaclarının isə hamısının məhv edildiyini, vaxtı ilə salınmış və ərazidə ekoloji tarazılıq yaradan bir neçə su hövzəsinin (1-ci və 2-ci “dərə”lərin) dağıdıldığını və ərazisinin mənimsənildiyini zaman-zaman aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırmağa çalışmışam. Daşdan, kəsəkdən, hətta qəbirstanlıqdakı qranit mərmərdən hazırlanan baş və sinə daşlarından səs çıxır, amma bunların heç cınqırtısı da çıxmır. Bilmirəm, bunlarla hansı dildə danışasan ki, nəhayətdə anlaya bilsinlər...

İllərdir ki, “Caylıq” deyilən ərazidə nalsız atını harın-harın çapan “o taylı” Rzaqulu “xanın” nəvəsi ilə bacarmayan müvafiq yerli və mərkəzi dövlət qurumlarının halına bilmirsən ağlayasan, yoxsa şəbeh qurasan. Bu “xan” nəvəsi gör nə qədər harınlayıb ki, yolları, su bəndlərini, meşə zolaqlarını zəbt etməsi bir yana, indi də özünü Yezid ibn Müaviyə məqamına yetişdiyini zənn edərək, birilərinin para qarşılığında dövlətdən aldığı axar suyunun qarşısını kəsməkdən belə çəkinmir. Bu, nə dərəbəylikdir, bu, nə rəzalətdir, ilahi? Hanı bu qəsəbənin yerli bələdiyyəsi, rayonun başbilənləri? Siz, özünüzü nə hesab edirsiniz? Vətəndaşı öz dövlətindən narazı salmaqda niyə bu qədər israrlısınız? Məqsədiniz nədir? Olmaya, “xan” nəvəsinə layiq olduğu yeri göstərmək qüdrətiniz əbədiyyən tükənib və daha sözünüzdə belə təpər qalmayıb? Yəqin ki, belədir. Ayrı cür düşünmək də olmur - əgər, bütün baş verənlərə kiçicik bir reaksiya verməyə cəsarətiniz qalmayıbsa, başqa nə deməliyik ki? O zaman sizlər kimə və nəyə gərəksiniz? Yaxşı olar ki, pafoslu sözlərinizi özünüzə saxlayasınız, bəlkə “haralardasa” gərəyiniz oldu. Siz Allah, özünüzə bacara biləcəyiniz işlər tapın və başınızı oralarda girələyin, daha sadə vətəndaşları öz dövlətindən incik salmayın! Bu, həm sizə xeyirli olar, həm vətəndaşlara, həm də dövlətimizə...

Doğulub boya-başa çatdığım qəsəbəmiz və rayonumuz haqda heç zaman istəməzdim ki, bu sayaq ifadələr işlədəm, əlbətdə, istərdim ki, yaxşı işlərini təqdir edəm, amma sizlər məni buna məcbur etdiniz. Sonuncu dəfə - dörd gün öncə bir çoxunuza yenə də telefon açaraq, xahiş etdim ki, Allah xatirinə, o “xan” nəvəsini və onun kimilərini durdurun, başa salın ki, hərəkətləri cinayət tərkiblidir, yumşaq dillə desək, qeyri-insanidir, yəni haqsızlıq bu qədər də olmaz! Həmçinin, sizlər də bu sayaq hərəkətlərə göz yummaqla dövlətin dayaqlarını sarsıtmış olursunuz. Bəs, nəticəsi nə oldu? Bəlkə də qədim bir el misalını ürəyinizdə bir neçə dəfə zikr edib, söylədiklərimi “çürük qoz” kimi dəyərləndirdiniz, eləmi? Amma yanıldınız! İnnən belə sizlərə rahatlıq olmayacaq – hər daşı, hər kərpici öz yerinə qoymayanadək.

Mən, burada nə o “xan” nəvəsini, nə də onun kimilərini əsla qınamaq fikrində deyiləm. Çünki günahkar onlar deyil, onlara bu şəraiti yaradanların birbaşa özləridir. Bütün bunlar, şübhəsiz ki, ilk öncə qəsəbə bələdiyyəsinin astagəlliyi, rayon rəhbərliyinin biganəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti regional şöbələrinin yarıtmaz fəaliyyətinin nəticəsidir. Zamanında qarşısı alınsaydı, təbii ki, sadaladıqlarımızın heç biri baş verməzdi, heç bu yazı da ərsəyə gəlməzdi... Bu yerdə istədim ki, ürəyimdə şeytana yağlı bir “lənət” deyib, yazdıqlarımı pozam və bir qədər də səbir edəm - yəni hər nə qədər olsa da, öz el-obamdır. Sonra fikirləşdim və həm də gördüm ki, burda həqiqətən şeytanlıq bir iş yoxdur, ara-sıra şeytan xislətlilərin əməlini ictimailəşdirmək, yəni hərdən-bir uca səslə “Bismillah” demək daha savabdır.



Vasif Hüseynov


Xəbər 12935 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +