AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


05.05.2018  11:21 

Bizim kəndin “nağılı”





A+  A-

Kəndimizin çox da uzaq olmayan şanlı keçmişini xatırlayıb bu günü ilə müqayisə edəndə həmişə qəribə hisslər keçirirəm. Sanki hər şey – o əzəmət də, o şöhrət də, o möhtəşəmlik də bir röya imiş ki, ötüb keçdi. O illərin adamları necə də nurlu, necə də xoşbəxt idilər. Sadəcə, tarixə qovuşdu o günlər...
Kəndimiz coğrafi baxımdan dağətəyi bir məkanda yerləşir. Bir zamanlar özünəməxsus düzəni vardı kəndimizin. Indi düzəni də, dəngəsi də pozulub və düzəndə qalıb kəndimiz.

1966-cı ildən kəndimizə - Boradigaha şəhər tipli qəsəbə statusu verilib. İnzibati ərazi vahidi üzrə Masallı rayonunun Boradigah qəsəbəsi Mollaoba və Babaser kəndlərini özündə birləşdirir. Rayon mərkəzindən 12 km cənubda - Boradigah çayının hər iki sahilində yerləşir.



Aparılan arxeoloji, elmi tədqiqatlar və yazılı mənbələr göstərir ki, hələ 10-15 min il bundan əvvəl bu ərazi yaşayış məskəni olmuşdur. Elmi axtarışlar zamanı enolit və tunc dövrlərinə aid “Mehdi”, “Ağaverdi” və “Mirzə” təpələrində, Boradigah çay sahillərində, ayrı-ayrı kurqanlarda, orta əsrlərə aid qəbristanlıqlarda tapılan çoxlu maddi-mədəniyyət nümunələri, arxeoloji eksponatların çoxu Hişkədərə (Masallı) kənd tarix-diyarşünaslıq muzeyində mühafizə olunur.

Boradigah antik dövrdə Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI-XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Talış xanlığının, 1846-1930-cu illərə kimi Lənkəran qəzasının tərkibində olmuşdur. 1930-cu ildən Masallı rayonunun tərkibindədir. Burada ilk xəstəxana 1910-cu ildə, ilk məktəb (dörd illik) 1917-ci ildə açılıb.

Ötən günə gün çatmaz

Bazar bir alış-veriş məkanı kimi həmişə olub və təbi ki, innən belə də olacaq. Bu gün məmləkətin harasına baxırsan-bax – sanki hər döngəsi, hər dalanı bir bazardır: alan kim, satan kim. Kimi mal satır, kimi də malını satır. Malı-mala qatan kim, atan kim, başını götürüb qaçan kim... Hara baxırsan bir bazardır: insan bazarı da var bu bazarlar içində – satan kim, satılan kim...

Bizim kəndin bazarı bir özgə bazar idi. Köhnə məscidin qarşısında yerləşirdi kəndimizin bazarı. Hələ sovet dönəmində ciddi qadağalara baxmayaraq, qeyri-rəsmi də olsa, ən əlverişli ticarət mərkəzi hesab olunurdu. Respublikanın hər tərəfindən – Bakıdan, Gəncədən, Bərdədən və digər yerlərdən bura insanlar axışardılar. Bazar günləri avtomobil tıxacından bəzən hərəkət etməkdə belə çətinlik yaranardı. Burada demək olar ki, maddi olan hər şey satılardı və nə istəsən tapa bilərdin, hətta “quş südü”nü də. “Quş südü” deyimi həqiqət olmasa da, həqiqətə yaxın idi bu söz. Əntiq malları əsasən burada axtarardılar. İnsafən deyək ki, bu bazarda heç zaman heç kim aldadılmazdı. Burada vicdanlı və insaflı alış-veriş insanlarımızın halallıq əmsalının bariz nümunəsi idi. Burada bircə dəfə də olsun oğurluq və digər xoşagəlməz hadisələr baş verməzdi.



Bazar iki hissəyə bölünərdi. Məscidin qarşısındakı əsas hissədə - həftə bazarında əsasən kənd təsərrüfatı malları satılardı. Ətraf kəndlərdən və rayonlardan insanlar əkib becərdiklərini, toyuq-cücəsini və s. satmaq üçün bazara çıxarardılar. Sübh tezdən bazarkom Feyzi bir-bir bütün tərəziləri kontrol edərdi ki, kimsə kimsənin bir misqal da olsa haqqına girməsin. Onsuz da insanlar halalla haramın arasında daxilən elə bir sədd çəkmişdilər ki, bu haqda düşənmək də adama ar gələrdi. Amma Feyzi öz işini görərdi. Ən maraqlısı bilirsinizmi nə idi? Bu bazarda heç kim “bu gün mənimki gətirmədi” deməzdi, yəni heç kimin satılmayan malı qalmazdı... Qazanclarının da bir hissəsindən zəruri tələbat mallarını alıb evlərinə dönərdilər. Bu, hər həftə bu sayaq da davam edərdi...

Bazarın dar və dolanbac küçəsinə bitişik hissəsindən başlardı kəndimizin “Kubinka”sı. Burada əsasən, “importnı” pal-paltar, xrustal qab-qaşıq, qızıl-zinət əşyaları satılardı. O zamanın “Finski diklas”ını bizim bazada tapmaq olardı desəm, bəlkə də yanılmaram. O dövrün neçə-neçə tanınmış simalarını da buraya alış-veriş üçün gəldiklərini görmüşəm. Bura bazarın əsas hissəsindən fərqli olaraq, bir qədər “elitar” sayılardı və daha çox imkanı olanlar, bir də mənim kimi “tamaşaçılar” gələrdilər. Buranın bir başqa düzəni də var idi. Bir də görərdin ki, “oblava” başladı və hərə bir tərəfə qaçışardı. Satıcılar da ələ düşməmək üçün çox vaxt axına qarışardılar. Heç kəs heç kəsi “ələ” verməzdi. Arada qara-qovğa olsa da, tez bir zamanda “həllini” tapardı. Bəzən daş qayaya rast gələndə ayrı şeylər də olurdu. Bir dəfə hansısa “obexeys” Almaz adlı birisinin evinin ikinci mərtəbəsinədək qalxır ki, gizlədilən malları ələ keçirsin. Almaz da izinsiz gələn “qonağı” özünəməxsus qaydada yola salır – onu ikinci mərtəbədən həyətə atır. Nəticədə, “obexeys” bir neçə yerdən sınıq diaqnozu ilə xəstəxanaya düşür, Almaz da azacıq “xərcə”...



Bu bazarla bağlı həzin notlu bir xatirə də özümlə bağlıdır. Yaxşı xatırlayıram, beşinci sinifdə oxuyurdum. Çiskinli payız günü idi. Bir neçə yerdən yamanan qaloşumu təzələmək üçün anam evdən iki kasanı məhrəbaya büküb həsir zənbilə qoyaraq mənə verdi ki, bazara aparıb onları beş manata satım və Əli əmidən özümə bir cüt üzsüz qaloş alım. Kəndin mərkəzinə çatanda gördüm ki, “naçannik” Mirzə (sahə müvəkkili) mənə baxır. (Əslində, “naçannik” mənə baxmırdı, içimdəki xof bunu mənə belə təlqin edirdi). Başladım məhəlləiçi qaçmağa. Bu sayaq qaçışla kəndi neçə dəfə dövrə vurduğumu xatırlamıram. Nəhayət, bir təhər “naçannik” Mirzədən canımı qurtarıb bazara daxil oldum. Burada özümü əminlikdə hiss edirdim, bilirdim ki, buralara hələm-hələm “naçanniklər” girməz. Həsir zənbildən elə bərk yapışmışdım ki, sanki son ümidimi kimlərsə əlimdən alıb qaçacaqdı. Bir yandan da elə utanırdım ki, kimsəyə “məndə kasa var” deyə bilmədim. Beləcə, iki saata yaxın əlimdə zənbil bazarda dolaşaraq geri dönməyi qərara aldım. Geri dönəndə Əli əminin qarşısına düzdüyü qaloşlara bir xeyli həsrətlə baxdım. “Kasaları satsaydım bu qaloşlardan bir cüt özümə alardım” düşüncəsindən doğan mənasızlığın fərqini anlamasam da, özümə yalançı təsəlli verir və qaloşlarımı təzələyə bilməməyin günahını “naçannik” Mirzədə görürdüm.
Evə çatanda zənbildəki kasaları anama vermək istəyəndə gözlərimə inanmadım. Kasalar sanki yox olmuşdu, əvəzində məhrəbaya bükülü bir ovuc saxsı qırıntısı qalmışdı – Allah bilir, zənbili “qaçaqaçda” neçə dəfə daşa-kəsəyə çırpmışam...
İndi kəndimizin iki bazarı var – köhnə və təzə. Nə köhnəsində köhnəlik qalıb, nə də təzəsində təzəlik. O da bir dövran idi, gəldi və getdi.

O günlər geri dönməz

Yaxın illərə kimi kəndimizdə nələr yox idi ki – normal yaşayış üçün zəruri olan hər şey var idi: Müasir tipli uşaq bağçası, uşaq xəstəxanası, mərkəzi xəstəxana, kino-klub, iki çay fabriki, un dəyirmanı, çörək zavodu və daha nələr və nələr...

Uşaq bağçası ilə, uşaq xəstəxanasının fatihəsi ən birinci verildi – ona görə ki, başbilənlər gələcək nəslin “inkişaf strategiyasına” uyğun olaraq bunu daha zəruri hesab etdilər. Guya buralar kimlərinsə “baba yurdu” imiş və “tarixi ədalətsizliyi” tez-tələsik “bərpa” etdilər ki, filan- filankəslərin “nəvə-nəticələrinin” könülləri şad olsun. Sonra “ispalkomun” ikimərtəbəli binası da “baba yurdu” çıxdı və çıxdaş edildi. Dəyirman da eyni aqibəti yaşadı. Belə bir dəyirmanı indi əliçıraqlı da axtarsan heç yerdə tapa bilməzsən. Bu çür misilsiz bir xəzinəyə heç qıymaqmı olardı? Amma bu cinayətə cinayətkarcasına qol qoydular. Qısa bir zamanda bu yerlər uçuruldu və beləcə kəndin tarixindən büsbütün silindi. “Baba yurdu” ilə bağlı məntiqsizliyə məntiqi olaraq bir iddianı bu gün qanuni olaraq mənim irəli sürməyə mənəvi haqqım çatır. Kəndimizdə hamı bilir ki, indiki qəbristanlıq həqiqətən də mənim baba yurdumdur (Bura da bir çox yerlər kimi babam Kərbəlayi İbada məxsus olub). O zaman digərlərindən fərqli olaraq tam haqqım çatır ki, öz baba yurduma iddia edəm və ölü sahiblərinə deyəm ki, siz Allah inciməyin, gəlin ölülərinizi buradan çıxarın və harada istəyisiniz orada da basdırın...



Hər iki çay fabriki dəyər-dəyməzinə “özəlləşmə” adı ilə bəxşiş kimi birilərinə verildi. Daha sonra çay fabriklərini xammalla təchiz edən hektarlarla çay plantasiyalarını “yararsız bitki” adıyla büsbütün məhv etdilər. Halbuki, çayçılıq kəndimizin gəlir gətirən əsas təsərrüfat sahəsi sayılırdı. Əkildiyi gündən bir neçə il sonra məhsul verən (20 ildən sonra isə tam məhsul verən) çay kollarını hansısa bir nadanın işarəsi ilə yandırıb külə döndərdilər.

Kənd sovxozunun ikimərtəbəli inzibati binası, tara bazası, anbarlar, quşçuluq fabriki, mal-qara fermaları (səhv etmirəmsə, mal-qara ilə birlikdə) da özəlləşdirilərək “çıxdaş” edildi.

Torpaqların özəlləşdirilib pay torpağı kimi bölüşdürülməsinə başlayanda o zaman buna münasibətim birmənalı idi: deyirdim ki, uğursuzluq qaçılmaz olacaqdır. Belə də oldu. Çünki heç bir marifləndirmə işi aparılmadan bu işi başladılar ki, bu günün özündə belə bir çoxları onlara ayrılmış pay torpağının harada yerləşdiyindən belə xəbərsizdirlər. İndi kəndimizin torpaqları 3-5 adamın əlində cəmləşib. Özəlləşdirilən torpaq mülkiyyətinin (payı bəlli torpaq sahəsi) bölgüsünü elə “ustalıqla” aparıblar ki, kiminin əli kiminin cibində olduğunu ayırd etmək olmur. İndi Əlinin papağı Vəlinin başında olduğu halda, bilinmir ki, biçarə Vəlinin gün altında saralmış papağı kimin başındadır. Bu gün onlarla ailə var ki, ona düşən pay torpaqlarının harada olduğu, yaxud kimlərin “əlinin” altında olduğundan xəbərsizdirlər. Çünki pay torpaqlarının çoxu zamanında həyətyanı sahə kimi satılıb və orada dəbdəbəli mülklər tikilib. İnanmayanlar inanmaya bilər, bu faktdır və dövləti cinayətə imza atanlar hətta bunu dansalar da...

Bu gün qəsəbənin 565 ha pay torpağından təkcə 150 ha torpaq sahəsi 2 adamın əlində cəmləşib. Bilirsinizmi, bu nədən baş verdi? İlk öncə marifləndirmə işinin olmaması səbəbindən, digər tərəfdən isə insanlar gündəlik zəruri ehtiyaclarını ödəmək üçün onlara düşən 5-6 sot torpaq sahəsini dəyər-dəyməzinə (bir sotunu 50-100-150 manata) satmaq məcburiyyətində qaldılar. Ayrı çıxış yolları da qalmamışdı. İş yox, qazanc yox, ayrı nə etməliydilər ki? Bir-iki “fərasətli” də bundan gərəyincə faydalana bildi və nəticəsi də göz qabağındadır. Təkrar edirəm, pay torpaqlarının bölüşdürülməsində maarifçilik işi aparılmadığından biriləri onlara sənəd üzərində verilmiş pay torpaqlarının harada yerləşdiyindən də xəbərsizdirlər.

Bir çoxlarının pay torpaqları zəbt olunub. Həm kəndin aşağı, həm də yuxarı başında. Təkcə, “Çaylıq” deyilən ərazidə hektarlarla pay torpağı birbaşa “işğala” məruz qalıb, yəni yerində evlər inşa edilib. Bu azmış kimi, həm pay torpaqları, həm də yerli bələdiyyənin balansında olan bir neçə süni yaradılmış su bəndləri və vaxtı ilə çay plantasiyalarından ötrü müdafiə məqsədi üçün salınmış meşə zolaqları 1-2 nəfər tərəfindən zəbt olunub. Zəbt olunan meşə zolaqları isə demək olar ki, qırılıb sıradan çıxmaq üzrədir. Bu adamlar kimin nəsi, nəyin nəçisidir ki, bir bu qədər özbaşınalıq edir, amma onlara “dur” deyən” yoxdur? Kim(lər) deyəcək ki? Təsəvvür edin, bələdiyyənin 12 üzvündən 5-i qadındır ki, onlardan biri Bakı, digəri isə Salyan məktəblərinin birində dərs deməklə məşğuldur. Bələdiyyənin xanım sədrini belə işlər yəqin ki, maraqlandırmaz. Əgər, belə olmasaydı, bu günün özündə də “Çaylıq” ərazisindəki pay torpaqları həyətyanı torpaq sahəsi kimi satılmazdı. Belə davam etsə, gələcək nəsillər üçün istifadəyə bircə qarış da torpaq qalmayacaq.

Bu, birbaşa cinayət əməlidir. Maraqlıdır, görəsən, bunlara tikinti üçün razılıq sənədini verən kimlərdir, yaxud da onların qanunsuz əməllərinə nə səbəbdən göz yumulur. Hanı bu kəndin bələdiyyəsi, icra nümayəndəsi, yaxud rayon rəhbərliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır, polis və digər hüquq-mühafizə orqanları buna hansı səbəbdən göz yumurlar. Pay torpaqları insanların istifadəsinə ona görə verilməyib ki, onu hərraca çıxarıb istədiyini edəsən. Pay torpaqları həm də dolayısı ilə dövlətə məxsus torpaq sahəsi hesab olunur. Vətəndaşlara ona görə verilib ki, ondan əkin-biçin və heyvandarlıqla məşğul olmaları üçün istifadə edə bilsinlər. Qanunvericilikdə açıq şəkildə təsbit olunub ki, təyinatı üzrə və uzun müddət istifadə edilmədikdə pay torpaqları vətəndaşlardan alınaraq birbaşa dövlət mülkiyyətinə qatıla bilər. Düşünürəm ki, kəndimizin torpaqları yenidən ölçülməli və ədalətli şəkildə bölgüsü aparılmalı, zəbt olunmuş torpaqlar isə “işğaldan” azad olunmalıdır. İnsanların inamını, yəni onlara düşəcək pay torpaqlarını özlərinə qaytarmaq üçün bu, qaçılmaz zərurətdir.



Ötən il səs yayıldı ki, bəs “türklər” gəlib torpaq bölgüsünü yenidən və düzgün şəkildə aparacaq, qanunsuz zəbt olunmuş pay torpaqları aşkarlanaraq ortaya çıxarılacaq, pay torpaqlarındakı tikililər söküləcək və s. Düzdür, “türklər” gəlməyinə gəldilər, amma nəyi ölçdülər, nəyi biçdilər bilmirəm, bildiyim təkcə odur ki, bir çoxları özlərinə daşdan keçən “sənəd” də almağa müvəffəq oldular...

Bəlkə də ən düzgün olanını ivanovkalılar etdilər. Köhnə mexanizmi yenisi ilə sintezləşdirərək vahid təsərrüfat sistemini qurmağa müvəffəq oldular. Heç kəs ona düşən pay torpağını birgəlikdən ayırmadı, heç kəs heç kəsin torpağını zəbt etmədi. Bu baxımdan, bu gün İvanovka kəndini respublikamızın ən inkişaf etmiş kəndi də hesab etmək olar.

Qəsəbədə iki orta ümumtəhsil məktəbinin mövcudluğu fakt olsa da, durumları fənadır. Bu, tamam ayrı söhbətin mövzusudur, çünki məktəblərin durumu o qədər acınacaqlıdır ki, şagirdlər bu il əlacsız qalaraq sonda “ölü payı”nın ümidinə qaldılar. Qəbristanlıqdakı iri gövdəli ağacların qol-budağı budanaraq məktəblər arasında bölündü – şagirdlərin donmaması üçün. Məncə, bu, Azərbaycan təhsilinin çox yaxınlarda koma halına düşəcəyinin son əlamətlərinin göstəricisidir.

Qəsəbədə iki tarixi abidə - odunla qızdırılan qədim hamamlar hələ ki, duruş gətirərək “özgələşdirilməyə” müqavimət göstərə bilirlər. Bir qədər səbir etmək lazımdır, yəqin ki, yaxınlarda onların da “fatihəsi” verilər...

Qəsəbənin içindən keçən Boradigah çayı bir tərəfdən insanların abırını örtür, o biri tərəfdən də paxırını açır. Zibil daşınmadığından əhali yığılan zibili çaya atmaqla problemlərini həll etdiklərini düşünürlər. Bu, nə qədər acı reallıq olsa da, təkcə kəndimizin görünən üzü deyil, onu bu hala salan ixtiyar sahiblərinin iyrənc simasıdır. Sanki bütün bunları görməzdən gəlirlər. 12 minə yaxın əhalisi olan bir qəsəbəni bu hala salanlara başqa nə ad vermək olar, bilmirəm.

Qəsəbədə bir neçə ildir ki, idman kompleksi inşa edilib. Amma nə sirri-xuda olduğu bilinmir, onu sakinlərin insifadəsinə vermirlər ki, gənclər asudə vaxtlarını orada keçirə bilsinlər.

Xəstəxana neçə il idi ki, “bülleten”ə çıxmışdı. Ev şəraitində “müalicə kursunu” başa vurduqdan sonra “əmək qabiliyyətini” qismən də olsa bərpa edə bilib. Arzu edək ki, daha azarlamasın, yoxsa birdəfəlik yataq xəstəsi olar..

Kəndimiz yaman dəyişib, çünki dövran dəyişib. Ona görə də ömrünün payızını yaşayır kəndimiz. İş yox, iş yeri yox. Bir çoxları çoxdan başını götürüb qaçıb uzaq ellərə. Həm özlərini, həm də evdə qalmış yaxınlarını dolandırmaq, bir də nisyə dəftərindəki adını sildirmək üçün...

Ötən il kəndimizdə yeni və əzəmətli bir məscid inşa olundu. Özü də imkanlı kənd sakinlərinin şəxsi vəsaitləri hesabına. Allah Özü şahiddir ki, bu məscidin sənədləşmə işini “qaydaya” salmaq üçün neçə Allahsızın “hörmətlə” qapısı döyülüb...
Allahım, bilirəm ki, Sən ucalardan ucasan, həm də çox ucalıqdasan. Mənim isə dərgahına yüksəlmək gücüm və qüdrətim yoxdur ki, demək istədiklərimin hamısını Sənə çatdıra bilim. Öz Allahlığın xatirinə bir qədər yaxın gəl, Sənə deyəcəklərim var. Deyəcəyəm ki...

Yazını tamamlamaq istərkən məsciddən azan səsi gəldi. Müəzzin “Allahu Əkbər” deyirdi. Yəni, Allah böyükdür. Təbii ki, Allah böyükdür, Ucadır və Ucalıqdadır. O, hər şeyi görür və bilir. Bəs, yerdəki əkbərlər (böyüklər) niyə bu həngaməni görmür, yaxud görmək istəmir ki, böyük və şərəfli tarixi olan bir yaşayış məntəqəsi kənardan büsbütün sahibsiz kimi görünür.

Vasif Hüseynov


Xəbər 10880 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +