26.08.2025 14:10
Məcnun Məmmədova ağır ittihamlar
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov köhnə komandanın böyük əksəriyyətini işdən uzaqlaşdırıb və yerlərinə öz yaxın dostlarını gətirib.
XəzərNews.az xəbər verir ki, bu iddia ilə "Ovqat.com" saytı çıxış edib
“Məcnun Məmmədovun 5 müşaviri var, hamısını da əvvəl işlədiyi holdinqdən gətirib və hər birinə 15-20 min manat paket verir. Bunlardan biri Zaur Əliyevdir. Nazirin tələbə yoldaşı olduğu deyilir. FETÖ ilə əlaqəsi barədə ciddi iddialar səsləndirilir”, – mənbə iddia edir.
Digər iddialara görə, Zaur Əliyev bütün qurumlara öz adamlarını yerləşdirib və yaxın zamanlarda nazir müavini olmağa hazırlaşır.
Saytın yazdığına görə, Məcnun Məmmədovun digər müşaviri Fərid Nəcəfov ötən ilin iyul ayında bu vəzifəyə təyin olunub. Nazirin kadr siyasətinə nəzarət edir. Yəni KTN-ə təyin olunan hər kəsin sənədi bu adamın əlinin altından keçir. Mətbuata verilən rəsmi məlumatlarda onun harada təhsil aldığı göstərilmir: “Fərid Nəcəfov orta məktəbi bitirdikdən sonra qəbul imtahanına girmədən Dağıstandakı bir universitetə daxil olub. Guya orada 1-2 il təhsil aldıqdan sonra Azərbaycanda bir universitetə “perevod” olunub. Bu “perevod”dan sonra onun karyerasının qızıl çağları başlayıb. Əvvəl “Gilan Holding”ə, sonra isə KTN-ə transfer olunub. Özünün deyinə görə, “Gilan Holding”in İstehsalat, İnşaat, Pərakəndə satış sektorlarında İnsan Resursları şöbəsində böyük təcrübə qazanıb. Bir sözlə, bu böyük təcrübəyə malik adamın iş və təhsil həyatı müdhiş “perevod” və transferlərlə doludur”.
Məcnun Məmmədovun digər müşaviri Rövşən Həsənov da qeyri-adi bacarığı ilə digər həmkarlarından geri qalmır.
“Vaxtilə “MKT İK” MMC-nin direktoru vəzifəsində işləyən Rövşən Həsənov pambıq yığımına nəzarət edib. İddialara görə, rəhbərlik etdiyi şirkətə milyonlarla pul atıb, gəlib KTN-ə”, – sayt yazır.
Digər iki müşavir barədə də bəzi ilginc məlumatlar verən mənbə ən maraqlı iddiaları “Aqrar Xidmətlər Agentliyi” və “Aqrolizinq”lə bağlıdır.
İddialara görə, 2 noyabr 2023-cü il tarixində nazir Məcnun Məmmədovun imzaladığı əmrlə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsinə təyin olunan Sərdar Hacıyev bundan əvvəl “Yalama Aqropark” MMC-nin İdarə Heyətinə rəhbərlik edib. Onun da nazirin xüsusi diqqəti sayəsində ayda 15-20 min manat “maaş əlavəsi” aldığı vurğulanır.
AXA-ya yeni təyinatlarla bağlı digər maraqlı iddia quruma sədr müavini təyin olunan Elməddin Namazovla bağlıdır. Bildirilir ki, Elməddin Namazov aqrokimya fakültəsini bitirməsinə baxmayaraq, ölkənin baytarlığına rəhbərlik edir.
Heyvan xəstəliklərinin adını belə bilməyən bu adamın həmin vəzifəyə təyin olunması hər kəsdə təəccüb doğurub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində indiki AXA sədri Sərdar Hacıyevlə bir yerdə işlədiyi bildirilən Elməddin Namazovun məhz bu səbəbdən həmin vəzifəyə gətirilib. Yəni adamın yeganə işgüzar keyfiyyəti öz sədrlə eyni qeyri-hökumət təşkilatında işləməsi olub.
AXA-nın yeni təyin edilən sədr müavini Taleh Zeynalovun isə nazirin biznes şəriki olduğuna dair iddialar var.
Bildirildiyinə görə, nazir ilə Taleh Zeynalov Qusarda birlikdə bağ salıblar. Əvvəllər hansısa idarədə laborant işləyən Taleh Zeynalov torpaq analizi ilə məşğul olub. İndi isə AXA kimi önəmli bir quruma sədr müavini vəzifəsinə gətirilib.
KTN-nin bir başqa maraqlı kadrı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Mehman Veysəlovdur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb, Oksford Universiteti “Said Biznes Məktəbi”nin Strateji idarəçilik Proqramını bitirib. Qlobal nüfuzlu Böyük Britaniyanın Peşəkar Mühasib və Maliyyəçilər Assosiasiyasının (“ACCA”) Beynəlxalq Hesabatlılıq üzrə Diplomunu əldə edib. “Intellekt” MMC-də icraçı direktor, audit və konsaltinq xidmətləri təqdim edən “Böyük dördlük” hesab olunan PWC Azərbaycanda baş konsultant, KPMG Azərbaycanda vergi meneceri, Vergi Məsləhətləri Xidmətinin rəhbəri, TAAC DMCC şirkətində maliyyə rəhbəri vəzifəsində çalışıb və s.
Bununla belə, onun çatışmayan bir özəl durumu var. Sayt iddia edir ki, o, dövlət orqanında işləməsinə baxmayaraq, Azərbaycan vətəndaşı deyil. Gürcüstan vətəndaşı olan Mehman Veysəlovun bu xüsusiyyəti onun nazirliyə bağlı qurumda işləməsinə imkan vermir.
Xəbər 238 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|