30.01.2025 15:42
Avtoritetlərin “sxodka“sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi
Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən məşhur şadlıq saraylarının rəhbəri həbs edilib.
XəzərNews.az xəbər verir ki, 1966-cı ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuş sahibkar Rauf Ağayev Cinayət Məcəlləsinin 196.2 maddəsi (Kreditor borclarını ödəməkdən qəsdən yayınma, külli miqdarda ziyan vurmaq) ilə təqsirləndirilib və barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Sahibkar özünə məxsus Qaraçuxurdakı "Arion" və "Yağmur” şadlıq saraylarını, eyni zamanda həmin qəsəbənin R.Əlicanov küçəsi, 4057-ci məhəllə, 5F və 5E ünvanında yerləşən "Yurd" mərasim evini 2013-cü ildə bankların birinə girov qoyaraq külli miqdarda kredit götürüb.
Rauf Ağayev üzərindən 12 il keçməsinə baxmayaraq, banka olan 1 056 696,06 manat məbləğində kredit borcunu ödəməyib.
Məlum olub ki, sahibkar 11 sentyabr 2013-cü ildə bankdan 594 325,31 manat kredit götürüb. Borcu indiyədək ödəmədiyindən banka kredit müqaviləsi üzrə 594 325,31 manat əsas borc, 444 561,75 manat faiz borcu, 17781.00 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,00 manat, cəmi 1 056 696,06 manat məbləğində borcu yaranıb.
Qeyd edək ki, sahibkara məxsus "Yağmur" şadlıq sarayı 2012-ci ilin oktyabr ayında baş verən silahlı insidentlə gündəmə gəlmişdi. Aparılan araşdırma zamanı həmin şadlıq sarayında kriminal avtoritetlər "sxodka" təşkil etdiyi müəyyən edilərək, 40 nəfərə yaxın şəxs saxlanılmışdı.
Həmin məlumatlarda "Yağmur" şadlıq evinin sahibi olan Rauf adlı sahibkarın da kriminal avtoritetlərdən biri ilə yaxın münasibətdə olduğu deyilmişdi./Qaynarinfo
Xəbər 1377 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|