“Arash Medical Company” QSC ilə bağlı cərimə protokolu imzalanıb. Sözügedən QSC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
“Arash Medical Company”nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Arash Medical Company” ilə bağlı işə Nəsimi rayon Məhkəməsində baxılır. 7 fevral tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, hazırda ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan və uzun illərdir Səhiyyə Nazirliyinin tibb avadanlıqları və ləvazimatlarının alınmasında “favorit” şirkət olan, ölkədəki əksər tibb mərkəzlərinin elan etdiyi tenderlərin qalibi məhz “Arash Medical Company”dir. Nazirlər dəyişsə də, sözügedən şirkətin nazirliyin tenderlərindəki qalib mövqeyi dəyişmir. Təkcə ötən il “Arash Medical Company” 30 tenderin qalibi olub.
Bildirək ki, sözügedən QS-nin təsisçisi və rəhbəri Ehtiram Fərzəlibəyovdur. /Tribunainfo.az
Xəbər 75 dəfə oxunub.