Bir-birindən bahalı mobil telefon nömrələrinin satışda olması hamıya məlumdur. İstənilən şəxs bu nömrələrə sərvət dəyərində məbləğ ödəyərək sahib ola bilər. Bahalı kateqoriyasına daxil olan mobil nömrələrin qiyməti 6-7 mindən başlayır. Bu məbləğ 90 min manata qədər artır.
Bəs bu kimi “zerkalni” nömrələrin nə xüsusi özəlliyi var? Təhlükəsizlik cəhətdən insanları hər hansı kiberhücumlardan qoruyurmu?
Xəzərnews.az xəbər verir ki, məsələyə aydınlıq gətirən informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Yeni Sabah”a bir sıra məqamları açıqlayıb:
“Müəyyən rəqəm və hərf ardıcıllığı olan nömrələrin alınması günümüzdə sadəcə olaraq, dəbdir. Fərdlər arasında bir-birinə baxaraq yaranan, heç bir əsası olmayan istəkdir. Bəzi ölkələrdə belə nömrələri biznes mənbələri, qaynar xətlər və cəmiyyətlə ünsiyyəti geniş olanlar, nömrənin asan yaddan qalması məqsədi ilə etdiyi halda, bizdə heç kəsin işinə yaramayan bəzi şəxslər də sadəcə göstəriş məqsədi ilə böyük pullar xərcləyir və xüsusi hərf, rəqəm ardıcıllığı olan nömrələr alır.
Ümumiyyətlə, bəzi ölkələrdə bahalı maşın nömrəsi və bahalı telefon nömrəsi həmişə dəbdə olur. Bəzi ölkələrdə isə, bu yanaşma sadəcə gülüş doğurur.
Məsələ burasındadır ki, qanunu və etikanı pozmayan arzu və istəkləri ciddi tənqid etmək haqqımız olmur. Hər kəs sadəcə öz anlayışına görə fikir bildirə bilər. Bu məbləği daha rentabelli və məntiqli yatırıma yönəldə bilər”.
Ekspert qeyd edib ki, belə nömrələr heç bir təhlükəsizlik funksiyası daşımır:
“Əvvəllər işbazlar bu tipli nömrələri alıb, əldən digər şəxslərə satırdılarsa, artıq bu halı azaldığını müşahidə etmək olar. İndi mobil operatorların da pul qazanmaq məqsədi ilə belə təkliflər etdiyini mediadan oxuya bilirik. Mobil operatorlar tərəfindən bahalı nömrələrin satılmasını ona görə müsbətdir ki, dövlətə aid vergi də bu ödənişlə birlikdə olur, vergidən yayınma olmur.
Eyni halı maşın nömrələri üçün də qeyd etmək mümkündür. Necə ki, xüsusi maşın nömrəsi alıb, maşının üzərinə qoyduqda, bizi qəzalardan və hadisələrdən sığortalamırsa, eləcə də xüsusi telefon nömrəsi aldıqda, heç bir xüsusi təhlükəsizlik və xüsusi xidmət təqdim olunmur.
Necə ki, biznes klasda oturan sərnişin ilə, ekonomik klasda oturan sərnişinlərin eyni vaxtda, eyni yerə çatdığı kimi.
Tövsiyyə kimi deyərdim ki, bu kimi faydasız hesab etdiyim yanaşmalardan uzaq durmaq lazımdır. Başqalarının etdiyi hərəkətlərdən təsirlənmədən, hər kəs özünə məntiqli olan qərarı versin”.
Xəbər 1135 dəfə oxunub.