Bir sıra xalqların diasporlarından fərqli olaraq Azərbaycan mühacir icmaları özünəməxsus cəhətləri ilə seçilən bir sosial orqanizimdir. Azərbaycan diasporu üç fərqli siyasi və dövlət sisteminə, fərqli sosial-mədəni inkişaf səviyyəsinə, sosial tərbiyəyə, davranışa və təcrübələrə, fərqli ictimai baxışlara malik iki müxtəlif ölkədən - İran (Cənubi Azərbaycan) və SSRİ-dən və 1991-ci ildən sonra isə müstəqillik qazanmış Azərbaycan Respublikasından çıxmış azərbaycanlı mühacirlər ordusundan təşəkkül tapıb.
Bu fərqlər özünü azərbaycanlıların milli konsolidasiyası prosesində bir çox hallarda neqativ planda göstərib. Bunların üzərinə şəxsi ambisiyaları, siyasi-ideoloji baxış fərqlərini və xarici xüsusi xidmətlərin təsirlərini də gəlsək, diasporumuzla bağlı durumun necə acınacaqlı olduğunu təsəvvür edə bilərik.
Diasporun yaranması əsasən spontan gedir, yəni bu cür icmaların yaranması mühacirlərin könüllülük əsasında formalaşdırdığı təşkilatlar üzərində bərqərar olur.
Lakin yuxarıda sadaladığımız obyektiv və subyektiv səbəblərdən Azərbaycan diasporu klassik mühacir icmaları kimi formalaşa bilməyib. Bu reallıqları vaxtında görən Ulu öndər Heydər Əliyev də məhz buna görə sözügedən strateji sahəylə ciddi məşğul olmalı olan ayrıca dövlət qurumu - Diasporla iş Dövlət Komitəsi yaratmışdı.
O, diaspor fəallarını dünyanın müxtəlif guşələrindən bir araya gətirərək yeni bir hərəkatın əsasını qoymuşdu. “Yeni” ifadəsini ona görə işlədirik ki, əslində klassik mənada və reallıqda azərbaycanlıların diasporu deyilən bir hərəkat yox idi. İnkişaf etmiş ölkələrdə üzvləri barmaqla sayıla biləcək çox zəif təşkilatlar və yaxud aktiv şəxslər də var idi ki, onlar ölkə və xalqın ümumi mənafeləri naminə ciddi və əhəmiyyətli fəaliyyət göstərmək əzmində deyildilər.
Diasporlar adətən müstəqil faəliyyət göstərən, özünü maliyyələşdirən, ciddi sosial struktura malik təşkilatlar kimi fəaliyyət göstərir. Onlar təmsil etdikləri xalqın dövlətindən nəinki yardım almır, əksinə, yeri gələndə həmin dövlətlərə maliyyə dəstəyi belə, verirlər. Bizdə isə klassik mənada diaspor hərəkatı formalaşmadığından bu çətin missiyanın formalaşmasını dövlət öz üzərinə götürdü və sözügedən sahəyə rəsmi və qeyri-rəmsi qaynaqlardan külli miqdarda vəsait ayrıldı. Lakin buna baxmayaraq, həmin sahədə ciddi nəticələr əldə olunmadı və faciəvi durum bu gün də qalamqdadır. Səbəb isə bu işlə məşğul olan məmurların, yumşaq desək, səlahiyyətlərindən şəxsi mənafeləri üçün faydalanmaları oldu.
Misal kimi, ABŞ-da yaşayan nüfuzlu mühacir aktivistin dediyini xatırlayaq:
“Hamının tanıdığı, əslən Güney Azərbaycandan olan fəal nəql edirdi ki, Bakıda düzənlənən Dünya Azərbaycanlılarının Qurultayı başa çatandan sonra ona yaxınlaşıb bəzi sənədləri imzalanmasını xahiş ediblər. Sənədə baxanda məlum olub ki, guya dövlət tərəfindən buna real qiymətdən üç dəfə baha qiymətə təyyarə bileti alınıb. Halbuki həmyerlimiz təyyarə və otel xərclərini öz cibindən çəkibmiş. O da dövlət məmurunun bu hərəkətindən iyrəndiyini və tədbirin bədii hissəsində iştirakdan imtina edərək birbaşa otelə yollandığını demişdi”.
Başqa bir hadisə… Macarıstanın Szeged Universitetində hər il xarici tələbələrin ənənəvi festivalı keçirilir. Bu tədbirdə müxtəlif xalqların təmilçiləri öz mədəniyyətlərini təbliğ edir, mətbəxlərini sərgiləyirlər. 2018-ci ildə azərbaycanlı tələbələr ciblərindən pul qoyaraq festivalda mədəniyyətimizi təbliğ edən stend hazırlayıb, bundan başqa milli təamlar bişirib təqdim edib, eyni zamanda milli rəqs və mahnı kompozisiyaları hazırlayıblar. Tələbələr Azərbaycan səfirliyindən tədbirdə iştirak üçün bir nəfər nümayəndə və rəqs paltarları xahiş ediblərmiş. Səfirlik nümayəndə göndərməmişdi. Sərgilənən bütün stendlərin qarşısında aid olduqları xalqları təmsil edən səfirliyin nümayəndələri olsa da, Azərbaycanlı tələbələr boynubükük şəkildə, diplomatik nümayəndəmizin iştirakı olmadan tədbiri yola vermişdilər. Tələbələrə demək olar ki, heç bir dəstək verilməmişdi. Yalnız bir cüt rəqs kostyumu göndərilmişdi. Rəqs qrupun üzvlərinin yalnız ikisi milli paltar geyinə bilmiş, qalanları öz paltarları ilə səhnəyə çıxmaq məcburiyyətində qalmışdılar.
Misal gətirdiyimiz bu iki fakt məmur məsliyyətsizliyi ucbatından vəziyyətin necə kritik olduğunu göstərir. Bu hadisələr əvvəl olsa da, vəziyyətdə keyfiyyət dəyişikliyi baş verməyib. Bir sözlə, ciddi keyfiyyət dəyişikliyinə ehtiyac var.
“Diaspora TV”nin
Analitik Qrupu
Xəbər 5059 dəfə oxunub.