29.02.2024 14:29
Ruhlar şəhərinin sakinləri...
Bu yazıdakı qəhrəmanlar tamamilə müəllifin təxəyyülünün məhsuludur. Oxşarlıqlar təsadüfidir.
İsmayıl kişi bu gün nəsə evə çox gec gəlmişdi. Narahat idi. Ürəyində bir ağrı vardı, amma buna o qədər də əhəmiyyət vermirdi. Həkim qıçlarında yaranan ağrılara müalicə olaraq bu isti yay aylarındca dənizə getməyi tövsiyə eləmişdi. Nemət doktor yaxın dostu idi, həm də yerli idilər. İsmayıl Ağdamın özündən, dostu isə Gülablı kəndindən idi.
Deyirdi bu ağrıların dərmanı quma basdırmaqdı. 10 gün get, düzgün əməl elə, keçib gedəcək, olassan div kimi. İsmayil kişi də əməl etməyə çalışırdı. Və artıq xeyirini də görməyə başlamışdı. Baxmayaraq ki, cəmi 3 gün idi gedirdi. Hər dəfə də dənizdən gələndə deyirdi ki, ay arvad deyəsən məndən adam olacaq. Yoldaşı Xədicə xala da kişi gələnədək bütün hazırlığını görürdü ki, onunla məşqul ola bilsin. Bir az hər şeyi yerli yerində sevən adamdı İsmayıl kişi. Vur tut 54 yaşı vardı. Düz 25 ildi bir yastığa baş qoyurlar Xədicə xala ilə. Hərdən nəyisə çatdırıb edə bilməyəndə kişi zarafatla deyər ki, başıma daş düşəydi səni qaçırtdığım yerdə. Uydum sənin şirin dilinə, saldım özümü bəlaya.
Hə İsmayıl kişi indi bir az tənbəlləşsədə cavanlığında çox qoçaq idi. Xədicə xala danışar ki, bu rəhmətliyin nəvəsi məni o qədər sevirdi ki, neçə dəfə qardaşlarım ölənəcən döymüşdülər, amma o yenə də gəlib evimizin damına gül atardı. Beş dəfə, 10 dəfə axırda özüm çıxmışdım bayıra ki “nə var nə istəyirsən? Bilirsən ki verməyəcəklər”. Onda da qayıtmışdı ki, “onda hazırlaş səni qaçıracam”. İnan ki, ürəyimə xof düşmüşdü. Etiraf edim ki, mən də bəyənmişdim onu. Amma evdə razı deyildilər, xüsusən böyük qardaşım Rafiq.
Amma bir gün ÇÖRƏK EVİ Muzeyində işləyirdim, gördüm maşından düşdü, gəldi, dedi ki, bəs hazırsan? Mən də soruşdum nəyə? Dedi demişdim axı gəlmişəm səni qaçırmağa. Necə gülmək tutmuşdusa məni özümü yığışdıra bilmirdim. Elə mən gülə-gülə qolumdan yapışıb mindirdi taksiyə. Əvvəl elə bildim zarafat edir mənimlə. Amma artıq şəhərdən çıxanda gördüm ki, yox, bu zarafat deyilmiş. 3 ay Gülablı kəndində qaldıq. Qardaşım neçə dəfə hücum çəkdi kəndə, amma bizi tapa bilmədi. Sağ olsun Nemət dostu nə qədər qardaşımla çıxdı çənə boğaza. Axırda razı sala bildilər bizimkiləri. Qardaşlarım, xüsusilə Rafiq elə bir düşməninə baxırdı toy günü İsmayıla baxanda. Amma sonra elə dost olmuşdular ki, aralarından su keçməzdi. Deyirlər e çəkişməsən bərkiməzsən. Bax ondan idi bunlarınkı.
* * *
İsmayıl kişinin ürəyindəki narahatçılıq gecəyə doğru lap artmağa başlamışdı. Artıq içilən dərmanlar da köməyə çatmadığını görəndə məcbur olub Təcili Yardımı çağırmalı oldular. Amma o yardım gələnə qədər….
Xədicə xalanın hayqırtısı ta məhəllənin o biri başından eşidilirdi. Qonum-qonşu hamı yığılmışdı onların qapısına. İlahi necə ağlayırdı bir görəydiniz. Qonşuların onu sakitləşdirmək cəhdi boşa çıxırdı. Təcili Yardım maşını isə gəlmirdi ki, gəlmirdi. Kişi can verirdi. Arada gedib-gələn nəfəs az da olsa ümid verirdi, amma bir ümidlə iş bitmir ki…
Nəhayət Təcili yardım gec də olsa gəlmişdi. İlk müayindən sonra vəziyyətin kritik olduğunu deyən həkim xəstəni reanimasiya şöbəsinə çatdırılmasının vacib olduğunu bildirmişdi. Yaşayacaqmı sualına isə “Dua edin o kişiyə bəlkə eşitdi” deyə cavablandırmışdı.
Qonşuların köməyi ilə İsmayıl kişini təcili yardım maşına qoydular. Xədicə xalaya isə sakitləşdirici iynə vurmaq istəsələrdə sonradan vaz keçdilər. Çünki xəstə haqda məlumat verəcək başqa kimsə yox idi. Övladları olmamışdı onların. Elə ikisi başbaşa yaşamışdılar bu 25 ili.
Xəstəxanaya gedərkən yolda vəziyyət ağırlaşmasa da sabit qalmışdı. Elə buna görə bir balaca ümid artmağa başlamışdı. Huşu başında deyildi. Süni tənəffüs aparatına qoşulmuşdu.
O gecəni səhər qədər nə lazımdısa elədilər. Xədicə xala kişinin yanından bri an da olsun belə çəkilmədi. Gün çıxandan az sonra Xədicə xalanın halına yanan həkimlər bəhanə ilə ona sakitləşdirici adıyla yuxugətirən iynə vurdular.
Beləcə düz 3 gecə koma vəziyyətində qaldı İsmayıl kişi. Həkimlərin dediyi bir söz vardı: ümid Allaha qalıb, biz bir şey edə bilmirik. Nemət doktor da bu 3 gecəni dostunun yanından ayrılmadı. 25 il əvvəl necə çətin günlərində yanında idisə indi də elə. Yoldaşı Solmaz Xədicə xalaya həm bacı, həm dost həm də sirdaş idi. Doğum evində çalışırdı.
Elə həmişə deyirdi ki, bircə sənin övladını dünya gətirdiyini görmədim. Həmişəki kimi ən çətin anda da yanında idi. Düzdü, ümid verməkdən başqa əlindən bir şey gəlmirdi. Yeməyinə, içməyinə nəzarət edirdi ki, əldən düşməsin. Eşidən bilən dost-tanışlar axışıdı xəstəxanaya. Kimisi konvertdə pul qoyurdu yastığının altına, kimisi dərmanları alıb gətirirdi, kimisi də hər ehtimala qarşı dəfnlə bağlı hazırlıqları edirdi. Ölüm haqdı. Gəlmişiksə bir gün getməliyik.
* * *
Uzun sürən 3 gecənin sonunda deyəsən edilən duaları ALLAH eşitmişdi. Səhərə yaxın sübh çağına az qala İsmayıl kişidə müsbət dəyişiklər baş vermişdi. Baş həkim əvvəlcə bunu bildirmək istəmədi. ÇÜnki şəxsi təcrübəsindən də bilirdi ki, bəzən bu aldatıcı olur.
Bir az gözləməyi qərara almışdı. Başının üstündən çəkilmirdi. Nemət doktor da yanında idi baş həkimin. Bir qrupda oxumuşdular. Həm dost, həm də quda idilər. Qızını vermişdi baş həkimin oğluna. Allah həqiqətən də mərhəmətlidir. Xəstəxanadan azca aralı yeni tikilmiş məscid var idi. Hələ səsgücləndiricilər qurulmadığından Azan səsi yaxşı eşidilmirdi. Amma bu səhər yeni avadanlıqla ilk dəfə azan veriləcəkdi.
Baş həkim də, Nemət həkimdə dinli-imanlı, oruclu-namazlı adamlar idi. Elə övladları da onlar kimi...
* * *
Xeyli müddətdi dostunun yanında dayanan Nemət həkim saata baxdı “hə indi azan veriləcək, geçək hazırlaşaq” - demişdi ki azanın səsi eşidildi. Dərindən köks ötürdü Nemət həkim. Elə bu zaman xəstə dostuna qoşulmuş çoxsaylı aparatlar ard-arda səs verməyə başladı. Göstəriciləri tez nəzərdən keçirən baş həkimin çöhrəsində təbəssüm yarandı. Dəfələrlə texnikanı yoxladı, gözlərinə inanmadı.
Sübh azan isə oxunmaqda idi. Qeyri-ixtiyari yaxınlaşıb pəncərəni açdı. Sabahın xoş mehi ilə bərabər palataya azanın səsi doldu. Telefonla harasa zəng edib hazırlıq görülməsini tapşırdı. Çöhrəsindəki təbəssüm getdikcə artmaqda idi. Amma hələ ki, şad xəbəri verməyə tələsmirdi. Azan səslənikcə İsmayıl kişinin səhhətində müsbət dəyişikliklər baş verməyə davam edirdi. İlk olaraq süni tənəffüs qurğusunu ayırdılar.
Əlləri əsirdi, amma inamlı idi özünə baş həkim. Bir necə saniyə İsmayıl kişidən hərəkət çıxmadı. Uzun sürən 3 gecənin sonunda ilk dəfə özü sərbəst olaraq nəfəs çəkməyə başladı. Nemət həkimin gözləri dolmuşdu, ağlamamaq üçün özünü güclə saxlayayırdı.
İki, üç, dörd, beş... Kişi nəfəs almaq davam edirdi.
Azan səsi bitmişdi. Sübh namazı qılınmalı idi. Baş həkim tibb bacısını palataya çağırdı. Özü isə Nemətə işarə edərək “Namaz vaxtıdır, gedək”, - deyə palatadan çıxdı.
Nemət həkim:
- Axı xəstəni bu halda tək qoyub necə gedə bilərik?
Baş həkim:
- Allah yanındadır Nemət. Gəl gedək Ona təşəkkür edək.
Palatadan çıxanda qabağına Xədicə xala çıxdı. Həkimin təbəssümündən anlamışdı deyəsən. Ağlamağa başlamışdı.
Palataya girmək istəyəndə baş həkim qoymadı. Dedi, hələ tezdir. Gözlərini hələ açmasa da səsləri eşidir. Sizin orda olduğunuzu bilər həyəcanlanar. Darıxmayın bir az daha səbr edin.
* * *
Günəşin şəfəqləri pəncərədən görsənən Xəzərin sahilini min bir rəngə boyamağa başlamışdı. Suyun səthinin parıltısı uzaqdan da olsa belə aydın seçilirdi.
İlk nəfəsindən artıq yarım saatdan artıq vaxt keçmişdi. Artıq insanları ayırd edə bilirdi İsmayıl kişi.
Xədicəni görəndə başını dikəltdi, dodaqları qaçdı. İlk dediyi söz isə Xədicə xalanı lap çaşbaş saldı.
Qardaşın Rafiq orda da məndən əl çəkmədi. Onun əlindən qaçıb təzədən gəldim bura – deyəndə astaca güldü.
Bir birlərinə bərk-bərk sarıldılar. Gözlərinin yaşları bir-birlərinə qarışdı. Bu hala müdaxilə etmək istəməyən tibb bacısı hər ehtimala qapının yanından ayrılmadı. Baş həkimlə bərabər 3 gecə idi ki, o da burada idi. Nərgiz idi adı. Xədicə xalaya bəlkə də heç bir övladın edə bilməyəcəyi qulluğu göstərmişdi. Mehribanlaşmışdılar. O burada interna keçirdi.
- Nə Rafiq nə qaçmaq? A kişi sən deyəsən gedib gələndən sonra ağlını itirmisən - deyə dillənəndə yoldaşı sən elə bildin mən zarafatla dedim? Yox tam ciddi idim.
* * *
Rafiq Xədicənin böyük qardaşı idi. Bir az zəhmli görkəmi olsa da ürəyi çox yumuşaq idi. Hər şeyi yerli yerində olmağını sevirdi. Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Arxadan gülə ilə vurmuşdular onu. Bilinmirdi erməni gülləsinə tuş gəlmişdi, yoxsa onu sevməyənlərin gülləsinə, amma doğulduğu torpaqda da həyatını tapşırmışdı. Heç cəsədini də götürə bilməmişdilər. Amma Milli ordumuzun əsgələrindən biri düşmən əlinə keçməsin, işgəncələrə məruz qalmasın deyə qumabaranı hazır vəziyyətə gətirib cəsədin üzərinə atmışdı. İndi düz eləmişdi, ya səhf bunu demək çətindi.
* * *
Dikələrək belini yastığa söykədi İsmayıl kişi. Nemət və Baş həkim palataya daxil oldular, öpüşüb görüşdülər. Hamının çöhrəsində təbəssüm var idi. Dərmanların təsiri hələ tam keçməmişdi deyə İsmayıl kişinin başı dumanlı idi. Əllərini, başını saxlaya bilmirdi. Dili də bir az topuq vururdu. Həkim “sənə bir az istirahət lazimdı, bəlkə bir az daha yatasan birdən-birə belə olmaz axı”, - deyəndə İsmayıl kişi işarə ilə “heç zad olmaz” – deyə həkimə tərəf çevrildi.
Sonra söhbətə başladı.
- Xədicə sən deyirdin, amma mən inanmırdım. Yadında deyəndə ki, hələ 15 il əvvəl ruhlar bədəndən çıxıb dolaşır və sonra qayıdır. Hətta bəzən onlar azıb yolu tapa bilməyəndə insan ölür. Hə, bax o zamanlar inanmırdım. Amma indi…
Siz təcili yardım maşını ilə məni aparanda sizi seyr edirdim. O qardaşın Rafiq öləndə də məndən əl çəkmirdi. Gəlmişdi yanımda idi. Amma bu dəfə bir az yumşaq davranırdı mənimlə. Səni o halda görərkən səsləndim, çığırdım, bağırdım amma məni eşitmədin. Sonra qardaşın məni arxasıyca harasa getməyimi istədi. Gecənin qaranlığında bir xarabalığa gəlib çatdıq.
Məndən soruşdu ki, buranı tanıyırsan? Dedim yox amma elə bil doğmalıq var bu yerlərdə.
Nə isə sağlı-sollu xarabalıq olan küçədə addımlayarkən dəhşətli səhnələrə şahid olurdum. İlahi, onları deməklə olmur gərək görəydiniz.
Hər xarabalığın, hər evin qabağında bir neçə insan durub fəryad qoparırdı. Kimisi inildəyirdi, kimisi əllərini o soyuq daşlara sürtürdü. Biz addımladıqca nəyisə, haranısa axtaran, amma tapa bilməyənlərə rast gəlirdik. Bir uşaq gördüm uçub sökülmüş və yalnızca bir divarı salamat qalmış evin qarşısında. Ata, ata deyib elə ağlayırdı ki, səsi hələ də qulağımdadı.
Addımladıqca bu yerlər mənə bir az daha doğma gəlməyə başlamışdı. Sağ tərəfə dönəndə qarşıma çıxan mənzərəyə inana bilmədim. Bayaqdan ağlayan, inildəyən, hönkürən insanlara baxan mən indi göz yaşlarımı tuta bilmirdim. Qarşımda doğub böyüdüyüm evimizin uçub dağılmış xarabalığı idi. Bayaqdan yad olan bu küçələr o evlər indi mənə doğmalaşmışdı. Anlamışdım ki mən Ağdamdayam. Gözlərimin yaşını silə-silə yaxınlaşdım bir vaxtlar bərli-bəzəkli hündür divarları olan evimizin küçə qapısı olan yerə. Tam dağılmışdı. Bəzi hissələrdə yerdən 2-3 daş hündürlüyündə qalıqlar vari di. 2 mərtəbəli evdən yalnız arxa divarlar salamat qalmışdı. Evimizin həndəvərində mənə tanış gəlməyən insanlar dolanırdı, amma mənə doğma gəlsələr də mən onları tanıya bilmirdim. Rafiqdən soruşsam da o da tanımadığını deyirdi.
Evin ətrafında bir az dolaşdıqdan sonra sizin evə sarı yollandıq. Yol boyu evlərə baxıdıqca artıq tanımağa başlamışdım oraları. Mirzə Cabbarın evi, Həsən İsmayılov vardı haaa, bax onun evi tanınmaz halda idi. Gəzə-gəzə gəlib sənin iş yerinə çatdıq.
Divardakı mozayakaların biri nisbətən salamat qalsa da digərinin çox kiçik bir hissəsi qalmışdı. Yadındadı da səni elə həmin yerin qabağından götürüb qaçırmışdım. Daha burda çox dayana bilmirdim. Baxıdqca pis olurdum. Oradan tez uzaqlaşmaq istəyirdim. İri addımlarla gedərkən məscidin yanında ayaq saxladım. Bir az durub elə hey tamaşa elədim. Gecə olmasına baxmayaraq, ayın parlaq işığı hər yeri aydınladırdı. İçəri daxil olduq. Qiblə olan tərəfdə ərəb yazıları tam silinməsə də ətrafında çoxlu rus və erməni dillərində yazılar var idi. Zalım balaları məscdin bütün divarlarını söyüşlərlə oxuya bilmədiyim erməni ifadələri ilə bəzəmişdilər. Amma bəzi yerlərdə hələ də ərəb yazıları qalırdı. Düzü ana dilimizdə bir yazıya belə rast gəlmədim.
Bayaqdan dinib danışmayan qardaşın 3 mərtəbəli çayçıya çatanda dayandı. Uçulub dağılmış pillələrin üstündə oturdu.
Sonra dedi:
- Gör neçə ildi ki, hər cümə axşamı bax bu mənzərələr canlanır burda. Gəlirlər evlərini, yurdlarını bu halda görürlər, belə fəryad qoparırlar və gedirlər. Hər həftə qış, yaz, yay bilmədən. Hələ nə qədər belə davam edəcək bilinmir. Məndə onlar kimi gəlirəm baxıram gedirəm. Bu dəfə gələndə birinci sizə baş çəkdim, gördüm sən can üstəsən. Allahdan möhlət istədim. Nida gəldi ki, səbr elə. Amma bura hələ sənin üçün tezdi. Bacımı tək qoyma. 3 gündən sonra toynuzun 25 illiyidi. O günü bir yerdə olmalısınız.
Bax belə Xədicə, Ağdamdan sübhə yaxın ayrıldıq. Məni bir suyu Gülablıya oxşayan yerə apardı. Çoxlu adamlar var idi orda. Heç kim heç kimi tanımırdı. Hərə bir yanda oturmuşdu. 2 gün Rafiqlə orda qaldıq. Səhərə yaxın Rafiq sevinə-sevinə gəldi ki, dualar qəbul olundu. Allahın izni ilə qayıtmalısan bacımın yanına. Mən hər zaman yanınızda oldum, yenə yanınızda olacam.
Amma qəribə bir tapşırıq da verdi mənə. Dedi orda yetim bir qız var. Ay parçası bir qızdı. Bacıma çox kömək etdi bu günlər. Ona sahib çıx. Allah qatında ən savab işlərdən biridir.
Palatada oturub sakitcə İsmayıl kişiyə qulaq asanlar heyrətə gəlmişdi. Qulaqlarına inana bilmirdilər. Danışdıqlarında nə qədər həqiqət olduğunu qəbul etmək çətin gəlirdi.
Fantastik filmlərdə gördükləri kitablarda oxuduqlarını eşidib inanmadıqları məqamlar var idi onun danışdıqlarında. Hamı susmuşdu, bir nəfərdən başqa….
Bayaqdan palatanın qapısına söykənib söhbətə qulaq asan Nərgizin hıçqırıqları bu sakitçiliyi bir balaca pozdu. Göz yaşlarını gizlətməyə cəhd etməsinə baxmayaraq, alınmırdı. Gücünü toplayıb palatanı da tərk edə bilmirdi.
Göz yaşlarının səbəbi isə….
Dörd yaşında olarkən dəhşətli avtomobil qəzasında ata -anasını və iki qardaşını itirmişdi. Özü də həmin o avtomobilin içərisində idi. Amma möcüzə nəticəsində sağ qalmışdı. Gözləri önündə can verən anasını bir də böyük qardaşını görmüşdü. Heç bir yardım edə bilmədiyindən o gündən uşaq ağlıyla həkim olacağına qərar vermişdi. Əvvəl uşaq evində sonra elə ordaca isinişdiyi Nərminə xalanın evində böyümüşdü. 3 il əvvəl serrozdan rəhmətə gedən Nərminə xaladan sonra təhsil ala-ala elə bu xəstəxanada yerləşmişdi. Həm burda gecələyərək xəstələrə qulluq edirdi, həm də təhsilini davam etdirirdi. Xəstəxanada hamının ona böyük hörməti var idi. Bir neçə dəfə hətta baş həkimə elçiliyə də gəlmişdilər. Hərdən o anları xatırlayıb o ki var gülürlər. Amma Nərgiz təhsilini bitirib həkim olmaqda israrlı idi.
Baş həkim Nərgizi qucaqlayıb bağrına basdı, alnından öpdü. Xədicə xala “mən bu günə kimi qardaşımın sözündən bir dəfə çıxmışam, amma bir daha etmərəm”, - deyərək qıza sarı getdi, tellərinə sığal çəkdi, göz yaşlarını sildi.
İsmayıl kişinin gözləri dolmuşdu. Nərgizi səslədi. Əlindən tutdu, üzünə sığal çəkdi.
Rafiqin sözündən çıxsam mənim yaxmadan əl çəkməz. Ay qızım, gəl məni əngələ salma. Məni bu xəstəxanaya gətirəndə can verən halda gətirdilər amma çıxanda həyat yoldaşımla və birdə 25 il sonra tapdığım qızımla çıxmaq istəyirəm – dedi.
Əgər baş həkim razılıq verərsə Nərgizimizi öz evimizə aparmaq istəyirəm, – deyə əlavə etdi.
Baş həkim deməyə söz tapa bilmirdi. Gözləri yaşarmışdı, amma bu sevinc göz yaşları idi. Başı ilə razılığını bildirdi. Elə Nərgizdə etiraz etmədi. Neçə illər sonra başını soxacağı bir yuvası olacaqdı. Özünün çarpayısı, qabağında bəzən saatlarla oturacağı aynası, ən çox sevdiyi kələm dolmasını bişirmək üçün mətbəxi və daha nələr və nələri.
Birdə dərdini, sirrini deyə biləcəyi Xədicə xalası. Düzdü ona heç zaman ürək dolusu ana deyə bilməyəcəkdi, amma yenə də…
Bəzən uşaq kimi ərköyün olan, söz dinləməyən İsmayıl dayısı olacaqdı. Və bir gün qapılarını elçilər döyəndə baş həkimlə bərabər o qərar verəcəkdi.
* * *
İsmayıl kişi ilə Xədicə xalanın toy günlərindən düz 25 il keçirdi. 25 il. Bir igidin ömrü.
Amma bu gün toy günü olmaqla bərabər Ağdamın işğal olunduğu gün idi: 1993-cü il, 23 iyul…
Orxan Ordubadlıxan
Xəbər 5373 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|