Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


14.11.2023  19:57 

Öcalanı Türkiyəyə İsrail təslim edib?





A+  A-

XIX əsrdə İngiltərənin baş naziri olmuş Henri Palmerstonun (1859-1865) “İngiltərənin daimi dostu və düşməni yoxdur, daimi mənafeyi var”, fikri hələ də dillərdə dolaşır. Düzdür, bir çoxları bu qanadlı ifadəni Böyük Britaniyanın digər baş naziri Uinston Çörçillin (1940-1945, 1951-1955) adına çıxırlar.

Niyə bu ifadə bu qədər populyardır?

Çünki sadə bir həqiqəti mükəmməl şəkildə - yəni hər kəsin anlaya biləcəyi bir formada ortaya qoyur. Bu fikir bütün dövlətlər üçün keçərlidir.

Hazırda Fələstində yaşayan fəlakət dünyanın gündəmindədir. Azərbaycanda da bu, əsas müzakirə mövzusu olaraq qalır. Sirr deyil ki, Türkiyə və Azərbaycanda HƏMAS-İsrail müharibəsinə münasibətdə xeyli fərqlər var. Türkiyə ilə Azərbaycanın münasibətləri sayın Tayyib Ərdoğanın dediyi kimi “eşi, bərabəri” olmayan münasibətlərdir. Əksər məsələlərdə Türkiyə ilə Azərbaycanın münasibətləri az qala yüzdə yüz üst-üstə düşür. Ancaq bəzən fərqlər də olur. Bax, HƏMAS-İsrail müharibəsi “bəzən fərqlər olur”ların başında gəlir.

Maraqlıdır ki, İrana dəstək verənlər belə, bu fərqdən yararlanmağa çalışırlar. Məsələn, deyirlər ki, İsrail Azərbaycan ilə necə müttəfiq ola bilər ki, Azərbaycanın qardaş dediyi Türkiyəyə qarşı PKK-ya dəstək verir.
İsrail PKK-ya dəstək verirmi?

Bu suala Türkiyə və İsrail mediasına istinadən cavab verməyə çalışacağıq.

Daha hansı ölkələr və hansı məqsədlə PKK-dan yanadır? Bu məsələyə də ötəri toxunacağıq.

Ondan başlayım ki, Türkiyə və İsrail Qərbi Asiyada yerləşən iki nüfuzlu ölkədir. Fələstin və kürd məsələlərindəki fikir ayrılıqları, Şərqi Aralıq dənizindəki ziddiyyətli mövqelər iki ölkə arasında bir neçə dəfə yüksək səviyyəli böhrana səbəb olub. Hətta bu ölkələr arasında diplomatik münasibətlər ən aşağı həddə qədər enib. 2010-cu ilin mayında yaşanan “Mavi Marmara” olayından sonra Türkiyə-İsrail münasibətləri dalana dirəndi. Sonda Azərbaycanın təkidli səyləri nəticəsində aradakı buzlar əriyib getdi. Heç şübhəsiz ki, müəyyən zaman kəsiyindən sonra Türkiyə-İsrail münasibətləri yenidən canlanacaq. Niyə bunu əminliklə deyirik? Çünki dövlət maraqları bunu tələb edəndə tərəflər hərəkətə keçmək zorunda qalacaqlar...

Hələlik isə Türkiyə-İsrail münasibətlərindəki gərginlik Qərbdə anti-Türkiyə mövqeyində olan mərkəzlərin güclənməsinə təkan verib. Məsələn, Maykl Rubin “19fortyfive.com” saytında “Israel Should Openly Support The PKK” (İsrail açıq şəkildə PKK-ya dəstək verməlidir) adlı məqalə ilə çıxış edib. Türkiyə və Azərbaycana qarşı düşmən mövqeyində olan, ermənilərə xüsusi simpatiyası ilə tanınan müəllif buyurur ki, kürdlərin zenit raketləri və dronlara qarşı texnologiyaya ehtiyacı var. İsrail bu ehtiyacı təmin etməlidir. Alternativ kimi ortada olan odur ki, HƏMAS-ı himayə edən, islamçı və getdikcə anti-semit olan Türkiyənin yəhudilərə, israillilərə, amerikalılara və daha geniş şəkildə Qərbə qarşı terrorizmi dəstəkləməkdə daha güclü, cəsarətli və daha da fəallaşmasına imkan vermək olmaz. Maraqlıdır ki, sözügedən məqalə Qərbin bir çox media orqanları tərəfindən dönə-dönə yayımlanıb...

Qərbdə kürd məsələsi dedikdə daha çox PKK-ya münasibət nəzərdə tutulur. Xatırladım ki, PKK Türkiyə, Avropa İttifaqı və ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınır. Ancaq bu, Qərbin PKK-ya dəstək verməsinə qətiyyən mane olmur...

Türkiyə və İsrail bir-birindən nə istəyir? Bu suala İsrailin baş naziri Benyamin Netanyahunun cavabı 2017-ci ilin sentyabrında İsrail mediası tərəfindən yenidən gündəmə gətirilmişdi: “İsrail Türkiyədə həyata keçirilmiş bütün terror aktlarını pisləyir və Türkiyədən də İsraildə baş verən bütün terror aktlarını pisləyəcəyini gözləyir”. Netanyahu İstanbulda baş verən ölümcül partlayışdan sonra belə demişdi:

“Terrorla mübarizə qarşılıqlı olmalıdır. Terrorun qınanması və pislənməsi də həmçinin qarşılıqlı olmalıdır. İsrail dövlətinin Türkiyə də daxil olmaqla, təmasda olduğu bütün ölkələrdən gözlədiyi budur”.

O da maraqlıdır ki, ilk öncə İsrail kürdlərdən İraqa qarşı istifadə edib. Belə ki, Molla Mustafa Bərzani öz tərəfdarları ilə İraq rejiminə qarşı üsyana qalxdı. Bu, İsrailə İraqa qarşı hibrid müharibə aparmaq imkanı verdi. İsrail Bərzani klanına maddi-texniki dəstək, hərbi təlim və yeni perspektivlər təklif etdi. Kürdüstan Demokrat Partiyasında kəşfiyyat təşkilatının əsasları daha sonra “Mossad” tərəfindən qoyuldu. 1967 və 1973-cü illərdə Ərəb-İsrail müharibələri zamanı ərəblərə verdiyi dəstəyə görə İsrail İraqı Bərzaninin partizan hücumları ilə “mükafat”landırdı. İsrail kəşfiyyatının Şimali İraqa daxil olmasına İran şahı da dəstək verdi. Elə indi də İraq Kürdüstanı ilə İsrailin münasibəti yüksək səviyyədədir. Son illərdə İsrail kürdlərdən dəyəri 1 milyard dollardan artıq olan neft alıb...

Tarixən İsraillə PKK arasında yaxşı münasibətlər olmayıb. 1971-ci ildə İstanbuldakı İsrail konsulu marksist təşkilatlar tərəfindən oğurlanaraq öldürülüb. Bu, İsrailin Fələstinlə bağlı Türkiyədəki solçu təşkilatlara diqqət yetirməsinə səbəb oldu. Türkiyənin “hurriyetdailynews.com” saytı 2011-ci ilin noyabrında “On Israeli-PKK relations” (İsrail-PKK münasibətləri haqqında) adlı məqaləsində belə yazır. Dr. Nihat Ali Özcan bildirir ki, İsrailin solçu axtarışı diqqəti Abdulla Öcalan və PKK-ya yönəltdi. Məlum oldu ki, Öcalan 1979-cu ildə Türkiyədən Suriyaya qaçıb. Daha sonra Suriya kəşfiyyatı və Marksist Cibril və Havatme və Fələstinin Azadlıq Xalq Cəbhəsinin köməyi ilə Livanda məskunlaşıb. Bu üç qurum İsrail üçün problem mənbəyi oldu və Abdullah Öcalanın yaraqlılarına partizan təlimi verməyə başladı...

Deməli, Fələstin və kürdlər əl-ələ veriblər. Biri Türkiyəyə, digəri İsrailə qarşı vuruşur. Türkiyə kürdlərə dəstək verdiyinə görə İsraili ittiham edir, İsrail də Fələstinə dəstək verdiyinə görə Türkiyədən şikayətçidir. O da maraqlıdır ki, PKK İsrailə qarşı da vuruşub. Belə ki, 1982-ci ildə İsrail Livana hücum etdi. O vaxt beynəlxalq marksist təşkilat kimi tanınan PKK İsrailə qarşı silahlı mübarizəyə başladı. Döyüşlərdə 11 nəfər itirdi, xeyli PKK-lı yəhudilər tərəfindən həbs olundu. O vaxt PKK-nın arxiv sənədləri İsrailin əlinə keçdi. Yəhudilər həmin məlumatları Türkiyə ilə bölüşdülər...

Dr. Nihat Ali Özcan qeyd edir ki, SSRİ dağıldıqdan sonra Türkiyə ilə rəqabətdə olan Rusiya, İran və Suriya PKK-ya dəstəyini daha da gücləndirdi. 1992-ci ilin sentyabrında İsrail PKK-ya dəstək verən İran və Suriyaya qarşı Türkiyənin yanında yer aldı. 1993-cü ilin mayında PKK fəaliyyətini daha da gücləndirdi...

Diqqət edin, 90-cı illərdə Rusiya, İran və Suriya PKK-ya dəstək verib. Suriya və İran indi də PKK-nın yanındadır. Rusiya isə PKK-dan ciddi şəkildə uzaqlaşıb. Sabah Rusiya-Türkiyə münasibətlərində gərginlik yaransa, PKK həmən rəsmi Moskvanın yadına düşəcək. İndi isə Türkiyə Rusiya üçün vazkeçilməz müttəfiqdir...

Dr. Nihat Ali Özcan qeyd edir ki, Türkiyənin daha müasir silahlara, texnikaya, kəşfiyyata və əməliyyat texnikasına ehtiyacı var idi. Bu ehtiyac Türkiyə-İsrail əlaqələrinin inkişafına təkan verdi. İsrail Fələstində “intifada” qarşı əldə etdiyi təcrübəni Türkiyə ilə bölüşdü və bu, Türkiyənin PKK-ya əhəmiyyətli “itkilər” verməsinə kömək etdi. Ümumilikdə PKK təhlükəsi Türkiyə-İsrail münasibətlərində əsas rol oynayıb. Bu gün biz bilirik ki, İsrail PKK-nın həbsdə olan lideri Öcalanın tutulmasında mühüm yer tutub. Öcalanın ələ keçirilməsindən sonra PKK-nın İsrailin Berlin konsulluğuna hücum cəhdi, 4 PKK üzvünün İsrail mühafizəçiləri tərəfindən öldürülməsi təsadüfi deyildi...

Maykl Rubin də “19fortyfive.com” saytında gedən “Israel Should Openly Support The PKK” adlı məqaləsində 1999-cu ildə İsrailin “Mossad” təşkilatının Türkiyəyə PKK-nın qurucusu Abdullah Öcalanı tutmağa kömək etdiyini bildirir.

Öcalanın həbsindən sonra PKK əvvəlki nüfuzunu itirə-tirə getdi. Bu amil də Türkiyənin İsraildən asılılığını zəiflətdi. PKK ilə hərbi mübarizə artıq gündəmin əsas mövzusu olmadığı üçün Türkiyə-İsrail “strateji ittifaqı” öz önəmini ciddi şəkildə itirdi...

Bu məqama da xüsusi diqqət yetirməkdə fayda var. Belə ki, İsrailin əsas müttəfiqi olan ABŞ və Avropa İttifaqı (bütövlükdə Qərb) PKK məsələsində Türkiyənin maraqlarını nəinki nəzər almır, hətta bu maraqlara qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirirlər. Məsələn, 2019-cu ildə Türkiyənin “Anadolu Agency” media mərkəzi Amerikanın nüfuzlu nəşrlərindən olan “Newsweek”də gedən məqalədə ABŞ Təhlükəsizlik Şurasının üzvünün səsləndirdiyi fikrə diqqət çəkib. Amerika rəsmisi deyib ki, ABŞ Yaxın Şərqdən çəkilir. Yaxşı olar ki, Amerika Türkiyə sərhədləri yaxınlığında ikinci İsrail dövləti yaratsın:

“Düzünü desəm, ABŞ-ın Türkiyə, Suriya və İraqda yaşayan kürd xalqına dəstək verməsi daha yaxşıdır... Bu, bölgədə ikinci İsrail dövlətinin yaranması kimi bir şey olardı”.

Zatən, Amerikanın kürdlərlə bağlı apardığı bu siyasət bütün çılpaqlığı ilə indi də ortadadır.

Bəs, kürd məsələsinə İsrailin münasibəti necədir?
“The Times of Israel” qəzetində 2017-ci ildə çıxış edən baş nazir Benyamin Netanyahu bu suala belə cavab verir: “İsrail PKK-ya qarşıdır və HƏMAS terror qruplaşmasına dəstək verən Türkiyədən fərqli olaraq, PKK-nı terror təşkilatı hesab edir. Ancaq İsrail hər cür terrora qarşı olsa da, kürd xalqının öz dövlətini qurmaq üçün qanuni vasitələrlə apardığı mübarizəni dəstəkləyir”.

Heç şübhəsiz ki, Türkiyə-İsrail münasibətlərində yaranmış soyuqluq yəhudi dövlətinin PKK-ya yenidən qucaq açmasına gətirib çıxaracaq. Heç PKK da bu fürsəti əldən verməz.

Türkiyə HƏMAS-a dəstək verməsə, İsrail PKK-ya dəstək verərmi? Verməz. Bunu bilə-bilə nədən Türkiyə HƏMAS-a dəstək verir? Birincisi, PKK Türkiyə üçün artıq ciddi təhlükə mənbəyi deyil. İkincisi və ən önəmlisi odur ki, Türkiyənin İslam Dünyasında böyük maraqları var. Bu maraqların təmin olunması üçün Türkiyənin HƏMAS-a dəstək verməsi gərəkir...

Elbəyi Həsənli.
Sürix

Xəbər 453 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +