Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


04.07.2023  12:31 

Qarabağda böyük təmizləmə başlayır?





A+  A-

Azərbaycan separatçıların işini Ukraynada müharibə gedə-gedə də bitirə bilər; 10 noyabr sənədinin faktiki ləğvi Bakının əl-qolunu açıb; Rusiya ərazimizdə süni məskunlaşma aparır?..

Rusiya və Ermənistanın destruktiv mövqeyi sayəsində 10 noyabr 2020-ci il üçtərəfli sənədi artıq öz əhəmiyyətini itirmiş, ləğv olunmuş kimidir. Bu qənaətin altını artıq əminliklə cızmaq olar. Çünki sənədin böyük sülh sazişinin önünü açacaq əsas bəndləri (4 və 9) yerinə yetirilməmiş qalır.

Bundan əlavə, rəsmi Moskva həm adıçəkilən yazılı anlaşmaya, həm də 22 fevral 2022-ci il tarixli Moskva bəyannaməsinə tüpürməklə, separatçılara hərtərəfli dəstəyini davam etdirməklə daimi sülh və sabitliyə ciddi əngəl yaratdığını vaxtaşırı şəkildə ortaya qoymaqdadır.

Bu səbəbə avtomatik surətdə Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Qarabağda beynəlxalq hüquq əsasında öz suverenliyini tam miqyasda bərpa eləmək üçün istənilən yola əl atmaq haqqı qazanmış olur. Proses başlayıb. Ermənistanla sərhəddə, Laçın yolunun girişində nəzarət-yoxlama postunun qoyulması bunun yalnızca başlanğıcıdır. Davamı da gələcək. Böyük ehtimalla, növbəti mərhələdə hələ də ərazimizdə gizlənən qanunsuz erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi başa çatdırılacaq.

Bundan ötrü yəqin ki, Bakı son dəfə Qarabağda müvəqqəti yerləşmiş Rusiya “sülhməramlı” kontingentini nəzakət qaydasında xəbərdar edəcək. Rusların böyük təmizləməyə əngəl olmağa heç bir yuridik əsası yoxdur, ola bilməz. Onların faktiki mandatı da Azərbaycanın antiterror əməliyyatına maneə yaratmasını istisna edir. Əksinə, bu işi məhz elə onlar, həm də çoxdan görməli idilər (4-cü bənd).

10 noyabr 2020-ci il üçtərəfli sənədinin “dəmir” məntiqinə əsəsən, Qarabağda rus “sülhməramlılar” varsa, digər heç bir yad ölkənin silahlısı və ya qanunsuz silahlı orada olmamalı idi. Yox, silahlı separatçılar qalırsa, onda rus hərbçiləri orada nə gəzir?

Sonuncu halda Azərbaycan nə edəcəyini yaxşı bilir. Onların işini bitirmək üçün ordumuzun bircə korpusu və cəmi bur neçə saat kifayətdir. Zatən, Bakı humanizm göstərərək, İkinci Qarabağ müharibəsini dayandırmağa ona görə razılıq verib ki, erməni işğalçı qüvvələrinin qalıqları qan tökülmədən, dərhal ərazimizi tərk eləsin.

Təəssüf ki, Azərbaycan tərəfinin yaxşılığını nə ermənilər, nə də havadarı doğru anladı. Ona görə də Moskvaya konkret vaxt, separatçılara isə ultimatum vermək zamanı çatıb. Azərbaycan rus hərbçiləri Qarabağda əbədi qalsın deyə, separatçıların özbaşınalığına sonsuzadək səbir göstərmək niyyətində deyil. Bizim belə bir “bahalı” lüksümüz yoxdur, biz onları əbədilik çağırmamışıq!

Bu iradəni Azərbaycan dövləti iyunun 27-də Vaşinqtonda üçgünlük danışıqlar başlayan gün bir daha əyani və sərt formada hamıya nümayiş etdirib - “sülhməramlılar”ın müvəqqəti məsuliyyət zonasında 5 silahlı separatçını gəbərtməklə.

Bu, hər şeydən öncə Moskvaya siqnal idi ki, davamı daha ağır gələ, hətta Rusiya hərbi kontingentinin Qarabağı vaxtından tez tərk eləməsi ilə nəticələnə bilər. Madam ki, 10 noyabr sənədi işləmir, onun “sülhməramlılarla” bağlı 6-cı bəndi də avtomatik qüvvədən düşmüş sayılır.

Odur ki, rəsmi Moskva qərarını verməlidir: o, kiminlədir - kriminal elementlərlə, yoxsa beynəlxalq hüququn yanında, öz hərbi kontingentini Qarabağda erməni separatizmini körükləmək üçün gətirib, yoxsa iki xalqın barışığına kömək üçün? Əfsus ki, ikinci halı görmürük. Kreml və İrəvanın eyni zamanda Bakının “Qisas -2" əməliyyatından yanlış nəticə çıxardığı ortada.

Hələ harasıdır, bu arada Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına Kazandan gələn erməni ailənin yerləşdirildiyi haqda məlumat yayılıb (Axar.az). Belə ki, “Bez Tormozov” Telegram kanalı Kazandan olan ailə - Tatyana Babayan, əri Artur Babayan, onların övladları Arkadi, Samvel və Aleksandranın fotoları dərc edilib.

Bildirilir ki, onlar rus sülhməramlıların məsuliyyət zonasına 2020-ci ildən sonra yerləşdiriliblər. Tatyana sülhməramlı kontingentin təşkil etdiyi anti-Azərbaycan tədbirlərində fəal iştirak etməklə fərqlənir. “Tatyana fevralın 26-da Xocalı faciəsinin ildönümü günü təşkil edilən Maslenitsada da iştirak edib. Maslenitsa məhz qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı təpələrində qeyd olunub”, - məlumatda bildirilib. Artur Babayanın isə sülhməramlı kimi “xidmət etdiyi” də istisna edilmir.

Xəbər doğrudursa, o zaman bu, Moskvanın Bakıya qarşı daha bir de-marşı hesab edilməlidir. Çünki Azərbaycan vətəndaşlığı daşımayanlar, o cümlədən ermənilər dövlətimizin razılığı olmadan Qarabağda yerləşə bilməzlər. Bu, beynəlxalq konvensiyaya da ziddir və axırının nə ilə qurtardığı gərək ki, Rusiya hakimiyyətinə yaxşı məlumdur. Üstəlik, Kazandan gələn erməninin "sülhməramlı" kontingentin tərkibində xidmət keçməsi və “Xocalı yaramız”a alçaqcasına duz basılması.

Azərbaycan xalqı sözsüz ki, bütün bunlara, o cümlədən indi də rusun əli ilə ərazimizdə süni məskunlaşma aparılmasına göz yuma, imkan verə bilməz. Özü də elə bir mühüm və tarixi dönəmdə ki, Qarabağda “Böyük Qayıdış”la bağlı quruculuq işləri sürətlənib. Keçmiş köçkünlərin dönüşü intensivləşib. Onların dinc, təhlükəsiz həyatı isə ən əvvəl Qarabağda qanunsuz silahlı dəstələrin meydan sulamasını istisna edir.

Əgər Kreml dəhlizlərində güman edirlərsə ki, Bakı bu və digər özbaşınalıqlara laqeyd yanaşacaq, kobud surətdə yanılırlar. Azərbaycan Qarabağda böyük təmizləməni Ukraynada müharibə gedə-gedə də bitirə bilər. Deyəsən, proses buna doğru gedir...

Siyasət şöbəsi,
“Yeni Müsavat”



Xəbər 664 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +