Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.01.2023  12:16 

Boradigah... - Tikanlıqda olan kənd/Fotolar





A+  A-

Respublikamızda elə kənd və qəsəbələr vardır ki, onlar nəinki yerləşdikləri rayon və bölgədə, həmçinin ölkə hüdudlarından kənarda da tanınırlar. Belə yaşayış məntəqələrindən biri Masallı rayonunun Boradigah qəsəbəsidir. İlk dəfə 1983-cü ildə, VI sinifdə oxuyarkən bu qəsəbədə olmuşam. Həmin vaxtdan etibarən Boradigah dedikdə ilk olaraq xəyalımda bazar, sənətkar emalatxanaları, dükanlar və mömin insanlar canlanır.

Boradigah Masallı rayonunun cənubunda, Talış dağlarının ətəyində, Masallı şəhərindən 12 km aralıda, 21 km uzunluğu olan Boradigah çayının hər iki sahilində yerləşir. Ərazisi 1034,95 hektar, əhalisi 7 min nəfərdən çoxdur.

Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1849-cu ilə dair kameral siyahıyaalınması zamanı Boradigahda 262 ev, 880 kişi (qadınlar hesaba alınmamışlar), 1859-cu ildə 261 ev, 1803 (kişi 1008, qadın 795) nəfər, 1873-cü ildə 287 ev (tüstü), 3429 (k 1772, q 1657) nəfər qeydə alınmışdır.

Qeyd edək ki, 1859-cu ilin siyahıyaalınmasına əsasən Boradigah evlərin və həm də əhalisinin sayına görə Lənkəran şəhəri ( ev 827, əhali 3739 nəfər) və Privolnoye kəndindən (ev 419, əhali 2133; indiki Cəlilabad rayonunda kənd) sonra qəzada 3-cü ən böyük yaşayış məntəqəsi olmuşdur.

Boradigahda 1911-ci ildə 1984 (ev 164; kişi 990, qadın 994), 1933-cü ildə 2186 (k 1083, q 1103), 1999-cu ildə 5344, 2019-cu ildə isə 7 min (k 3600, q 3400) nəfər yaşamışdır.

Boradigah respublikamızın qədim yaşayış məntəqələrindən hesab olunur. Burada e.ə. IV-II minillikləri əhatə edən tunc dövrünə aid “Ağabala təpəsi” və “Mehdi təpəsi” adlı kurqanların aşkar edilməsi fikrimizi bir daha təsdiq edir. Qəsəbə ərazisində bir çox maddi-mədəniyyət nümunələrinə rast gəlinmişdir ki, onların sırasında tuncdan hazırlanmış kiçik şir fiquru da vardır.

Tarixçi-toponimist, əməkdar müəllim Musarza Mirzəyev yazır: “Boradigahda tapılmış və tuncdan hazırlanmış kiçik şir fiquru atəşpərəstliklə bağlıdır. Bu fiqurun başındakı dairəvi lövhə onun göylərlə, Günəş və ulduzlar aləmi ilə, tarixi ənənələrimizlə, Novruz bayramının yaranması ilə bağlı olduğunu sübut edir” (Mənim Masallım. Bakı 1991, səh.8).

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Boradigahda 10 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Bu abidələr aşağıdakılardır:

Ölkə əhəmiyyətli arxeoloji abidələr: - Ağabalatəpə kurqanı (Tunc dövrü; in: 1581), Mehditəpə kurqanı (Tunc dövrü; inv: 1582), Hacı Mahmud arxi (XVI əsr; inv: 1614), Qərib Seyidin ocağı (XVI əsr; inv: 1617), Seydəkinə (talış dilində Seyid qızı) ocağı (XVI əsr; inv: 1618);

Yerli əhəmiyyətli memarlıq abidələri: - Hacı Mirnağının yaşayış evi (XIX əsr; inv: 4847), “Zeyni” yaşayış evi (XIX əsr; inv: 4848), Hacı Mirağa hamamı (XIX əsr; inv: 4868), Hacı Şükür hamamı (XIX əsr; 4869), Məscid (Cümə məscidi; 1853-1854-cü illərə aid; inv: 4870).

Qəsəbə ərazisində abidə kimi rəsmən iki ziyarətgah (Qərib Seyid, Seydəkinə) qeydə alınsa da, burada Bahomba, Qulaməli və Zəhnoba adlı ocaqlar (ziyarətgahlar) da vardır.

Boradigah talış dilində Bırədiqo adlanır. Boradigah toponimi də məhz Bırədiqo sözündən yaranmışdır. Talış dilində “bır”- tikan, “ə”- birləşdirici səs, “di”- kənd, “qo”- yer sözlərinin birləşməsindən yaranan Bırədiqo/ Boradigah Azərbaycan dilinə tərcümədə “tikanlı kənd yeri” və ya “tikanlıqda olan kənd yeri” mənasını verir.

Qəsəbə əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Sovet dönəmində burada fəaliyyət göstərmiş təsərrüfat-Telman adına kolxoz/sovxoz tütünçülük, çayçılıq, tərəvəzçilik və maldarlıq üzrə ixtisaslaşmışdır. Rayonun qabaqcıl təsərrüfatlarından olan Telman adına kolxozun manqabaşçısı Qubad Əsədulla oğlu Nəsirov yüksək əmək göstəricilərinə görə hətta 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdür. Eyni zamanda sənətkarlıq və ticarət də boradigahlıların əsas məşğuliyyəti olmuş, Boradigah bölgənin ticarət mərkəzlərindən biri kimi tanınmışdır. Boradigahda kənd və qəsəbələr üçün o qədər də xarakterik olmayan bazar olmuş və bazar bu gündə fəaliyyət göstərməklə Boradigah bazarı kimi tanınır. Hələ 1859-cu il siyahıyaalınmasında burada bazarın olduğu qeyd edilmişdir. Bazar və sənətkar emalatxanaları Boradigahı kənddən fərqləndirdiyi üçün 1966-cı il 22 yanvar tarixində Boradigah kəndinə qəsəbə statusu verilmişdir.
1974-cü ildə kinorejissor Şamil Mahmudbəyov “Vahə od içində” filmi üçün bəzi kadrları Boradigahın bazar meydanında çəkmişdir. Lakin həmin kadrların heç biri filmə düşməmişdir (Səyavuş Süleymanlı. Dünya xatirəylə girib yuxuma... Bakı 2015, Səh.359).

Boradigah qəsəbəsində 2 tam orta məktəb, 2 xəstəxana, mədəniyyət evi, kitabxana, klub, poçt, ATS, 2 məscid, çay fabriki, 2 şadlıq evi, 2 restoran, bazar, məişət evi, mağazalar, dükanlar, ictimai-iaşə və digər sosial obyektlər vardır. “Cümə” məscidi bölgən qədim məscidlərindən, əsası 2007-ci ildə qoyulan və tikintisi bir neçə il davam edən Həzrəti Əli məscidi isə bölgənin ən gözəl memarlıq nümunələrindən biri sayılır.

Boradigah Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 10 şəhid vermişdir. Boradigahlı şəhidlərin xatirəsinə 2021-ci ildə qəsəbədə “Şəhidlər abidəsi” inşa edilmişdir.

Boradigahlılar həmişə milli-mənəvi dəyərlərə hörmətlə yanaşmışlar. Buradan neçə-neçə din xadimi çıxmışdır. Heç də təsadüfi deyildir ki, XX əsrin ortalarına qədər Boradigah və Ərkivan kəndləri (indi qəsəbədirlər) bölgənin dini mərkəzləri kimi ad qazanmışlar. Qeyd edim ki, Boradigaha ilk dəfə 1983-cü ildə atamla birlikdə məhz “Qurani-Kərim” almaq məqsədilə getmişdim. Qəsəbədə Qərib Seyid türbəsi, Seydəkinə (Seyid qızı), Bahomba, Zəhnoba və Qulaməli ocaqları vardır. Boradigahda ilk məscid 1853-cü illərdə tikilmişdir. 1972-ci ildə kinorejissor Tofiq Tağızadə “Qızıl qaz” filminin bəzi kadrlarını Boradigah məscidinin (hazırda Cümə məscidi adlanır-İ.Ş.) qarşısında çəkmişdir (Səyavuş Süleymanlı. Dünya xatirəylə girib yuxuma...Bakı2015,səh.357).

Boradigah qəsəbəsində icra nümayəndəliyi və bələdiyyə fəaliyyət göstərir. Boradigah qəsəbə icra nümayəndəliyi (inzibati ərazi dairəsi) və qəsəbə bələdiyyəsi Boradigah mərkəz olmaqla Babaser və Mollaoba kəndlərini də əhatə edir.

Boradigah özünün qədim tarixi ilə yanaşı eyni zamanda, ziyalıları ilə də tanınır.

Boradigahlılar Şeyx Məhəmmədsadiq Boradigahi Lənkərani, Şeyx Fətəli Boradigahi Lənkərani, Şeyx Sədrəddin Boradigahi Lənkərani, filologiya elmləri doktoru Sayadulla Babayev, hüquq elmləri doktoru Alxas Kişiyev, biologiya elmləri doktoru Miri Fəttayev, fizika-riyaziyyat elmləri doktoru Vaqif Nəsirov, texnika elmləri doktoru İsmayıl Babayev, hüquq elmləri namizədi (fəlsəfə doktoru) Çingiz Bəşirov, pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) Sahib Məcidov, Sosialist Əməyi Qəhrəmanı Qubad Nəsirov, şairlər Nurməmməd Ağa, Məmməd Əvəzoğlu, Rafiq Məmməd, Fariz Əsgərov, Hacıbaba Zülfuqarbəyli, tanınmış müğənnilər mərhum Hümmət Talıbzadə, Firudin Səfərov və digər həmyerliləri ilə haqlı olaraq fəxr edirlər.

Boradigah qəsəbəsi haqqında şair-pedaqoq Nurməmməd Ağa “Boradigahım mənim” (Bakı 1997) adlı tarixi-etnoqrafik kitab yazmış, haqqında neçə-neçə kitabda məlumat verilmiş və eyni zamanda qəsəbənin etnoqrafik xüsusiyyətləri haqqında 2002-ci ildə “Azərbaycantelefilm” tərəfindən qısamaterajlı sənədli televiziya filmi çəkilmişdir.

Boradigah qəsəbəsi gündən-günə böyüyür, inkişaf edir. Qəsəbənin adı talış dilində “tikanlı kənd yeri” olsa da, o, bu gün müasir və abad bir şəhərə bənzəyir. Buradakı quruculuq və abadlıq işləri qəsəbənin xoş gələcəyindən və işıqlı sabahından soraq verir.

İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi












Xəbər 1502 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +