Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.11.2022  10:24 

Arazın bu tayında verilən mesajlar, o tayında alınıb…





A+  A-

“Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik”.

Bu fikirləri Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.

İlham Əliyevin açıq mətnlə hansı dövləti işarə etdiyi hər kəsə bəllidir - İran.

O İran ki, Azərbaycanla 765 km-lik sərhəddi var, dini bir və az qala məzhəbi birik, 40 milyonluq azərbaycanlını əsarətdə və səfalətdə saxlayır.



Əlbəttə, yuxarıda göstərdiyimiz və hamının da bildiyi təkcə bu səbəblərdən İran-Azərbaycan münasibətlərinin bu nöqtəyə gəlməsi arzuolunan deyildi. Amma cənub qonşumuzun son illər Azərbaycana qarşı sərgilədiyi münasibət dövlətin ən başında oturan şəxsin belə bir bəyanat verməsinə vəsilə oldu. O şəxsin ki, son illərin qüsursuz xarici siyasəti və siyasətdə səbri ilə az qala dünyanın diqqətini cəlb etməkdədir. Azərbaycan Prezidenti səbəbsiz yerə belə bir bəyanatla çıxış etməzdi. Həm də hərbçilər qarşısında… Yerin və sözün deyildiyi anın da xüsusi mənası var.

Təbii ki, ipin nə zaman və haradan qopması heç kimə sirr deyil. Bunlarla bağlı zaman-zaman yazılıb, təkrarlamaqda və xatırlamaqda fayda var. Əslində, sadə səbəblərdir, amma dərin mənaları, mürəkkəb keçmişləri var.

Məsələn, çox da keçmiş olmayan (2015-ci ilin noyabr-dekabr ayları) Nardaran hadisələrindən sonra İranın Azərbaycana qarşı münasibəti kəskin dəyişdi. Nardaranı Qafqazın Qumu hesab edənlərin əl-ayağı yığılandan sonra İranın dayaqları da sarsılmağa başladı.



Nardaran hadisələrindən də xeyli qabaq (2013-cu ilin sentyabr-oktyabr ayları) Azərbaycandan İrana dini təhsil almaq üçün gedən (oxu – göndərilən) tələbələrin də milli təhlükəsizliyimiz üçün təhdid olduğunu anlayan rəsmi Bakı tərəddüd etmədən bu “köçün” də qarşısını almışdı. Bu qarşısı alınan proses də İranın Azərbaycana təzyiqini azaltmırdı. Təsəvvür edin, 2002-ci ildə İranda 250 azərbaycanlı dini təhsil alırdı və onların heç biri rəsmi yolla getməmişdi. Baxmayaraq ki, elə bu illərdə nə Təhsil Nazirliyi, nə də Qafqaz Müsəlmanları İdarəsi heç bir tələbənin dini təhsil almaq üçün İrana göndərilməsini təsdiq etmirdi.

Artıq 2013-cü ildə o zamankı MTN-nin qeyri-rəsmi xəbərdarlıqlarından sonra tələbələrimizin İrana “köçü” bir az səngidi: ya gedib qayıtmamalı idin, ya da qayıdandan sonra ciddi sorğu-sual olunmalıydın…

Ümumilikdə 1991-ci ildən 2015-ci ilə qədər ölkədən xaricdə 2166 nəfərin dini təhsil aldığı bildirilirdi. Azərbaycanlıların üz tutduğu dini mərkəzlər əsasən İraqın Nəcəf, İranın Qum, Məşhəd, Suriyanın Dəməşq, Səudiyyə Ərəbistanının Mədinə şəhərlərində yerləşirdi. 2013-2015-ci illərdə təhsil alan tələbələrin böyük əksəriyyəti əvvəlki illərdə gedənlər idi. 2013-cü ildə (sentyabr) İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində DQİDK-nin o zamankı sədri Elşad İsgəndərov Qumda Azərbayandan olan tələbələrin də təhsil aldığı "Cameətül Mustafa" Universitetinin rəhbərliyi və orada təhsil alan azərbaycanlı tələbələrin bir qrupu ilə görüşüb. Sabiq Komitə sədrinin bu səfəri həm də kəşfiyyat xarakterli ola bilərdi.



Hazırda demək olar ki, çox az sayda azərbaycanlı tələbənin Qumun dini mərkəzlərində təhsil aldığı bildirilir. Onlar da daha çox Nəcəf (İraq) və Dəməşq (Suriya) dini mərkəzlərindən Quma yollanıblar. Onların Bakıya qayıtmaq şansı da “0” bərabərdir… Əgər onlar Bakıya qayıtdıqdan sonra İran xüsusi xidmət orqanlarına işləyəcəkdirlərsə, indi bu mümkün də deyil. Və belə olan halda da onlar heç İrana da lazım deyillər. Deməli, bu yolda da közərən işq artıq sönməkdədir.

Digər bir təsir vasitəsi də cənub sərhədlərimizdə (bu versiya daha çox sosial şəbəkələrdə səsləndirilir və heç bir əsasda göstərilmir) yaşayan bəzi insanların - xüsusən də dindarların İrana “işləmələridir”.

Müşahidələr və Azərbaycanın hüquq-mühafizə orqanlarının çevikliyi bu təsir vasitəsinin də fiaskoya uğramasından xəbər verir. Hazırda məscidlərdə quraşdırılan veb-kameralar, dini xütbələrin birbaşa mərkəzdən göndərilməsi və insanların gur olduğu ibadət yerlərində “canlı kameraların” müşahidələri bu sahənin də kifayət qədər nəzarət altında olduğunu göstərir.



Narkotika və digər bu kimi cana və dinə ziyan maddələrin, ot-ələfin İrandan daşınması problemi də zaman-zaman həll olunur. Bu məsələ ilə bağlı kifayət qədər yazıldığı üçün təfərrüata varmırıq. Amma xatırlatmaqda fayda var ki, İranda narkoticarətlə təsadüfi insanlar məşğul olmur. Bu faktı təsdiq edən onlarla nümunə var. Məsələn, bir neçə il əvvəl İnqilab Keşikçilərinin generallarından olan Həsən Həşiminesap Anarinin, İran-İraq müharibəsinin qazisi Səməd Qasımpurun, SEPAH-ın Sistan və Bəlucistan əyalətindəki komandanı Qulamrza Bağbaninin narkotik qaçaqmalçılığı ilə məşğul olduqları bütün ölkələrin kəşfiyyat orqanlarına bəllidir. Əlbəttə, bu siyahını uzatmaqda olar.

2020-ci ilin noyabrına qədər Azərbaycanın İranla sərhəddində yerləşən və işğal altında olan 132 km-lik sərhəd xətti də narkoticarət üçün əlverişli idi. İkinci Qarabağ savaşı da bu bazarı bağladı. Şərqi Zəngəzur Azərbaycanın nəzarəti altında, İran üçün bu bölgədə həm qanuni, həm də qeyri-qanuni yollara “şlaqbaum” qoyulub.



Bir sözlə İranın Azərbaycanda cevrəsi hər gün daralır. Və İran daralan bu çəmbəri yarmaq üçün çabalayır və çabaladıqca da batır. Sərhəd boyu keçirilən təlimlər, Şərqi Zəngəzurla bağlı açıqlamalar, Paşinyanla qucaqlaşmalar və s. Bu yanaşmalar heç şübhəsiz ki, İranı Azərbaycandan uzaqlaşdırır. İndi İran Azərbaycanda daha çox inandığı və etibar etdiyi dini kəsimi də itirməkdədir. Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir həftə əvvəl verdiyi bəyanatın dini-ideoloji çəkisi çox ağır idi.

Bu və ya digər səbəblərin son 10 gündə Azərbaycanın bütün növ MEDİA resurslarında və sosial şəbəkələrin müxtəlif seqmentində açıq mətnlə səsləndirilməsi Güneydəki soydaşlarımızı da hərəkətə gətirib.

Prezident İlham Əliyevin portretlərinin farsca yazılmış "Güney Azərbaycan arxanızdadır, cənab prezident!" şüarları ilə Təbriz və Ərdəbil küçələrində yayılması, Təbrizin mərkəzi yollarından birinin üzrərindəki körpünün ən uca nöqtəsinə Azərbaycan bayrağının sancılması belə deməyə əsas verir ki, son günlər Arazın bu tayında verilən mesajlar, o tayında alınıb…



İranın daxilində baş verən iğtişaşlar da təkcə 22 yaşlı Məhsa Əmininin həbsdən bir neçə saat sonra vəfat etməsi ilə bağlı deyil. Bu iğtişaşlar həm də illərdir ölkədə mövcud olan sosial və etnik problemlərə etirazdır. Məsələn, Tehran iğtişaşlarında "Qadın, yaşam, azadlıq" şüarları səslənirsə, azərbaycanlıların çoxluq təşkil etdiyi Təbriz, Urmiya və Ərdəbildə həm də "Azadlıq, Ədalət, Milli hökumət" şüarları səsləndirilir. Göründüyü kimi, bütün etirazlar İran boyu eyni zamanda başlamış olsa da, "Azadlıq, Ədalət, Milli Hökümət" şüarı yalnız Cənubi Azərbaycanda səslənir. Deməli, Arazın o tayı yuxuda deyil, pusqudadır…

İran rəsmiləri də bilir ki, Azərbaycana qarşı olan hər hansı bir təcavüzə Güneydə yaşayan 40 milyondan çox azərbaycanlı səssiz qalmayacaq.

Hələ biz İrandan qaçıb illərdir Avropada, Amerikada təşkilatlanan mühacirləri demirik. İran bu qədər gücün qarşısında tab gətirə biləcəkmi? Əlbəttə ki, gətirə bilməyəcək, daha doğrusu gətirə bilmir…

N.Niftiyev



Xəbər 987 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +