Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


03.10.2022  10:16 

Onun ilk və son döyüşü… - Şəhid kapitan Vüsal Quliyev





A+  A-

Biz onların evinə çatanda hazırlıq işlərinin getdiyini müşahidə etdik. Məlum oldu ki, Quliyevlər ailəsi sentyabrın 28-də şəhid kapitan Vüsal Quliyevin şəhid olmasının ikinci ilinə hazırlaşır. Artıq Vüsalın dostları və zabit yoldaşları da orda idi. Sentyabrın 27-də isə ailə üzvləri bütün günü Anim tədbirlərində iştirak etmişlər. Yorğun və kədərli olsalar da bizimlə söhbətə tərəddüt etmədilər.

Vüsal Quliyevi tanıyaq

Şəhid Vüsal Tahir oğlu Quliyev 1985-ci il iyunun 5-də Lənkəran şəhərində dünyaya göz açıb. Orta təhsilini Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada alıb. Vüsal məktəbi bitirdiyi il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-cı ildə məktəbi leytenant kimi bitirən Vüsal 1 il də zabit kimi ixtisaslaşma kursunu bitirib. 2007-ci ildən Gəncə, Ağstafa, Ağcabədi, Beyləqan, Goran və Tərtərdə yerləşən hərbi hissələrdə xidmət edib.

Peşəkarlığı və nümunəviliyi ilə seçilən Vüsal komandir heyəti tərəfindən də daim təltif olunub. Belə ki, o, hələ sağlığında Azərbaycan Ordusunun 90, 100 illiyi medalları ilə, 10 il qüsursuz xidmətlərinə görə 3-cü dərəcəli, 15 il qüsursuz xidmətlərinə görə 2-ci dərəcəli medallarla təltif olunub.



Vətən müharibəsinin ilk günündə işğalçı Ermənistan ordusunun növbəti təxribatlarına qarşı əks hücum əməliyyatı keçirən Rəşadətli Ordumuzun sıralarında öz şəxsi heyəti ilə birlikdə düşmənə qarşı mərdliklə vuruşub.

Vüsal Quliyev sentyabrın 28-də Tərtər rayonunun Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, sentyabrın 29-da isə Lənkəranda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" medalları və “3-cü dərəcəli Rəşadət” ordeni ilə təltif edilib.

İstəyirdik həkim olsun, hərbçi oldu

Valideynləri Vüsalı həkim görməyi arzulasalar da, o, sevdiyi hərb sənətinin sirlərinə yiyələnib.



Vüsalın atası Tahir Quliyev oğlu ilə son görüşünü belə xatırlayır: “Vüsal ailəmizin ilk övladı idi. Uşaqlıqdan diqqət çəkən, inadkeş idi. Orta məktəbi yaxşı qiymətlərlə baş vurmuşdu. 2002-ci ildə savadı və bacarığı ilə Ali Hərbi Məktəbə qəbul oldu. Hərb sənətini mükəmməl bilirdi, Quru Qoşunların Artileriya-kəşfiyyat bölümündə xidmət edirdi. Hər zaman xoş xəbərini eşidirdim, ailəcanlı idi. Sonuncu dəfə ailəsi və bizimlə danışdı. Sonuncu dəfə rayonda olanda “ata, uşaqları və Məryəmi sənə tapşırıram” - deyib getdi. Ordumuz uşaqlarımızın qanını yerdə qoymadı. Başda Müzəffər Ali Baş Komandan olmaqla, qalib ordumuz zəfər çaldı”.

Şəhidin anası Gülparə Quliyeva da Vüsalın uşaqlıqdan hərbiyə böyük marağının olduğunu deyir: “Vüsal hələ uşaqlıqdan sakit, təvazökar və yerini bilən idi. Zəhmətkeş, çalışqan idi. 8-ci sinfi qurtaranda Naxçıvanski adına Hərbi Məktəbə daxil olmağı çox istəyirdi, amma biz qoymadıq. Dedik ki, səni həkim kimi görmək istəyirik. 11-ci sinfi qurtaranda öz arzusuna çatdı, Hərbi Akademiyaya daxil oldu. Müharibə başladı, Vətəni uğrunda döyüşlərə qatıldı, qəhrəmancasına şəhid oldu. Müharibədən əvvəl evə gəldi, amma bizə bu barədə heç nə demədi. Ailəsini Lənkərana gətirib, övladlarını 6 saylı məktəbə qoydu. Əvvəllər harda işləyirdi elə orda da yaşayırdılar. Yeni övladı dünyaya gələcəkdi, bu barədə bizə yox, bazarda atasına demişdi. Çox vətənpərvər uşaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Balamla qürur duyuram. 18 il zabit kimi xidmət edib, 1,5 ildən sonra təqaüdə çıxacaqdı. Arzuları çox idi, hərbi ilə bağlı arzularına çatdı, amma həytda, övladları ilə bağlı arzularına çata bilmədi”.



Mənə zəng çatmasa narahat olmayın

Şəhid kapitanın xanımı Fərqanə Quliyeva həyat yoldaşının evdə - ailədə hərbi məsələləri danışmadığını bildirdi: “O, ömrünün 35 ilini layiqincə yaşayıb. Həyat yoldaşım zabit kimi 18 il fasiləsiz və qüsursuz hərbi xidmət keçib. O bu illərdə kifayət qədər hörmət qazandı. Düzdü arzuları çox idi, amma bir hərbçinin arzusu hərbdə olduğu müddətdə həyata keçmir, hərbini başa vurandan sonra bu barədə düşünür. Vüsal da o hərbçilərdən idi. İstəyirdi ki, hərbdən sonra övladları ilə daha çox vaxt keçirsin. Təəssüf ki, onların heç birinə çata bilmədi. Övladları soruşurdu ki, ata böyüyəndə hansı peşəni seçək, o da deyirdi ki, kim olursunuz olun, amma əvvəl insan olun, sonra isə seçəcəyiniz peşəni mükəmməl öyrənin. Ən böyük arzusu övladlarının sağlam böyüməsi və ali təhsil alması idi. O günlərlə, həftələrlə olduğu təlimlərdən sonra istirahət belə etmirdi, evdə olduğu vaxtı ancaq ailəsinə - övladlarına həsr edirdi. O, bircə bayramı belə övladları ilə keçirməyib. Övladları deyərdi ki, ay ata bir bayramı da bizimlə keçir. O isə bildirərdi ki, sizin ananız yanınızdadır, amma əsgərlərin nə anaları, nə də ataları yanlarında deyil. Bu və digər xüsusiyyətlərinə görə əsgərləri ona mənəvi atamız deyərdi. Əsgərləri hər işdə onunla məsləhətləşərdi. Hətta bəziləri xidmətdən sonra da zəng vurub ondan məsləhətlər alardılar. Bu itgi onun əsgərlərinə də ağır oldu”.



F.Quliyeva deyir ki, ölkə səviyyəsində 27 sentyabr Anım günü olsa da onlar üçün hər gün anım günüdür: “Son danışığımız sentyabrın 27-də, saat 12-də oldu. Evlə, uşaqlarla maraqlandı. Bir saat sonra televiziyada Tərtər istiqamətində döyüşlərin başladığını elan etdilər. Bildirdilər ki, Vüsal Quliyev şəhid olub. Bu xəbərdən 1 saat sonra Vüsal özü zəng vurdu, sonradan məlum oldu ki, şəhid olan Vüsal Quliyev ad, soyadlı mülki vətəndaşdır. Elə həmin gün axşam da danışdıq. Yenə də müharibədən heç nə demədi. Ancaq onu dedi ki, sabah mənə zəng çatmasa narahat olmayın. Sentyabrın 28-də şəhid xəbərini verdilər. Şəhidlər bizim qürur yerimizdi”.

Adını özü qoysa da üzünü görmədiyi qızı…

Cəsur zabitimizin iki qız, bir oğlu var. 2 yaşlı qızı Məryəm Quliyevanın adını özü qoysa da üzünü görməyib…



Şəhid kapitanın 10 yaşlı qızı Rüqəyya Quliyeva atası ilə daim fəxr etdiyini deyir: “Atam mənin həm dostum idi, həm də qəhrəmanımdır. Atamla ən yaxşı xatirələrimiz Beyləqanda olub. Bizi hər dəfə gəzməyə çıxarar, hədiyyələr alardı. Bir dəfə atam uşaqlar bayramın unutmuş, bizə də hədiyyə almamışdı. Çox narahat oldu və gecə vaxtı bizi yaxınlıqdakı marketə aparıb hədiyyələrimizi aldı. Son ad günümdə isə yanımda olmasa da zəng edib təbrik etdi. Bir dəfə atanı yuxuda gördüm, çoxlu fotoları var idi… Bu zaman tanımadığım bir adam yaxınlaşıb atamın şəhid olduğunu dedi. Qışqırıb yuxudan ayıldım… İndi atam bütün Azərbaycanın qəhrəmanıdır. Atamla fəxr edirəm”.

Şəhidin 9 yaşlı oğlu Hüseynəli Quliyev deyir ki, atası işdən yorğun gəlsə də onlarla vaxt keçirməyi xoşlayırmış: “Bizə dərslərimizi yaxşı oxumağı tövsiyyə edərdi. Deyərdi ki, yaxşı oxuyun ki, yaxşı da mütəxəsiss olasız. Mən də böyüyəndə atam kimi hərbçi olacağam”.



Ölümdən qorxmayan, ölümün gözünə dik baxan zabit idi

Vüsalın dostu və zabit yoldaşı Samir Qubadov deyir ki, Vüsal bu həyatda onun tək və yeganə dostu olub: “Orta və hərbi məktəbləri bir yerdə oxumuşuq. İş həyatında isə ayrı-ayrı yerlərdə xidmət etmişik. Amma buna baxmayaraq hər zaman əlaqəmiz olub. Orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbdə oxumağa birgə qərar vermişik. Vüsal dəqiq elmləri, xüsusən də riyaziyyatı çox gözəl bilirdi. Ali Hərbi Məkətbin 2-ci kursundan sonra bizi ixtisaslara böldülər. Vüsal ən çətini - artileriyanı seçdi. Çünki artileriya dəqiq hesablama tələb edən ixtisasdır. Vüsal bu ixtisasdan savadına, biliyinə və nizam-intizamına görə keçə bildi. Sonuncu dəfə hər ikimiz məzuniyyətimizi rayonda keçirirdik. Elə oldu ki, məzuniyyəti yarımçıq saxlayıb hərbi hissəyə qayıtmalı olduq. Ağcəbədiyə qədər bir yerdə getdik. Sonra mən Füzuli, Vüsal isə Tərtər istiqamətinə yola düşdü. Ayrılanda bir-birimizə söz verdik ki, ehtiyatlı olaq. O isə cavabında “qismətimiz nədir, o da olacaq” dedi. Sonra telefonla danışırdıq. Sentyabrın 28-də xəbər verdilər ki, Vüsal şəhid olub. Vüsalın döyüş yoldaşları deyirdi ki, onun işi döyüşməklə yanaşı, həm də düşmən hədəflərini aşkar edib, koordinatları düzgün çıxarıb bölmələrə ötürmək idi. Onun verdiyi bütün hədəflər dəqiq olub, bir hədəfdən belə yayınma olmayıb”.



S.Qubadov bildirib ki, Vüsalın da olduğu komanda-qərərgah məntəqəsi düşmən tərəfindən vurulub: “Bu məntəqə düşmən ərazisinə yaxın qurulur ki, düşməni müşahidə edə, koordinatları çıxara biləsən. Düşmənin də ilk işi bu qərərgahları vurmaqdır ki, aşkar olunmasınlar. Vüsalla bərabər bir neçə zabitimizi minomyotla vurmuşdular. Vüsal mərd, qorxmaz, gülərüz insan olub. Xüsusən də dostluğa və yoldaşlığa sadiq idi. Onun barəsində nə desək yenə də azdır. O, ölümdən qorxmayan, ölümün gözünə dik baxan zabit idi”.

Vüsalın uşaqlıq dostu və sinif yoldaşı Ramin İbadullayev onunla həm də ailəvi dost olduqlarını söylədi: “Bizim atalarımız da dost olub. Biz o qədər yaxın olmuşuq ki, bir tikə çörəyi də yarıya bölüb yemişik. Orta məktəbdə əla oxuyurdu, fiziki cəhətdən də çox güclü idi. Bizim sinif nümayəndəmiz olub, çox yaxşı təşkilatçılıq və idarəetmə qabiliyyəti var idi. Hərbi-idman oyunlarında komandamızın kapitanı idi. Ən başlıcası dostluğa layiq oğul idi. Arzusu hərbçi olmaq idi, oldu da… Vüsal bizim üçün çox böyük uşaqlıq və məktəb xatirələri qoyub getdi. Biz indi həmin xatirələrlə onu anır, yaşadırıq. O, dostluqda mərd və sadiq biri idi. Mən Moskva şəhərində yaşasam da tez-tez onunla danışardım. Lənkərana gələndə isə o oldu-olmadı evlərinə gedər, valideynlərinə baş çəkərdim. Sonuncu dəfə o şəhid olmazdan bir ay əvvəl danışmışdıq. Şəhid xəbərini Moskvada aldım, əlbəttə ki, çox pis oldum. Allah rəhmət eləsin”.



Zəfərlərlə dolu yeni tarix yazdılar

Müəllimləri də Vüsalın hələ uşaq yaşlarından hərb sənətinə böyük həvəsi olduğunu deyirlər.

Şəhidin ilk müəllimi Nəzakət Quliyeva bildirir ki, Vüsal nümunəvi, əlaçı şagirdlərdən biri olub: “Bu günləri bütün şəhidlərimizin ruhu şaddır. Çünki torpaqlarımız düşmən işğalından azad olundu. Şəhidlərimizin qisası alındı. Şanlı Ordumuz zəfərlərlə dolu yeni tarix yazdılar. Biz hərbçilərimizə daim borcluyuq”.

Şəhidin sinif rəhbəri Bəsirə Yusubova da Vüsal haqqında danışanda onun hələ uşaqlıqdan hərb sənətinə meyilli olduğunu vurğulayır: “Tale elə gətirdi ki, orta məktəbi qurtaran kimi o, Ali Hərbi Məktəbə daxil oldu. Vüsal 27 sentyabrda qəhrəmancasına şəhid oldu. Lakin Vüsalın qanı yerdə qalmadı. Torpaqlarımız mənfur Ermənistan ordusunun işğalından azad olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Allah rəhmət eləsin!



Rəhman Məlik

Müsahibə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.














Xəbər 3266 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +