Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


19.09.2022  12:34 

Piran kəndinin tək şəhidi – Vidadi Cabbarov





A+  A-

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində Lerikdə görüşdüyümüz ailələrdən biri də Piran kəndində doğulub boya-başa çatan şəhid Vidadi Cabbarovun ailəsi olub.

Piran kəndi Lənkəran – Lerik yolunun 20-ci km-də, Lerik rayon mərkəzindən isə 40 km məsafədə yerləşir. Kəndin əhalisi əsasən etnik talışlardan ibarətdir.

Kəndin girişində, Lənkəran – Lerik yolunun üzərində şəhid Vidadi Cabbarovun ailəsinin maliyyə vəsaiti ilə böyük bir Şəhidlər bulağı tikilib. Bu kompleksdə təkcə Vidadinin deyil, Lerikin bütün şəhidləri yer alıb. Bu kompleksin su təchizatı dağlardan – 4 km məsafədən çəkilib. Şəhidin atası Cəbrayıl Cabbarov bu çətin və şərəfli işi təkbaşına edib, həm də çox yüksək səviyyədə…




İndi Lənkərandan Lerikə və yaxud da əksinə hərəkət edən yolçular bu bulağın qarşısında ayaq saxlayır, həm şəhidlərə rəhmət oxuyur, həm bu möhtəşəm abidəyə tamaşa edir, həm də bulaqdan axan dağ suyundan faydalanırlar.

Vidadi Cabbarovu tanıyaq

Vidadi Cabbarov Cəbrayıl oğlu 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Vidadi Cabbarov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Vətən uğrunda " , "Cəbrayılın azad olunmasına görə""Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.




Onlar canlarından keçib,
biz niyə pulumuzdan keçməyək?


Şəhidin atası Cəbrayıl Cabbarov deyir ki, Vidadi hərbi xidməti Tovuzdakı “N” saylı hərbi hissədə başa vurandan sonra evə qayıdıb: “Qısa müddətdən sonra öz istəyilə müddətdən artıq hərbçi kimi 3 il Goranboyda xidmət edib. Mənimlə əlaqə saxladı ki, gizirlik kursunu oxumaq istəyir, razılıq verdim. Gizirlik kursunu uğurla başa vuraraq MN-nin göndərişi ilə tağım komandiri kimi Ağcəbədi rayonunda xidmətə başladı”.

C.Cabbarov bildirir ki, Vidadi müharibə başlayandan sonra evə zəng vurub və ailəsindən halallıq istəyib: “Füzuli, Qubadlı və Cəbrayıl istiqamətində gedən döyüşlərdə rabitə bölümündə, tağım komandiri kimi iştirak edib. İlk əvvəl “Canavar” ləqəbli Rəşad Quliyevin yanında olub, Rəşad Quliyev oktyarın 7-də şəhid olandan sonra isə Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov Vidadini özünə rabitəçi seçib”.



Qeyd edək ki, Vidadi Cabbarov peşəkar rabitəçi olub. Onun bu keyfiyyətini görən Şükür Həmidov Vidadini yanında saxlayır. Lakin bir müddət sonra, oktyabrın 20-də Qubadlı rayonunun Balasultanlı kəndi istiqamətində gedən döyüşlərdə Vidadi şəhid olur.

Şəhid atası qeyd edir ki, oğlunun nəşi oktyabrın 21-də kəndə gətirilib və dövlət səviyyəsində dəfn edilib: “Valideyn kimi dövlətin şəhid ailələrinə, şəxsən bizə münasibətindən razıyam. Hər zaman qayğı göstərir, bizimlə maraqlanırlar. Bizim də maddi heç bir istəyimiz yoxdur, təki Vətən yaşasın. Təkcə bir istəyimiz var ki, Vidadinin adının əbədiləşdirilməsi üçün Piran kənd orta məktəbinə onun adı verilsin. Bu barədə müraciətlər də etmişik. Cavab verdilər ki, məktəbə şəhid adının verilməsi üçün gərək onun ordeni olsun… Vidadinin isə 5 medalı var. Mən belə düşünürəm ki, Vidadi kəndin ilk və yeganə şəhididir. Məktəbin müəllimləri də bu barədə Nazirlər Kabinetinə müraciət edib.”





48 şəhid bir arada…

C.Cabbarov bildirir ki, o bir valideyn kimi dövlətdən heç bir təmənna gözləmədən oğlunun xatirəsini əbədiləşdirmək üçün bacardığını edir: “Gələndə yəqin ki, gördünüz, kəndin girişində Şəhidlər bulağı var, onu öz vəsaitimlə tikdirmişəm. Bulağın suyunu dağlardan – 4 km-lik məsafədən boru ilə gətirmişəm. Bulağın suyu gecə-gündüz axır... Bu barədə o zaman İcra başçısının müavini Cəlil müəllimlə məsləhətləşdim, o da razılıq verdi. Və bu işi gördüyünüz kimi, yüksək səviyyədə icra etdim, bütün Lerik şəhidlərini - 48 Vətən oğlunu bir araya gətirdim... O uşaqlar, canlarından keçib, biz niyə pulumuzdan keçməyək?”

C.Cabbarov bildirir ki, oğlunun məzarını ziyarət edən hərbçi yoldaşları onunla bağlı maraqlı xatirələrini də ata ilə bölüşüblər: “Onlar deyirdi ki, Vidadi az-az komandirlərdən olub ki, əsgəri üçün maddi-mənəvi hər şey edib. Bütün əsgər valideynləri ona öz övladları kimi yanaşıb. Yaranan problemin həlli üçün tabeliyində olan bütün əsgərlər ilk növbədə Vidadiyə müraciət edib, daha sonra yuxarı komandanlığa çıxırmışlar”.




Atanın yolunu davam etdirən oğul…

Piran kənd orta məkətəbinin qocaman müəllimi Aydın Şükürov Vidadi Cabbarovun onların məktəbində təhsil aldığını bildirib: “Vidadi fəal, diqqət mərkəzində olan şagird olub. O bizim azad, firvan yaşamağımız üçün canını fəda edib. Biz müəllimləri Vidadi kimi şagirdlərimizlə fəxr edirik. Onun qəlbində Vətən sevgisi var idi. Bəzən əlaçı olmayan şagird həm müəllimləri, həm də həmyaşıdları arasında elə böyük nüfuza malik olur ki… Bax, Vidadi məhz o şagirdlərdən idi”.

A.Şükürov qeyd edir ki, Vidadinin müddətli həqiqi hərbi xidmətə qayıtmasının səbəbi nəzərdən qaçırılmamalıdır: “Vidadinin atası Cəbrayıl Cabbarov da Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Belə desək, oğul atanın yolunu davam etdirib, ata oğula nümunə olub. Xatırlayıram, biz Cəbrayılı 1993-cü ildə deyib gülə-gülə cəbhəyə yola salmışdıq. İndi biz Vidadinin adının məktəbə verilməsini, əbədiləşdirilməsini istəyirik. Bu bizim üçün, Piran camaatı üçün çox vacibdir. Əgər bu məsələ hökumətdən aslıdırsa etsin, bizdən – yəni məktəbdən aslıdırsa biz edək. Nəzərə almaq lazımdır ki, müharibə hələ davam edir, gənclik bu kimi təşəbbüslərdən nümunə götürəcək. Bu işi onun-bunun boynuna atmasınlar. Vidadi Şükür Həmidov kimi Milli Qəhrəmanın rabitəçisi olub və qəhrəmancasına da şəhid olub. Mənim bacım oğlu da şəhid olub. O gedəndə deyirdi ki, ana mən şəhid olacam, ağlamayın. Həm də evin tək oğlu idi”.



Piran kənd icra nümayəndəsi Mahir Sürətov bildirib ki, Azərbaycan Ordusu 44 günlük müharibədə şərəfli tarix yazdı: “Vidadi Cabbarov kəndimizin şərəfidir. Vidadinin hərbiyə marağı olub. Biz davamlı olaraq onunla əlaqədə olmuşuq. Sənədlərin toplanmasında, kənd sakini kimi ona Xasiyyətnamənin verilməsində tərəddüd etməmişik. O qısa ömründə mənalı həyat yaşayıb, kəndin seçilən gənclərindən biri olub. Şəhid adının əbədiləşdirilməsi ilə bağlı biz də aidiyyatı qurumlara müraciət etmişik. İlkin mərhələdə Vidadinin məktəbdə baralyefi vurulub.”



Məktəbimizin Vidadi Cabbarovun adına verilməsini istəyirik

Piran kənd orta məktəbinin müəllimi Zaur Tağıyev şəhid Vidadinin sayılıb-seçilən şagird olduğunu, vətənpərvərlik ruhunda tərbiyə aldığını bildirib: “Vətən bizim üçün ailəmizdən, qonşumuzdan, kəndimizdən, rayonumuzdan və nəhayət bütün Azərbaycandan başlayır. Vidadi hərbiyə marağı olan gənc idi. O həm ailəsi, həm də müəllimləri tərəfindən vətənpərvərlik ruhunda tərbiyə olunub. Nəticəsi də göz önündədir: şirin canını Vətən uğrunda fəda elədi. Dövlətin ərazi bütövlüyü, suverinliyi uğrunda canını qurban etdi. Dövlət Vidadi kimi gənclərin çiynində yaşayır, əbədiləşir, bütünləşir. Vidadi Cabbarov dövləti qarşılıqsız sevib. Biz fəxr edirik ki, müəllim kimi biz o tərbiyəni, vətənpərvərliyi Vidadiyə aşılaya bilmişik. Burda həm atası, həm də müəllimləri məktəbimizin Vidadinin adına verilməsindən danışdı. Mən də bu fikri dəstəkləyirəm və əlavə edirəm ki, Milli qəhrəmanla çiyin-çiyinə vuruşan bir şəhidə oxuduğu məktəbin adının verilməsi məqsədə uyğundur. Məncə burda orden məsələsi bəhanə ola bilməz. Ümid edirik ki, bu iş müsbət həll olunacaq və dövlətimiz mərhələ-mərhələ bu problemi həll edəcək”.



Piran kənd orta məktəbinin müəllimi və şəhidin dostu Talib Əbdüləzim bildirib ki, o Vidadi Cabbarovla həmyaşıd olub: “Biz həm də dost olmuşuq. Vidadi gülərüz və mehriban dost idi. İnsan özünə dost seçmək istəsə yalnız Vidadi kimi oğlu seçə bilərdi… Ondan sonra onun dostlarının həyat eşqi sönüb, biz həqiqətən də mehriban, səmimi, qayğıkeş dostumuzu itirmişik. Amma bir tərəfədn də fəxr edirik ki, Vidadi Cabbarovun kəndçisi, dostu olmuşuq. Çətin də olsa fərəhlidir… Biz qəbiristanlığa gedəndə ilk növbədə Vidadinin məzarını ziyarət edirik. Vidadi Vətənini çox sevirdi, bu sevgi insanda ya olur, ya da olmur. Mənim dostumda bu sevgi aşırı idi, onun kimi oğullar sahəsində torpaqlarımız işğaldan azad olundu. Məktəbə Vidadinin adının verilməsini biz müəllimlər də dəstəkləyir və ümid edirik ki, bu tezlikdə baş verəcək. Bu həm də ona görə lazımdır ki, məktəbin şagirdləri hara getsə bu adı özləri ilə daşıyacaqlar. Və onların getdiyi yerdə hamı biləcək ki, Piran kəndinin də şəhidi var”.



O bizlərdən fərqli olaraq şəhidlik məqamına ucaldı

Şəhid Vidadinin sinif yoldaşı Vaqif İlham bildirib ki, sinifdə 5 oğlan olublar: “Biz həm də beş qardaş kimi olmuşuq. Məktəb illərində hər anımız bir yerdə keçib. Heç vaxt bu “beşliyin” söz-söhbəti olmayıb. Vidadi haqqında danışmaq mənim üçün çox çətindir. Yadımdadır, “Son zəng”ə hazırlaşırdıq. Hamıya şeir parçaları verilmişdi. Biz məktəbi şeir parçaları, Vidadi isə öz canı ilə sonlandırdı. O bizlərdən fərli olaraq şəhidlik məqamına ucaldı, bu bizim üçün qürurvericidir. Bizim o “Beşliyin” ikisi də hal-hazırda döyüş bölgəsində xidmət edir. Kənddən kənarda olan dostlar kəndə gələn kimi ilk növbədə qəbiristanlığa – Vidadinin görüşünə gedirlər”.

Şəhid Vidadinin dayısı oğlu, Vətən müharibəsi iştirakçısı Elnur Ağayev bütün alqışların şəhidlərə halal olduğunu bildirib: “Biz Vidadi ilə bir küçədə böyümüşük, həm də qonşuyuq. Vidadi hər zaman dost yolunda canını verən oğul olub. Mən də müharibədə iştirak etmişəm. Oktyabrın 17-nə kimi onunla yazışmışıq, o, mənim mesajlarıma gec-gec cavab verirdi. Mən də vəziyyətdən xəbərsiz idim. Yazırdı ki, özünü qoru, burda vəziyyət heç də yaxşı deyil. Mən bu sözlərin həqiqiliyinə orda şahid oldum. Sonra da eşitdim ki, Vidadi şəhid olub”.




Bəli, Lerikdə şəhid ailələri ilə görüşü Vidadi Cabbarovun məzarını ziyarətlə bitirdik. Ailəsi ilə birgə Piran qəbiristanlığına, Piran kənd orta məkətəbinə getdik, Vidadinin gəzdiyi yerləri biz də gördük…

Ata oğlu üçün - daha doğrusu onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində hələ çox iş görmək istəyir. Deyir ki, bununla təsəlli tapır, həm də təkbaşına, şəxsi vəsaiti hesabına, bu işlərə görə də heç kimə ağız açmaq istəmir. İstəyir ki, Şəhidlər bulağının arxasında park salsın və yoldan keçənlər üçün “Namaz otağı” tiksin.

Allah şəhidimizə rəhmət eləsin, nur içində yatsın, atanın arzusu və istəyi – yəni Piran kənd orta məktəbinə Vidadi Cabbarovun adının verilməsi məsələsi də müsbət həll olunsun. Çünki, istisnalar hər zaman var.

Rəhman Məlik

Məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli azlıqlardan olan şəhidlərin tanıdılması, bu kateqoriyadan olan gənclər arasında azərbaycançılığın və Vətən müharibəsi qələbəsinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.




















Xəbər 781 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +