“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


10.08.2022  18:15 

Ankara-Moskva yaxınlaşması bölgəyə nə vəd edir?





A+  A-

Türkiyənin son günlər Rusiya ilə münasibətlərindəki yaxınlaşmalardan narahat olanlar var. Təbii, narahat olanlara və bu yaxınlaşmadan yeni fürsətlər qazanıb bunu özünün siyasi-iqtisadi dividentinə çevirmək istəyənlərə münasibət eyni deyil. Bu mənada, əlbəttə, uzun müddətli perspektivdə bu əlaqələrin hara qədər dərinləşməsinin bölgəmizə və Azərbaycana təsirlərini düzgün hesablamaqda fayda var. Siyasət duyğusallığı sevmir və dövlət ağlı ilə düşünmək, faydaları ilə yanaşı ziyanlarını da götür-qoy etmək, ən yaxşı halda az itkilərlə prosesləri idarə etmək günümüzün narahat dünyasında həssas yanaşma tələb edən xüsuslardır.

Soyuq başla təhlil etsək, o qənaətə gəlmək olar ki, qardaş Türkiyə ilə qonşu Rusiya arasındakı münasibətlər daha çox konyunktura zərurətindən doğan yaxınlaşmalar hesab edilə bilər. Təbii, proseslər elə sürətlə və fərqli variasiyalarda cərəyan edir ki, bu qənaətimizdə yanıla da bilərik, fəqət hər iki ölkənin, obrazlı desək, mehriban düşmən olması ilə yəqin kimsə mübahisə etməz. Hər iki ölkənin fərqli regionlarda üst-üstə düşməyən, hətta gərginlik nöqtələrinin yaranmasına qədər inkişaf edə bilən geosiyasi və geoiqtisadi qarşıdurmaları da yox deyil.

Belə bir siyasi tabloda Türkiyə ilə Rusiyanı bir-birinə münasibətdə digər güc mərkəzlərindən fərqli tutan ən ciddi üstünlük isə, hər iki ölkə rəhbərliyinin bütün anlaşılmazlıqlara, həmçinin gərginliklərə rəğmən, dialoq qapısını açıq saxlamaq iradəsidir. Ukraynanın suveren ərazilərini işğal edən, beynəlxalq hüququ pozan və kollektiv Qərblə, demək olar, bütün körpüləri yandıran nüvə ölkəsi Rusiya ilə kimsə danışmalıdır və bunu edən də rəsmi Ankaradır. Proseslərin məhz bu formada inkişaf etməsi Türkiyə ilə hərbi-siyasi müttəfiq olan, Qarabağ münaqişəsinin nəticəsi olaraq suveren ərazilərində müvəqqət planda yerləşdirilmiş rus sülhməramlılarının rəsmi Bakıya təzyiq etmək məqsədilə ara-sıra qıcıqdoğurucu və narahatedici davranışlar sərgilədiyi Azərbaycan üçün də çox önəmlidir. Azərbaycan və Türkiyənin istər hərbi-siyasi, istərsə də xarici siyasət prioritetlerini koordinasiya etməsi bu planda təyinedici faktora çevrilib.

AKP hökumətinin Kreml ilə davamlı dialoq içində olması, ən son, qlobal miqyasda əhəmiyyəti hər kəs tərəfindən birmənalı qeyd edilən Taxıl Böhranını çözməyə nail olması qardaş ölkənin beynəlxalq siyasətin ana xətti olan diplomatik planda çözüm emal edən ölkələrindən birinə çevrildiyini sübut edir. Qərb də, Rusiya da, hətta Çin də diplomatik nəfəslik kimi bu Anadolu Kanalının açıq saxlanmasının nə qədər önəmli olduğunun fərqindədir. Türkiyə qlobal siyasətin qarmaqarışıq olduğu, geosiyasi və geoiqtisadi gedişlərin son dərəcə ehtiyatlı tutulduğu indiki kritik məqamda əhəmiyyətini artırmaqda davam edir. Bütün bunlara baxmayaraq, çox az şübhə ilə söyləmək olar ki, Ankara-Moskva yaxınlaşmasında ölkədaxili siyasətə təsiretmə elementləri daha çox qabarır.

Məsələn, son günlərin müzakirə edildiyi "rubl ilə qarşılıqlı ticarət edək, dollardan istifadə etməyək" kimi siyasi-iqtisadi xəttin qısa dövr üçün bir daxili siyasət məhsulu olması ağlı başında olan kimsədə şübhə doğurmur, hardan baxarsaq-baxaq, bunun iqtisadi planda bir ciddi artıma səbəb olacaq tərəfi, qarşılığı yoxdur.

Çünki Türkiyənin Rusya ilə ticarət həcmi bəllidir, haradasa 50 milyard dollar ətrafındadır, bu da hər kəsə açıq bir məsələdir, xüsusi qabartmağa da gərək yoxdur. Türkiyə hamı kimi Rusiyadan ona lazım olan enerjini alır, əvəzində də inşaat, qida və bir çox istehlak malları satır. Burada kollektiv Qərbi aşırı dərəcədə narahatlığa və ya qorxuya salacaq yeni bir tendensiyanın olduğunu düşünmürəm. Kifayət qədər formal qiymətləndirə biləcəyimiz dövlətlərarası əlaqələr kimi xarakterizə edə bilərik, o mənada ki, elə Qərbin bir çox ölkələri də fevral ayından bu yana Ukraynada davam edən müharibəyə baxmayaraq, Rusiya ilə enerji ticarətlərini davam etdirmək çabası içindədirlər. Hətta yeni müqavilələrin bağlanması üçün bəzi Qərb ölkələrinin Moskva ilə gizli təmas içində olmaları barədə məlumatlar da var. Rusiya ilə münasibətləri kəskinləşdirmək istəməyən Avropa ölkəri varkən, Ankaranın öz əlini bir çox regional məsələlərdə gücləndirəcək Moskva ilə təmaslarını isti saxlaması, düşünürəm ki, doğru yanaşmadır.

Bir şeyi də dəqiq anlamaq lazımdır ki, Türkiyə sosial-iqtisadi planda kifayət qədər sıxıntıları olan müstəqil ölkədir, yaranan geosiyasi və geoiqtisadi fürsətləri dövlətin və xalqın mənafeyi üçün dəyərləndirmək AKP hökumətinin bir nömrəli qayğısıdır. Sayın Rəcəp Tayyip Ərdoğana hazırda kifayət qədər böyük miqdarlarda valyuta lazımdır. Ölkəyə daxil olacaq əlavə yeni kapitalı əldə etmək üçün istənilən hesablanmış riskə getməyi gözə alan Ərdoğanın Türkiyənin qapısını Rusiyanın top-100 şirkətinin üzünə açması ən çox ehtimal olunan məsələlərdən biridir. İstanbulda oturub dünya ilə alver etmək imkanı qazanacaq rus şirkətlərinin bu ara periodda Türkiyəyə xeyli "isti para" qazandıracağı da bir başqa ehtimaldır. Hər nə qədər də "isti para"nın iqtisadiyyata fəsadları az olmasa da, Ərdoğan hakimiyyəti dövründə məşhurlaşan bir mövzu - ərəblərə məxsus "isti pullar"ın idarə olunması təcrübəsi və praktikası işin içindən çıxmağa ümid yaradır..

Buradan belə bir nəticə çıxara bilərik ki, dollardan-avrodan imtina edib rubl-lirə bazarlığına yol açmaqla, hər iki ölkənin sahib olduqları valyutaların möhkəmləndirilməsi baxımından psixoloji aspektdə əlverişli zəminə ehtiyacı var. Türkiyə rubl əldə etmək üçün öz valyutasından istifadə edəcək, valyuta bazarlarında müəyyən bazarlıqlar edəcək, eyni qaydada da Rusiya.

Təbii, okeanın o tayında münasibətlərin bu fazaya daxil olmasından narahat olanların da öz hesab-dəftərləri var. Çoxlarını, şübhəsiz, Qərbin hazırda cəhənnəm sanksiyaları ilə küncə sıxmağa çalışdığı, bütün qapıları üzünə bağladığı Rusiyaya yeni nəfəslik açmaq ehtimalı olan qardaş ölkəyə qarşı da eyni sanksiyalardan istifadə edib-etməyəcəyinin əndişəsi düşündürür. Ancaq mən belə düşünürəm ki, Qərb kollektiv şəkildə buna getməyəcək, bəlkə də, ayrı-ayrı ölkələr hansısa təşəbbüslər irəli sürə bilərlər, ancaq Türkiyənin indiki kritik bir zamanda Rusiya ilə münasibətlərin daha da gərginləşməməsi baxımından vasitəçilik rolunu Avropada düzgün oxuya və qiymətləndirə bilən dairələr olmamış deyil.

Türkiyəni idarə edən siyasi dairələrin Rusiya ilə münasibətlərdə ehtiyatlı siyasətə üstünlük verməsinin, istər daxili auditoriyada əlavə xallar qazanmaq, istərsə də ölkəni gözləyə biləcək müəyyən böhranlardan sığortalanması baxımından da əhəmiyyəti az deyil. Təsəvvür edin ki, qabaqdan sərt payız-qış ayları gəlir, Qərbdə yaşanması ehtimal olunan mümkün enerji (təbii qaz) böhranı fonunda Türkiyənin bu mənada ciddi bir zəmanət altında olmasının çox ciddi bir seçki yatırımı olduğunu qeyd edək. Mahir seçki texnoloqu olan sayın Ərdoğanın bu mənada rəqibi yoxdur desək, abartmış olmarıq anadolular demiş. Avropalılar qızınmaq üçün yandırmağa bir şey tapmadığı halda, Türkiyə xalqının ölkədə növbəti il gözlənilən kritik seçkiyə qədər bu qışı "Oh be, ne güzel İstanbul" havasında keçirməsi prezident Ərdoğan üçün əlavə siyasi divident deməkdir.

Bir çox narahatedici və ağrılı məsələlərdə ikili standartları ciddi silaha çevirmiş Qərblə uzun müddətdir yola getməyən Ərdoğan hökumətinin dəyişkən elastikliyə malik geosiyasi və geoiqtisadi reallıqlar fonunda fərqli siyasi yanaşmalar ortaya qoyması, onu gələcəkdə qlobal güc mərkəzləri ilə ciddi hesablaşmalara doğru itələsə də, Azərbaycanın da mərkəzində yer aldığı Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, hərbi, iqtisadi, maliyyə, humanitar və mədəni planda real bir Türk Gücünü formalaşdırmaq niyyəti, baş verə biləcək regional kataklizmlərdən az itkilərlə çıxmağa ümid yaradır. Bu planda rəsmi Bakı ilə Ankaranın siyasətlərini uzlaşdıraraq atacaqları doğru addımlar, bu addımları digər Türk dövlətlərinin də siyasi iradə nümayiş etdirərək, mövcud şərtləri və reallıqları nəzərə almaqla izləmələri yalnız fayda gətirəcək. Unutmayaq ki, hər nə qədər də kövrək olsa da, Ankara ilə Moskva arasında dialoq qapısının daim açıq saxlanması, həm də keçmiş Sovet İmperiyasından qopmuş və rus təsirinin hələ də tükənmədiyi Türk dövlətlərinin təhlükəsizliyinin zəmanət altına alınması baxımından da əhəmiyyətlidir..

Mirzə Rəşad Bakuvi
AY Partiya Başqanının müavini


Xəbər 1512 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +