Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


04.07.2022  11:17 

Allaha ən yaxın göydə olan AZAL-dır, bəs, nə üçün Allahsızlıq edir?





A+  A-

Qəribədir, AZAL elə bilir ki, Azərbaycanda Allah da ləğv olunub. Amma elə deyil. Allah hər şeyi görür və bilir. Bütün dünyalarda, bütün zamanlarda və məkanlarda. Bəli, hətta Azərbaycanda da. Halbuki Azərbaycanda Allaha ən yaxın yerdə, daha doğrusu, Allaha ən yaxın göydə olan elə AZAL-dır. Bəs, nə üçün bunca Allahsızlıq edir? Çətin sualdır. Bir yarpağın belə O’ndan icazəsiz düşmədiyi dünyada hansısa təyyarə Onun xəbəri olmadan uça bilərmi? Bu isə, asan sualdır. Nə isə, mövzumuz başqadır.

Think Poetic! - deyə bir qavram var, deyir, poetik düşün. Çox maraqlıdır, mənalı yerlərə aparıb çıxarır adamı. Məsələn, fikir versəniz görərsiniz. Ki, Azərbaycanda sürət həddinin ən yüksək olduğu yol məhz Bakı Hava Limanı yoludur - saatda 120 km. Hətta 129-la sürmüşəm o yolu, radar tutmayıb. Təsadüf? Qətiyyən. Poetik düşünün. Niyə məhz ən sürətli yol Airport yoludur? Ona görə ki, yaşıl işıqdır ölkədən çıxışa. Təbrizlilər demiş, rədd ol hara istəyirsən! Bircə vergi borcun olmasın, vəssalam. 30 ildir ölkədə beyin axını baş verir, heç kəsin vecinə deyil. Olsun. Özləri bilər. Mövzumuz başqadır.

Ərinmədim, bayaq saydım, Azərbaycanda 9-10 Airport var. Əl boyda ölkədə, bir ucundan o biri ucuna ən naşı qadın sürücüylə belə 5-6 saata çatılması mümkün, İpək Yolu küçəsindən ibarət bir ölkədə 9-10 Airport. Kimə və nəyə lazımdır? Çətin sualdır. Mövzumuz başqadır.

Bir neçə gün qabaq Azərbaycan gözlənilmədən Naxçıvan üzərindən İrana və Türkiyəyə quru sərhədlərini bağladı. Düzü, belə solaxay qərarlar veriləndə həmişə təmkinli olmuşam. Düşünmüşəm, bəlkə biz yanılırıq, onların bildiyi nəsə var. Hər halda, dövlətdir də. Dövlətin verdiyi qərarlara həssas yanaşmaq lazım. Amma əksər vaxtlarda məlum olub ki, bütün bu yanaşmalar sadəlövhlüyün əbləhliyə ən yaxın formasıdır, özünü aldatmaq, özünü qandırmaqdır. Məlum olub ki, belə küt və solaxay qərarları verənlər yumurtadan yun qırxanlar, pambıqla baş kəsənlər, xalqın qulağından əriştə asanlardır və bildikləri də heç nə yoxdur, dava yorğan davasıdır, başqa heç nə. Məqsəd adamların haqqına girib pullarını mənimsəməkdir. Özü də hansı adamların? Məzlumların. El arasında qara camaat adlandırdığımız adamların. Məzlum demişkən, bir həssas məsələni də qeyd edək, keçək mövzuya. Bildiyiniz kimi, mövzumuz başqadır.

Bir neçə paylaşım gördüm, xəbərim oldu ki, Leyla xanımın doğum günü imiş dünən. Təbrik edirəm. Həqiqətən də, şəxsinə hörmətim var, yaradıcı adamdı, yaxşı şeirləri, rəsmləri də var. Bir neçə dəfə ünsiyyətimiz olub tədbirlərdə, poeziya gecələrində.

Səmimidir, sadədir, xoşgörülüdür. Xırda bir idarədə katibəlik edən qadınlar var, ədası 150 metrdən adamın ətini tökür, sabunqabına oxşayan maşın sürür, az qalır üstündən keçib getsin. Məxsusən Bakıda çoxdur elələri, Allah uzaq eləsin. Müqayisə etmirəm, sadəcə, fikrim aydın olsun deyə qeyd edirəm ki, ölkə başçısının qızıdır, özü də kifayət qədər intellektual, üstəlik yaradıcı, öz şöhrəti, öz imici olan birisi, amma o qədər sadə və səmimidir, elə bilirsən sinif yoldaşındır. Sadəlik də şəxsiyyət göstəricisidir. Bu, öz yerində. Leyla xanımın doğum gününü təbrik edən dostlarımın paylaşımında bir məqam diqqətimi çəkdi - Xeyirxahlıq mələyi ifadəsi. Zövqünə və ədalətinə inandığım dostlarım belə bir ifadə işlədirsə, görünür, ortada bir həqiqət var. Olsun. Lap yaxşı. Düzü, buna inanıram da. Di gəl, məni düşündürən başqa nəsnədir. Xeyirxahlıq fərdi anlayışdır, yoxsa ümumi? Məsələn, tətillə əlaqəli Türkiyədən Azərbaycana qayıtmaq məcburiyyətində qalan minlərlə tələbə var. Tələbə - dünyanın ən məzlum qövmü. Elə 50-60 tələbəni şəxsən tanıyıram, qələm dostlarımın övladları. Min bir türlü əzaba qatlaşıb övladlarına normal təhsil vermək istəyən qələm dostlarım təhsili viran edilmiş ölkədə deyil, vicdanları qarşısında üzü ağ, alnı açıq olmaq üçün balalarını göndəriblər Türkiyəyə. Boğazlarından, əyin-başlarından, istirahətlərindən kəsib övladlarının təhsilinə yatırım ediblər. İndi o uşaqlar ucuz olsun deyə, sərfəli olsun deyə nə qədər çətin və yorucu olsa da, Naxçıvana gedib ordan keçid edəcəkdilər Azərbaycana. Olmadı.

Biletləri də batdı, zəhmətləri də. Minlərlə tələbənin haqqına girdilər, minlərlə zəhmətkeş valideynin alın tərinə zəhər qatdılar. İstanbul-Bakı bileti də AZAL-da 500 manatın üstündə. Bütün bunlardan əlbəttə ölkə rəhbərliyinin xəbəri var. Xəbəri var deyəndə ki, qərara imza çəkən ölkə rəhbərliyidir. Sözüm yox. Nəyimə lazım? Atama söz vermişəm ki, prezident haqqında heç bir neqativ fikir səsləndirməyəcəm, yazmayacam. Yazıq kişi qəbirstanlığa gedib anamın məzarı üstən zəng eləyib, and verdirib, aman elətdirib ki, prezidenti tənqid etmə, eləmə. Neyləsin? Adamın ürəyi ağrıyır Vallah. Neçə gün özümə gələ bilmədim o hadisədən sonra. Azərbaycan reallıqlarını necə dəqiq bilirsə, bu yola əl atmağa məcbur qaldı. Allah bütün valideynlərə ömür versin, ölənlərə rəhmət eləsin. Bizim onlardan başqa kimimiz var ki? Nə isə, mövzumuz başqadır.

Sözüm ona, bu qədər məzlumun haqqı tapdandı. Allah şahiddir ki, bütün bunları səmimi olaraq, hətta Leyla xanımla ən azı qələm dostu olaraq bölüşürəm. Hadisə ictimai olduğu üçün də ictimai formada edirəm bunu. Sualım belədir: Cəmiyyətdə Xeyirxahlıq mələyi statusu almış bir şəxs bu ədalətsizliyə niyə biganədir? Açığı, bilmirəm ölkə siyasətində Leyla xanımın sözü nə qədər dominantdır. Amma siyasəti bir kənara qoysaq, qəlbimizin səsiylə davransaq, lap elə xeyirxahlıq bucağından baxsaq, axı, belə olmalı deyil. Ən azı bu kimi sadə bir məsələyə müdaxilə etmək olar. Mənim bildiyim xeyirxahlıq - Sistemi ədalətli formalaşdırmaq, Sistemin xeyirxah prinsiplərlə çalışmasına dəstək verməkdir, hansısa Dadaşbalanın, hansısa Gülnisənin müalicəsini öz üzərinə götürmək yox, bütünlükdə Dadaşbalaların, Gülnisələrin müalicə almalarını təmin edəcək Sistemin yaradılmasıdır Xeyirxahlıq. Niyə məhz Leyla xanımdan umuram bu işə əncam çəkməyi? Bilmirəm, hardansa yadımda qalıb ki, Buta Airways Leyla xanımındır, o da Azərbaycan Hava Yollarına ortaqdır. Buta da bir Buta ola, az qala göydə ağaca dəyib yumbalana. Eybi yox. Hər nə olsa da, low cost firmadır, normal işləsə, ona da şükür. Amma quru sərhədlərin açılmasını təmin etmək ən böyük yaxşılıq, xeyirxahlıq olardı. Qəfəs deyil sındırıb tazə gülüstan tələb edəsən. Vətəndir. Olmur. Mövzudan uzaqlaşdıq əməllicə. Mövzumuz başqa idi.

Xülasə, AZAL elə bilir Azərbaycanda Allahı da ləğv eləyiblər. Amma elə deyil. Allah hər şeyi görür və bilir. Hətta Azərbaycanda da. Deyəsən Suriyada idi, müharibədə valideynlərini itirən, bütün uşaqlığı, arzuları, oyuncaqları, bütün dünyası bombalar altında viran olan bir uşaq reportajda ağlaya-ağlaya belə demişdi: Görərsiz, hamısını Allaha deyəcəm!

Bəli, Mövzumuz bu idi. Mən də Azərbaycandan didərgin düşən, didərgin edilən, qovalanan, haqqı tapdanan, zülmlər, işgəncələr, ədalətsizliklər görən hər bir soydaşımızın adından, vətənində qərib olan, ömrünü satın alıb qürbətlərə sığınan, taleləri alt-üst olmuş hər kəsin adından, öz adımdan Allaha deyəcəm hamısını. Görərsiniz…

Allah necə haqdı!

Şəhriyar Del Gerani

Xəbər 1163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +