Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.06.2022  09:26 

Dünya Bankından 10 illik qlobal böhran proqnozu - Azərbaycan nə etsin?





A+  A-

Dünya Bankı qlobal iqtisadiyyatdakı artıma dair proqnozunu yeniləyib. Qurum hesab edir ki, 2022-ci ildə qlobal artım 4,1 faiz deyil, 2,9 faiz təşkil edəcək. Bank ekspertlərinin hazırladığı “Dünya iqisadiyyatının perspektivləri” adlı hesabata görə, cari ildə bir çox ölkələrdə iqtisadi artım deyil, əksinə, azalma qeydə alınacaq. Hesabat görə, dünya 2022-ci il üçün “zəif artım və yüksək inflyasiyanın uzun sürən dövrünə” daxil olur.

Beynəlxalq qurum problemi əsas etibarilə COVİD-19 pandemiyası ilə əlaqələndirir və Rusiyanın Ukraynaya qarşı təcavüzünün də amil olduğunu bildirir. Dünya Bankının prezidenti Devid Malpas hesabata yazdığı ön sözdə bildirir ki, staqflyasiya təhlükəsi bu gün kifayət qədər böyükdür: “Dünyanın əksər hissəsində zəif sərmayə qoyuluşu səbəbindən artan inflyasiya, ehtimal ki, on il ərzində davam edəcək. İndi bir çox ölkələrdə inflyasiyanın onilliklər ərzində ən yüksək həddə çatdığı və tədarük artımının yavaş olacağı gözlənildiyi fonda inflyasiyanın daha uzun müddətdə daha yüksək həddə qalması riski var”.

Dünya Bankı hesab edir ki, qlobal artım inflyasiyanın bir çox iqtisadiyyatlarda yüksək olaraq qalması nəticəsində 2023 və 2024-cü illərdə 3 faiz civarında olacaq. Qurum ABŞ-da artımın keçən illə müqayisədə 5,7 faiz olmasına baxmayaraq, bu il yalnız 2,5 faiz olacağını qeyd edib. Bankın proqnozuna görə, Avropada da keçən ilki 5,4 faizlik artımla müqayisədə bu il cəmi 2,5 faiz artım olacaq.

Çində isə bu il 4,3 faizlik artım gözlənilir ki, bu da keçən ilki 8,1 faizlə müqayisədə daha aşağı göstəricidir. Qurum bunu COVİD-19-a görə ölkədə tətbiq olunan sərt karantin tədbirləri ilə əlaqələndirib.

Dünya Bankının rəyinə əsasən, sanskiyalara məruz qalan Rusiya iqtisadiyyatı ilə sıx iqtisadi əlaqələrdə olan Mərkəzi Asiya və Cənubi Qafqazın əksər ölkələrində iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Qurum hər iki subregionda artımın 2021-ci illə müqayisədə 2022-ci ildə təxminən iki dəfə azalacağını, Mərkəzi Asiyada 2,4 faizə, Cənubi Qafqazda isə 3,4 faizə enəcəyini proqnozlaşdırır. Hesabatda qeyd edilir ki, qlobal əmtəə qiymətlərinin artması ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi ölkələr yüksək gəlirlər əldə etsə də, bu gəlirlərin iqtisadiyyatlara faydası məhdud olacaq.

Buna təsir edən əsas amillərdən biri kimi Azərbaycanda neft sektorunun tam gücünə yaxın səviyyədə işləməsi, Qazaxıstanda isə əsas boru kəmərinin daha əvvəl kəsilməsi ilə yaranan təchizat məhdudiyyətləri çıxış edir. DB hesab edir ki, ümumilikdə xarici tələbatın kəskin azalması və Rusiyadan pul köçürmələri ilə bağlı problemlər yüksək əmtəə qiymətlərindən əldə edilən qazancdan daha çox bu iqtisadiyyatlara təsir edəcək.

Bu təsirlərə baxmayaraq, Dünya Bankı 2022 və 2023-cü illər üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını sabit saxlayıb. Qurum hesab edir ki, Azərbaycanda 2,7 faizlik iqtisadi artıma nail olunacaq. Gələn il üçün bu göstərici 2,2 faiz təşkil edəcək. 2024-cü ildə isə Azərbaycanda ÜDM-in artımı təşkilat tərəfindən 2,3 faiz civarında proqnozlaşdırılıb.

Qeyd edək ki, iki həftə əvvəl Devid Malpas dünyada inflyasiyanı yüksək həddə saxlayan amillər arasında enerjidaşıyıcılarının qiymətindəki bahalığı önə çəkmişdi: “Dünya enerji böhranı yaşayır və onun şiddəti qismən Rusiya ixracını əvəz edəcək yeni yanacaq mənbələrinin tapılıb-tapılmamasından asılı olacaq. Dünya Rusiya enerjisindən asılılığı azaltsa da, yeni tədarüklər həyati əhəmiyyət kəsb edəcək. Dünyanın yaşadığı böhran qısamüddətli deyil. Onun şiddəti dünyada enerji təchizatından asılı olacaq”.

Qeyd edək ki, Rusiya neftinə qarşı sanksiyalar fonunda dünya neft bazarında qiymətlərin aşağı düşməsi ehtimalı real görünmür. Qlobal neft istehsalı artsa belə, tələbatın daha yüksək artımı şəraitində qiymətlərin aşağı düşməsi mümkün olmayacaq. ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EİA) proqnozuna əsasən gələn il maye karbohidrogenlərin gündəlik istehsalı orta hesabla 102,1 milyon barel olacaq. Bu, qurumun əvvəlki proqnozu ilə müqayisədə 0,5 milyon barel çoxdur.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik istehsalı 100,08 milyon barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,19 milyon barel çoxdur.

EİA-nın proqnozuna görə, 2023-cü ildə maye karbohidrogenlərə olan gündəlik qlobal tələbat 101,32 milyon barel səviyyəsində olacaq, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,23 milyon barel azdır. Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat 99,63 milyon barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricidən 0,02 milyon barel çoxdur.

EIA-nın hesablamalarına əsasən bu tələb-təklif şərtlərində 2022-ci ildə “Brent” markalı etalon neftin orta qiyməti 107,37 dolları təşkil edəcək. 2023-cü ildə isə neftin qiyməti 97,24 dollar təşkil edə bilər.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 102,47 dollar (öncəki proqnoz - 98,2 dollar), 2023-cü ildə isə 93,24 dollar (öncəki proqnoza bərabər) səviyyəsində olacağı ehtimal olunur.

Qurum bildirir ki, 2022-2023-cü illərdə Azərbaycanda neft hasilatı azalacaq. 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 670 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz göstəricidən 30 min barel azdır. Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 690 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 30 min barel azalma deməkdir.

Dünya Bankının qlobal iqtisadiyyatla bağlı bədbin proqnozlarının və uzunmüddətli böhran gözləntilərinin reallaşma əmsalı nə qədər yüksəkdir? Azərbaycana bu böhranın təsirləri nə qədər ciddi ola bilər? Ölkə iqtisadiyyatının onlara davam gətirmək imkanları nə qədər genişdir? Sualları cavablandıran iqtisadçı-ekspert Elman Sadiqovun “Yeni Müsavat”a dediyinə görə, qlobal iqtisadiyyat üçün staqflyasiya daha təhlükəlidir: “Staqflyasiya durğunluqla inflyasiyanın eyni vaxtda baş verməsidir. Bu o deməkdir ki, iqtisadiyyatda həm durğunluq yaranır, həm də inflyasiya baş verir. Bu, qarşısı alınması çox çətin olan bir prosesdir. Çünki hazırda ABŞ və Avropada olduğu kimi, inflyasiyanı dayandırmaq üçün faiz dərəcələrini artırırsınız, bu isə iqtisadiyyatı boğmağa başlayır. İqtisadiyyatı boğulmadan xilas etmək üçün faiz dərəcələrini azaltdıqda isə bu, inflyasiyanı sürətləndirir. Buna görə də staqflyasiya iqtisadiyyat üçün ən təhlükəli vəziyyətlərdən biri hesab olunur. Dünya iqtisadiyyatı 1970-ci illərdə staqflyasiyadan çox ciddi zərər görüb”.

Ekspert bildirir ki, qlobal iqtisadiyyat üçün əvvəlcədən formalaşmış risklər də var: “Borc məsələləri, gəlirlərin qeyri-bərabər bölünməsi, sərvət bərabərsizliyinin artması illərlə formalaşan və qlobal iqtisadiyyat üçün təhdid yaradan amillərdir. Koronavirus pandemiyasının gətirdiyi problemlər - qlobal çatdırılma zəncirindəki qırılmalar, inflyasiya, təşviq paketlərinin icrası nəticəsində yaranan pul bolluğu bu təhdidlərin sayını artırdı. Ukraynadakı müharibə təhdidlər sırasına enerjidaşıyıcılarının yüksək qiyməti, həmçinin qlobal ərzaq bazarında qıtlıq və bahalaşmanı da əlavə etdi. Bu təhdidlər inflyasiyanı tətikləyir, onun davamlı xarakter almasını şərtləndirir. Bundan əlavə, ayrı-ayrı iqtisadi zonalarda ciddi problemlər var. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Avrozonada ciddi çətinliklər meydana çıxdı. Həm mövqelərdəki ziddiyyətlər qabardı, həm də monetar siyasətdə problemlərin olduğu aydınlaşdı. Bir tərəfdən, 8,1 faizlik inflyasiya, digər tərəfdən 6,2 faizlik işsizlik səviyyəsi var. Faiz dərəcələrinin artımı iqtisadiyyatın daralmasına və işsizliyin artmasına, artırmamaq isə inflyasiyanın sürətlənməsinə gətirib çıxaracaq. ABŞ-da işsizlik səviyyəsinin aşağı olması faiz artımı üçün daha yaxşı imkanlar yaradır, Avropada bu imkanlar yoxdur. Digər tərəfdən, Çinlə bağlı problemlər var. Məlum olub ki, bu ölkənin son 15 ildə verdiyi borcların 60 faizə qədəri geri qayıtmayacaq. Bu borclar kasıb ölkələrə verilib. Dünya Bankını narahat edən məsələ budur ki, həmin ölkələrin borc müqabilində qoyduqları girovlarla bağlı məlumatlar gizli saxlanılır. Çin adətən ölkələrə borc verərkən girov kimi limanları və sair mühüm strateji infrastrurktur obyektlərini götürür. Və borcun qaytarılmasından daha çox girovların ələ keçirilməsində maraqlı olur. Bu isə Çinin hədsiz genişlənməsinə gətirib çıxara bilər. Nəhayət, Ukraynadakı müharibənin tezliklə başa çatmayacağı artıq heç kimə sirr deyil. Müharibə uzandıqca, Rusiyaya qarşı sanksiyalar da davam edəcək. Biz müharibənin nəticələrinin illərlə davam etməsinə şahidlik edəcəyik”.

Uzunmüddətli qlobal böhranın Azərbaycana mümkün təsirlərinə gəlincə, E.Sadiqov deyir ki, enerjidaşıyıcılarının qiymətlərində ucuzlaşmanın gözlənilməməsi ölkənin əldə etdiyi yüksək gəlirlərin davam etməsi deməkdir: “Neft-qaz qiymətləri yüksək qaldığı müddətdə gəlirlər də yüksək olacaq. Hələlik Avropa Rusiya qazını əvəz edə bilmir. Bu, baş verənə qədər qaz qiymətlərində azalma gözlənilən deyil. Digər tərəfdən, neft hasilatının artırılması potensialı yüksəkdir. Bu potensialın bazara çıxarılması təmin olunduqdan sonra neft qiymətləri düşəcək. Çünki staflyasiya şəraitində iqtisadiyyatların kiçilməsi neftə tələbatı azaldacaq. Eyni zamanda alternativ enerjiyə keçidin sürətlənməsi də bu prosesə təsir edəcək. Yəni yaxın və ortamüddətli dövr üçün Azərbaycana iqtisadiyyatın şaxələndirilməsi üçün şans yaranıb. Buna görə də mövcud vəziyyətin yaratdığı şanslardan (Çinlə Avropa arasında tranzit ölkə rolunun artırılması, turizmin, emal sənayesinin, kənd təsərrüfatının inkişafı və sair) istifadə etmək, qeyri-neft-qaz gəlirlərini artıran potensialdan maksimum yararlanmaq lazımdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Xəbər 1471 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +