Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


30.12.2021  13:48 

Azərbaycan 2022-ci ilə hansı problemlərlə gedir?





A+  A-

Bu il bir çox yerli və regional problemlərlə üz-üzə qalan Azərbaycanda hansı məsələlər 2022-ci ildə öz həllini gözləyəcək?

XəzərNews.az xəbər verir ki, BBC News Azərbaycanca yerli və ölkəyə birbaşa təsir edən regional problemləri gözdən keçirib.

Azərbaycan-Ermənistan sərhədində mübahisələr

Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi və 30 il müharibə şəraitində yaşamış iki dövlətin bir-birinin ərazisini tanıması bu il öz həllini tapmadığından, müşahidəçilər bu məsələnin gələn il aktual olacağını düşünürlər.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich Azərbaycan və Ermənistan rəhbərlərinin Soçi və Brüsseldə baş tutan son görüşlərini növbəti il delimitasiya və demarkasiya sahəsində dialoqu sürətləndirmək baxımından yüksək qiymətləndirir.

Amerikalı diplomatın fikrincə, xüsusi ilə Belçikada keçirilmiş təkbətək görüşdən sonra iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində böyük etimad mühiti yaranıb.

Cənab Kauzlarich hesab edir ki, bundan sonrakı mərhələlərdə ATƏT-in Minsk qrupu önəmli rol oynamayacaq.

"Çünki Ukrayna sərhədlərində yaşanan son gərginliklər, eləcə də Kreml rəhbərliyinin SSRİ-ni bərpa etmə istəyi rəsmi Vaşinqton və Moskva arasında hansısa məsələnin həllində birgə hərəkət etməyi çətinləşdirib. Ona görə də, Ermənistan və Azərbaycan arasında ziddiyyətli məqamlar iki ölkə liderləri arasında həll olunmalıdır," - deyə keçmiş səfir əlavə edib.

Hərçənd Rusiya rəsmiləri SSRİ-nin bərpası iddialarını qəbul etmir.

Richard Kauzlarich delimitasiya və demarkasiya məsələsinin növbəti bir il ərzində həll ediləcəyinin inandırıcı olmadığını da vurğulayıb.

Bəzi yerli şərhçilər hesab edirlər ki, sərhədlərin müəyyənləşməsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması demək olacaq və bu da Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini bağlamağa imkan yaradacaq.

Minaların təmizlənməsi

Keçmiç ABŞ səfiri Richard Kauzlarich-in sözlərinə görə, tərəflər hazırda sərhədlərin müəyyənləşdirilməsindən daha çox həlli asan görünən məsələlərə diqqət ayırmalıdır.

Onun fikrincə, müharibədən sonra həllini gözləyən digər prioritet istiqamət - Azərbaycanın işğaldan azad etdiyi ərazilərin mina və partlamamış silah-sursatlardan təmizlənməsidir.

Naxçıvana Ermənistan üzərindən dəmiryolu

Həlli gələn ilə qalan regional məsələlərdən biri də Azərbaycanla onun bir hissəsi Naxçıvan arasında quru yol əlaqəsinin yaradılmasıdır. Azərbaycanın Zəngəzur dəhlizi adı verdiyi bu nəqliyyat kommunikasiyası bir il ərzində tərəflər arasında münasibətləri gərginləşdirən əsas məsələlərdən biri oldu.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirmişdi ki, onların belə bir öhdəliyi yoxdur, 10 noyabr üçtərəfli bəyanatda söhbət regionda nəqliyyat kommunikasiyalarının bərpasından gedir.

İl boyu iki ölkə rəhbərinin gah yumşaq, gah sərt tonlarla müşahidə edilən replikaları Əliyev və Paşinyanın Brüsseldə Ermənistan üzərindən Naxçıvana dəmiryolunun tikintisinə razılaşması ilə nəticələnib. Artıq gələn il bu razılaşmanın kağız üzərində qalıb-qalmayacağını proseslər göstərəcək.

İkinci Qarabağ müharibəsində zərər görmüş evlər

2021-ci ilin əvvəlində hökumətin iclasında müharibə zamanı mülki əhalinin zərər görmüş əmlaklarının qısa müddətdə bərpa edilməsi planlaşdırılsa da, bu məsələ tam aradan qaldırılmayıb.

Xüsusilə, İkinci Qarabağ müharibəsi zamanı ən çox zərər görən Gəncə şəhəri və Tərtər rayonlarında bəzi yerli sakinlər hələ də şikayətçidilər ki, onların evi tikilməyib və ya bərpa edilməyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirib ki, müharibənin bitdiyi tarixdən bugünədək daşınmaz əmlaklarına az zərər dəymiş sakinlərə təmir işlərini şəxsən aparmaqları üçün vəsait ayrılıb, dağılan evlərin əksəriyyəti dövlət hesabına bərpa edilib və bu işlər davam etdirilir.

İnsan hüquqlarının vəziyyəti "narahatedicidir"

BBC News Azərbaycancaya danışan bəzi şərhçilər hesab edirlər ki, insan hüquqları sahəsində müşahidə edilən problemlər 2022-ci ildə daha qabarıq görünəcək.

İnsan hüquqları üzrə vəkil Aaron Rhodes BBC News Azərbaycancaya bildirib ki, Azərbaycan insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına görə Avropa Şurasına daxil olan ölkələr sırasında ilk pillədədir.

Onun sözlərinə görə, uzun müddətdir insan haqlarının təmin olunması üzrə rəsmi Bakı bir sıra öhdəliklər götürsə də, ölkədə vəziyyət dəyişməyib.

Azərbaycan parlamentinin qəbul etməyə hazırlaşdığı media və informasiya haqqında qanun layihəsini ciddi tənqid edən vəkil Rhodes bunu "hökumətin mediaya tamamilə nəzarət etmə cəhdi" kimi qiymətləndirir.

"Əvvəlki məhdudlaşdırıcı qaydalarda hökumət yalnız cəmiyyətə hansı informasiyanın ötürülməsinə və ya hansının gizlin saxlanmasına qərar verirdi. Yeni qanunla isə güc strukturları qabaqcadan razılaşdırılan informasiyanın kimlər tərəfindən ötürməsini də nəzarətə götürəcək," - Aaron Rhodes deyib.

Aaron Rhodes, eyni zamanda növbəti illərdə Azərbaycan hökumətinin siyasi fəallar və müxalifət üzvlərinə qarşı tutduğu "zorakı münasibəti" dəyişəcəyinə inanmadığını söyləyib.

Hüquq müdafiəçisi Anar Məmmədli hesab edir ki, Azərbaycan hökumətinin insan haqlarının qorunması ilə bağlı sərgilədiyi biganə münasibətinin bir səbəbini rəsmi Bakının üzv olduğu təşkilatların, eləcə də insan haqlarının qorunmasında mühüm rol oynayan ölkələrin siyasi iradə göstərməməsində axtarmaq olar.

Lakin vəziyyətin bu cür davam etməyəcəyini deyən Anar Məmmədlinin fikrincə, gələcəkdə Azərbaycan üzv olduğu təşkilatlarda səsvermə hüququndan məhrum edilə bilər.

"Azərbaycan hökuməti belə münasibəti davam etdirərsə, Avropa Şurası ölkənin üzvlük hüququnu müvəqqəti dondura bilər. Necə ki, bunu Rusiyaya qarşı etmişdi".

"Bundan əlavə, qərb dövlətləri ölkədə baş verən zorakılıq halları ilə bağlı Azərbaycanın ayrı-ayrı dövlət rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər," - hüquq müdafiəçisi əlavə edib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc səslənən ittihamlarla razılaşmır. Onun sözlərinə görə, media haqqında yeni qanunla bağlı deyilən tənqidi fikirlər əsassızdır.

"Qanunla bağlı Milli Məclisdə bugünədək keçirilən dinləmələrin hər birinə 50-dən çox media subyektinin nümayəndəsi qatılıb. Bundan əlavə, dinləmələrə dəvət edilməyən digər media təmsilçiləri ilə də müxtəlif platformalarda müzakirələr aparılıb. Qanunda internet medianın buxovlanmasına yönəlik heç bir müddəa yer almayıb".

Zahid Oruc Azərbaycanın insan haqları müstəvisində üzləşdiyi tənqidləri də əsassız sayır:

"Bəzi qərb ölkələri zaman-zaman Azərbaycanın Qarabağla bağlı tutduğu prinsipial mövqedən narahat olaraq, onların insan haqları, anti-korrupsiya kimi məsələləri ölkəmizə qarşı təzyiq aləti kimi istifdə etdiyini görmüşük," - komitə sədri BBC News Azərbaycancaya bildirib.

Bununla belə, o, rəsmi Bakının Avropa Şurası da daxil olmaqla, digər beynəlxalq təşkilatlarla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

İnflyasiya davam edəcəkmi?

Mərkəzi Bank dekabrın 17-də illik inflyasiya proqnozlarını 1-2 faiz həddində yüksəldərək, 11.4 və 11.9 səviyyəsinə qaldırması 2022-ci ildə bahalaşma tendensiyasının davan edəcəyi gözləntilərini də artırıb.

Hökumət gələn il əmək haqları, sosial müavinətlər və pensiyaların artırılmasına qərar versə də, müstəqil iqtisadi təhlilçilər hesab edirlər ki, nəzərdə tutulan artım real inflyasiya faizindən aşağıdır.

İqtisadçı Elçin Rəşid deyir ki, 2021-ci ildə avtomobil yanacaqlarının, eləcə də su, qaz və elektrik enerjisi tariflərinin artması da hökumətin maaş, müavinət və pensiya artımı ilə bağlı qərarının effektivliyini aşağı salır.

Təhlilçi əlavə edib ki, hökumət hələ də manatı inzibati resurslarla zəifləməkdən qoruyur, dolların məzənnəsini sabit saxlamağa çalışır.

Dolların sabit saxlanmasını səmərəli siyasət hesab etməyən iqtisadçının sözlərinə görə, bu cür siyasət dövlət büdcəsindən həyata keçirilən səmərəsiz xərclərin payını artırır ki, nəticədə ölkə iqtisadiyyatı qeyri-sağlam şəkildə formalaşır.

İnflyasiya amilinin ölkə iqtisadiyyatının dayanıqlığından birbaşa asılı olduğunu deyən Elçin Rəşid, konkret proqnoz verməyin mümkünsüz olduğunu deyir.

Onun fikrincə, ölkədə inflyasiyaya ən çox təsir edən amillər xarici faktorlardan qayaqlanır.

Bura dolların məzənnəsinin dəyişməsi, ölkədən dollar axınının miqdarı, eləcə də ticarət tərəfdaşı olan Türkiyə və Rusiya kimi qonşu ölkələrin milli valyutalarının ucuzlaşması daxildir.

İqtisadçı deyir ki, uzun illərdir Azərbaycan hökuməti və Mərkəzi Bank inflyasiya səviyyəsini ya Neft Fondundan maliyyə transfertlərini artıraraq, ya da dollar rezervlərindən istifadə edərək tənzimləyirlər.

Neft qiymətlərinin sabitləşdiyini əsas gətirən iqtisadçı növbəti ildə də hökumətin bu siyasətə sadiq qalacağını və nəticədə ciddi inflyasiyanın müşahidə edilməyəcəyini bildirib.

Bəzi iqtisadi təhlilçilər hesab edirlər ki, Azərbaycanda manatın dəyərsizləşməsi özünü manatın "alıcılıq qabiliyyətinin düşməsində" göstərir və bu, ən azı devalvasiya qədər təhlükəli prosesdir.

Ölkədə ərzaq, qeyri-ərzaq məhsullarının, xidmətlərin bahalaşmasını Mərkəzi Bank daha çox xarici faktorlarla bağlayır.

Amma Mərkəzi Bank milli valyutada devalvasiya olacağı ehtimalını əsassız sayır.

Azərbaycanda iqlim dəyişikliyi: su çatışmazlığı olacaqmı?

Qlobal iqlim dəyişikliyi fonunda Azərbaycanın su çatışmazlığı da həllini gözləyən problemlərdən biridir. Bu il də Kürdə suyun səviyyəsinin çəkilməsi müşahidə edildi.

Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov BBC News Azərbaycancaya deyib ki, dekabr ayında 23 dərəcə istinin olması ölkədə demək olar ki, bütün sektorlara o cümlədən, içməli və kənd təsərrüfatı təyinatlı suyun azalmasına, qurunt sularının səviyyəsinin düşməsinə səbəb olacaq.

"Hal-hazırda kənd təsərrüfatında qış əkinləri üçün su tələb olunan vaxtda bölgələrimizdə bilirsiniz ki, onsuz da su qıtlığı var. Əvvəllər ilin bu fəslində, xüsusilə bu ərəfələrdə güclü yağışlar yağardı və bu da kənd təsərrüfatında suya olan tələbatın xeyli hissəsini ödəyirdi.

Hazırda bu yoxdur və Azərbaycanda hökmən bu, məhsul qıtlığına səbəb olacaq. Yem, taxıl bitkilərinin qıtlığına səbəb olacaq. Bu, ərzaq çatışmazlığına da səbəb olacaq," - ətraf mühit və su məsələləri üzrə mütəxəssis vurğulayır.

Koronavirusun yeni dalğası: Omicron

Koronavirusa görə iki doza peyvənd almış şəxsləri yeni ildə yeni xəbər gözləyir: Covid pasportu ikinci dozanın vurulmasından sonra 6 ay ərzində qüvvədə qalacaq. Bu pasportun müddətini uzatmaq üçün buster dozanın vurulması tələb olunur. Bu qayda fevralın 15-də qüvvəyə minəcək.

Bunu prezident Prezident Administrasiyasının şöbə müdiri Şahmar Mövsümov dekabrın 28-də keçirilmiş brifinqdə bildirib. O əlavə edib ki, vaxtı keçmiş COVID pasportla artıq bəzi qapalı məkanlara daxil olmaq mümkün olmayacaq.

"Omicron simptomları hələ ki, yumşaqdır", bunu aşkar edən Cənubi Afrikalı həkim deyir
Rəsmilər Avropa və ABŞ-da sürətlə yayıldığı müşahidə edilən Omicron ştammının hələ Azərbaycanda rəsmi qeydə alınmadığın desələr də, qonşu ölkələrdə artıq bu ştamma rast gəlindiyindən xəbərdarlıq edirlər ki, onun Azərbaycana da gəlməsi "an məsələsidir" və hansısa məhdudiyyətlərin tətbiq olunacağını istisna etmirlər.

Professor Adil Qeybulla BBC News Azərbaycancaya deyib ki, hazırda yüksək hərarətlə ambulator qaydada yatan xəstələrin sayında artım müşahidə edilir.

"Bəzi xəstələrdə görülən əlamətlər Omicron ştammına da oxşayır, lakin hazırda bu barədə birmənalı rəy bildirmək çətindir,"- o bildirib.

Adil Qeybullanın sözlərinə görə, virus mutasiyaya uğradıqca onun təsir imkanları da zəiflədiyindən, Delta variantı ilə müqayisədə Omicron ştammı sürətlə yayılsa da, onun təsir gücü daha aşağıdır.

"Bu isə ümid verir ki, sonrakı mutasiyalar virusun daha da zəifləməsi istiqamtində getsin".

Adil Qeybulla Azərbaycanda ciddi məhdudiyyətlərin tətbiqinin 2022-ci ildə epidemioloji vəziyyətdən asılı olacağını bildirib.

Xəbər 1521 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +