Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


02.10.2021  12:59 

Niyə hər gün saatlarla tıxacda qalmalıyıq?





A+  A-

Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətə başlamasından sonra paytaxt Bakıda günün pik saatlarında ictimai nəqliyyatın hərəkəti tamamilə iflic olur. Daha öncə sıxlıq olmayan küçə və prospektlərdə belə hərəkət etmək qeyri-mümkün hala çevrilir.

Pandemiya dönəmindəki qadağalar, məktəb və universitetlərin bağlı qalması əhalinin rayonlara qayıtmasına səbəb olmuşdu və bu paylanma nəticəsində paytaxtın yükü azalmışdı. Artıq həmin insanların geri qayıtması tıxacları yenidən gündəlik həyat tərzinə çevirib. Lakin sanki budəfəki tıxaclar pandemiyadan öncəkindən də dəhşətlidir.

Artıq günlərdir bu məsələ davam edir və insanları bir sual maraqlandırır: Daim beləmi olacaq və belə olmaması üçün çıxış yolu nədir?

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünası Ərşad Hüseynov bildirib ki, son günlər tıxacla bağlı iki məsələ üst-üstə düşüb:

“Birincisi yağış yağdı, bilirsiniz, yağış yağan zaman yollarda tıxac yaranır. İkinci də, həm orta, həm də ali məktəblər eyni anda açıldı. Ümumi şəkildə desək, indi vəziyyət pandemiyadan əvvəlki illərdən daha da pisdir.

Əsas səbəb ictimai nəqliyyatın fəaliyyəti və əhalinin abundantdan düzgün istifadə etmə qaydasıdır. Bu pandemiya dövründə ən ciddi zərbə də elə ictimai nəqliyyata dəydi. Çünki tibb işçiləri daimi olaraq deyirdi ki, ictimai nəqliyyat virusun yayılması üçün ən münbit məkandır. Hətta ictimai nəqliyyatdan daim istifadə edən insanlar da virusa görə alternativ yollar tapdılar. Məsələn, ucuz taksilərdən istifadə etdilər, ya avtomobil aldılar, ya da qonşuları-tanışları ilə getməyə başladılar.

Həmçinin, fundamental səbəblər içərisində orta məktəblərin az olması məsələsi də var. Bakıda hazırda dörd milyondan çox insan yaşayır. Məsələn Sulutəpə, Masazır tərəflərdə orta məktəblər yox səviyyəsindədir. Ali təhsil müəssisələrinin çoxu mərkəzdədir. Sovet dövründə 10-15 ailənin, təxminən 100 nəfərin yaşadığı evləri söküb yerində 4-5 min insan üçün hündürmərtəbəli yaşayış kompleksləri tikilib. Amma bu zaman həmin insanlar üçün əlavə ictimai nəqliyyat xətləri çəkilmir”.



Ə.Hüseynov Bakını dünyanın bir sıra şəhərləri ilə müqayisə edib və oradakı ictimai nəqliyyatda istifadə olunan avtobusların sayının qat-qat çox olduğunu bildirib:

“İspaniyanın Bilbau şəhəri var, Sumqayıt kimi şəhərdir, amma 170 metrostansiyası var. Belarusa baxsaq, Minskin 2 milyon əhalisi var, iritutumlu avtobusların sayı 1800-dür. 200 tramvayı, 800 trolleybusu var. Bakıda isə cəmi 2200 avtobus var, tramvay, trolleybusumuz da yoxdur, ümumi 26 metrostansiya var.

Problem elə ictimai nəqliyyatdadır, məskunlaşmadakı əyri-üyrülüklərdədir. Regionlarda Bakı ilə rəqib şəhər yaratmalıyıq. Oralarda da 2-3 universitet yaradılmalıdır, yataqxana tikilməlidir. Məsələn, Milli Məclis Bakıya rəqib olacaq şəhərlərdən birinə köçürülsə, yaxşı olar. Dünyada belə bir təcrübə də var.

Parlament başqa şəhərə köçsə, 125 deputat, onların köməkçiləri, sürücüləri, hamısının ailəsi, görün nə qədər insan köçür. Bakıdakı əhalini köçürmədən isə əgər tramvay, trolleybuslar istifadə olunsa, onda tıxac azalar. Velosiped yolları yaradılsa, o da kömək olar. Sərmayə qoymaq lazımdır, qoyulmasa, tıxacların qarşısı alınmayacaq”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, tıxacların səbəbi hər şeyin paytaxtın mərkəzində olmasına görədir:

“Məsələn, Masazır, Sulutəpə tərəflərdə məktəb yoxdur. İnsanlar da məcbur qalıb, uşaqlarını avtomobillə şəhər mərkəzinə gətirirlər. Bakıda iki əsas ictimai nəqliyyat növü var, avtobus və metro. Nə metro bütün şəhəri əhatə edə bilir, nə də avtobus.

Təzə bir ifadə yaranıb, “1 manatlıq taksi”. İnsanlar da məcbur qalıb taksilərdən istifadə edirlər. Bir problem də var, yaxınlığında məktəb olan evlərdə də valideynlər uşaqlarını şəhərin mərkəzindəki daha yaxşı hesab etdikləri təhsil müəssisələrinə aparırlar. Buna müvafiq qurumlar nəzarət etməlidir”.

Mayor Əsgərli qeyd edib ki, tıxacı yaradan əsas səbəblərdən biri də hamının eyni anda işə gedib, eyni vaxtda çıxmasıdır:

“Karusel rejimi yaradaraq, tıxacların qarşısını ala bilərik. Məcburdurmu ki hər kəs işə, dərsə saat 9-da gedib 6-da çıxsın? Məsələn, “Elmlər Akademiyası” metrostansiyası tərəfdə Vergilər Nazirliyi, Gömrük Komitəsi, Ekologiya Nazirliyi, Ədliyyə Nazirliyi yerləşir. İş saatlarında dəyişiklik edilsə, həmin ərazidə sıxlığın azaldılmasına çox böyük kömək olar.



Bakıda əhalinin sayı rəsmi olaraq üç milyona yaxınlaşsa da, qeyri-rəsmi dörd milyondan çox insan var. Bu boyda şəhərin cəmi iki giriş-çıxışı var. Yol polisi belə olanda nə etməlidir axı? Məcburdur yolun bir tərəfini bağlayıb hərəkəti tənzimləsin”.

Ekspert, jurnalist Elməddin Muradlı məsələ ilə bağlı bildirib ki, Bakıda nəqliyyatın hərəkətini və gələcəyini düzgün tənzimləmək lazımdır:

“Bu gün aparılan xaotik tikinti bumu gələcəkdə metro şəbəkəsinin genişlənməsinə imkan verməyəcək, avtobuslar onsuz da azdır, tramvay və trolleybusu da yarada bilməyəcəyik. Nəticədə, Bakı nəqliyyat sahəsində ən geridəqalmış şəhər olacaq.

Bu gün metronun strateji planı olmalıdır. Məsələn, nəzərdə tutulmalıdır ki, üç ilə filan yerdə stansiya olacaq, beş ilə filan yerdə. Ən azı 50 illik strategiyanı ortaya qoymaq lazımdır və həmin xətlərin üstündə hündür binaların tikintisinə imkan verilməməlidir. Yoxsa, metro yatır, tikinti bumu da davam edir. Sabah da çıxıb deyəcəklər ki, yeni xətt çəkə bilmirik, imkan yoxdur, hər yerdə binalar var.

Avtobuslara ümid azdır. Bu gün dövlət sahibkarlara normal dəstək olmadığı üçün başda “BakuBus” olmaqla, bütün şirkətlər zərərlə işləyir. Nəticədə, gələcəkdə sahibkarlar geri çəkiləcək, bütün iş dövlətin üzərində qalacaq və milyonlarla xərc ortaya çıxacaq. İndiki dövrdə bu da dövlətə əlavə yük olacaq.

Şirkət ona görə zərərlə işləyir ki, yeni və müasir avtobuslar tələb olunur. Onun da ölkəyə gətirilməsi üçün rüsumlar bahadır, üstəlik, gedişhaqqı bugünkü reallıqları əks etdirmir.

Ən əsas məsələ isə budur ki, Bakının nəqliyyat sistemi bir mərkəzdən qurulmalı və idarə edilməlidir. Yetər artıq, "mənəm-mənəmlik" dövrü bitsin. Yazıqdır bu camaat. Zülm çəkir insanlar. Kimlərsə cibini güdür, öz ambisiyalarını yürüdür. Amma vallah, bu insanlara zülm edirsiniz. Olmaz, gec-tez partlayacaq”.

"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov “ bildirib ki, builki tədris ilində metronun nə qədər sərnişin daşıdığı barədə rəqəmlər hələlik hazır deyil:

“Hər tədris mövsümünün başlaması zamanı tıxac yaranır. 5-6 gün keçməlidir ki, dəqiq qərar verilə bilsin. Son günlərdə metroda gecikmə olmayıb, sıxlıq metronun fəaliyyətinə ciddi təsir göstərmir. Qapı tutma halları yoxdur”.

B.Məmmədov qeyd edib ki, yeni açılan stansiyaların sərnişindaşınmada üzərinə nə qədər yük götürdüyünü bilmək üçün altı ay vaxt keçməlidir:

“Biz səhər saat 6-dan gecə saat 12-yə qədər montorinq aparırıq. Bir çıxış yolu axtarırıq, pandemiyadan əvvəl hər şey fərqli idi. Amma məsələnin həlli yolu üçün araşdırmalar aparırıq”.

Metro sözçüsü stansiyaların gec tikilməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Hər bir tikintinin özünəməxsus xüsusiyyəti var, burada geoloji xüsusiyyətlər də önəmlidir. Bakının Baş planı ilə bağlı qərarlar verilir, həmin təkliflər içərisində metropoliten də var. Bundan sonra neçə il ərzində hansı stansiyaların tikilməsi ilə bağlı Baş plan təsdiq olunan zaman dəqiq rəqəmlər göstəriləcək.



Konseptual inkişaf sxemi təsdiq olunub, 76 stansiyanın inşa olunması nəzərdə tutulub. Biz heç vaxt deməmişik ki, 2035-ci ilə kimi 50 stansiya olacaq. Bakıda yerüstü metrostansiyaların tikilməsi nəzərdə tutulmur. Xocahəsəndə və Bakmildə yerüstü stansiyalar var, onlar depo olduğu üçün hələlik nəzərə alınmır.

Xocahəsəndə hazırda yerüstü stansiya tikilir, çünki əhalinin ehtiyacı var. Ümumən isə Bakının Baş planında nəqliyyatın inteqrasiyalı inkişafı baxımından prioritet məsələ xəttlərin ayrılmasıdır. "Yaşıl" və "qırmızı" xətlər "28 May" stansiyasında birləşir.

Əslində, xətlər birləşməməlidir, ayrılmalıdır. Qatar "İçərişəhər"dən "Həzi Aslanov"a birbaşa getməlidir. Oraya çatdıqda dönüb geri qayıtmalıdır. Bizdə "İçərişəhər"də və "Dərnəgül"də dönmə xətti yoxdur. İlkin mərhələdə, "Xətai" stansiyasından sonra iki, daha sonra "Həzi Aslanov"a qədər iki, "Dərnəgül"dən "Koroğlu"ya qədər üç stansiya inşa edilməlidir. Bakının Baş planı təsdiq olunan zaman metro haqqında da qərarlar qəbul ediləcək”.

İddialarla bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, son vaxtlar pandemiya səbəbindən, o cümlədən, ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən bəzi məhdudiyyətlər nəticəsində Bakı şəhərində avtomobilləşmə səviyyəsi və şəxsi minik avtomobillərindən istifadənin artması müşahidə edilir:

“Bu da onsuz da dolu olan Bakı küçələrində pik saatlarda tıxacların yaranmasına gətirib çıxarır. Eyni zamanda əksər iş və xidmət sahələrində fəaliyyətin bərpa edilməsi və təhsilin bütün pillələri üzrə əyani tədrisə keçid gündəlik səyahət saylarını əhəmiyyətli dərəcədə artırıb.

Təhlillər onu göstərir ki, xüsusən də mərkəzi küçələrdə yolayrıcını keçmə qaydaları-sarı kəsişmə toru nişanlanmasının tələbləri pozulur. Hər hansı bir kəsişmədə qeydə alınan kilidlənmə ətraf yollarda və digər kəsişmələrdə də hərəkəti çətinləşdirir. Bir neçə sürücünün qaydaları pozması yüzlərlə insanın lüzumsuz yerə tıxacda vaxt itirməsinə, əsəb və stres keçirməsinə səbəb olur.

Digər bir amil qanunsuz parklanmalardır ki, Agentlik tərəfindən buna qarşı ciddi mübarizə tədbirləri aparılır. Xüsusən də avtobus dayanacaqlarının digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi sıxlıqların yaranmasına səbəb olur

Qeyri-formal daşımalar, həmçinin, yollarda nəqliyyat axınını süni şəkildə artırır. Yəni bir istiqamətdə iritutumlu avtobusla gedəcək sərnişinlər səyahətlərini beş-altı minik avtomobilləri ilə edirlər ki, bu da yollarda əlavə ləngimələr yaradır.

Bəzi hallarda yol infrastrukturunda olan çatışmazlıqlar, o cümlədən, butulka effektləri də sıxlıq və tıxac hallarına səbəb olur.

Son günlər müşahidə olunan vəziyyət bir daha avtobus zolaqların artırılması və bir şəbəkə formasında təşkilinin zəruriliyini göstərir. Eyni zamanda, digər avtomobil sürücülərinin bu zolaqların tələbinə riayət etməsinə nəzarət də gücləndirilməlidir. Bu, həm gün ərzində iki milyon yarımdan çox ictimai nəqliyyat istifadəçisinin rahatlığı və tıxacda qalmaması, həm də şəxsi nəqliyyat vasitələrindən istifadənin azalması baxımından vacibdir". /Qafqazinfo/

Xəbər 2091 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +