Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


01.10.2021  20:46 

İran-Azərbaycan sərhədində təlimlər: Dünya mətbuatı nə yazır?





A+  A-

Tehran Bakı ilə gərginliyin artması fonunda Azərbaycanla sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirir. İran mediasında şimala doğru irəliləyən hərbi texnika karvanlarını əks etdirən videolar yayılıb. Manevrlərin başlaması xəbəri siyasi bəyanatlar və xəbərdarlıqlarla müşayiət olunur. Dünya KİV-lərində təlimlərə səbəb olan amillər təhlil edilir.

Bu yazılarda ötən ay keçirilmiş Türkiyə-Azərbaycan-Pakistan manevrləri qeyd olunur. Azərbaycana qarşı yönələn son İran ritorikasında diqqət çəkən məqamlardan biri də Azərbaycanın İsraillə əlaqələridir.

İranın bu və ya digər siyasətinə haqq qazandırması üçün "Sionist rejimi" haqqında bəhs etməsi nadir hal deyil, lakin son həftələrdə Azərbaycana dair bəyanatlarda bu mövzu nəzərəçarpacaq dərəcədə aktivləşir və sürət yığmaqdadır, iki ölkənin əlaqələrini şərh edən Eurasianet saytı yazır.

Sayt "İran Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlər keçirir", başlıqlı məqaləsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qüvvələri komandanı Məhəmməd Pakpurun xəbərdarlığına yer verir: "İran qonşularının "saxta sionist rejimin varlığı və təhlükəsizlik əleyhinə fəaliyyətləri üçün sığınacaq və baza olmasına dözməyəcək".

Amma İsraillə-Azərbaycan əlaqələri və Türkiyənin Azərbaycanda nüfuzunun artması yeni bir amil deyil, Eurasianet yazır: "Yenə də, 2020-ci il müharibəsindən bəri İsrail-Azərbaycan istiqamətində (ən azından səthdə) İranın bu sərt reaksiyasını izah edəcək yeni bir şey olmayıb".

İsrailin Jerusalem Today qəzeti təlimlərin adına - "Xeybər fatehləri" - diqqət yetirərək, yazır ki, bu, Məhəmməd Peyğəmbərin başçılıq etdiyi qüvvələrin yəhudilər üzərində qələbəsinə və onlara vergilərin tətbiqi ilə nəticələnən Xeybər döyüşünə işarə ola bilər.

Qəzet təlimlər fonunda İran daxilində yayılan xəbərlərə də diqqət yetirir. Burada İran Kəşfiyyat Nazirliyinin İrana "düşmən ölkələrin" kəşfiyyat xidmətləri tərəfindən dəstəkləndiyi iddia edilən bir qrup liderin öldürüldüyü bildirilir.

Türkiyənin ictimai TRT World kanalı İranın Azərbaycanla sərhədə qüvvə yığmasının üç əsas səbəblərini qeyd edir. Məqaləyə əsasən, beləliklə İran Azərbaycan-Ermənistan arasındakı qarşıdurmaya və bölgədə keçirilən son Türkiyə-Azərbaycan-Pakistan təlimlərinə reaksiya verir.

Bu həmçinin İranın daxilindəki geniş Azərbaycan əhalisinə ünvanlanan mesajdır.

"İran niyə Azərbaycanla sərhədinə qoşun yerləşdirir?" başlıqlı yazı müəllifinin fikrincə, Tehran Qarabağ müharibəsində Bakının qələbəsindən məmnun deyil çünki, İran lap əvvəldən indiyə qədər sakitcə erməniləri dəstəkləyib, baxmayaraq ki, Azərbaycan İran kimi şiə çoxluğuna sahibdir.

TRT World-a danışan ABŞ-ın Atlantic Council düşüncə mərkəzinin elmi əməkdaşı, Azərbaycanda ABŞ səfiri olmuş Matthew Bryza Qarabağ müharibəsindən sonra İranda etnik separatçılıq perspektivinə görə narahatlığın ola biləcəyini qeyd edir: "Əsasən, İranla Azərbaycan sərhədi boyunca hərbi qüvvələrin yerləşdirilməsi [İran azərbaycanlılarına] daxili siqnaldır".

Mediada Tehranın Yerevana dəstəyi və Azərbaycanla əlaqələrinin korlanması həmçinin bölgə üzərindən Qərbi Asiyaya keçən ticarət marşrutu ilə izah edilir.

İki qonşu ölkə arasında gərginlik Qarabağ bölgəsinə keçən İran yük maşınlarına "yol vergisinin" tətbiqi və ötən ay iki iranlı sürücünün saxlamanılması ardınca daha da artib, Al Jazeera telekanalı bildirir.

Bu məqama TRT World kanalı da toxunur. İran Ermənistanın işğal etdiyi ərazilər üzərindən əsasən gömrük rüsumlarını ödəmədən Rusiya və Qərbi Asiyaya çıxış əldə edirdi, İranda mənzillənən jurnalist Fatimə Kərimxaniyə istinadən TRT World yazır.

Rusiyanın FAN agentliyi isə yazır ki, bütün gərginliklərə rəğmən Bakı ilə Tehran rəsmi səviyyədə bir-birlərinə qarşı kəskin addımlara yol vermirlər və bu məsələdə nisbi sabitlik qorunub saxlanılır.

"Mövcud mübahisələr hər iki tərəf üçün ikitərəfli işi gücləndirmək üçün bir siqnaldır"- yazan agentliyə əsasən, Tehranın bölgəni asanlıqla Türkiyə və İsrailə təslim etməsini gözləmək lazım deyil. /BBC Azərbaycan/

Xəbər 2633 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +