Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


07.05.2021  23:59 

Millət vəkilləri, zillətə boyun əyməyin...





A+  A-

(Məşhur Məmmədov və Anar İsgəndərova çağırış)

Uzun müddətdir ki, Masallı rayonunun Boradigah qəsəbəsində (xüsusən də “Çaylıq” adlanan ərazidə) baş verən neqativ hallarla bağlı mətbuatda müntəzəm çıxışlar edir, ortalıqda olan qanunsuzluqları faktlarla müvafiq dövlət qurumlarının və ölkə ictimaiyyətinin diqqətinə çatdırıram. Amma təəssüflər olsun ki, bu günədək nə rayon rəhbərliyi, nə də aidiyyəti dövlət qurumları buna heç bir münasibət sərgiləmir. Və belə bir təəssürat yaranır, yaxud yaradılır ki, bu rayonda qanunun aliliyinə dəlalət edən hüquqi heç nə yoxdur, hətta olmayıb belə, konstitusiyanın heç bir bəndi, maddəsi burada qüvvədə deyil, insanlar taleyin ümidinə buraxılıb və məqsədli şəkildə vətəndaşlarla dövlət hakimiyyəti arasında uçurum yaradılır, onlar itaətsizliyə təhrik edilir. Çünki bu sayaq susqunluğun alt qatında bu mənanı sezməmək mümkünsüzdür. Əgər, bu vaxtadək qəsəbənin adi problemini rayon səviyyəsində həll etmək müşkülə çevrilibsə, yaxud buna etinasız yanaşılırsa, demək bu, idarəolunmazlıqdır, dövlətin bütün qanunlarına sayğısızlıqdır, vətəndaşları mövcud hakimiyyətdən narazı salmaqdır, ən sonda isə onları taleyin ümidinə buraxmaqla başıpozuqluq yaratmaqdır. Qəsəbənin icra nümayəndəsi, bələdiyyəsi, rayonun polisi, prokurorluğu, ümumən rayon rəhbərliyi bütün bunlara seyrçi münasibət bəsləyirsə və siz – Masallıdan olan millət vəkilləri də bunları görməzdən gəlirsinizsə, o zaman burada qanunların qeyri-işləkliyi, yəni insanların taleyin ümidinə buraxıldığı açıq şəkildə etiraf olunmalıdır. Əslində, ölkənin Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti , Prezident Administasiyasının müvafiq qurumları bunu aylar öncə nəzarətə götürməli, müvafiq araşdırmalar aparmalı idi. Reallıq budur ki, hələ də nəticə yoxdur...

Qəsəbədə baş verən qanunsuzluqların qısa özətilə sizi tanış edim: Bu gün qəsəbənin 565 ha pay torpağının anasına elə od vurulub ki, bunu sözlə izah etmək bir xeyli zaman istər. Təkcə, “Çaylıq” deyilən ərazidə hektarlarla pay torpağı birbaşa “işğala” məruz qalıb, yerində evlər inşa edilib, ətrafındakı meşə zolaqları - hər biri ayrı-ayrılıqda 0,5 km uzunluğunda olan 1-ci və 2-ci “müdafiə xətti” demək olar, yox olmaq üzrədir; ağacların böyük əksəriyyəti qırılıb, yandırılıb, böyük bir qismi də həyətyanı sahələrə əlavə edilib. Buradakı Eldar və Küknar şamlarının, Palıd ağaclarının əksəriyyəti, Qırmızı kitaba adı düşən və milli sərvət kimi qorunmalı olan (el arasında adına Nil deyilən) Azad ağaclarının isə hamısı məhv edilib, vaxtı ilə salınmış və ərazidə ekoloji tarazılıq yaradan bir neçə su hövzəsi (1-ci və 2-ci dərələr) dağıdılıb, 6-cı dərə adlanan su hövzəsi isə qeyri-müəyyənlikdədir. Halbuki, 1936-cı ilin xəritəsinə əsasən, 6-cı dərə su hövzəsi də Boradigah qəsəbəsinin inzibati ərazisinə daxil olmuşdur...

Bu gün ziyanın yarısından geri dönmək də xeyirli bilinməlidir. Dəfələrlə qəsəbə və rayon rəhbərliyinə təklif etmişəm ki, bu günədək pay torpaqlarında tikilən və hazırda tikilməkdə olan evlər istisna olmaqla (bunların sayı təkcə “Çaylıq” ərazisində, səhv etmirəmsə, 50-yə yaxındır), bundan sonra bunun qarşısı alınaraq bu vandallığa son qoyulsun, zəbt olunmuş meşə zolaqları, su hövzələri feodal təfəkkürlü insanların “işğalından” azad edilsin və xalqın (gələcək nəsillərin) sərvəti kimi qorunsun. Amma təəssüflər olsun ki, hər müraciətimdən sonra yeni-yeni ərazilər zəbt olunur, meşə zolaqları qırılır, su hövzələrinin təyinatı dəyişdirilir və s.

Ötən ilin sentyabrında icra başçısı Şahin Məmmədovun tapşırığı ilə “Çaylıq” ərazisindəki pay torpaqlarında qanunsuz tikililərin qarşısının alıması, meşə təsərrüfatına, su hövzələrinə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə 6-8 nəfərlik nümayəndə heyəti qəsəbəyə təşrif gətirir. Burada sözün əsil mənasında şou nümayiş etdirilir və süni münaqişə yaradılır və məsələyə heç bir aidiyyəti olmadığı halda oraya çağırılan qardaşım oğluna feodal təfəkkürlü biriləri tərəfindən onların gözü qarşısında ağır bədən xəsarətləri yetirilir. Polis tərəflər arasında “eynilik” əmsalı yaratmaqla baş verən bu cinayət aktını “barışıq” müstəvisinə gətirib çıxara bilir. Bir neçə gün sonra isə, qardaşımın “Niva” markalı minik avtomobili evinin qarşısında (günün günorta çağında) daşla yararsız hala salınır. Polisin bu məsələdə də “uğurlu axtarışı” yəqin ki, “davam” etməkdədir. Təbii ki, bu hadisə nə zamansa öz ədalətli həllini tapacaqdır, sadəcə geci-tezi var...

Daha maraqlısı bilirsiniz nə oldu? Gələn nümayəndə heyəti qanunsuzluqlarla bağlı AKT tərtib edir və qısa müddət ərzində icra edilməsini qəsəbə rəhbərliyinə tapşırır. Fakt isə budur ki, bu tapşırığın çürük qoz qədər də əhəmiyyəti olmur və hadisələr öz “axarında” davam edir... Elə bu səbəbdəndir ki, 12 minə yaxın əhalisi olan qəsəbədə dövlət əhəmiyyətli tikililər üçün torpaq tapılmır, çünki yoxdur və illər ərzində bu torpaqların atasına od vurulub, anası da ağlar qoyulub. Heç kim də səsini çıxarmır, çünki qorxur, qorxu onlara elə sirayət edilib ki, bu gün İmam Hüseynin müsibətinə hönkürtü ilə ağlayan insanlar öz miskin halını donuq baxışlarla seyr edirlər. Baxın, ən böyük fəlakət budur: dəyərlərin itirilmə fəlakəti və buna loyal münasibət. Sizə maraqlı fakt da deyim: torpağın olmaması səbəbindən gələcəyin “ölüləri” öz son mənzillərini bu günün kiçik yaşlı “dirilərinə” pay verib, yəni torpağın olmaması səbəbindən yeni məktəb binası qəbirstanlıq üçün ayrılmış ərazidə inşa edilib...

Düşünürəm ki, məsələnin ana qayəsini sizlərə çatdıra bildim və istəyim, həm də xahişim budur ki, səsimə səs verərək haqqın və ədalətin zəfər çalmasında yardımçı olasınız. Zillətə boyun əyməyəcəyinizə ümid edərək bu müraciəti sizə ünvanladım. Xoş xəbərlər ümidilə gerisi sizdən...

Vasif Hüseynov

Xəbər 17049 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +