Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


31.03.2020  14:16 

XİN-dən Qarabağdakı qondarma seçkilərlə bağlı bəyanat





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı bəyanat yayıb.
XəzərNews.az-ın məlumatına görə, bəyanatda deyilir:

“Ermənistan Respublikasının 2020-ci ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qondarma “seçkilər” keçirməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi aşağıdakıları bildirir:

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyildir.

Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrıseçkiliyin nəticəsidir; o, Ermənistanın rəhbərliyi və nəzarəti altındadır.

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və bunun nəticəsində ərazilərinin işğal edilməsini davamlı olaraq qətiyyətlə pisləyir. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləyən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edib. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe sərgiləyiblər.

Müvafiq olaraq, beynəlxalq ictimaiyyət Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş ərazilərində bundan öncə təşkil etdiyi “seçki” şoularını birmənalı şəkildə və ardıcıl olaraq rədd edib və beləliklə də, Ermənistanın beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə, habelə işğal olunmuş ərazilərdən didərgin salınmış əhalinin insan hüquqlarına hörmətsizliyini əsaslandırmaq üçün istifadə etdiyi hər hansı bəhanələri açıq şəkildə etibarsız sayıb.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaqdır.

Nazirlik bir daha bəyan edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və saxta “seçkilərin” təşkili də daxil olmaqla baş vermiş faktı (fait accompli) qəbul etdirmək cəhdi nə Ermənistanın arzuladığı siyasi nəticəyə heç vaxt gətirib çıxarmayacaq, nə də bu ölkə üçün heç bir müsbət perspektiv gətirməyəcəkdir. Azərbaycan heç vaxt beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə barışmayacaqdır”.

Xəbər 1016 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +