İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


30.07.2019  12:25 

Səhrada “Cənnət” – FOTOLAR





A+  A-

İyulun 18-dən Bakı ilə Misir Ərəb Respublikasının kurort şəhəri olan Şarm əl-Şeyx arasında birbaşa uçuşlara başlanıldı. Həftəlik reysləri Qazaxıstanın Azərbaycandan beşinci “Hava azadlığı” hüququ əldə edən “SCAT Airlines” aviaşirkəti yerinə yetirir. Uçuşlar hər cümə axşamı “Boeing 757-200” tipli təyyarələr vasitəsilə reallaşdırılır.
Bakıdan Şàrm əl-Şeyx şəhərinə gedən və bəndənizin də içərisində olduğu ilk təyyarə reysi yerli vaxtla saat 21:00-da havaya qalxdı. İlk reysin sərnişinləri jurnalistlər, turizm sektorunun nümayəndələri, otel rəhbərləri və çoxlu sayda turistlər idi. "Kompas" Tur Şirkəti (Qazaxıstan), “Millennium Tourism Azerbaijan”nın (Azərbaycan) təşkilatçılığı ilə baş tutan səfərin misirli tərəfdaşı "Nefer" Tur Şirkəti idi.




Məğlubiyyətin “qazancı”…

Şarm əl-Şeyx şəhəri Sinay yarımadasının cənubunda, yəni Misirin Asiya hissəsində yerləşir. Sinay yarımadası isə şimaldan Aralıq dənizi, cənubdan isə Qırmızı dənizlə əhatə olunub.

Misirlilər, daha doğrusu hər kəs Şarm əl-Şeyxlə bağlı xatirələrinin ya əvvəlində, ya da sonunda belə düşünür: Şarm əl-Şeyx daha çox İsrail-Misir müharibəsinin yaratdığı şəhərdir. Sinay yarımadası 1967-ci ildən İsrailin işğalı altında olub. Yəhudilər Şarm əl-Şeyxə qədər gəlib çıxmış və orda böyük bir hərbi baza yaratmışlar. Həmin hərbi bazanın yeri indi də Şarm əl-Şeyxdə qalmaqdadır və otel kimi istifadə olunur. Misirli bələdçilər utana-utana da olsa həmin yeri turistlərə göstərmək məcburiyyətindədirlər: axı tarix heç nəyi unutdurmur.

Bu müharibə nəticəsində İsrail 1979-cu ildə Sinay yarımadasından geri çəkilməyi qəbul edir. Bir az sonra isə İsraillə Misir arasında Kemp Devid müqaviləsi imzalanır. Bununla da İsrail regionda ilk dəfə olaraq bir ərəb dövləti ilə sülh müqaviləsi bağlayır.

Şarm əl-Şeyx müharibələrdən çox-çox əvvəl balaca bir balıqçı kəndi olub. Yuxarısı ara-sıra dağlarla (Musa və Müqəddəs Yekaterina dağları), aşağısı düzən səhra, daha sonra isə dənizlə əhatə olunmuş qədim Şarm əl-Şeyxin 40 il sonra dünyanın qəbul edəcəyi kurort şəhər statusu alacağını heç kim ağlına belə gətirməzdi. Amma misirlilər bunu bacarıb, yüzlərlə otel və həm də “Hyyat Regensy”, “Mariott”, “Rixsos” kimi brendləri Qırmızı dənizin sahillərinə gətirib çıxara biliblər. Təkcə günəş və dəniz üçün il ərzində dünyanın dörd bir tərəfindən Şarm əl-Şeyxə yüz minlərlə turist gəlir. Bu da heç şübhəsiz ki, Misir büdcəsinin turizmdən gələn gəlirlərini xeyli artırır.




Niyə məhz Şarm əl-Şeyx?

Səfər təəssüratlarımı adətən bərbəzəksiz təqdim edir, eşitdiklərimi deyil, gördüklərimi olduğu kimi oxuculara çatdırmağa çalışıram. Daha çox ona səy göstərirəm ki, yazdıqlarımdan istifadə edəcək Şarm əl-Şeyx yolçuları gələcəkdə heç bir tərəddüdlə qarşılaşmasınlar.

Belə ki, bizi Şarm əl-Şeyx Hava Limanında ("Sharm el-Sheikh International Airport") “Nefer” turun gülərüz bələdçiləri qarşıladı. Hava Limanının çölündə isə ilk reysin sərnişinləri üçün zurnalı-qavallı mərasim təşkil olunmuşdu. Gecədən xeyli keçsə də hava bürkülü və isti idi.

Bizim üçün bir həftəlik info-turun proqramı da çox zəngin tərtib olunmuşdu. Səfər müddətində 30-dan çox müxtəlif səviyyəli otelə baş çəkəcək, şəhərin turistik bölgələrini gəzəcəkdik.

Səfərin ilk gününə dəniz turu ilə başladıq. Bizim və bəlli sayda turistlərin olduğu yaxta Qırmızı dənizin adalar hissəsinə yan aldı. Altı-yeddi saat davam edən dəniz turunda turistlərə yemək-içmək, çimmək, dayvinq – dənizin dərinliyinə enmək təklif olundu. İki-üç yerdə lövbər salan yaxtanın sərnişinləri tez-tez dənizdə “boy göstərən” delfinlərlə də rastlaşırdı.

Ədalət naminə qeyd edim ki, çimərlik istirahəti və sualtı üzgüçülük sevənlər üçün Şarm əl-Şeyx kurortu idealdır. Su o qədər duzlu və təmizdir ki, az qala dənizin dibini, müxtəlif rəngli və ölçülü balıqların hərəkət trayektoriyasını aydın şəkildə müşahidə edirsən.

Şarm əl-Şeyx çimərliklərinin böyük əksəriyyəti dərinliyi ilə fərqlənir. Bəzi çimərliklərdə isə 15-20 metr çox dayaz, lakin daşlı-qayalı yerlərlə hərəkət etməli olursan. Bu da əlbəttə ki, müəyyən çətinliklər yaradır. Qeyd etdiyim kimi, belə çimərliklərə çox az təsadüf etmək mümkündür. Çimərliklərin böyük hissəsinin dərin olmasına baxmayaraq turistlər üçün xüsusi yerlər yaradıb, mühafizə zolağı qurublar. Bu yerlərdə də davamlı olaraq xilasedicilər əyləşir və onların bütün diqqəti çimərlikdən istifadə edən insanlara yönəlir.

Şarm əl-Şeyxdə turistlərin görmək istədiyi elə də çox yer yoxdur. Amma Xadaba rayonu ərazisindəki unikal kafe-restoran, Fransız təyyarəsinin qəza yeri, Yekaterina monastrı, milli qoruq Ras-Məhəmməd, Soho meydanı, "Naama Bey" Ticarət Mərkəzi, “Sülh meydanı”, əl-Sahab məscidini ziyarət etmək zəruridir.

Turistlərin davamlı görmək istədikləri yerlərdən biri “Sülh meydanı”dır. Günün bütün saatlarında bu meydanda turist və yerli əhali ilə qarşılaşmaq mümkündür.

Şarm əl-Şeyxdə turistlər həm də Xadaba rayonu ərazisində fəaliyyət göstərən və qədim əşyalarla bəzədilən kafe-restoranı görmək istəyirlər. Kafenin aşağı hissəsi dənizə açılır və çimərlik kimi də fəaliyyət göstərir, yuxarı hissəsi isə qayalığa söykənir. Hətta bəzi yerlərdə qayalığı ovaraq otaq da düzəldiblər. Axşam saatlarında sözügedən kafe-restoranda turist əlindən tərpənmək olmur.

Bu kafe-restorandan 500-600 metr məsafədə başqa bir yer də var ki, turistlər tez-tez həm də bura gəlirlər. Daha çox avropalı, bir az da dəqiq desək fransız turistlərin ziyarət etdiyi bu yer 2004-cü il 3 yanvar tarixində 148 sərnişinlə Şarm əl-Şeyxdən havaya qalxan, lakin texniki nasazlıq səbəbindən dənizə düşən Fransız təyyarəsinin qəza etdiyi yerdir. Bəli, havaya qalxandan bir neçə saniyə sonra texniki nasazlıq səbəbi ilə şəhər ətrafında – Xadaba rayonu ərazisində dənizə düşən təyyarənin sərnişinlərinin hamısı ölür. Hətta onların arasında bir ailənin 5 üzvü də olub.

Şarm əl-Şeyx şəhər administrasiyası qəzada həlak olanların xatirəsini əbədiləşdirmək üçün abidə inşa ediblər. Abidənin bəzi hissələri qəzaya uğrayan təyyarənin qalıqlarından hazırlanıb. Yuxarıda qeyd etdiyimiz kimi, indi həmin abidə turistlərin və yerli əhalinin ziyarət məkanına çevrilib.

Qeyd edim ki, Şarm əl-Şeyxə viza yoxdur. Lakin bu hal Misirin başqa şəhərlərinə, bir sözlə Şarm əl-Şeyxin hüdudlarından kənara çıxacağın zaman qüvvədən düşür. Yalnız Rusiya, Ukrayna və Qazaxıstandan olan turistlər Misirin istənilən yerində vizasız hərəkət edə bilərlər. Azərbaycan, Gürcüstan, Ermənistan Qırğızıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən gələn turistlər isə Şarm əl-Şeyxi tərk edib məsələn, Qahirəyə getdikləri zaman viza almalıdırlar. Vizanı (qiyməti 25 dollar) ya hava limanında, ya da çox asanlıqla turizm şirkətlərindən əldə etmək mümkündür.




40 yaşlı möcüzə…

Mübaliğəsiz demək olar ki, misirlilər 40 il ərzində səhrada Cənnət yaradıblar. İlk baxışdan boz səhralar və keçəl dağlarla əhatə olunan Şarm əl-Şeyx ən yeni tarixin uğurlu kəşflərindəndir. İlin bütün fəsillərində turistlərin istifadəsində olan Qırmızı dəniz sahildəki təmiz qum, qeyri-adi əyləncə mərkəzləri, palma ağacları, bir-birindən gözəl otel və restoranları, qədim Misir dəbdəbəsini xatırladan hovuzları, heykəlləri ilə sözün həqiqi mənasında adamı təəccübləndirir.

Turistlər Şarm əl-Şeyxə günəş və dəniz üçün gəlirlər. Amma Şarm əl-Şeyxdə söylənildiyi kimi yandırıcı istilər yoxdur. Zəngin fauna, müxtəlif rəngli balıqlar və digər dəniz varlıqları ilə dayvinq sevənlər üçün bu səhra şəhəri olduqca maraqlıdır. Misirin bu məşhur kurort şəhəri artıq uzun illərdir komfortlu və sakit istirahət üçün ideal məkan hesab olunur.

Şəhərin yol infrastrukturu mükəmməldir, səhrada böyük bir yol mədəniyyəti yaradıblar. Palma ağaclarını çiyinlərində “daşıyan” səliqəli və enli asfalt yollar həm də çox təmizdir. Nəqliyyat vasitələri, xüsusən də şəxsi avtomobillər azdır. Şəhərdə daha çox böyük və kiçik avtobuslar turist daşımaqla məşğuldur. Qəza halları demək olar ki, yox səviyyəsindədir.

Şarm əl-Şeyx həm də alış-veriş üçün böyük imkanları ilə seçilən şəhərdir. “Qədim şəhər” adlanan yerdə böyük bazar fəaliyyət göstərir. Gündüz saatlarında hava çox isti olduğundan bazarda fəaliyyət göstərən dükanların böyük əksəriyyəti bağlı olur. Dükanlar axşam saat 19:00-dan sonra açılır və gecə boyu turistlərə xidmət göstərir.

Dükanlarda alış-veriş adətən səs-küylü olur. Ərəb satıcılar 5 dollarlıq hər hansı bir əşyanı turistə ən azı 20-25 dollara təklif edirlər. Lakin turistlər də bələdçilərin hesabına əvvəlcədən məlumatlı olduqlarından heç də həmişə aldanmırlar.

Bazarda hər nə istəsən tapa bilərsən: ərzaq məhsulları, suvenirlər, ətriyyat, papiruslar, müxtəlif bitki otları, geyim və s.

Şarm əl-Şeyxin safari turları da çox maraqlı keçir. Turistləri kiçik tutumlu avtobuslarla şəhərdən 20-25 km kənara – səhraya aparırlar. Səhra qumlu və tozlu olduğundan baş-üz bağlanmalı, uzunqol köynək geyməli, eynək taxmalısan. “Kvadratçıkıllar”la safari turu elə də baha deyil: təxminən 1.5 -2 saatlıq turun qiyməti 10 dollar.

Bu turlar zamanı turistlər səhranı gəzir, bədəvi ərəblərin çox kasıb və səliqəsiz tikililəri ilə tanış olur, həyat tərzi ilə maraqlanırlar.

Şəhərdə təhlükəsizlik tədbirləri ən üst səviyyədə qurulub. Kilsə, məscid, bazar, hətta yaşayış binalarının girişlərində, yollarda belə polis məntəqələri qurulub, mülki və hərbi geyimli silahlı şəxslər gəlib-gedən insanları, nəqliyyat vasitələrini diqqətlə nəzərdən keçirirlər.

Əhali əsasən Şarm əl-Şeyxin “qədim şəhər” adlanan hissəsində, iki-üç mərtəbəli, o qədər də böyük görünməyən evlərdə yaşayırlar. Əhalini yerləşdirilməsi də maraqlıdır, məsələn, sürücülərin yaşadığı məhəllə ayrı, polislərin, hərbçilərin yaşadıqları binalar isə ayrıdır.

Ümumiyyətlə isə bu şəhərdə həm əhalinin yaşadığı evlər, həm də otellər hündürmərtəbəli deyil.




Otellər və xidmət

Gəzdiyimiz və gördüyümüz otellərdə sağlam rəqabət var. Hər bir otel sahibi sabah üçün yeni xidmət haqqında düşünür.

Şarm əl-Şeyx otelləri (təxminən 200-dən çox) bir və ikinci dərəcəli olur. Birinci dərəcəli otellər dənizin üstündə yerləşir. İkinci dərəcəli otelləri isə dənizlə yalnız yol və birinci dərəcədə yerləşən otellər ayırır.

Otellərdə SPA mərkəzləri, trenajor zalları, tibbi personalın, bir sözlə 30-dan çox xidmətdən də istifadə etmək mümkündür. Bərbər, dərzi və digər bu kimi məişət xidmətlərini təklif edən otellərin bir çoxu həm də ailəvi istirahət üçün nəzərdə tutulub. Amma bu o demək deyil ki, tək və ya qrup halında olan turistləri qəbul etmirlər. Bir sözlə otellər hər kəsin üzünə açıqdır.

Şarm əl-Şeyx otellərinin ərazisi adətən çox böyük olur. Bir çox otellərdə (məsələn, Baron Resort) üçə qədər, dərinliyi müxtəlif ölçülü, açıq və qapalı hovuzlar var. Bəzi hovuzlara suyu birbaşa dənizdən vururlar. Qayda üzrə hovuzların suyu hər axşam dəyişdirilir.

Otel sahibləri arasında yerli iş adamları daha çox üstünlük təşkil edir: 90 faiz. Qalan 10 faiz isə birgə təsisçiliklə yaradılan otellər şəbəkəsidir.

Bir məsələni xüsusi qeyd edim ki, yerli iş adamlarının yaratdığı otellər şəbəkəsində xidmət heç də məşhur brendlərdən geri qalmır.

Şarm əl-Şeyxdəki bəzi otellərdə – daha doğrusu otellərin nömrələrdə internet problemi var. İnternetdən yalnız otellərin foyesində istifadə etmək mümkündür. Lakin otellərdə buna da çıxış yolu tapıblar. Belə ki, əlavə pul ödəyib (məsələn, həftəlik 10 dollar) yerli provayderlərin internet paketlərindən istifadə etmək olar.

Otellərin ətrafında uşaq meydançaları fəaliyyət göstərir. Bundan başqa uşaqların əylənməsi üçün aqua-parklarda xeyli sayda süni çaylar yaradıblar.

Turistlər günə bir çox hallarda ya dənizdə çimmək, ya da səhər yeməyi ilə başlayırlar. Səhər yeməyi 3 saat – 07:00-dan 10:00-a kimi davam edir. Sonra hərə bir tərəfə dağılışır: nömrəsinə çəkilib istirahət edən də olur, dənizə çimməyə gedən də, hovuz başında mürgüləyən də…

Gün ərzində daha prestijli otellərdə - həm dəniz kənarında, həm də hovuz ətrafında turistlərə kiçik qəlyanaltılar, içkilər, milli mətbəxdən təamlar təklif olunur. Bir sözlə, “yox” söhbəti yoxdur.

Günorta yeməyi saat 13:00-dan 15:00-a kimi davam edir. Müştərilərə balıq və ət məhsulları daxil olmaqla isti yeməklər, müxtəlif salatlar, meyvələr, şirniyyatlar təklif olunur.

Axşamlar – yeməkdən sonra musiqili və əyləncəli proqramlar başlayır. Axşamın ilk saatlarında uşaqlar üçün – hətta böyüklərin də maraqla izlədikləri animasiyalar təqdim olunur.

Sonra başqa bir tərəfdə musiqilər səsləndirilir, turistlər rəqs edir, oyunlar oynayır, viktorinalar keçirirlər. Turistlərin istirahəti nəzərə alınaraq açıq havada bu kimi proqramlar adətən gecə saat 12-yə kimi davam edir. Saat 12-dən sonra isə otellərin daxilində qapalı yerlərdə diskotekalar öz işinə başlayır.

Otellər turistlər üçün həm daxildə, həm də bayırda müxtəlif xidmətlər təklif edirlər. Onların sırasında bir az əvvəl qeyd etdiyimiz kimi dayvinq, safari turları, yaxta gəzintisi, şəhər turu və başqa maraqlı əyləncələr var. Hətta uzun müddətli istirahət edən turistlər üçün Şarm əl-Şeyxdən kənara, məsələn paytaxt Qahirəyə, elm şəhəri İsgəndəriyyəyə, hətta qonşu İsrailə getməyə də şərait yaradırlar.

Şarm əl-Şeyxdə istirahət etmək üçün ən unikal vaxt oktyabr-noyabr, mart-aprel aylarıdır. Bu aylarda Şarm əl-Şeyxin havası kimi, otellərinin də qiymətləri nisbətən aşağı olur. Bu zaman otellərdə yalnız əcnəbi turistlər istirahət edir. Yerlilər isə Şarm əl-Şeyxə daha çox yay aylarında üz tuturlar. Ən yüksək qiymət də elə yay aylarında olur.




Şarm əl-Şeyxə “hakim olan” rus dili

Hazırda Şarm əl-Şeyxdə rus turistləri çox azdır. Onlar da Belarus və ya Türkiyə üzərindən Şarm əl-Şeyxə gəlirlər. Ümumiyyətlə son illər Rusiyadan Şarm əl-Şeyxə birbaşa təyyarə reysləri dayandırılıb. Buna da səbəb kimi 2015-ci ilin oktyabrın 31-də qəzaya uğrayan Rusiya təyyarəsinə partlayıcının Şarm əl-Şeyx Hava Limanının əməkdaşı tərəfindən yerləşdirildiyi ( //azadinform.az/az/dunya/97669/rusiya-teyyaresine-bombani-kimin-yerlesdirdiyi-melum-oldu/?fbclid=IwAR0JIX1UDx4jcFdcahsyP50O8RE9iigv2pCaWoPLNbLfAKNC89pSDgBWezk ) göstərilir. Həmin partlayış nəticəsində 224 insan dünyasını dəyişmişdi. Məhz bu səbəbə görə də Rusiya yetkililəri Misir rəsmilərindən Şarm əl-Şeyx Hava Limanı ərazisində yalnız rusların giriş-çıxışı üçün ayrıca terminalın tikilməsini tələb ediblər. Həmin terminalda bütün xidmətləri Rusiya tərəfi özü həyata keçirəcək. Rusiyadan gələn turistlərin çoxluğunu nəzərə alan Misir rəsmiləri Moskvanın bu təklifinə “hə” deyiblər və artıq həmin terminalın tikintisi başa çatmaq üzrədir. Yəqin ki, yaxın aylarda Şarm əl-Şeyx yenə də rus turistlərinə “təslim” olacaq.

Lakin bütün bunlara baxmayaraq rus dili ərəb dilindən sonra Şarm əl-Şeyxdə az qala qeyri-rəsmi də olsa ikinci dil hesab olunur.

Otellərdən tutmuş bazarlara, hətta bədəvi taksi sürücülərinə qədər hər kəs (söhbət yerli əhalidən gedir) rus dilində danışır. Bazarda demək olar ki, bütün satıcılar rus dilini bilir. Onlar rus, ukrayn, belarus, özbək, qazax, erməni, gürcü və MDB məkanından gələn digər müştərilərlə heç bir çətinlik çəkmədən alver etməyi bacarırlar.

Yerli ərəblərin rus, ukrayn, belarus qadınlarına maraqları, hətta birgə evlilikləri də rus dilinin “hakimi mütləqliyi”nə təsir edib. Şəhərdə çoxlu sayda misirlinin slavyan mənşəli qadınlarla evli olduğu, hətta uşaq dünyaya gətirdikləri barədə nümunələrə rast gəldik. Məsələn, otellərin birində satıcı işləyən gənc oğlan anasının ukrayn, atasının isə misirli olduğunu bildirirdi. Gənc oğlanın da nə az, nə də çox 18 yaşı var idi. Başqa bir rus xidmətçi xanım da 10 ilə yaxındır yerli misirli ilə nikahda olduğunu gizlətmirdi.

Gəzib gördüyümüz otellərin demək olar ki, böyük əksəriyyətində ya administratorlar, ya otel menecerləri ya da xidmət kontingentinin (masaj, tibb) böyük əksəriyyətini gənc və gözəl ukaryn, rus və belarus xanımları təşkil edirdi.

Ruslar, ukraynalılar, qazaxlar Şarm əl-Şeyxə daha çox yay aylarında, bir də uzunmüddətli bayramlarda (məsələn, Yeni il bayramı) gəlirlər.

Qeyd edək ki, Şarm əl-Şeyxdə azərbaycanlı turistlər çox azdır. İndiyədək birbaşa uçuşlar olmadığından onlar da Şarm əl-Şeyxə Türkiyə və Gürcüstan üzərində gedirlər. “Nefer Tours” şirkətinin Baş meneceri Qalina Korelova bizimlə söhbətində (onunla geniş müsahibəmiz olacaq – N.N.) azərbaycanlı turistlərin Şarm əl-Şeyxdə rahat və təhlükəsiz istirahəti üçün bütün imkanlardan istifadə edəcəklərini bildirdi.




Multikultural və tolerant şəhər

Şarm əl-Şeyxdə müsəlmanlarla yanaşı, xristian və çox az sayda - cəmi 4-5 nəfərdən ibarət olan yəhudi icması da yaşayır. Şəhərə gəlib-gedən əcnəbi turistləri və otellərdə müxtəlif vəzifələrdə çalışan türk, rus, ukraynalı, belarus, filippinli işçi miqrantları da nəzərə alsaq Şarm əl-Şeyx həm də multikultural şəhərdir.

Şarm əl-Şeyxin “qədim şəhər” adlanan hissəsində əzəməti ilə uzaqdan seçilən əl-Sahab məscidi yerləşir. İslam tarixi mənbələrinə görə, əl-Sahab Həzrət Mühəmməd Peyğəmbərin səhabəsi olub. Məscid gündüz saatlarında yalnız namaz vaxtlarında açıq olur. Gecələr isə yalnız aşağı – zirzəmi hissəsi turistlərə göstərilir. Digər otaqları isə bağlı olur. Buna səbəb kimi əcnəbi turistlərin məsciddə “necə gəldi” hərəkət etmələri, qaydalara əməl etməmələri göstərilir. Biz əlbəttə çox çək-çevirdən sonra, icazə ilə bütün otaqları gəzə bildik. Geniş zalları və bər-bəzəkli tavanı ilə əl-Sahab məscidi çöldən olduğu kimi, içəridən də əzəmətli görünür. Lakin məscidin səliqə-səhmanı, xüsusən də isti havada soyudulması çox aşağı səviyyədədir.

Yuxarıda qeyd etdiyimiz kimi, Misirdə həm də əzəmətli kilsə fəaliyyət göstərir. Şarm əl-Şeyx şəhərin 300 min əhalisinin 10 faizini – əhalinin 100 minə yaxınını xristian icması təşkil edir. Şəhərə gəlib-gedən rus, ukrayn, belarus və digər xristian inanclı turistləri də nəzərə alsaq üstünlüyün daha çox onlarda olduğunu müşahidə etmiş olarıq.

Kilsədə xristian turistlərin və yerli icmanın ibadəti üçün hər cür şərait yaradılıb. Etiraf edim ki, Şarm əl-Şeyxdəki kilsə bizim baxdığımız əl-Sahab məscidindən daha əzəmətli, səliqəli və rahat idi. Kilsənin bütün ibadət otaqlarında - daha doğrusu insan ayağı dəyən hər yerində soyuducu işləyir, ziyarətçilərin isə ardı-arası kəsilmirdi. İnsanlar təhlükəsiz şəraitdə kilsəyə daxil olur, şəkil çəkdirir, mərasimləri izləyirdilər.



Və nəhayət... Bir Azərbaycan brendi

Səfər boyu bizimlə bərabər olan “Millennium Tourism Azerbaijan”nın nümayəndəsi şəhərin görməli, xüsusən də tarixi yerlərini gəzməyimiz üçün qazaxıstanlı (“Kompas” Tur Operatoru) və misirli (“Nefer” Tur) tərəfdaşları ilə birgə hər cür şərait yaratdılar. Yeri gəlmişkən qeyd edək ki, “Millennium Tourism Azerbaijan” - turizm sahəsində 14 ildən artıq təcrübəsi olan, turizm istiqamətləri üzrə ixtisaslaşmış, korporativ müştərilərə kompleks xidmətləri göstərən, dünyanın bir çox ölkələrindən xarici turistlərin və nümayəndə heyətlərinin qəbulu, individual və qrup turların təşkili ilə məşğul olan, bir çox ilklərə imza atan Azərbaycan brendidir. Şirkətin mütəmadi olaraq Azərbaycanda və dünyada (Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Böyük Britaniya, Almaniya, Türkiyə, Fransa, Cənubi Koreya, Dubay və s.) beynəlxalq turizm sərgilərində iştirak edərək, beynəlxalq şirkətlərlə əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsi ilə məşğuldur.

“Millennium Tourism Azerbaijan”ın yerli və xarici sanatoriyalara – sağlamlıq mərkəzlərinə müalicə turlarından tutmuş istirahət və əyləncə turları, biznes forumların, seminarların, konfransların, simpoziumların və digər tədbirlərin təşkilində böyük təcrübəsi var.

“Millennium Tourism Azerbaijan” Avropa ölkələri, Şərq, Ərəb, Baltikyanı, MDB ölkələrinə turist səfərləri təşkil edən peşəkar şirkətdir. Şirkət müştərilərinə yerləşdirmə, nəqliyyat, sığorta, bilet və viza xidmətlərinin göstərilməsini də təklif edir.


N.Niftiyev

Bakı- Şarm əl-Şeyx-Bakı





































Xəbər 2465 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +