Yanvarın 1-dən bütün pensiyalar artacaq
Elmira Süleymanovaya yeni vəzifə verildi
FHN-də General vəzifədən azad edildi
“EuroHome”un sahibi kimdir?
Sabahın hava proqnozu AÇIQLANDI
5 hektarlıq “EuroHome”un 2 hektarı yanıb
Tramp bu gün Lavrovu qəbul edəcək
Yanğında 2 nəfər tüstüdən zəhərlənib
“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı
10 dekabr - İnsan Hüquqları Günüdür


29.07.2019  09:48 

”Əlil uşaqları övladlığa götürənlərə müavinət veriləcək”





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov övladlığa verilmə ilə bağlı həyata keçirilən yeniliklər haqda Modern.az-ın suallarını cavablandırıb.
XəzərNews.az onunla müsahibəni təqdim edir:

- Fərhad müəllim, ötən il Prezident İlham Əliyev idarəetmənin təkmilləşdirilməsilə bağlı imzaladığı fərmanla mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” alt sisteminin yaradılması nəzərdə tutulur. Bu sistemin yaradılması nəyi dəyişəcək?

- Bildiyiniz kimi fərmana görə, övladlığa götürmə sahəsində səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotu, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlər elektron qaydada nazirliyin mərkəzləşmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” alt sistemi vasitəsilə həyata keçiriləcək. Övladlığa götürmə ilə bağlı tələb olunan sənədlərin altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatlarından əldə olunması nəzərdə tutulur.

- Sistem tam olaraq nə vaxtdan fəaliyyətə başlayacaq?

- Alt sistemin fəaliyyətə başlaması bu il noyabrın 1-dən nəzərdə tutulub. Bu məqsədlə də müəyyən hazırlıq işləri aparılır. Belə ki, alt sistemə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya ehtiyatları və sistemlərinin siyahısına dair təkliflər hazırlanıb, müvafiq orqanlarla razılaşdırılması nəzərdə tutulub.

- Heç kimə sirr deyil ki, valideyn olmaq arzusunda olan şəxslər, bunu gerçəkləşdirmək üçün uzun və yorucu prosedurlardan keçməli olurlar. Hətta bəzən illərini sərf edib uşaq övladlığa götürə bilməyənlər də var. Yeni yaradılan sistemlə bu narazılıqlar aradan qalxacaqmı?

- Bəli, yeni sistemə əsasən, övladlığagötürmə ilə bağlı bir sıra xidmətlərin elektron qaydada aparılması, lazımi sənədlərin altsistemə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatlarından əldə olunması bu sahədə əlavə vaxt itkisinin, kağız daşıyıcılardan istifadənin minimuma endirilməsinə, vətəndaş-məmur təmasının, bürokratik amillərin aradan qaldırılmasına, eyni zamanda prosesin tam obyektiv və şəffaf həyata keçirilməsinə şərait yaradacaq.

- Maraqlıdır, indiki və yeni qanunvericilikdə övladlığa uşaq götürmək üçün hansısa dövlət rüsumu, ödənişlər nəzərdə tutulubmu?

- Nazirlik tərəfindən hər hansı bir rüsum nəzərdə tutulmayıb.

- Bayaq süründürməçilik məsələsinə toxunduq, yeni qanunvericilikdə uşağın tam olaraq bir ailəyə övladlığa verilməsi üçün maksimum neçə gün, ay yaxud il tələb olunur?

- Yeni qanunvericiliyə görə, övladlığa verilmə prosesinin müddəti gedişatdan asılı olaraq 4-5 ay ərzində başa çatması gözlənilir. Çünki bu prosedurların içərisində təkcə məlumatların təqdim edilməsi deyil, ondan sonra həmin namizəd valideynlərlə müsahibələrin, təlimlərin keçirilməsi, təlim nəticələrinə uyğun olaraq valideyn-namizədlərlə övladlığa götürüləcək uşağın uyğunlaşdırmasının həyata keçirilməsi, bu məqsədlə uşağın yerləşdiyi müəssisədə uşaqla valideyn-namizədin görüşlərinin keçirilməsi və 3 aydan az olmayan müddətə uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub.

- Bu prosedurlarda uşağın arzusu nəzərə alınacaqmı?

- Bütün prosedurlarda uşağın istəkləri nəzərə alınacaq. 10 yaşına çatmış hər bir uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. Qanunvericiliyə edilmiş yeni təkliflərə əsasən 7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri nəzərə alına bilər.

- Bəs, qanunvericilikdə valideyn olmaq istəyənlərin üzərinə düşən öhdəliklərlə bağlı hansı yeniliklərin tətbiqi nəzərdə tutulur? Yaş, sağlamlıq və s. ilə bağlı?

- Bu sahədə qanunvericiliyə bəzi yeniliklər edilib. Misal olaraq, yeni qanunvericilikdə məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan sülh və insanlıq, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti və ictimai təhlükəsizlik əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə, o cümlədən şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə, ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş şəxslərin övladlığa uşaq götürmələrinə yol verilmir.

- Uşaq evlərində olan fiziki məhdudiyyətli azyaşlıların da övladlığa verilməsilə bağlı hansısa stimullaşdırıcı tədbirlər nəzərdə tutulubmu ki, vətəndaş övladlığa uşaq götürəndə müəyyən mənada dövlətin əlini öz üzərində hiss edəcəyinə əmin olsun?

- Bəli, əsas yeniliklərimizdən biri də məhz budur. Övladlığa götürməni stimullaşdırmaq məqsədilə müəyyən tədbirlər nəzərdə tutulub. Belə ki, övladlığa götürülməsi çətin hesab edilən 3-18 yaş arası uşaqlar, bacı-qardaş, sağlamlıq imkanları məhdud uşaqlar övladlığa götürülərkən valideynlərə müavinətlərin verilməsi, eyni zamanda həmin uşaqlar ödənişli əsaslarla təhsil aldıqları təqdirdə təhsil haqlarının dövlət hesabına ödənilməsi kimi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

- Valideyn olmaq istəyənlər üçün məhdudlaşdırıcı xəstəliklər varmı ki, onlara övladlığa uşaq verilməyəcək?

- Bəli. Bu kateqoriyaya lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan vərəm xəstələri, III və IV mərhələli bədxassəli onkoloji xəstəlikləri olan, narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm, infeksion və ruhi xəstəlikləri olan şəxslər daxilir. Bu şəxslər tərəfindən övladlığa uşaq götürülÜməsinə yol verilmir.

- Bəs, uşaqlarla bağlı elə bir məhdudiyyət, xəstəlik, davranış pozğunluğu varmı ki, onların da ailələrə verilməsi qadağan olunsun?

- Xeyr. Qeyd etdiyim kimi, biz sağlamlıq imkanları məhdud uşaqların belə, ailələrə verilməsinin tərəfdarıyıq və bunun stimullaşdırılması nəzərdə tutulur. Yəni onların ailə ilə təmasları daha məqsədəuyğundur.

- Valideynin yaşı ilə bağlı övladlığa götürmədə hansısa məhdudiyyət varmı?

- Yeni qanunvericiliyə əsasən uşaq övladlığa veriləndə övladlığa götürənin ailə vəziyəti də nəzərə alınır. Əgər şəxs ailəli deyilsə, minimum yaş 25, nikahda olmayanlar üçün isə 30 yaş müəyyən olunur. Eyni zamanda, valideyn namizədlə övladlığa götürülən uşaq arasında yaş fərqi 18-dən az, 50-dən çox olmamalıdır. İstisna hallarda, ögey ana, ögey ata, yaxın qohumlar tərəfindən uşaq övladlığa götürüldükdə yaş fərqi məhkəmə qərarı ilə artırılıb-azaldıla bilər.

- Uşaqların əsasən, xarici ölkə vətəndaşları tərəfindən övladlığa götürüldüyünü nəzərə alsaq, ailələrə veriləcək uşaqların sonrakı həyatlarına nəzarətin həyata keçirilməsi istiqamətində hansı yeniliklər gözlənilir?

- Bu, mütləq mənada yeni qanunvericilikdə nəzərdə tutulub. Övladlığa götürülmə məhkəmə tərəfindən təsdiq edildikdən sonra övladlığa götürülmənin ilk ilində hər rüb, növbəti illərdə isə uşaq yetkinlik yaşına çatanadək ildə bir dəfə övladlığa götürülən uşağın vəziyyətinin monitorinq edilməsi nəzərdə tutulub. Ölkə xaricinə övladlığa verilmiş uşaqlara nəzarət Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyi, səfirlik olmadıqda isə həmin ölkənin müvafiq dövlət qurumu vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

- Övladlığagötürmə ilə bağlı proseslər tam yekunlaşmadığı üçün nazirlik bu sahədə fəaliyyət göstərmir. İndiyədək uşaqların övladlığa verilməsi Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin səlahiyyətində idi. Hazırda övladlığa verilmə dayandırılıb, dayandırılmayıbsa proses hansı şəkildə icra olunur?

- Mövcud qanunvericiliyə görə, hazırda övladlığa verilmə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və müvafiq rayon İcra Hakimiyyətlərinin Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətlərinə daxildir. Övladlığagötürmə sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlər 2019-cu il 1 noyabr tarixindən qüvvəyə minəcəyini nəzərə alaraq, övladlığa uşaq götürmək istəyən şəxslər həmin tarixdən müraciət edə biləcəklər.

- Bu sahədə fəaliyyətə başladıqda əvvəlki illərdə övladlığa verilmiş uşaqların sonrakı taleyinə nəzarət də sizdə olacaq?

- Bəli. Fərmana əsasən övladlığagötürmə sahəsində vahid nəzarəti Nazirlik həyata keçiriləcək. Bununla da əvvəlki illərdə övladlığa verilmiş uşaqların vəziyyəti Nazirlik tərəfindən monitorinq ediləcək.

- Prezidentin 19 iyul 2019-cu il tarixli fərmanında DOST Agentliyinin Nizamnaməsinə övladlığagötürmə istiqamətinin də daxil edilməsi tapşırılır. Övladlığagötürməni əsaslandırmaq və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy vermək, bu sahədə nəzarəti həyata keçirmək, habelə övladlığagötürmənin ləğvini tələb etmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsinə razılıq vermək fərmanla Agentliyin vəzifə və hüquqları sırasına əlavə edilir. Bu dəyişikliklər nə vəd edir?

- Qeyd olunan Fərman DOST agentliyinin vəzifə və hüquqlarının, DOST mərkəzlərinin xidmətlərinin daha da genişlənməsinə imkan verib. Belə ki, DOST mərkəzlərində göstərilən 126 xidmətlərin siyahısına övladlığagötürmə sahəsində xidmətlərin, o cümlədən övladlığa götürmə ilə bağlı müraciətlərin qəbulu, bu sahədə məsləhət və məlumat verilməsi xidmətlərinin daxil edilməsi nəzərdə tutulur.

Xəbər 1213 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.12.2019  13:48 

“EuroHome”un sahibi kimdir?

10.12.2019  13:06 

Sabahın hava proqnozu AÇIQLANDI

10.12.2019  09:54 

“Eurohome” yandı

10.12.2019  08:43 

Dəm qazı daha bir can aldı


BÜTÜN XƏBƏRLƏR +